USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Makron Yeni Kaledoniya yanğınını söndürə biləcəkmi?


  • Dünya
  •  12:26 23.05.2024
  •  76
https://img.baki-baku.az/news/2024/05/photo_12573.jpg

Yeni Kaledoniyada vəziyyət gərgin olaraq qalır. Fransa hərbçiləri Parisdən Fransanın bu dənizkənarı ərazisinin taleyi ilə bağlı qərarlarda iştirak etmək hüququna malik olmasını tələb edərək, yerli əhalinin etirazlarını vəhşicəsinə darmadağın edir. Qarşıdurmada 6 nəfərin öldüyü və 200-dən çoxunun yara­landığı bildirilir. Təxminən 240 etirazçının həbs olunması barədə məlumat var. Fransa hərbçilərinin cəza tədbirlərini davam etdirdikləri vaxtda prezident Em­manuel Makron Yeni Kaledoniyaya getməyə hazırlaşır. 

Fransanın mərkəzi hakimiyyət orqan­ları bazar ertəsi bildiriblər ki, təhlükə­sizlik qüvvələri hava limanı ilə paytaxt Numea arasındakı yolu açıblar. Yeni Kaledoniyanın Ali Komissiyası jandarm­ların 40 kilometrlik yol boyu 76 barrika­da və dağıntıları təmizlədiyini və yaxın günlərdə yolun yanmış avtomobillər də daxil olmaqla tamamilə təmizlənəcəyini bildirib. Səlahiyyətlilər hələlik hava lima­nının kommersiya reysləri üçün nə vaxt açılacağını açıqlamayıb. Bununla belə, fransızlar iğtişaşların tamamilə yatırılma­dığını da etiraf ediblər. Paytaxt Numea şəhərinin meri Sonia Lagarde həftə sonu jurnalistlərə bildirib ki, Yeni Kaledoniya “mühasirə vəziyyətindədir”. Onun sözlə­rinə görə, arxipelaqda bir çox ictimai bina yandırılıb və Fransadan hərbi qüvvə gön­dərilməsinə baxmayaraq adada vəziyyət qeyri-sabit olaraq qalır. Son məlumatlara görə, adadakı 1700 polisdən əlavə, Fran­sa hakimiyyəti Yeni Kaledoniyaya daha 1000-ə yaxın jandarm göndərib.

Xatırladaq ki, Yeni Kaledoniyada iğti­şaşlar Fransa parlamentinin yerli qanun­vericilik məclisinə seçkilərin proseduru­nu dəyişdirən qanun layihəsini qəbul etməsindən sonra başlayıb. Çərşən­bə günü təsdiqlənən düzəlişlərə görə, Fransadan 10 ildir Yeni Kaledoniyaya köçənlər də səsvermə hüququna malik olacaqlar. Təbii ki, bu, Yeni Kaledoniya­nın yerli əhalisi olan kanakların narazılı­ğına səbəb oldu. Kanaklar haqlı olaraq narazıqlarını bildirirlər ki, bu qanun onla­rın maraqlarına cavab vermir. Ona görə ki, 270 min əhalisi olan ada sakinlərinin 40 faizini aborigen əhali təşkil edir və gəlmələrin sayının artması fonunda sö­zügedən qanunun qəbul edilməsi Kanak icmasının siyasi çəkisini azaldacaq. Yer­li əhali hesab edir ki, yeni qanun onların seçki çəkisini azaldacaq, xalqı margi­nallaşdıracaq və beləliklə də kanakları adanın taleyini təyin etmək imkanından məhrum edəcək. 

Yeni Kaledoniyadakı böhran Fran­sada müxalifət düşərgəsinin prezident Emmanuel Makron və onun hökumətini tənqid etməsinə səbəb olub. Sol düşər­gədə belə bir fikir üstünlük təşkil edir ki, konstitusiya islahatından imtina etmək lazımdır, asayiş nümayəndələrinin zor tətbiq etməsi yolverilməzdir. Sosialist deputatlar müstəmləkəçilik vərdişləri, repressiya, avtoritarizm və xalqın iradə­si haqqında danışırlar. Qanun layihəsinə səs verən sağ düşərgənin nümayəndələ­ri isə əksinə, hökumətin bu tədbirlə bağlı qərarından əvvəl güc nümayiş etdirməyi və fövqəladə vəziyyət tətbiq etməyi istə­yirlər. 

