XX əsr Azərbaycan poeziyasında qəzəl deyəndə bir ad dərhal yada düşür – Əliağa Vahid. Klassik ənənələrin müasir ruhda davamçısı olan bu şair təkcə poeziyası ilə deyil, həyat tərzi, yumoru, sadəliyi və özünəməxsus xarakteri ilə də yadda qalıb. O, həm bir dövrün siması, həm də dövrünə sığmayan bir şəxsiyyət idi.
Sadə başlanğıc – Ucalan sənət
Əliağa Vahid 1895-ci il fevralın 17-də Bakıda dünyaya gəlib. Valideynlərinin erkən itkisi onun uşaqlığını ağırlaşdırsa da, daxili zəka və istedadı sayəsində poeziyaya üz tutdu. Təhsili yalnız mollaxana məktəbində üç siniflə məhdudlaşsa da, qalan bütün biliyi və ədəbi savadı şəxsi istedadı ilə formalaşdı. Gənc yaşlarında “Məcməüş-şüəra” ədəbi məclisinə qəbul olunması onun poeziyada ciddi addımlar atacağının xəbərçisi idi. Burada Azər (İmaməliyev) və Müniri kimi şairlərin təsiri altında qəzəl və satirik şeirlər yazmağa başladı.
Əliağa Vahidə “Vahid” təxəllüsü də məhz bu məclisdə verildi – yəni “yeganə”.
Poeziya ilə dirəniş
Vahid yaradıcılığı ilə qəzəl janrını Sovet ideologiyasının caynağından xilas edən yeganə sənətkar oldu. Hamının ərəb-fars şeirindən uzaqlaşdığı bir dövrdə o, bu klassik formaya müasir ruh verdi. Qəzəllərində Azərbaycan türkcəsinin saf, zəngin ifadə imkanlarından istifadə etməsi onu xalqın gözündə daha da ucaltdı.
Onun satirik şeirləri “Mollaxana” (1938), “Kupletlər” (1924) kitablarında ictimai nöqsanlara, mövhumata və cəmiyyətin ətalətinə sərt tənqid kimi səslənirdi. Vahid həm də döyüş şairi idi – “Döyüş qəzəlləri” və “Qələbəyə inam” motivli şeirlərində Vətənə bağlılıq hissləri aşıb-daşırdı.
Bəxti və bədxahı bol olan şair
Vahid uzun müddət ağır şəraitdə yaşadı. Yarıqaranlıq otağında yazdığı qəzəllər, içkiyə aludə olmadan sərxoş obrazı yaratması onun həm dövrana, həm də siyasi repressiyalara qarşı “ədəbi dirəniş”i idi. Danışırlar ki, repressiya illərində Mircəfər Bağırovun əlinə düşən siyahılardan birində Vahidin adı da olub. Bağırov, onu tanıyıb, deyib: “Bu sərxoşdan bizə nə ziyan?!” və adının üstündən xətt çəkib.
Onun bu “sərxoş maskası” bir çoxlarını yanıltmışdı. Əslində Vahid içki içməyə sonradan, həyatının çətinliklərində sığınacaq kimi başlamışdı. Hətta deyirlər ki, bir dəfə söz verib ki, araq içməyəcək, amma kafedən keçərkən dayanıb demişdi:
“Vahid, səndə ki, bu hünər var, bunu yüz qramla qeyd eləməmək insafsızlıq olardı!”
Qəlbi dolu, evi boş
Üzeyir Hacıbəyli bir dəfə onun yaşadığı yerə baş çəkəndə, Vahidin necə yarıqaranlıq otaqda yaşadığını görəndə heyrətlənmiş, “burda necə yazırsan?” deyə soruşmuşdu. Vahid isə gülümsəyərək:
“Doğrudan da bura mənim üçün kaşanədir,” – deyə cavab vermişdi. Elə bu səfərdən sonra Üzeyir bəy və Məmməd Səid Ordubadinin köməyi ilə ona ikiotaqlı mənzil verildi.
Zarafatçıl, baməzə, bədahətən söz deyən Vahid
Əliağa Vahidin həyatının baməzə, hazırcavab nümunələri çoxdur. Onun zarafatları təkcə dilə deyil, ürəyə də toxunur:
Aqşin Babayev bir məktəbdə Vahidlə görüş keçirəndə əvvəlcədən proqramı açıqlayır: “Axırda da bədii hissə olacaq, yeyib-içəcəyik.” Vahid cavab verir:
– Bəlkə görüşü bədii hissədən başlayaq?
Mir Cəfər Bağırov bir dəfə Vahidi çağırır: “Mənə sən öl de ki, araq içməyəcəksən.” Vahid:
– Ağa, sən öl, içəcəyəm.
Deyirlər, bir gün şairin sevimli iti ölür. O, bundan çox kədərlənir, hər yerdə bikef gəzir. Vahidin bu hərəkətinə görə onun dostları məsləhətləşirlər ki, gedib Əliağa Vahidlə “məzələnsinlər”. Onlar şairin evinə gəlib deyirlər: “Ay Vahid, eşitmişik itin rəhmətə gedib, Allah rəhmət eləsin, axır qəmin olsun”. Əliağa Vahid də dostlarının onu məsxərəyə qoyduğun anlayır və dərhal yoldaşına deyir: “Ay arvad, çay dəmlə, itin qohum-əqrəbası başsağlığına gəlib”.
