USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Haqqımızda

Milli mətbuat; milli dövlətçiliyin təməl prinsiplərindən hesab edən Ulu öndər Heydər Əliyev jürnalistikaya, jurnalis əməyinə yüksə  qiymət verərək deyirdi: “Jurnalistika böyük zəhmət, xüsusi səy, professional yanaşma, hadisələri operativ qiymətləndirmək və prosesləri düzgün analiz bacarığı tələb edən sənətdir.

Milli mətbuatımızın”Əkinçi”, ”Molla Nəsrəddin”, ”Fyüzat” kimi ədəbi, əzəmətli məktəblərindən  sonra 1958 -ci il yanvarın 10-da  Bakının aynası olan “Bakı qəzeti” nəşrə başladı.Onun qurucusu və redaktoru olaraq düz  otuz il ömrünü “dəqiq, qərəzsiz,vicdanlı” informasiyyanı  cəmiyyətə təqdim olunmasına, xalqın maariflənməsinə həsr edən  professor Nəsir İmanquliyev ”Bakı”nı  yaradan səbəblər barədə deyirdi: “Yeni yol” qəzeti gözlənilmədən bağlandı. “Vışka” qəzeti Mərkəzi Komitənin orqanı kimi fəaliyyətini davam etdirdi. Bir nəfərdə o vaxt təpər tapılmadı ki, soruşsun: balam, əhalisi əksəriyyət təşkil edən xalqın ana dilində çıxan qəzetinin günahı nədir? - Bu sualı heç vaxt, heç kəsə verən olmadı. Lakin mən qəzetdən uzaqlaşandan sonra uzun muddət müxtəlif yerlərdə çalışmağımdan asılı olmayaraq bu suala cavab axtarırdım. Nəhayət, bir gün topladığım faktlardan gəldiyim qənaətdən sonra bir məktub hazırladım. O vaxt Mərkəzi Komitənin birinci katibi Mircəfər Bağırov idi. Mənim məktubumu yuxarılara çatdırırlar. Baxılıb qərar çıxarıldı. Onda belə idi ki, bizim Mərkəzi Komitənin hər hansı bir qərarı mütləq Moskvaya göndərilməli idi. Belə də oldu. Sov.İKP-dən xahiş olunurdu ki, Azərbaycanın paytaxtı Bakı şəhərində qəzet çıxarılmağa icazə verilsin. Aradan xeyli keçmiş məni Mərkəzi Komitəyə çağırdılar. O zaman Mərkəzi Komitənin katibi Şıxəli Qurbanov idi. Şıxəli Qurbanov stolunun gözündən bir qərar çıxarıb göstərdi və dedi:

- Moskva yeni qəzet çıxarmaq barədəki qərarımızı təsdiqləyib. İstəyirəm işin ilk təşəbbüskarı olduğun üçün məsuliyyəti də sənin üzərinə qoyaq, universitetdəki dərsini demək şərti ilə...

Qəzet əvvəlcə kiçik formatda fəaliyyətə başladı. Sonradan oxucu marağını nəzərə alıb həcmini genişləndirdik, eyni zamanda rus oxucularını da nəzərə alıb “Baku” qəzetinin də paralel nəsrinə başladıq. Bakı Şəhər Sovetinin yeni orqanı olan “Bakı” və “Baku” axşam qəzetlərinin təməli belə qoyuldu...”  

Nəsir İmanquliyev  milli mətbuatımızın klassiklərindən, memarlarından, sütunlarından,eyni zamanda  adı ilə bağlı  məktəb  yaradanlardan idi. Məktəbinin müdavimlərindən olan Fazil Rəhmanzadə “Nəsir İmanquliyev Məktəbi” barədə haqlı olaraq söyləyir: 1958-ci ilin yanvarında paytaxtımızın sakinləri gözəl bir hədiyyə aldılar: "Bakı" axşam qəzeti nəsrə başladı və elə ilk gündən öz oxucularını tapdı, o zamanın mətbuat orqanları üçün, bir növ, səciyyəvi olmayan operativ və maraqlı xəbərləri, materialları ilə diqqət çəkdi. Ancaq skeptiklər də tapılırdı və deyirdilər ki, o dövr mətbuatının əjdahaları olan "Kommunist", "Bakinskiy raboçiy", "Azərbaycan gəncləri", "Vışka" və digərləri ilə bir sırada axsam qəzeti ayaqlasa biləcəkmi?

"Bakı" cəsarətini itirmədi. Dərhal öncül mövqeyə çıxıb mətbuatımızda özünün əvəzsiz yerini təsdiqlədi. Bunun da əsas səbəbi Nəsir müəllimin peşəkar qəzetçiliyindən, günün müasir tələbi ilə ayaqlasmasından savayı, geniş dünyagörüslü, istedadlı, sağlam düşüncəli qələm sahiblərini öz ət-rafına toplaması, onların qəlblərində yaradıcılıq məsəlini alovlandırmasıydı. O zaman Cəmşid Əmirov, Qeybulla Rəsulov, Cabir Novruz, Çingiz Ələkbərov, Rəfail Nağıyev, Adil Cavadlı, Əhməd Rəsidov, Səfər Məmmədov, Şamil Şahməmmədov, Şakir Abdullayev, İsmayıl Kərimov, Şaban Şabanov və başqaları kimi qüvvətli, lakin müxtəlif yazı üslubu olan jurnalistlər vahid kollektivdə birləşərək axşam qəzetinin yaradıcılıq simasının müəyyənləşməsində, ilk uğurlarında ciddi rol oynadılar. Nəsir müəllim ağıllı, bacarıqlı "komandan" kimi çox güclü bir ordu yaratmışdı.

