Dünyanın isti guşələrində yerləşən şəhərlərdə beton divarlar əsl tələyə çevrilərək günəş şüalarını özündə saxlayır və evlərin daxilindəki temperaturu artırır.
Elmi ixtiralar “oyunun qaydaları”nı dəyişməyə və yenidən yazmağa hazırdır. Çin və ABŞ-dən olan tədqiqatçılar adi tikinti materialı kimi olmayan, həmçinin təbii bir “soyuducu” rolunu oynayan yeni növ sement hazırlayıblar. Bu innovativ material işığı əks etdirir və istiliyi xaricə buraxaraq otaqlarda temperaturu ən isti günorta saatlarında belə aşağı salır.
Baki-baku.az portalının “Science Advances” jurnalına istinadla verdiyi xəbərə görə, söhbət tropik və quraqlıq ərazilərdə aparılan tikinti işlərinin gələcəyini dəyişdirə biləcək bir sensasiyadan gedir.
Yeni qarışığın tətbiqi gündüz istisində binaların daxilində temperaturu 5 dərəcə Selsi aşağı salmağa imkan verir.
Tədqiqatçılar bildirirlər ki, bu sement bərkiyərkən onun səthində təbii mineral olan ettringitin kristal strukturlarına bənzər xüsusi quruluş yaranır. Bu quruluş görünən işığı yaxşı əks etdirir və eyni zamanda, infraqırmızı şüalanmanı – spektrin orta hissəsindəki istiliyi, demək olar ki, tam şəkildə keçirir. Bu xüsusiyyət sayəsində binanın daxili temperaturu 5 dərəcə aşağı düşüb.
Yeni material “foton-strukturlaşdırılmış sement” adlandırılıb və onun üzərində işlər Cənub-Şərqi Universitetinin (Çin) professoru Miao Çanvenin rəhbərliyi ilə aparılıb. Alimlər bu material vasitəsilə klassik sementin əsas çatışmazlıqlarından birini – onun isti və tropik iqlimlərdə istifadə üçün yararsız olmasını aradan qaldırmağa çalışıblar. Belə ki, adi sement günəş işığının və istiliyin cəmi 30 faizini əks etdirə bilir.
Aparılan təcrübələrdə alimlər adi sementdən və yeni foton-strukturlaşdırılmış sementdən hazırlanmış ev modellərinin günəş işığına necə reaksiya verdiyini müqayisə ediblər. Nəticədə məlum olub ki, yeni material divarların qızmasını 60-70 dərəcədən 30-35 dərəcəyə qədər azaldıb və bu da daxili temperaturda 5 dərəcəlik fərq yaradıb.
Məqalədə qeyd olunur ki, bu yenilik gələcəkdə binaların soyudulması üçün tələb olunan enerji xərclərini ciddi şəkildə azalda bilər.