Bu zarafatlar sadəcə gülüş üçün deyil, onun dünyagörüşünü, cəmiyyətə və həyata olan ironik münasibətini göstərirdi.
Şəxsi faciələr – səssiz ağrılar
Şairin şəxsi həyatı isə onun yaradıcılığından daha qaranlıq idi. İlk evliliyindən sonra uğursuz ailə həyatı yaşadı. Yaşlı vaxtı xəstəxanada ona qulluq edən 25 yaş cavan bir tibb bacısı ilə zarafatla başlayan münasibət evliliyə çevrildi. Uşaqları da bu xanımdan dünyaya gəldi. Lakin həyatının ümumi axarı boyu onu müşayiət edən bir tək kədər idi. Onun taleyindəki ən kəskin məqam – 1937-ci il repressiyalarından təsadüf nəticəsində qurtulması idi. Vahid bu ağır dövrə içkiyə aludə olmaqla, satirik “sərxoşluq”la, zarafatla dirəniş göstərmişdi.
Muğamla nəfəs alan qəzəllər
Əliağa Vahidin poeziyası muğamla vəhdətdə idi. Tarzənlər, xanəndələr onun qəzəllərindən dəfələrlə istifadə ediblər. Vamiq Məmmədəliyev deyirdi:
“Bu, Vahidin bir qəzəlxan olaraq xoşbəxtliyidir ki, xanəndələr daim onun qəzəllərinə müraciət edirlər.” Xanəndə Sabir Novruzov isə vurğulayırdı ki, “əruz vəznində yazılanları oxumaq mənim həmişə ürəyimcə olub” – bu da Vahidin poetikasının musiqiyə yaxınlığını təsdiqləyirdi. Seyid Şuşinski də hər hansı bir qəzəli muğam üstündə oxumazdan əvvəl Vahidlə məsələhətləşər, ondan qəzəlin mənasını, alt qatını öyrənərmiş. Bundan başqa, o həm də yaxşı tərcüməçi olub. Füzulinin farsca əsərlərinin tərcüməsi ilə bağlı keçirilən müsabiqədə birinci yer tutması həm də fars dilini gözəl bilməsini göstərir.
Stalinin Bakıda Vahidlə görüş istəyi və onun siyasi əhəmiyyəti
Şairin həyatında çox maraqlı məqamlar olub. Onlardan biri də Stalinin Vahidə olan xüsusi rəğbətidir. Deyilənlərə görə, Stalin Bakıya gələndə bir dəfə Mir Cəfər Bağırovdan, bir dəfə də Məmməd Əmin Rəsulzadədən onun üçün qurulan məclisdə Vahidi görmək istədiyini deyib. Hər iki dövlət xadimi Əliağa Vahidlə tanışığı bilavasitə Stalinə görə olub. Bəlkə də, Vahidi repressiyadan qoruyan amillərindən biri bu da olub.
Yesenin və Vahid
Sergey Yesenin Bakıda olarkən şəhər çayxanalarından birində çay içir, hesab istəyəndə pulun ödənmiş olduğunu deyirlər. Çayın haqqını ödəyən Əlağa Vahid olur. Bu kiçik, amma mənalı jest iki böyük ədəbiyyat nümayəndəsinin dostluğuna körpü salır. Tezliklə Vahid və Yesenin arasında səmimi münasibət yaranır. Vahid rus şairini tez-tez poeziya məclislərinə aparırdı. Yesenin Azərbaycan dilini anlamasa da, qəzəllərin ahənginə, ritminə, poetik düzümünə heyran qalırdı. Bir gün Yesenin Vahiddən soruşur: “ – Sənin şeirlərin nədən bəhs edir?” Vahid təbəssümlə cavab verir: “Şair nə haqda yaza bilər ki? Eşq, həyat, ölüm…”
Son nəfəs, son qəzəl
Əliağa Vahid 1 oktyabr 1965-ci ildə dünyasını dəyişdi. Dəfnində iştirak edən adamlar danışır ki, dəfni zamanı cənazəsinin üstündə bir ağ kəpənək xeyli pərvaz edib. Dəfn bitdikdən sonra həmin kəpənəyin şairin məzarı üstündə öldüyünü görüblər. Bu, simvolika elə-belə deyildi. Bu, bir şairlə birgə onun ilham pərisinin, bir pərvanənin də şamla birgə ölümü idi…
Və onun dəfni Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyli və Səməd Vurğundan sonra Bakıda ən izdihamlı dəfn mərasimi sayılır.
Qəzəlin səsini yaşadan adam
Əliağa Vahid Azərbaycan poeziyasında həm qəzəlxandır, həm də ruh, səda, ironiya və ürək şairidir. O, sözün xalqla, musiqi ilə, həyatın acısı ilə qaynayıb-qarışdığı bir dövrdə yaşayıb, yaşadıb. Onun kimi şairlər hər əsrdə bir doğulur. Qəzəldə son nəfəsini tapıb, elə orada da əbədiyyət qazandı.
Xanım Aydın