"Bakı"nın oxucularının sayı və bununla bağlı qəzetin tirajı ilbəil artırdı. Nəsir müəllim duydu ki, şəhərimizin rusdilli sakinlərinin də axşam qəzetinə ehtiyacı var. O, bu məsələnin də həllini öz üzərinə götürdü, bütün maneələri dəf etdi,misilsiz təskilati isləri yoluna qoydu, fərdi is meyarına sadiq qalaraq 1963- cü ilin yayında "Bakı" axşam qəzetinin də nəsrinə nail oldu. Nəsir müəllim daha bir çətin və mürəkkəb mərhələni dəf elədi; "Baku" nun da yaradıcı heyətinə o zamanın populyar və müqtədir qələm sahiblərini cəlb edə bildi. Oqtay Atayev, Mark Peyzel, Kamil Hacıbəyli, Vladimir Matyuskin, Kamil Rəhimov, Akif Ağayev, az sonra Ağa Hüseynov, Hacı Babayev, Vyaçeslav Sidorenko, Leonid Qerçikov və başqaları uzun illər dolğun yaradıcılıq fəaliyyətləri ilə "Baku"nun uğurunu təmin etdilər. Yuxarıda adları çəkilənlərin çoxu artıq həyatda yoxdur. Ancaq sayğı və eh-tiram naminə deyim ki, "Bakı" fəaliyyətə başladığı ilk nömrələrindən ta bugünədək redaksiyada çalısan gözəl karikaturaçı rəssam Arif Ələsgərov və zəhmətkeş korrektor Nigar Bağırova barəsində xüsusilə xoş sözlər demək lazımdır.

Kadrların seçilib isə götürülməsində Nəsir müəllim misilsiz bacarığa malik idi. Redaksiyanın gələcək əməkdaşını o, aylarla, bəzən də illərlə nəzərdə tutub "ələkdən" keçirirdi. Özü də onların birini bilavasitə istehsalatdan, digərini yaradıcı adamlar sırasından,bir başqasını isə dərs dediyi tələbələrinin arasından seçirdi. Özü də təzə işçini nadir halda dərhal ştata götürürdü. Belə məsələ ortaya çıxanda, o, adətən, deyirdi: "Tələsən təndirə düşər".

Bu qeyd olunanlar Nəsir İmanquliyevin bir redaktor kimi  jurnalistika qarşısında tarixi xidmətlərindəndir. O,bütün ömrünü  milli mətbuatın inkişafına həsr etdi. Qələmdən Kəlama abidə ucaltdı.

Bakı” və “Baku”qəzetləri  milli mətbuat tariximizdə bir əfsanə idi. Hamı saat 5-i, onun köşklərə gəlişini gözləyirdi. Nəsir müəllimdən sonra o, ənənəni ustad jurnalistlərimiz Şamil Şahməmmədov, Ağahüseyn Hüseynov uğurla davam etdirdilər. Əməkdar jurnalist Ağahüsey Hüseynovun  baş redakrorluğu ilə “Bakı” qəzeti bu gün də fasilələrlə olsa da, işıq üzü görür.

        

Ölkənin informasiya məkanında öz dəsti - xəttini qorumaq, operativliyi təmin etmək məqsədi ilə artıq ”Bakı”qəzeti onlayn rejimdə oxüculara təqdim olunur. Bu həm də  Prezident cənab İlham Əliyevin milli jurnalistikaya vediyi dəyərə töhfədir: “Bünövrəsi "Əkinçi" ilə qoyulmuş milli mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidir. Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var. Bu, bizim böyük sərvətimizdir, dəyərimizdir”.

              

Unudulmaz Nəsir müəllim “Nəsir İmanquliyev Məktəbi”nin yetirmələrinə üz tutaraq deyirdi: “Çalışın imzanızın məsuliyyətini dərindən dərk edin, heç olmasa, düşünün ki, haradasa sizi bir nəfər oxuyur. Bax, o oxucu naminə yalan yazmayın, insanları aldatmayın”.

Bakı- Baku .az saytı olaraq bu amala xidmət edirik.

“Bakı-baku.az” saytı Azərbaycanın mətbuat tarixində müstəsna rol oynamış, jurnalistikamızın korifeyi sayılan Nəsir İmanquliyevin redaktorluğu ilə işıq üzü görmüş “Bakı" və ”Baku” qəzetlərinin elektron versiyası kimi 2020-ci il avqustun 26-da Azərbaycan Mətbuat Şurasının yaxından dəstəyi ilə fəaliyyətə başlayıb.

Üç dildə - Azərbaycan, rus, ingilis dillərində təqdim olunan saytın layihə rəhbəri və redaktoru Şərəf Süleymanovadır (Şərəf Cəlilli).