Bu gün XX sərin ən böyük faciəsi – Xocalı soyqırımından 33 il ötür.
Baki-baku.az xatırladır ki, Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum etməsi ilə baş verib. Hücum zamanı şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri atəşə tutub, qətlə yetiriblər.
Erməni təcavüzkarları Azərbaycan xalqına qarşı törətdiyi bu növbəti kütləvi qırğında 613 nəfər – 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
1994-cü ildə ozamankı Prezident Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 Fevral – Xocalı Soyqırımı Günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.
2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayında birgünlük lokal xarakterli antiterror əməliyyatında Azərbaycan Ordusunun rəşadəti və qəhrəmanlığı sayəsində tarixi torpaqlarımız, o cümlədən Xocalı rayonu işğaldan azad olunub. Həmin zəfər bizə həm də Xocalı sevincini də yaşatdı. Belə ki, 15 oktyabr 2023-cü ildə Xocalıda da Azərbaycan Bayrağı ucaldıldı.
Hazırda Xocalıda bərpa-quruculuq işləri aparılır. Xocalı günü-gündən çiçəklənir və yenidən inkişaf edir. 2024-cü ilin may ayından etibarən artıq şəhərə sakinlərin qayıtması prosesi başlayıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksi yaradılacaq.
Fotolar Reza Deqatinindir




