Nəsir İmanquliyev müəllimdən uca ad, jurnalistikadan müqəddəs peşə tanımayıb
Tanrının ona bəxş etdiyi ömür payını müxtəlif vəzifələrdə keçirtsə də, professor Nəsir İmanquliyev ömrü boyu mətbuatla, jurnalistika ilə bağlı olub. Bakı Şəhər Sovetində, Mərkəzi Komitədə təbliğat-təşviqat şöbələrinə başçılıq edəndə də, Radioinformasiya Baş İdarəsinin rəisi, Radio və Televiziya Komitəsində sədr müa-vini olanda da o, publisistikadan, jurnalistikadan ayrılmayıb. Ruhunu, duyğusunu sözə köçürüb. Haqqa arxalanıb, həqiqəti yazıb. Qurduqları, yaratdıqları, təməlini qoyduqları ilə Həsən bəy Zərdabi, Ömər Faiq Nemanzadə, Mirzə Cəlil ənənələrini yaşadıb.
Müəllimlik edib. Müəllimdən uca ad, jurnalistikadan müqəddəs peşə tanımayıb. Elmi əsərləri, monoqrafiyaları, dərslikləri ilə peşəsinə sədaqət hissini sübut edib. Bir vaxtlar böyük Həsən bəy Zərdabinin müdrikcəsinə söylədiyi: “Elm gərək sel kimi axsın ki, hər kəs onu içə bilsin” kəlamını gerçəyə çevirib. Müəllimliyi, alimliyi ilə öyünüb. Millətinin çırağına, işığına dönüb.
Uzun, incə bir yol gələn, taleyinin eniş-yoxuşunda ləyaqətlə qalxıb enən, endikcə də özündə təpər tapıb haqqını sübut edən, quruluşun rənginə, ahənginə baxmayaraq dəqiq, qərəzsiz, vicdanlı dünyasının pəncərəsindən yer üzünə boylanan Nəsir müəllim mühacirətin, Vətəndə vətənsizliyin üzünü görüb, hicranında əridi. Demokratik Cümhuriyyətin istiqlal şərbətini dadıb. Şura hökumətinin, kollektivləşmənin, sənayeləşmənin körpüsündən keçib, əqidəsindən, məsləkindən dönməyib. Qələminə, Süngüsünə söykənib.
Bakı Şəhər Sovetinə deputat seçilib
Mircəfər Bağırovun sərəncamı ilə “Kommunist” qəzetində redaktor müavinliyi tapşırılan, Moskvaya Qəzet Kursuna, Ali Partiya Məktəbinə oxumağa göndərilən, Bakı Şəhər Sovetində, Mərkəzi Komitədə təbliğat-təşviqat şöbəsinə rəhbər təyin olunan professor Nəsir İmanquliyev ondan sonrakı katiblərin – İmam Mustafayevin, Vəli Axundovun, Heydər Əliyevin zamanında da öz məqamında olub.
Düz on çağırış Bakı Şəhər Sovetinə deputat seçilib, Radioinformasiya Baş İdarəsində, Radio və Televiziya Komitəsində, Bakı Şəhər Veteranlar Şurasında, Azərbaycan jurnalistlər İttifaqında, “Azərnəşr”də, “Təbliğatçı” jurnalında məsul vəzifələrin öhdəsindən gəlib, orden-medallara, fəxri adlara layiq görülüb. Hər bir Birinci şəxs də, onun əzəmətinə, əyilməzliyinə, peşəkarlığına, ictimai-siyasi mühitdəki nüfuzuna ehtiram bəsləyib.
Deməli, professor Nəsir İmanquliyev sıradan bir jurnalist, redaktor deyildi. Sözün həqiqi mənasında böyük Vətəndaş idi. Ona inanmaq, onunla işləmək, onunla hesablaşmaq gərək idi. Çünki o, zamanın sərt sınaqlarından, fırtınalarından ləyaqətlə keçən, məsləki ilə çoxlarına örnək olan müdrik şəxsiyyət, nəcib, xeyirxah insan, qürətli ziyalı, əsl xalq müəllimi, insanlıq mücəssəməsi, peşəkarlıq nümunəsi, Seçənin seçilən bəndəsi idi! Bu bəndənin Tanrı evindən başqa iki qibləsi var idi: Halallığı, saflığı ilə qürur duyduğu ailəsi, bir də “Bakı” qəzetinin redaksiyası.
