Nəşr edilmişdir 09/25/2024

Paylaşın

ETNOQRAFIYA

Ağşalvarlılar

Ağ rəngin mistikası

Ağ rəng – saflıq, təmizlik, müqəddəslik rəmzi… Rənglərin ən alisi. Həm də bütün rəngləri özündə birləşdirən rəngsizlik. Bütün mistikaların başlanğıcı.

Əcdadlarımız ağ rəngə həmişə xüsusi bir ruh bağlılığı ilə yanaşıblar. 

Ağ geyimdə müqəddəs ocaqlara ziyarətlərə gediblər…

Kəbəyə yalnız ağ ehram parçasına bürünərək yaxınlaşa bilirdilər…

Dünyadan köçüb Tanrı dərgahına üz tutanları ağ parçaya – kəf­ənə bükərdilər.

Amma yüzilliklər boyu Bakı əhalisi ağ rəngin həsrətini çəkib. Bakı və Abşeronda insanların öz ətrafında gördüyü rənglər bunlar idi – sarı, boz, mavi, qara – vəssalam…

Burda ağ çiçəklər, demək olar ki, bitməyib, bura ağappaq qar, demək olar ki, yağmayıb…

Bəlkə də əlçatmaz olduğuna görə ağ rəng xəyalların, ali dəyərlərin rəngi olub.

Və beləcə, qədim Bakı əhalisinin şərti adı formalaşıb – Ağşalvarlılar. 

Versiyalar

19-cu əsrin ikinci yarısından başlayaraq Bakının qədim nəsillərinə “Ağşalvarlılar” deməyə başladılar.

Bu adın tarixçəsiylə bağlı dəqiq bir rəy yoxdu. Bir neçə versiya vardır ki, onlar da bir-biriylə ziddiyyət təşkil edir.

Birinci versiya birbaşa mistika ilə bağlıdır. Bəziləri bu fikirdədir ki, Ağşalvarlılar Bakının qədim təriqət mənsubları olub. Onlar Bakının qoruyucaları kimi çıxış ediblər.

Digər bir versiyaya görə, ağşalvarlılar termini 14-cü əsrin sonlarında Bakıda məskunlaşmış hürufilərlə bağlıdır. Bakı həmin dövrdə onilliklər boyu hürufilərin iqamətgahı olub. Qədim bakılılar hürufilərə böyük rəğbət göstərib, onlarla qaynayıb-qarışıblar. Hürufilər də ağ şalvar geyinərmiş. Yalnız Əmir Teymurun təzyiqi ilə Fəzlullah Nəimi Bakıda həbs olunub edam edilmişdi. Hürufi ocağı dağıdılmış, bu təriqətin üzvlərinin bir qismi Yaxın Şərqə səpələnmişdi. Bəziləri isə Bakıda qalmağa üstünlük vermişdi. Ağşalvarlılar da həmin hürufilərin xələflərinə verilən ad olub.

Bir qisim alimlərimiz “Ağşalvarlılar” kəlməsinin dənizçiliklə bağlı olduğu fikrini irəli sürür. Yəni köhnə Bakı sakinləri gəmilərdə çalışarkən dənizçi geyimi olaraq ağ şalvar geyinərmiş. Sonradan onların adları “ağşalvarlı” kimi qalıb.

Bir versiya da tam bunların əksini deyir. Ağşalvarlılar, ümumiyyətlə, aşağılayıcı müraciət forması olub. O dövrdə Bakının dəyirmanlarında işləyən hamballar daim un daşıdıqlarına görə, ağ şalvar geyinərdilər ki, üst-başlarındakı un hiss olunmasın. Buna görə də həmin hamballara “ağşalvarlılar” deyərdilər.

Düşüncələr

Bu versiyaların əksəriyyəti şəxsən mənə inandırıcı gəlmir. Çünki yüz əlli, iki yüz il əvvəl hələ kimya sənayesi yox idi. Yuyucu tozlar hələ kəşf olunmamışdı. Kirlənmiş paltarları yuyub təmizləmək o qədər də asan deyildi. Ona görə də adi məişət, əmək fəaliyyətində həyatında ağ geyim geymək əlverişli deyildi. Ağ parçaya düşən ləkələr o saat hiss olunar, yuyub təmizləmək isə müşkülə çevrilərdi. Camaat da daha çox boz, qəhvəyi tipli rənglərə üstünlük verərdi. Ona görə qədim Bakıda kimlərinsə daim ağ şalvar geyinməsi ağlabatan görünmür. Yalnız alt paltarlarda ağ parçadan istifadə olunardı.

Deməli, bu sözün tarixini çox qədimlərə aparmaq, məncə, məntiqli deyil.

İçəri – bayır şəhər

Məncə, “ağşalvarlılar” ifadəsi məhz 19-cu əsrin ortalarında yaranıb.

