Azərbaycan Dövlət Kukla Teatrı təmsilçiləri qardaş Türkiyəyə festivala gedirlər.
Baki-baku.az xəbər verir ki, 21 aprel-12 may tarixlərində IV Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı keçiriləcək. Kuklaçılarımızın səfər müddəti 21-26 aprel tarixlərini əhatə edəcək.
Sənət bayramı Türkiyənin iki böyük şəhərini əhatə edəcək. 23-25 aprel tarixlərində Ankara, 26-27 aprel tarixlərində İstanbulda baş tutacaq festival marafonu 28-30 aprel tarixlərində Bakıda, 2-4 may tarixlərində Özbəkistanda davam edəcək. Tədbirin builki bağlanış mərasimi 9-12 may günlərinə təsadüf edəcək və Şimali Kipr Türk Respublikasında olacaq.
Onu da qeyd edək ki, festivalın builki iştirakçı sayı və tamaşa proqramı da genişdir. Bu mənada kuklaçılar hər iki şəhərdəki müxtəlif məkanlarda milli kukla sənətimizi layiqincə təmsil etməyə çalışacaqlar.
Səfərə 10 nəfərlik heyətlə yola düşəcək kuklaçılarımız türkiyəli teatrsevərlər qarşısında “Cırtdanın Türkiyə macəraları” adlı tamaşa-konserti göstərəcəklər.
Milli kukla personajlarımızdan ibarət birhissəli aktın səhnələşdirmə və quruluşçu rejissoru Saida Haqverdiyeva, tərtibatçı rəssamı İqbal Əliyevdir.
Milli musiqi və rəqslərlə zəngin səhnə işində obrazları aparıcı kukla aktyorlarımız Səriyyə Mansurova, Aygül Ağayeva, Elnur Abbasquliyev, Rəhim Rəhimov və Cavid Telman canlandıracaqlar.
Məlumat üçün deyək ki, Azərbaycan Dövlət Kukla Teatrı yaradıcı təşkilat, sənət mərkəzi kimi mütəmadi beynəlxalq festivallara dəvətlər alır və bu yolla dünya teatr mühitində daha da tanınmasına, yaradıcılıq əlaqələrinin intensivləşməsinə çalışır.
