Şərqdə qadına ilk dəfə seçmək, seçilmək hüququ verən Azərbaycan bu faktı Avropadan 70 il əvvəl tarixin yaddaşına yazdı. Çünki o Şərqin bir parçası idi, Şərq insanı isə Məhəmməd Peyğəmbərin (s.ə.s.) dili ilə “Cənnət anaların ayaqları altındadır” kəlamına tapınıb. Azərbaycanda ilk Qız məktəbini quran Hacı Zeynalabdin Tağıyev bir şərqli, türk və müsəlman olaraq, bu hikməti gerçəyə çevirən ilk tarixi şəxsiyyətlərdən olmaqla yanaşı, həm də “Bir kişiyə təhsil versən, təhsilli bir insan, qadına təhsil versən təhsilli bir ailə qazanarsan” nidası ilə nümunəyə çevrilib. Türkün bir başqa qüdrətli siması Yaşar Kamal isə “Qadını oxumayan bir ölkənin kişiləri nə qədər oxuyur, oxusun, o ölkə firavan olmaz” hikməti ilə tarix yaradıb.
Şərqin qüdrətli mütəfəkkir alimlərini, pirlərini, övliyalarını dünyaya gətirən qadının ünvanına Peyğəmbər əleyhissəlamın “Elm şəhərinin açarı” adlandırdığı Əli əleyhissəlamın söylədiyi kəlam da qiymətlidir, dəyərlidir: “İki şey sənin kim olduğunu göstərər: Heç bir şey yox ikən səbrin, hər şeyin var ikən əxlaqın, səbrin və əxlaqın olanda isə qadına münasibətin!”