Bu fonda Milli Birlik partiyasının rəh­bəri Marin Le Penin bəyanatı maraq do­ğurur. “Le Monde” qəzetinə müsahibəsin­də o, qırx ildən sonra yeni referendumun keçirilməsini nəzərdə tutan yeni hərtərəfli iqtisadi sazişin bağlanmasının zəruriliyin­dən danışıb. Siyasətçi vurğulayıb ki, ata­sı Jan-Mari Le Pen tərəfindən yaradılan Milli Cəbhə partiyası həmişə radikal baxı­şı müdafiə edib və Yeni Kaledoniyanın müstəqilliyinə qarşı olub. Marin Le Pen bu məsələdə özünü “daha az doqmatik” hesab edir. O, 2027-ci il prezident seç­kilərində qalib gələrsə, kanakların istək və ənənələrini və onların torpaqlarına bağlılığını nəzərə alan məğlubiyyətsiz kompromis vəd edir.

Əlbəttə, Fransanın siyasi elitasın­da prezidentə qarşı tənqidlərin artması onsuz da reytinqi aşağı olan Makronu təxirəsalınmaz qərarlar qəbul etməyə vadar edir. Son məlumatlara görə, Yeni Kaledoniyadakı iğtişaşlar Fransa prezi­dentini iş qrafikində düzəlişlər etməyə məcbur edib. Makron Normandiyaya planlaşdırdığı səfər əvəzinə dənizaşırı ərazisinə yollanacaq. Məsələ ondadır ki, Avropa Parlamentinə seçkilər ərəfə­sində Makronun partiyası müxalifətə uduzur. Siyasi şərhçilərin sözlərinə görə, seçkilərdə məğlubiyyət Makronun siyasətinə və onun vəzifədə qalmasına böyük zərbə olacaq. Çünki o, parlamen­tin aşağı palatası olan Milli Assamb­leyada mütləq çoxluqdan məhrumdur. İndi konstitusiya islahatı aparmaq onun üçün çətindir, Milli Birlik partiyası Avropa seçkilərindən nəzərəçarpacaq müvəf­fəqiyyətlə keçərsə, bunu etmək daha da çətinləşəcək. 

Göründüyü kimi, Makron üçün çətin vəziyyət yaranıb və o, Yeni Kaledoniya­da tez bir zamanda kompromis tapma­ğa çalışacaq. Amma bir çox mütəxəssis bunun qısa zamanda əldə ediləcəyinə inanmır. Ona görə ki, kanaklar mərkəzin onların istəyinə laqeyd yanaşmasının şahidi oldu. Paris aborigen xalqın tələb­lərini dinləmək və problemləri həll etmək əvəzinə, adaya qoşun göndərdi. Belə etimadsızlıq şəraitində də Yeni Kaledo­niyada Makronun arzuladığı sabitliyi əldə etmək çətin olacaq. 

S.ELAY




Redaktorun seçimi

O`Braynın “sülh məntiqi”
  • Daxili siyasət
  • 10:04 14.06.2024
O`Braynın “sülh məntiqi”
İrəvanda ara qarışdı
  • Daxili siyasət
  • 09:42 13.06.2024
İrəvanda ara qarışdı
Akop “Harop”un hayfını sinaqoqdan çıxır?
  • Daxili siyasət
  • 09:41 13.06.2024
Akop “Harop”un hayfını sinaqoqdan çıxır?
Qurtuluşun dörd fəsli
  • Daxili siyasət
  • 09:37 13.06.2024
Qurtuluşun dörd fəsli
Makron despotizmi
  • Daxili siyasət
  • 09:35 13.06.2024
Makron despotizmi
Avantüristlərin “azadlıq nəğmələri”
  • Daxili siyasət
  • 09:30 13.06.2024
Avantüristlərin “azadlıq nəğmələri”
Fransanın məkri sərhəd tanımır
  • Daxili siyasət
  • 09:14 13.06.2024
Fransanın məkri sərhəd tanımır
Avropanın nizamı pozulur
  • Siyasi təhlil
  • 10:11 12.06.2024
Avropanın nizamı pozulur
Sülhün səmt küləyi
  • Daxili siyasət
  • 10:08 12.06.2024
Sülhün səmt küləyi

Səbuhi MƏMMƏDOV