Bin ondan xeyirxaxlığı, nəcibliyi, peşəsinə hörməti oyrəndik
Jurnalistika ilə bağlı tədqiqat işlərinə, elmin enişli-yoxuşlu yollarına maarifpərvər ziyalıların nuru ilə gələn, ömrünün düz yarım əsrdən çoxunu ona həsr edən, müəllim adının işığında haqqa qovuşan professor Nəsir İmanquliyevi yaddaşlarda ustad ucalığında əbədiləşdirən də onun bu ada sevgisi və sayğısı idi. Öyrətdikcə özü də öyrənən, işindən, peşəsindən zövq alan, universitetin jurnalistika fakültəsinin auditoriyalarına Nəsir müəllim ömrünün son günlərinə qədər ruhunu əli qələm, dili söz tutan şəyirdlərinin beyninə köçürdü. 1947-ci ilin martında ilk dəfə auditoriyaya hansı istək, məhəbbətlə qədəm qoymuşdusa, son ana qədər də o cür yollandı. O illəri məhəbbətlə xatırlayan, ömrünün çoxunu milli mətbuatımızın, radiomuzun və tele-viziyamızın inkişafına, jurnalistika fakültəsində təhsil alan tələbələrin yetişməsinə həsr edən, böyük bir jurnalistlər nəslinin adı ilə qürur duyub öyündüyü Nəsir müəllimin bizim auditoriyaya – 1026-cı qrupa daxil olduğu gün indiki kimi yadımdadır: Qapı açıldı, auditoriyaya olduqca səliqəli, şahanə duruşlu bir müəllim daxil oldu. Bu, bizə imzasından tanış və doğma olan Nəsir İmanquliyev idi. Kübarlığın, ziyalılığın nümunəsi olan Nəsir müəllim bizə jurnalistikanın əsaslarından – sovet jurnalistikasından dərs deyirdi. Amma biz ondan sovet jurnalistikasından dərs almadıq. O böyük müəllimdən, sözün həqiqi mənasında böyük alimdən ziyalılıq, kamillik dərsini aldıq. Xeyirxahlığı, nəcibliyi, insana məhəbbəti, peşəsinə hörməti öyrəndik.
Onun auditoriyaya daxil olmasında, universitet pilləkanları ilə qalxıb-enməsində, mühazirə oxumasında, yeriş-duruşunda, səlis nitqində, geyim-kecimində bir kübarlıq, ziyalılıq var idi.
Bu müdrik, dünyaya ağlın, xeyirxahlığın gözü ilə baxan, dünyanın mənasını yaxşılıqda, əl tutmaqda, arxasıza arxa olmaqda görən müəllim sonralar təkcə ilk yazılarımızı oxuyub rəyini, məsləhət və tövsiyələrini vermədi. Əlimizdən tutub o zamanın ən məşhur qəzetlərinin redaksiyalarına – “Bakı”ya, “Azərbaycan gəncləri”nə gətirdi. Radioda, televiziyada yüksək vəzifə tutan, müəllif proqramları aparan yetirmələrinin üstünə göndərdi.
Bütün bunları isə, ancaq xeyirxahlıq, yaxşılıq naminə, təmənnasız, filansız etdi. Çünki o, insanları, insanlığı, peşəkarlığı, fitri istedadı olanları sevirdi. Və tələbələrini sevməklə kifayətlənmirdi, onların qayğılarına qalırdı, çoxunun cibinə çörək pulu qoyurdu. Bunu özünə ar bilənlərə, çətinliyini gizlədənlərə də başqa cür əl yetirirdi. Yazılarını, məqalələrini çap etdirib, öz qonorarından kəsib artıqlaması ilə onlara yazırdı. Və bu işindən zövq alırdı. Nəsir müəllimin xoşbəxtliyi onda idi ki, onun ürəyi dilinin ucunda idi. Yetirmələrinə millətinin sabahı kimi baxırdı. Ruhunu onların ruhuna köçürdükcə dinclik tapır, onlarla yaşayırdı. Mənəvi zənginliyi zahiri görkəmini, səliqə-səhmanını, vüqarlı görünüşünü tamamlayan Nəsir müəllim auditoriyaya, tədris etdiyi fənnə sayğı ilə yanaşdığı kimi, tələbələrinin şəxsiyyətinə də hörmət bəsləyirdi.
