Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/28/2025

Paylaşın

İdman

“Qarabağ” — Bu bizik, bu Azərbaycandır!

"Qarabağ"

Bir zamanlar sadəcə Qarabağın ürəyində — Ağdamda yaradılmış bir futbol klubu idi. Bu gün isə “Qarabağ” bir millətin dözümlülüyünün, iradəsinin simvoludur. “Qarabağ”ın tarixi yalnız futbol hekayəsi deyil. Bu, ağrı və itkilərdən, inam və qayıdışdan, çətinliklərə qalib gəlməkdən bəhs edən bir salnamədir.

1993-cü ildə Ağdamın işğalından sonra komanda öz evini — doğma stadionunu itirdi. Amma ruhunu heç vaxt itirmədi. Şəhərsiz, stadion olmadan, lakin sınmayan iradə ilə “Qarabağ” yoluna davam etdi. O, torpağını itirən, amma ümidi qoruyan minlərlə insanın adından yaşamağa davam etdi.

Biz gözlədik. Onilliklərlə. Və 2017-ci ilin avqustunda möcüzə baş verdi Mahir Emreli “Kopenhagen”ə qarşı oyunda ən vacib qolu vurdu.Cavab görüşündə isə Dino Ndlovudan bir dəqiq zərbə — və biz tarix yazdıq. Bir an və “Qarabağ” Azərbaycan futbol tarixində Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk klub oldu. Bu, təkcə idman qələbəsi deyildi. Bu, bir xalqın qələbəsi idi.

Prezident İlham Əliyev həmin vaxt Qarabağ Futbol Klubunu oyunçu və məşqçi və texniki heyətini qəbul edərkən demişdi: “Ölkəmizin futbol tarixinin yeni səhifəsi açılmışdır. Bu tarixi qələbə münasibətilə sizin hamınızı ürəkdən təbrik edirəm. Siz Azərbaycan xalqına qələbə sevinci bəxş etdiniz. Siz gərgin mübarizədə bir daha göstərdiniz ki, Azərbaycan idmançısı, Azərbaycan vətəndaşı öz xalqına, dövlətinə bağlıdır, güclüdür, peşəkardır və ölkəmizi beynəlxalq müstəvidə ləyaqətlə təmsil edir”.

Amma bu, son deyildi. Çünki “Qarabağ” bir yoldur. Davam edən bir mübarizədir. Və budur — 2025-ci il, 27 avqust. Biz yenidən Çempionlar Liqasının qrupundayıq. Səkkiz ildən sonra. Leandro Andrade və Abdullah Zubir bizi irəli aparır. Oyunu uduzuruq, amma nəticəni qazanırıq. İki oyunun nəticəsinə əsasən biz irəliləyirik. Yenidən qayıdırıq. Yenə şərəflə və yenə qəhrəmanlıqla.

Amma heç bir qol o qolların arxasında dayanan insanlarsız mümkün olmazdı. Gələcək qəhrəmanların yetişdirilməsində illərini verən “Qarabağ” məktəbi bir ümid fabriki kimidir. Yeni nəsil məhz burada böyüyür.

Nəriman Axundzadə — “Qarabağın “ gənc hücümçusu , artıq Avropada qol vurmuş, milli komandanın üzvü olan qəhrəmandır. Onun ardınca yeni adlar gəlir Amin Rzayev, Hikmət Cəbrayılzadə — gənc, istəkli Azərbaycan övladları. Onlar bizim sabahımızdır. Bu, gələcəyin “Qarabağ”ıdır.

Və əlbəttə, Mahir Emrelini unuda bilmərik. “Qarabağ” ın yetirməsi, Bakı küçələrindən “Legiya”nın heyətində Çempionlar Liqasında vurduğu qollarla, “Dinamo Zagreb”lə Xorvatiyadaki uğurlarının davamını gətirməklə bu gün Almaniyada “Kaiserslautern”in oyunçusuna çevrilmiş bir azərbaycanlı. Onun yolu sinəsində Azərbaycan gerbi ilə meydana çıxmaq arzusu olan hər bir uşaq üçün nümunədir.

Amma onlar belə, sizsiz — azarkeşlərsiz bu yolda irəliləyə bilməzdilər. Əziz “İmarət Tayfa”, oxuyan siz, yağışda, istidə, qələbədə və ayrılıqda tribunada dayanan siz, klubun adını Bakıdan Şuşaya, Ağdamdan Londona daşıyan siz. Hər bir ötürmədə, hər bir qolda sizin səsiniz eşidilir, sizin qəlbiniz döyünür.

Və bütün bunların arxasında bir insan dayanır – Qurban Qurbanov. Baş məşqçi, lider, rəhbər. O, 2008-ci ildən “Qarabağ”ın sükanı arxasındadır. O, sadəcə məşq etmir — o qurur. Futbolçulardan komanda, komandadan əfsanə yaradır. O, “Qarabağ”ı çempion etdi, Avropa səhnəsinə çıxartdı, bizə qürurla baxa biləcəyimiz bir oyun bəxş etdi. Onun təvazökarlığı və dözümü — bütün Azərbaycanın ruhunu əks etdirir.

Prezidentimizin dili ilə desək: “Qarabağ” futbol klubu ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edir. Əminəm ki, Azərbaycanda futbol daha da sürətlə inkişaf edəcək.”

Bu gün biz yeni bir fəsil yazırıq. Və bilirik qarşıda daha çox oyunlar, daha çox göz yaşları, daha çox qələbələr, illərlə xatırlanacaq qollar var.

Bunu qürurla yazıram. Çünki “Qarabağ” sadəcə bir futbol klubu deyil. Bu – Azərbaycandır. Bu bizik.

Və inanıram – bundan sonra daha güclü olacağıq.

Ayna Bəxtiyar

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

На протяжении тысячелетий Азербайджан - Страна Огней - славился своими «чайхана», а Османская империя - «кофейнями».