Bir zamanlar Bakı toylarında bir şəxsiyyət vardı ki, onun sözü qanun, baxışı isə qayda idi. Onu hamı tanıyardı, hamı ona hörmət edərdi. O, nə musiqiçiydi, nə də bəy və ya gəlinin qohumu. O, sərpayı idi – toyun görünməyən, amma hər şeyi idarə edən ruhu.
Sərpayı kim idi?
Sərpayı – Bakı toylarının unikal və rəğbətlə qarşılanan ənənəvi fiqurlarından biri idi. Adətən ailənin, elin, ya da məhəllənin hörmətli, ağıllı və təcrübəli adamı olardı. Toy boyu masalarda əyləşməz, başı qaldırılıb rəqs edənləri, əl oynadanları, havanı dəyişdirmək istəyənləri diqqətlə izləyərdi.
Əslində o, toyun rəhbəri idi – nəinki mərasimin, hətta oradakı ab-havanın, nizam-intizamın da başçısı. Onun icazəsi olmadan nə musiqi başlayardı, nə də ki, bir uşaq səhnəyə çıxıb oynayardı.
Toyun səhnə arxası rejissoru
Sərpayının ən mühüm vəzifələrindən biri, rəqs ardıcıllığını müəyyən etmək idi. Hər qonağın kimdən sonra oynaması, hansı havanın səslənməsi, kimlərin bir-birinə “əl verməsi” – hamısı sərpayının nəzarətində idi. O bilirdi ki, filan dayı “Heyvagülü” havasını sevir, filan dayı isə “Qoçəli”ni oynamaz. Toyun ritmini o müəyyənləşdirirdi, sanki bir orkestrin dirijoru kimi. Hətta maraqlısı budur ki, sərpayının əlində nazik çubuq da olardı. Eynən dirijor çubuğu kimi…
Bu cür incə nizam-intizam sayəsində toylar nə xaotik, nə də nizamsız keçərdi. Hər kəsin öz yeri, öz havası, öz vaxtı olardı. Heç kim başqasının qarşısına keçməzdi, öz növbəsini gözləyərdi.
Uşaqlar da sərpayıdan “keçərdi”
Ən maraqlısı odur ki, hətta uşaqlar belə sərpayının izni olmadan ortaya düşüb oynamazdı. Kiminsə nəvəsi, qardaşı oğlu və ya qonşunun balası olsun – fərq etməzdi. Əgər sərpayı “indi yox” deyirdisə, deməli vaxt deyildi. Bu, həm də uşaqlara bir növ tərbiyə idi – özünü gözləməyi, yerini bilməyi, yaşa və qaydaya hörmət etməyi öyrədən səssiz bir məktəb.
İndi isə…
Təəssüf ki, bu gözəl və dəyərli ənənə artıq demək olar ki, unudulub. Müasir Bakı toylarında sərpayıya nadir hallarda rast gəlmək olur. Musiqiçilər başına nə gəldi çalır, hər kəs nə vaxt istəsə ortaya çıxır, bəzən isə toyda xaos və anlaşılmazlıq hökm sürür. Texnologiya, dəyişən zövqlər və zamanın axarı ilə birlikdə bu sənətkarcasına idarəetmə forması da yavaş-yavaş silinməkdədir.
Niyə sərpayıya ehtiyac var idi?
Bu sualın cavabı sadədir: hörmət, intizam və harmoniya üçün.
Sərpayı yalnız bir toy idarəçisi deyildi. O, mədəniyyət daşıyıcısı idi. Onun varlığı həm böyüyə, həm kiçiyə öz yerini xatırladırdı. Toyu sadəcə əyləncə yox, mədəni mərasim səviyyəsinə qaldıran şəxs idi.
Bəlkə də zamanla yenidən…
Bəlkə də bu gün bu ənənə bizə uzaq görünür. Amma unutmayaq ki, hər itirilmiş dəyər yenidən doğula bilər. Ən azı bu barədə danışmaq, yazmaq və xatırlamaqla…
Xanım Aydın