Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/17/2025

Paylaşın

TARİXİMİZ

17 Noyabr – Millətin taleyini dəyişdiyi gün 

Heydər Əliyev: Bu gün biz azadıq, müstəqilik, sərbəstik. Biz heç kəsdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik!

Babək Xürrəminin “40 il qul kimi yaşamaqdansa, bir gün azad yaşamaq xoşbəxtlikdir!”, Xəlil Rza Ulutürkün “İstəmirəm azadlığı zərrə-zərrə, qram-qram, qolumdakı zəncirləri qıram, gərək qıram” nidası ilə imperiyaların əsarətinə son qoyan Odlar Yurdu Azərbaycan ötən əsrin önündə, İstiqlal Bəyannaməsinə, sonunda isə Müstəqillik Aktına imza atdı. 

Tarixin yaddaşına həkk olunan elə günlər var ki, onlar təkcə bir xalqın deyil, bütöv bir millətin taleyini dəyişir. 17 Noyabr – Milli Dirçəliş Günü də məhz belə günlərdəndir. Bu tarix Azərbaycan xalqının azadlıq eşqinin, milli birliyinin və sarsılmaz iradəsinin rəmzinə çevrildi.

XX əsrin sonlarında imperiyanın zəncirləri arasında sıxılan bir xalq milli mənlik, milli kimlik uğrunda mücadiləyə qalxdı. 70 illik sükutu pozaraq meydanlara axışdı, azadlıq, müstəqillik arzularını hayqırdı. Sovet ideologiyasının sərt qaydaları altında yaşasa da, ruhən azad olmaq istəyən Azərbaycan xalqı 1988-ci ilin noyabrında tarixi dönüş nöqtəsinə qədəm qoydu. O dövrdə Bakının “Lenin meydanı” sadəcə bir coğrafi məkan deyildi o, xalqın ürəyinin döyüntüsü, mübariz ruhunun rəmzi idi. Meydanda səslənən azadlıq şüarları siyasi tələblərdən çox, əsrlərin dərinliklərindən gələn milli oyanışın, dirçəlişin səsi idi. Məhz o müqəddəs səs “Lenin meydanı”nı “Azadlıq meydanı”na çevirdi.

60-cı illərin Yaddaşa qayıdış dastanı

Milli dirçəlişin ideya kökləri isə daha əvvəl  ötən əsrin 60-cı illərində Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti ilə formalaşmağa başlamışdı. Həmin dövrdə milli şüurun oyanışı, mədəniyyətin və elmin inkişafı gələcək müstəqilliyin mənəvi təməlini qoydu. 1978-ci ildə ana dilinin Konstitusiyada təsbit edilməsi ilə  xalq  yaddaşa qayıdış dastanını yazdı. 17 Noyabr həmin təməlin üzərində boy verən Qurtuluş ağacının ilk pöhrəsi oldu.

Topxanada qırılan tək bir armud ağacından , daha doğrusu Yaddaş Ağacından ötrü başlayan mücadilə xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən biri olan 17 Noyabr – Milli Dirçəliş Günü, Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynadı. Mənəvi əsaslarını ötən əsrin 60-cı illərindən alan bu tarix, sonralar Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter aldı, müstəqil Azərbaycan inkişaf yoluna qədəm qoydu.

 Yaddaş Ağacı uğrunda mücadilədən Əbədi İstiqlala

80-ci illərin sonunda Sovet İttifaqının siyasi, iqtisadi və ideoloji dayaqları sarsılmışdı. İmperiyanın “beyin mərkəzi” xalqlara, xüsusilə də Azərbaycan xalqına qarşı ayrı-seçkilik siyasətini gücləndirmişdi. Mixail Qorbaçovun hakimiyyəti dövründə ermənilər Dağlıq Qarabağda azərbaycanlılara qarşı əsassız ərazi iddiaları irəli sürdülər. Ermənilərin Topxanada törətdikləri vəhşilik, Ağdamda isə iki azərbaycanlının qətlə yetirilməsi xalqın milli hisslərini alovlandırdı.

XX əsrin əvvəllərində istiqlal şərbətini dadan Azərbaycan xalqı, bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi fürsəti yenidən dəyərləndirdi. 1988-ci ildən etibarən Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı. Milyonlarla insanın toplaşdığı Azadlıq meydanında səslənən şüarlar get-gedə dəyişərək müstəqil dövlət qurmaq ideyasına çevrildi.

Ulu Öndər Heydər Əliyev sovet ideologiyasının sərt qadağalarına baxmayaraq, milli-mənəvi dəyərlərin, elmin və mədəniyyətin dirçəlişinə xüsusi diqqət yetirirdi. Onun təşəbbüsü ilə milli ruhlu ziyalılar nəsli formalaşdı. Heydər Əliyevin yaratdığı bu mənəvi, siyasi və iqtisadi baza, Sovet İttifaqı dağılmağa başlayanda xalqın əsas dayağına çevrildi.