Nəsir müəllim milli mətbuatın sütünlarından, ağsaqqallarından idi
Milli mətbuat tariximizin sütunlarından, ünlü simalarından, ağsaqqallarından sayılan Nəsir müəllim, sözün həqiqi mənasında, böyük Alim və Müəllim idi. Çünki o, auditoriyaya kimlərinsə yazdığı mühazirə mətnlərini saralmış vərəqlərdən oxumağa gəlmirdi. Nəzəriyyə ilə praktika, auditoriya ilə redaksiyanı bir- birinə qovuşduran, bunların sintezində müəllim, alim, redaktor obrazını yaradan Nəsir müəllim böyük bir jurnalistlər, publisistlər nəslini yetişdirməklə, həqiqi sözün kəsərini, dəyərini artırmaqla, sənətlə şəxsiyyətin vəhdətində öz məktəbini yaratmış oldu. Nəsir İmanquliyev Məktəbindən çıxan, özünü onun ruhunun davamçısı hesab edən elə bir qələm sahibi yoxdur ki, nə vaxtsa onu haqsızlıqda, faktı təhrif etməkdə, ləyaqət alçaldan, təhqirlə dolu yazı yazmaqda suçlanmış olsun.
Tale elə gətirib ki, adı milli mətbuat tariximizə yazılan ən qüdrətli simaların ilk məsləki məhz müəllimlik olub. Səsi sinif otaqlarına, auditoriyalara sığmayan böyük fikir və düşüncə sahibləri, amal və əməl yolçuları milləti oyatmaq, ayağa qaldırmaq, milli dövlətçilik ideologiyasını formalaşdırmaq, ideya və məfkurə birliyinə çağırmaq üçün milli mətbuatı milli dövlətçiliyə körpü hesab edib.
Milli mətbuatımızın təməldaşı, nur, işıq bəlgəsi olan Həsən bəy Zərdabi, İsmayıl bəy Qaspralı, Yusif Akçuraoğlu, Məhəmməd ağa Şahtaxtlı, Ömər Faiq Nemanzadə, Mirzə Cəlil, Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Üzeyir bəy Hacıbəyli, Haşım bəy Vəzirov Böyük Müəllimlər, Ustadlar idi. Bu ustadlıq çeşməsinin gözündən “daşı mürür ilə əridən” “Əkinçi”, “Füyuzat”, “Molla Nəsrəddin”, “Həyat”, “İrşad”, “Azərbaycan”, “Tərəqqi” qaynayırdı…
Dediyim bu çeşmədən durulan, böyük ideallara – mücadilə və istiqlal dolu məqamlara doğru yol gedən, bu gün Bayrağını bayraqlara qatan, Əbədi İstiqlala nail olan, Şərqin ilk Demokratik Cümhuriyyətini quran Azərbaycan məhs həmin fədailərin, amal və əməl yolçularının, böyük müəllim və mühərrirlərin istəyini gerşəyə çevirdi.
“Vicdan yaradıcı insanın qələminin ucundadır“
Repressiyalardan, müharibələrdən keçən, kədərin göz yaşından içən Azərbaycanı 60-cı illərin fitri istedadları yaddaşa, milli-mənəvi dəyərlərə, soy-kökə qaytardı.
