Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/10/2025

Paylaşın

ETNOQRAFIYA

Xınayaxdı adətimiz: Ruhunu itirmiş mərasim, yoxsa pul tələsi?

Xınayaxdı

Toylarımız minilliklər boyu Azərbaycan xalqının yaddaşında dərin iz buraxmış, zəngin adət-ənənələrlə müşayiət olunan ailə qurma mərasimləridir. Bu mərasimlər təkcə bir cütlüyün birləşməsi deyil, həm də ailələrin, qohumların, qonşuların bir araya gəlib sevinc paylaşdığı, xalqın mədəniyyətini, mənəviyyatını yaşatdığı mərasimlər olmuşdur. Onların içində isə xınayaxdı öz simvolizmi və mənəvi dəyəri ilə seçilən ən köklü adətlərdən biridir. Lakin təəssüflə demək lazımdır ki, bu gün bu gözəl ənənə də bir çox başqa adətlərimiz kimi mahiyyətini itirərək ticarət obyektinə çevrilib.

Xınayaxdının əsl mahiyyəti nə idi?

Əvvəllər xınayaxdı mərasimi sadə, amma çox mənalı şəkildə keçirilərdi. Toydan bir gün əvvəl oğlan evi qız evinə xına xonçası gətirər, bu xonça sadəcə bir adət yox, qarşı tərəfə hörmətin, sevgilərin simvolu sayılardı. Qız evində ailə böyükləri, qohum-qonşular bir araya gələr, evdə sadə, amma səmimi bir süfrə açılar, çay süzülər, şirniyyatlar paylanardı. Ənənəyə görə, nəslin ağbirçəyi – həyat təcrübəsi ilə seçilən, nüfuzlu, ailəli qadın xınanı dəmləyərdi. Bu, təsadüfi seçim deyildi – xınanı dəmləyən qadının ömrü boyu ailə səadəti yaşamış, öz davranışı ilə nəsilə örnək olmuş biri olması şərt idi. Çünki bu mərasimdə xına sadəcə bəzək deyil, bəxtin, xoş taleyin, qorumanın rəmzi sayılırdı.

Həmin qadın gəlinin əlinə və ayağına xına ilə naxışlar vurardı. Naxışlar, ornamentlər xalqımızın yüzillərlə qoruduğu simvolik kodlar idi – bəxt, bolluq, məhsuldarlıq, ailə bütövlüyü bu naxışlarda öz əksini tapardı. Mərasim boyu xalq mahnıları oxunar, gəlinin dostları, bacıları, qohumları göz yaşları içində ona vida sözləri deyərdi. Amma bu göz yaşları kədərdən deyil, keçmiş həyatla vidalaşmaq, yeni həyata keçidin emosional anları idi.

Bəs indi nə baş verir?

Son illərdə isə xınayaxdı mərasimləri sürətlə kommersiyalaşmağa, yəni maddi qazanc məqsədilə dəyişdirilməyə başlayıb. Əvvəllər ev şəraitində keçirilən, ailə istiliyi və səmimiyyət ilə müşahidə olunan bu mərasimlər indi bahalı restoranlarda, şadlıq saraylarında, xüsusi “xına təşkilatçıları”nın dəbdəbəli paketləri ilə keçirilir. Bəzən bu paketlərin qiyməti az qala toyu keçirmək qədər baha başa gəlir. Paketlərə isə aşağıdakılar daxildir:

Tematik dekorasiyalar (bəzən milli dəyərlərlə uzlaşmayan),

Ənənəvi musiqi əvəzinə səs-küylü DJ proqramları,

Xüsusi geyimlər – çox vaxt milli geyim adı ilə təqdim olunan, lakin folklorumuzla heç bir əlaqəsi olmayan şou geyimlər,

Hazır ssenari əsasında təşkil olunan şoular – burada səmimiyyət yox, teatr var,

“Professional” xınaçılar – amma xalq adət-ənənəsindən bixəbər olanlar,

Və ən əsası – şou xatirinə şişirdilmiş emosiyalar.

Bu mərasimlərin əsil mahiyyətinə baxsaq, artıq ailəvi dəyər, yığcamlıq, mənəvi yüklü simvollar arxa plana keçib. Onların yerini “instagram” üçün çəkilən videolar, “kontent” məqsədilə qurulan süni səhnələr alıb.

Xınayaxdı — Gəlir mənbəyinə çevrilib

Artıq xınayaxdı mərasimi bir çox təşkilatçılar üçün gəlir mənbəyidir. Bəzi hallarda gələcək gəlinin, ailəsinin istəkləri ikinci planda qalır – əsas odur ki, “paket satılsın”. Qız evinə edilən təzyiqlər – “belə olsa yaxşı görünər”, “indi belə dəbdədir”, “hamı belə edir” kimi manipulyativ fikirlər valideynləri bahalı seçimlərə vadar edir. Halbuki bu mərasimlərin bəzən nə gəlinin, nə də ailəsinin içindən gəlmədiyi açıq-aşkar görünür. Ən acınacaqlısı odur ki, maddi imkanları məhdud olan ailələr də bu yarışa qoşulmaq üçün borca girir, özlərini başqaları ilə müqayisə etmək zorunda qalır. Beləcə, xınayaxdı kimi müqəddəs və dərin mənalı bir mərasim tədricən sosial təzyiq alətinə çevrilir.

Nə etməli?

Bəlkə də zaman dəyişib, insanlar dəyişib. Bunu inkar etmək olmaz. Amma ənənəni yaşatmaq o demək deyil ki, onu müasir “trendlərə” qurban verək. Əslində biz bu adətlərə sadiq qalsaq, onları düzgün təqdim etsək, həm də daha az xərc və daha çox səmimiyyətlə keçirə bilərik. Xınayaxdı mərasimi yenidən ailənin, qohumların bir araya gəldiyi, sevincin, duaların, mərhəmətin, gələcəyə inamın paylaşdığı bir gecə ola bilər.

Bu mərasimlərdə əsas olan təmtəraq yox, daxili ruhi bağlılıqdır. Nəslin ağbirçəyinin dua verməsi, uşaqların şirniyyata sevinməsi, gəlinin gözlərindəki parıltı – bunlar heç bir bəzək və bahalı şou ilə əvəzlənə bilməz.

Xınayaxdı bizim milli yaddaşımızın incilərindən biridir. Gəlin bu incini ticarətə yox, dəyərlərə xidmət etdirək. Qoy gələcək nəsillər də bu gözəl adətləri yaşatsın – amma mahiyyəti ilə, səmimiyyəti ilə, sadəliyi ilə.

Toylar – ailənin təməlidir. Təməl isə möhkəm olmalıdır – təmtəraqlı yox, mənalı…

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Свадьбы на протяжении тысячелетий оставили глубокий след в памяти азербайджанского народа, сопровождаясь богатым набором обычаев и традиций

Ən son

HƏR ŞEYDƏN

Baki-baku.az bildirir ki, bu cazibədar “gülümsəmə” arxasında daha qaranlıq və şokedici bir həqiqət gizlənir

HƏR ŞEYDƏN

Baki-baku.az bildirir ki, bu cazibədar “gülümsəmə” arxasında daha qaranlıq və şokedici bir həqiqət gizlənir
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin