İnsan üçün tam qaranlıq, sıx təzyiqli və ölü mühit kimi görünən okean dibi əslində həyatla doludur. Çinli alimlər Sakit okeanın dərinliklərində — 9533 metr dərinlikdə elmi sensasiya sayıla biləcək unikal bir ekosistem kəşf ediblər.
Baki-baku.az xəbər verir ki, araşdırmanın nəticələri nüfuzlu “Nature” elmi jurnalında dərc olunub.
Kəşf olunan canlılar əsasən molyusklardan ibarətdir və bu canlılar tamamilə günəş işığından məhrum şəraitdə — tam qaranlıqda yaşayır. Onlar fotosintez əvəzinə kimyəvi sintez (xemosintez) prosesi vasitəsilə həyatlarını davam etdirirlər. Yəni, okeanın dibindən çıxan kimyəvi maddələri enerji mənbəyi kimi istifadə edərək həm sağ qalır, həm də çoxalırlar.
Bu, alimlər üçün olduqca böyük əhəmiyyət kəsb edir: belə ekstremal şəraitdə həyatın mümkünlüyü həm Yer kürəsinin bioloji sərhədləri haqqında biliklərimizi genişləndirir, həm də gələcəkdə digər planetlərdə həyat axtarışları üçün istiqamət göstərir.
Alimlər bildirir ki, bu canlılar yüksək təzyiq, soyuq temperatur və oksigensiz mühit kimi sərt şərtlərə tam uyğunlaşıblar. Onlar təkcə sağ qalmaqla kifayətlənməyib, bu şəraitdə kompleks ekosistem formalaşdırmağa nail olublar.