Kitablara sevgi sanki saf və zərif bir istək kimi– sözlər və hekayələr dünyasına qərq olmaq arzusu kimi görünür. Ancaq bəs bu maraq nə vaxt nəzarətdən çıxaraq oxunmaq üçün yox, sadəcə sahib olmaq üçün kitab yığmağa çevrilir? Məhz bu hal “bibliomaniya”, yəni “kitab dəliliyi” adlanır.
Bibliomaniya nədir?
Bu, sadəcə oxumağa olan sevgi deyil. Bibliomaniya – kitabları oxumaq məqsədi olmadan toplamaq üçün qarşısıalınmaz istəkdir: istər nadirliklərinə görə, istər gözəl cildlərinə görə, istərsə də sadəcə sahib olmaq istəyi ilə. Bəzən insanlar gəlirlərinin böyük hissəsini kitablara xərcləyirlər – baxmayaraq ki, həmin kitablar bəzən heç vaxt oxunmur.
Bu xəstəlikdir, yoxsa sadəcə hobbi?
“Bibliomaniya” termini qorxuducu səslənsə də, o rəsmi olaraq xəstəlik kimi tanınmır – məsələn, DSM (Ruh Sağlamlığı Diaqnostik və Statistik Kitabı) kimi tibbi bələdçilərdə ayrıca yer almır. Lakin bu hal, bəzi hallarda, obsessiv-kompulsiv pozuntu (OKP) kimi dəyərləndirilə bilər — əgər kitab həvəsi insanın gündəlik həyatına, münasibətlərinə və maliyyə vəziyyətinə zərər verirsə.
Təhlükə siqnalları
Kitab sevgisinin nəzarətdən çıxdığını göstərən əlamətlər:
Oxunmayacaq kitabları almağa qarşı qarşısıalınmaz istək;
Eyni kitabdan müxtəlif nəşrlər toplamaq;
Oxunmayan və lazım olmayan kitablardan imtina edə bilməmək;
Kitabların evin hər yerini zəbt etməsi, yaşayış məkanının daralması;
Artan narahatlıq, stress və sosial təcridə meyil;
Kitab kolleksiyasının təhlükəsizliyi ilə bağlı həddindən artıq narahatlıq.
Tarixi nümunələr
XIX əsrdə bəzi kolleksiyaçılar sözün əsl mənasında “kitabların içində boğulurdular” — elə böyük ev kitabxanaları yaradırdılar ki, bəzən onlar “mətinlərin qəbiristanlığına” çevrilirdi. Məşhur yazıçılar, o cümlədən Flober, bu cür obsesiyaları əsərlərində istehza ilə təsvir edirdi.
Həmçinin dramatik real hekayələr də var: məsələn, Stiven Blumberq nadir kitabları oğurladığı üçün ittiham olunmuşdu. Ser Tomas Filips isə bütün sərvətini əlyazmalara xərcləmiş və borc içində dünyasını dəyişmişdi — bu, mədəni bir marağın necə şəxsi faciəyə çevrilə biləcəyini göstərir.
Bəs bibliomaniyanın yaxşı tərəfi varmı?
Paradoksal olaraq, bir çox “həddindən artıq” yaradılmış kolleksiyalar sonradan universitet kitabxanalarına, muzeylərə və elmi araşdırmalara xidmət edir. Beləliklə, bir vaxtlar patoloji görünən ehtiras, mədəni irsə çevrilə bilər.
Kitablar həyat üçündür, yoxsa sən kitablar üçün?
Bibliomaniya — sadəcə kitab həvəsi deyil. Bu, insanın yaşayış yerini, büdcəsini və münasibətlərini təhrif edə biləcək bir vərdişdir. Amma eyni zamanda, geridə mədəni izlər də buraxa bilər. Əsas olan bu ehtirasın nəzarətdən çıxmasına imkan verməməkdir. Özünüzə vaxtında bu sualı vermək kifayətdir:
“Mən kitablar üçün yaşayıram, yoxsa kitablar mənim üçün?”
Ayna Bəxtiyar