Tarixi bir ekskurs edək. Bakı iqtisadi cəhətdən inkişaf eləməyə başladıqca əlavə işçi qüvvəsinə ehtiyac yaranırdı. İlk olaraq, Bakıya yaxında yerləşən Abşeron kəndlərindən köçüb gəlirdilər. Bakının ətrafında torpaq götürüb evlər tikir, mədənlərdə, fabriklərdə işləyirdilər.

Beləcə, İçərişəhərin ətrafında Çəmbərəkənd, Həmşəri palanı, Dağlı məhəlləsi, Bibiheybət-Bayıl kimi yeni kiçik yaşayış sahələri formalaşmağa başladı.

Təbii ki, kəndlərdən gələn bu əhali yüzilliklər boyu burda yaşamış, xüsusi davranış qaydaları, xüsusi etikasını formalaşdırmış İçərişəhərlilərdən fərqlənirdilər. Əksəriyyəti mədənlərdə, ağır işlərdə çalışan bu Abşeron sakinləri, sözsüz ki, həm davranış etikasında, həm mədəniyyətdə İçərişəhərlilərdən xeyli geri qalırdılar.

Ona görə həmin vaxtda İçərişəhər – Bayırşəhər terminləri yarandı. Kənarda yaşayan işçilər öz görkəmlərinə, davranışlarına çox fikir vermirdilər. İçərişəhərlilər onlara “ayaqyalın bayır şəhərli” deyə müraciət edərdilər.

Vaxt keçdikcə Bakı böyüyürdü. İçərişəhərin ətrafında yeni binalar, yeni işçi qəsəbələri tikilirdi. İqtisadiyyat inkişaf etdikcə bura həm Rusiyadan, həm də Cənubi Azərbaycandan işçilər axışırdı.

Məncə, məhz bu dövrlərdə Bakının qədim sakinləri, yəni İçərişəhərlilər bu axının içində öz identifikasiyalarını itirməmək üçün bu ifadəni fikirləşiblər. Müqəddəs ağ rəngi özlərinə simvol götürərək sanki ətrafdakı qara-boz işçi-fəhlə kütləsindən fərqlənmək üçün özlərinə “ağşalvarlılar” deyiblər.

Yəni biz o birilər kimi deyilik, biz müqəddəs ocağa daha yaxınıq, bizə bu qara-boz rəngə – neftə, tüstüyə, toza bürünmüş şəhərin içində ağ rəngin yeganə daşıyıcılarıyıq. Biz buranın ən qədim sakinləriyik. Biz əsl bakılılarıq. Biz Ağşalvarlılarıq…

Xatirələr

Mən özüm İçərişəhərdən dörd tin yuxarı, “Qırxpilləkən” deyilən ərazidə doğulub böyümüşəm. Bizdən yuxarı artıq Dağlı məhəlləsi başlayırdı. Babalarım 20-ci əsrin əvvəlində Abşeronun Zirə kəndindən bura köçüb ev tikmişdilər. Qonşularımızın əksəriyyəti də məhz həmin dövrlərdə Bakıya köçmüş adamların xələfləri idi. Kimlərsə Bakı kəndlərindən, kimlərsə daha uzaq rayonlardan gəlmişdi.

Səksəninci illərə qədər məhəlləmizdə sağ qalan tək-tük ağsaqqalların dilindən eşidirdim ki, bu hündürlükdə evlər tikilərkən şəhər dumasının qabağı hələ xırman yerləri idi, orda dəmyə taxıl əkərdilər.

Bir də ağsaqqallar danışardılar ki, biz o vaxtlar İçərişəhərdə yaşayan Ağşalvarlılara həmişə qibtəylə baxardıq. Onlar həm davranışlarına görə, həm geyim-kecimlərinə görə bizdən çox fərqlənərdilər. Sanki Bakının ən qədim zümrəsi olduqlarının məsuliyyətini hiss edir, əsl qədim bakılı obrazını, qədim Bakı etikasını, bakılı səliqə-sahmanını qoruyub saxlayırdılar.

Yalnız 20-ci əsrin ortalarından başlayaraq İçərişəhərin qədim əhalisi qaynayıb qarışmış, nəhayət, böyük Bakının içində əriyib getmişdi.

Related Stories

İlqar Fəhmi-şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Karikatura sənəti tarix boyunca insanları düşündürən və güldürən bir ifadə vasitəsi olmuşdur. Karikaturanın yaranması qədim dövrlərə, xüsusilə də

xəbərlər

Ən son

XƏBƏRLƏR

Almaniya Yer Elmləri Tədqiqat Mərkəzi və Danimarka Texniki Universitetinin alimləri planetimizdə 41 min il əvvəl

XƏBƏRLƏR

Tərcümeyi-halı ilə tarix yaratmaq, Qılıncla Qələmin vəhdətində dövlət qurmaq hər bir qüdrətli şəxsiyyətə nəsib olmur.

MEMARLIQ

Bakımızın rəmzi sayılan Qız Qalası haqqında çoxsaylı əfsanələr və rəvayətlər var. Zaman-zaman onları toplayıb ayrıca