Ədəbiyyat , mədəniyyət, incəsənət, mətbuat, teatr və kino sənətinin incilərini yaratdı. Qara Qarayevin, Fikrət Əmirovun, Cahangir Cahangirovun, Cövdət Hacıyevin, Tofiq Quliyevin, Arif Məlikovun, Emin Sabitoğlunun əsərləri, Bülbülün, Rəşid Behbudovun, Zeynəb Xanlarovanın ecazkar səsi dünyanı sehrinə salıb fəth edəndə sərhədləri bağlı, qolları buxovlu bir Azərbaycan var idi. Amma bu Azərbaycanın onu dünyada tanıdan, təbliğ edən, adına səsdən, notdan abidə ucaldan istedadları olduğu kimi, özü də bir canlı əsər, yeriyən Azərbaycan, universitet olan Mir Cəlal, Şəfaət Mehdiyev, Əliəşrəf Əlizadə, Mirəsədulla Mirqasımov, Mustafa bəy Topçubaşov, Musa Əliyev, İlyas Əfəndiyev, Rəsul Rza, İsa Hüseynov, Mövlud Süleymanlı, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı, Anar, Elçin kimi fikir və düşüncə sahibləri var idi. Bu böyük alimlərin, sənət, mədəniyyət, ədəbiyyat, elm korifeylərinin əldə etdiyi bütün uğurları milli mətbuata, radio və televiziyaya gətirən professor Nəsir İmanquliyev kimi qələm sahibləri isə bir başqa dünya idi. Həsən bəy Zərdabinin “Əkinçi”sindən başlayan, “Füyuzat”, “Molla Nəsrəddin” ədəbi məktəblərindən keçən, Nəriman Nərimanovun, Qulam Məmmədlinin, Mirzə İbrahimovun, İsrafil Nəzərovun, Cəmil Əlibəyovun publisistikası ilə müharibənin oduna düşən Milli ruh bir də 1958-ci ildə məhz Nəsir müəllimin baş yazarı olduğu “Bakı” qəzetində dirçəldi. Bununla da, bu böyük Müəllim universitetin, xüsusən də jurnalistika fakültəsinin qurucularından biri olduğunu sübut etdi. O böyük quruculuq, maarifçilik, milli vətənpərvərlik hisslərinin ilk illərini xatırlayan, bu gününü göz önünə gətirən professor Şirməmməd Hüseynov haqlı olaraq qeyd edir: “Əgər bu gün jurnalistika fakültəsində işgüzar atmosfer, tələbkarlıq və düzlük, xeyirxahlıq və səmimiyyət varsa, bu keyfiyyətləri yaradan və miras qoyanlardan biri də məhz Nəsir İmanquliyev olmuşdur”.
Ləyaqətli müəllim, görkəmli alim kimi Bakı Dövlət Universitetinə, qurucularının sırasında yer aldığı jurnalistika fakültəsinə tələbələrinə, peşəsinə bağlanan, onlarla nəfəs alan Nəsir müəllim yazdığı kitablar, dərsliklər, dərs vəsaitləri ilə yanaşı, elmi işini də jurnalistikaya – “1941 -45-ci illər müharibəsi zamanı mətbuatın rolu”na həsr etmişdi. O, təkcə müəllim, alim, naşir, ictimai xadim deyil, həm də maraqlı, peşəkar mütərcim idi. Nəsir müəllim “Bakı” qəzetinin səhifələrində işıq üzü görən ədəbi- bədii nümunələrlə yanaşı, “Azad, bərabər hüquqlu Sovet gənci” kimi bir sıra kitabları dilimizə çevirmişdi. “Bizim böyük Vətən” kitabının redaktoru olmuş, “Fəhlə sinfinin rəşadətli əməyi” kitabını qələmə almışdı.Professor Şirməmməd Hüseynovla birlikdə qələmə aldığı, 1966-cı ildə birinci, 1972-ci ildə ikinci hissəsi işıq üzü görən, bu gün də dəyərini itirməyən “Jurnalistika məsələləri” dərsliyi tədqiqatçı alim, peşəkar jurnalist, məşhur mətbuat qurucusunun istedadının, ensiklopedik biliyinin göstəricisidir.
1947-ci ilin martından 1998-ci ilin martına qədər adı universitetin qurucu müəllimlərinin sırasında olan, düz yarım əsrdən çox ruhunu tələbələrinin beyninə köçürən Nəsir müəllimi universitet auditoriyalarından cismən 1998-ci il martın 7-də ayırdı. Həmin gün dünyaya vida nəğməsi oxuyan Ustadımız fakültəmizin auditoriyalarında mühazirələr oxuyan yetirmələrinin Ustad sevgisində yaşayır. Ömrü boyu çalışdığı “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrası»nın fasadındakı barelyefindən boylanan təbəssüm dolu baxışları isə hər gələn yeni nəslə: “Vicdan yaradıcı insanın qələminin ucundadır” söyləyir!
Şərəf Cəlilli