USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Fransa daha da “parçalandı”

Heç bir siyasi qüvvə seçkidə üstünlük qazanmadı


  • Dünya
  •  12:34 09.07.2024
  •  152
https://img.baki-baku.az/news/2024/07/photo_13276.jpg

Fransada növbədənkənar parlament seçkilərinin ikinci turu keçirildi və onun əsas mübarizəsi Marin Le Penin “Milli Birlik” partiyası və solçu “Yeni Xalq Cəbhəsi” koalisiyası arasında oldu. Hamını təəccübləndirən məqam budur ki, birinci raundda qalib gələn ifrat sağçılar ikinci turda rəqiblərinə uduzdular. Marin Le Penin partiyası nəinki mandatların mütləq əksəriyyətini ala bilmədi, həm solçulara, həm də prezident blokuna məğlub oldu.

Seçkilərin ikinci turunun ilkin nəticələri xəbəri Fransa tərəfindən sensasiya kimi qəbul edilir. Söhbət qazanılan faizlərdən deyil, ümidlərlə reallıq arasındakı uçurumdan gedir. Seçki kampaniyası zamanı Marin Le Pen o qədər paravozun önünə düşüb qaçaraq, “Milli Birlik” partiyasının mütləq çoxluq qazanacağını vurğulayırdı. Ancaq nəticə onun istədiyi kimi olmadı. Doğrudur, hazırki nəticə ifrat sağçıların indiyə qədər əldə etdiyi ən böyük seçki uğurudur. Məsələn, 2017–2022-ci illərdə parlamentdə cəmi altı “lepençi” deputat var idi, 2022-ci ildə 88 idi və indi partiya, ilkin məlumatlara görə, Milli Assambleyanın amfiteatrında 115-150 yerə iddia edə bilər. Bu, həm çox, həm də az çıxır. Mandatların sayına görə görünməmiş dərəcədə yüksəkdir, lakin ifrat millətçilərin özünü doğrultmayan ümidlərini nəzərə alsaq, çox azdır.

Birləşmiş solçular parlamentdə 175-205 yer proqnozu ilə qalib gəldilər. Prezident blokunun gücü 150-175 yerə çatdı. Deməli, ifrat sağçıların öz iradəsini parlamentə sırımaq imkanı olmayacaq, amma onların yeni rəqibləri olan “Yeni Xalq Cəbhəsi” də təkbaşına qərarlar qəbul edə bilməyəcək. İndi solçular qələbələrini qeyd edirlər. Politoloqlar deyirlər ki, sol qüvvələrin vahid iradəsi Milli Birlik partiyasını sükandan uzaqlaşdıra bildi. Düzdür, prezident koalisiyası da gözlənilən fiaskoya uğramadı, amma ciddi zərbə aldığını birmənalı şəkildə deyə bilərik.

Bu, solçu-sağçı üçün heç-heçənin yalnız başlanğıcdır. İndi sual ondadır ki, bu qüvvələr bundan sonra özlərini necə aparacaqlar? Hər iki partiya arasında böyük fərq var. “Milli Birlik” tərkibinə görə eynidir və eyni partiyanın üzvlərindən ibarətdir. Ancaq “Yeni Xalq Cəbhəsi” barədə bunu demək olmaz. Bu birlikdə ifrat solçulardan tutmuş “yaşıllaradək” fərqli ideoloji baxışlara malik qüvvələr var. İlk baxışdan bu, ifrat sağçıların daha güclü və birləşdiyi anlamına gələ bilər. Belə görünə bilər ki, müxtəlif siyasi qüvvələrin birləşdiyi “Yeni Xalq Cəbhəsi” səsvermə zamanı daha  asan şəkildə müttəfiqlər və tərəfdarlar tapa biləcək. Ancaq yerli politoloqlar bildirirlər ki, solçuların koalisiyasında daha aydın və proqressiv proqramlara malik qüvvələr də var. Buna görə də, siyasi müşahidəçilər düşünürlər ki, belə müxtəlif baxışlar indiki solçu müttəfiqlər arasında şiddətli rəqabətə səbəb ola bilər. Bu baxımdan “Yeni Xalq Cəbhəsi”nin birləşdiyi kimi asanlıqla parçalana biləcəyi də proqnozlaşdırılır.

Qərb mətbuatı yazır ki, yaxın aylarda Fransanın bütün siyasi həyatı parlament seçkilərinin nəticələrinə uyğun olaraq yenidən qurulacaq. Bu dəfə isə heç nə seçicilərdən asılı olmayacaq, qaliblər və uduzanlar sanki sıfırdan vəzifə və ofis bazarlığına başlayacaqlar. Deputat qruplarının tərkibini müəyyənləşdirməli, sədr və onun müavinlərini seçməli, parlament komissiyalarını fraksiyalar arasında bölüşdürməli olan məclis daxilində gərgin müzakirələr aparılacaq. Eyni zamanda, hökumətin yenidən formalaşması, eləcə də nazir portfelləri ilə bağlı mübahisələr olacaq. Doğrudur, Fransanın baş naziri Qabriel Attalın istefa ərizəsini dövlət başçısı Emmanuel Makrona təqdim etdiyi bildirilir. Ancaq sonradan məlum oldu ki, Makron onun xahişini qəbul etmədi. 

Xatırladaq ki, prezident Emmanuel Makron iyunun 9-da Milli Assambleyanın buraxılması ilə bağlı Fransanı şoka salan bəyanatında bu addımı ölkənin yerləşdiyi vəziyyətə aydınlıq gətirmək zərurəti, ehtirasları sakitləşdirmək və fransızları birləşdirmək istəyi ilə əsaslandırmışdı. Ancaq seçkilər vəziyyəti daha da qarışdırdı. Siyasi ehtiraslar daha da alovlandı və fransızların seçimi ölkənin necə iki düşərgəyə bölündüyünü göstərdi, hər ikisi də ifrata doğru yön aldı. Ən azından ona görə ki, parlamentdə sağla solun ortaq dil tapması ehtimalı azdır. Yəni ifrat sağçılar üçün vəd etdikləri “oyunu dəyişdirən” qanunları, məsələn, təcili anti-immiqrant tədbirlərilə bağlı qərarları qanunverici orqan vasitəsilə keçirmək çox çətin olacaq. Solçular da, öz növbəsində, belə çətinliklərlə üzləşəcəklər. 

S.ELAY 




Redaktorun seçimi

Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır
“Makroniada”nın növbəti seriyası
  • Siyasi təhlil
  • 10:43 20.07.2024
“Makroniada”nın növbəti seriyası

Səbuhi MƏMMƏDOV