USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Nəsir İmanquliyev irsi

Şəxsiyyəti zaman yetirir, tarix qiymətləndirir. "Bakı" və "Baku" qəzetlərinin redaktoru Nəsir İmanquliyev zamanı arxasıyca aparan, xalqının tarixini qələmi ilə yazan qüdrətli simalardandır. Bütün sənət adamları mədəniyyətə olan qayğısına görə, bu müdrik ziyalıya, jurnalistə minnətdardır. Onun dirijor çubuğunu xatırladan qələmi bir yox, iki böyük "ansamblı" məharətlə idarə edir. Hər gün yeni bir əsər yaradır. Əslində, ən böyük əsər elə Nəsir İmanquliyevin - bu peşəkar redaktorun özüdür. Mərkəzi Komitənin qərarı ilə Ermənistanda erməni, Gürcüstanda gürcü dili dövlət dili kimi təsbit olundu. Bu, o zamanlar üçün böyük hadisə idi.

Pribaltikanı çıxmaqla, Gürcüstan və Ermənistan istisna respublika oldu. Bu bizdə etirazla qarşılandı. Cəza tədbiri olaraq mərkəzdən təzyiqlər artdı. Mirzə İbrahimov, Mirəsədulla Mirqasımov, Üzeyir bəy açıq-açığına etiraz etdilər. Ana dilində çıxan “Yeni yol” qəzetinin bağlanması əksər milli ziyalıları narahat etdi. Nəsir İmanquliyevin MirCəfər Bağırova göndərdiyi etiraz məktubu hamımızı - Səməd Vurğunu, Üzeyir bəyi, Hüseyn Cavidi, Mirəsədulla Mirqasımovu, Mirzə İbrahimovu, Qulam Məmmədlini narahat etdi. Düşünürdük ki, bu daha sondur. Bağırov onu “vısılka” etdirəcək. Nəsir müəllim qəzetin bağlanmasını Azərbaycan dilinə təzyiq kimi qəbul edirdi. Xoşbəxtlikdən Bağırov məsələyə siyasi rəng vermədi. O, özü də bu məsələyə yaxşı baxmırdı. Digər bir tərəfdən də müharibənin başlaması Nəsir müəllimi xilas etdi. Moskva bu söhbəti yaxşı qəbul etməzdi. Bağırov imkan düşdükcə Nəsir müəllim kimi milli ziyalıları qoruyurdu.

Bir məsələni deyim: müharibənin ən pis vaxtlarında Bağırov Stalindən xahiş etdi və azərbaycanlılardan ibarət diviziyalar yaradıldı. Bizimkilər dil bilmədiyi üçün təlimin qaydalarını götürə bilmirdilər. Nəsir müəllim həmin diviziyalarda siyasi rəhbər, qəzetçi kimi xidmət etmiş, təbliğat-təşviqat işləri görmüşdü. Krım cəbhəsində onu tanımayan yox idi. Rus dilini də çox yaxşı bilirdi. Krım cəbhəsində təbliğat-təşviqat aparmaq üçün “Döyüşən Krım” qəzeti çap olunurdu. Ətrafına yazıçı və şairlərimiz cəm olmuşdu. Cəfər Cəfərov, Rəsul Rza, Nəsir İmanquliyev, Abbas Zamanov, Gəray Fəzli kimi ziyalılar o zaman çox işlər görmüşdülər. Nəsir müəllimin redaktorluğu ilə çap olunan məqalələr çox böyük əks-səda doğururdu. Biz incəsənət xadimləri də tez-tez diviziyalarımızın əsgərləri ilə görüşə gedirdik.

Bu görüşlərin təşkilatçılıq məsələləri, adətən, Nəsir İmanquliyevə tapşırılırdı. Gənc, cavan olmasına baxmayaraq, Səməd Vurğunun, Üzeyir bəyin ona çox böyük hörməti var idi. Belə bir qəzet Cənubi Azərbaycanda, Təbrizdə Mirzə İbrahimovun rəhbərliyi ilə çap olunurdu. Onu da İrana təbliğat-təşviqat üçün ezam olunan ziyalılarımız nəşr edirdi…