1988-ci ildə xalq hərəkatının alovlandığı vaxtda Azərbaycan xalqının gözünü qırmaq, Əbədi İstiqlal sevdasını, Azadlıq davasını boğmaq üçün onu 20 Yanvar dəhşətləri ilə baş-başa qoydu. 1918-ci ilin mart Soyqrımları yenidən təkrarlandı. Bakı al-qana boyandı. Çəmbərəkənd Şəhid cənazələrini qoynuna aldı.  Ulu Öndərin yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlişi ilə etiraz dalğası bir qədər də, çoxaldı. Azərbaycan xalqı əsrlərlə azadlıq və müstəqillik uğrunda mübarizə apardı və nəhayət, bu amalına qovuşdu. Bu gün qeyd etdiyimiz Milli Dirçəliş Günü də məhz həmin milli birliyin, oyanışın və azadlıq istəyinin rəmzidir.

Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda ölkədə antisovet xalq hərəkatı yarandı. 1988-ci il noyabrın 17-də Bakının əsas meydanı olan, indi Zəfər, Qələbə paradlarının, rəsmi törənlərin təşkil edildiyi “Azadlıq Meydanı”nda xalqın uzunmüddətli mitinqləri başladı. Ermənilərin və sovet ordusunun birgə fəaliyyəti nəticəsində Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirilsə də, Əbədi İstiqlaldan dönmədi. Xalq imperiya əsarətindən azad olmaq, ərazi bütövlüyünü qorumaq və milli sərvətlərinin talan edilməsinə son qoymaq üçün ayağa qalxdı. Meydan hərəkatı qısa müddətdə milli-azadlıq hərəkatına çevrildi və Azərbaycanın istiqlal qazanmasında əsas amil oldu. Tarixi mənbələr də sübut edirki, dekabrın 4-dək davam edən 18 günlük mitinqlərdə bir milyona yaxın insan iştirak etmişdir. Bu, keçmiş SSRİ məkanında ən genişmiqyaslı etiraz aksiyası, dalğası idi. 17 Noyabr Azərbaycanın tarixinə milli dirçəlişin başlanğıcı kimi daxil oldu. Xalq öz haqqı, azadlığı və torpaqları uğrunda bir yumruq kimi birləşərək, bütün dünyaya birliyin və milli həmrəyliyin nümunəsini göstərdi. 20 Yanvar dəhşətlərinə, Xocalı faciəsinə, Qarabağın, Şərqi-Zəngəzurun işğalına baxmayaraq Əbədi İstiqlal uğrunda mücadiləni davam etdirdi.

İstiqlaldan şirin nemət, Azadlıqdan böyük sərvət yoxdur!

1988-ci il dekabrın 4-də Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti – Ş.C.) tələbə yataqxanasından qaldırılan Lenin Meydanına Xəzərin sahilindən gətirilən hilallı, ulduzlu, üçrəngli bayraq özgürlüyün rəmzi kimi göy üzünə sərildi. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən bu tarixi iclasda üçrəngli Azərbaycan bayrağının dövlət rəmzi kimi qəbul olunması təklifi irəli sürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı bərpa olundu və onun dövlət rəmzi kimi qəbul edilməsi üçün Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırıldı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru yolun başlanğıcı qoyuldu. Ölkəmiz böyük uğurlar imza atdı. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək, Azərbaycanı regionun lider dövlətinə və beynəlxalq layihələrin təşəbbüskarına çevirdi.Bütün bu nailiyyətlərin məntiqi nəticəsi kimi, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan torpaqlarını işğaldan azad etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi və ərazi bütövlüyünü bərpa etdi.  2023-cü ildə Ordumuzun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri qısa müddətdə uğurla başa çatdı və dövlətimizin suverenliyi tam bərpa olundu. Bu, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, uzaqgörən siyasəti və xalqımızın birliyinin növbəti parlaq təntənəsi idi.Bu gün Azərbaycan regionda sülhün və sabitliyin əsas təminatçısı, Avropanın enerji təhlükəsizliyində aparıcı qüvvəsi, beynəlxalq arenada etibarlı tərəfdaşdır. Bütün bunlar 17 Noyabr – Milli Dirçəliş Günündə başlanan o böyük milli oyanışın bəxş etdiyi töhfələrdir.

Yumruqdan Dəmir Yumruğa

37 il bundan öncə biz bir millət, məmləkət olaraq “Ya azad ol, ya tamam yan, Azərbaycan!” nidası ilə Yumruğa dönüb Xəzərin sahilinə axışdıq. Lenin meydanını Azadlıq meydanına çevirdik. Leninin, Kirovun abidələrini aşırdıq. Bolşevik Rusiyasının, Şura hökümətinin belini qırdıq. Topxana meşəsində qırılan Yaddaş Ağacından ötrü meydana axışdığımız kimi 30 illik intizardan sonra Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin iradəsi ilə Dəmir Yumruğa dönüb düşmənin tifaqını dağıtdıq. Şuşa qalasında, Xüdafərin körpüsündə Bayrağa döndük. İstiqlaldan şirin nemətin, Azadlıqdan böyük sərvətin olmadığını dünyaya nümayiş etdirdik. Milli Dirçəlişdən Milli Qurtuluşa, Yumruqdan Dəmir Yumruğa yol gələn Odlar Yurdu Azərbaycanı İstiqlal şərbəti ilə müjdələyən Haqq aşiqlərinin, Azadlıq carçılarının ruhunu şad etdik, yarımçıq arzularını gerçəyə çevirdik. Ulu Öndər Heydər Əliyevin: “Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir!”, “Bu gün biz azadıq, müstəqilik, sərbəstik. Biz heç kəsdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik!” kimi müdrik kəlamlarının səadətini yenidən yaşadıq!

Şərəf Cəlilli

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin