USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Fransanın yeni müstəmləkəçilik siyasətinin çöküşü


  • Dünya
  •  15:04 18.05.2024
  •  78
https://img.baki-baku.az/news/2024/05/photo_12479.jpg

1931-ci ildə Parisdə Fransanın ələ keçirdiyi ərazilərdə metro­polun “sivilizasiya missiyasını” vurğulamaq üçün hazırlanmış Beynəlxalq Müstəmləkə Sərgisi keçirilmişdi. Fransızlar elə dü­şünürdülər ki, müstəmləkəçilik özündə böyük missiya daşıyır və koloni­yalarda yaşayanları “sivilləşdirir”. Hələ 1874-cü ildə fransız iqtisadçısı P. Lerua-Bolye “Müasir xalqların müstəmləkəçiliyi haqqında” kitabın­da bu ideologiyanın nəzəri əsasını vermişdi. Dövrünün məşhur alimi sa­yılan fransız müəllif yazırdı: “Müstəmləkəçilik bir xalqın ekspansiv (ge­nişlənmə) və reproduktiv (fiziki, mənəvi və sosial rifah vəziyyətidir -red.) gücüdür, onun məkanda yayılması və çoxalmasıdır... Müstəmləkəçi xalq gələcəkdə böyüklüyünün və üstünlüyünün təməlini qoyan bir xalqdır”. P. Lerua-Bolye haqlıdır, fransızlar müstəmləkə siyasəti sayəsində gələ­cək inkişaflarının əsasını qoydular, bugünkü Fransanın güclənməsi üçün digər xalqların təbii ehtiyatlarını talan edərək metropola daşıdı­lar. Dünyaya ilk insan hüquqları bəyannaməsini bəxş etmələri ilə lovğa­lanan fransızlar yeni əsrimizdə də babalarının müstəmləkəçilik siyasəti­ni davam etdirməyə çalışırlar.

Ümumiyyətlə, Fransanın işgüzar dairələri müstəmləkəçiliyə daha utilitar şəkildə yanaşırlar. Onları ilk növbədə, sənayenin inkişafına və investisiya­ların toplanmasına imkan verən ucuz xammal mənbələri kimi xarici ərazilər maraqlandırırdı. Fransızlar düşünür­dülər ki, imperiyanın tərkibində olan ərazilər əsasən metropoliyanın ehtiyac duyduğu məhsulu istehsal etməli idi. Təbii ki, müstəmləkələrin belə amansız istismarı sistemi dayanıqlı deyildi və imperiyanın dağılmasının ilk əlamət­ləri ABŞ-da “Böyük Depressiya”nın yaratdığı 1929-cu il qlobal iqtisadi böhran zamanı artıq özünü göstərdi. İkinci Dünya Müharibəsi başa çatdıq­dan sonra Fransa Suriyanın, Livanın və Vyetnamın müstəqilliyini tanımaq məcburiyyətində qaldı. Sonra Fransa Laosun, Kambocanın, Tunis və Məra­keşin, Qvineyanın, Afrika qitəsinin on üç respublikasının, Əlcəzairin, Komor adalarının, Cibutinin və Vanuatunun müstəqilliyini tanımalı oldu. Hazırda keçmiş metropola xaricdəki departa­mentlər və ərazilər kimi Yeni Kaledoni­ya, Fransız Polineziyası, Uollis və Fu­tuna, Sen-Pyer və Mikelon, Sen-Martin və Sen-Bartelemi, Fransanın Cənubi və Antarktika torpaqları daxildir. 

Sakit okeanda yerləşən və Fransa­nın xüsusi inzibati-ərazi qurumu statu­suna malik Yeni Kaledoniya Fransadan ayrılmaq istəyir. Əlbəttə, Yeni Kaledo­niyanın müstəqilliyi uğrunda hərəkatı yeni yaranmayıb, o yarım əsrdən çox­dur ki, mövcuddur. Adanın Fransadan ayrılması uğrunda mübarizə aparan Kanak təşkilatları hələ 1960–1970-ci illərdə Okeaniyadakı digər ölkələrin, məsələn, Nauru, Papua Yeni Qvine­ya, Solomon adaları və başqalarının müstəqillik elan etməsi fonunda ya­ranmağa başlamışdı. 1984-cü ildə Fransanın dövlət katibi Jorj Lemuan tərəfindən təklif olunan xarici ərazilə­rin statusundan narazılığını ifadə edən Kanak Sosialist Milli Azadlıq Cəbhəsi yerli seçkiləri boykot etmişdi. Hərə­katın tərəfdarları yolları bağlayaraq inqilabçı Jan-Mari Tjibaunun başçılığı ilə müvəqqəti regional hökumətin ya­radıldığını elan etmişdilər. Qarşıdurma vətəndaş müharibəsinə çevrilmişdi. 1985-ci ilin yanvar-iyun aylarında isə Yeni Kaledoniyada fövqəladə vəziyyət tətbiq olunmuşdu.

Ancaq adada müstəqillik uğrunda mübarizə səngiməmişdi. 1988-ci ildə Uvea adasında Kanaklar 4 jandarmı öldürmüş və 27 nəfəri girov götür­müşdülər. Onlar Yeni Kaledoniyaya dərhal müstəqillik verilməsini tələb etmişdilər. Fransa hökuməti danışıq­lardan imtina edərək, onlara qarşı hərbi əməliyyat keçirmişdi. Girovlar xilas edilmiş, 19 nəfər Kanak isə yerindəcə qətlə yetirilmişdi. Həbs olunmuş daha üç nəfər sonradan türmədə ölmüşdü. 26 iyun 1988-ci ildə Fransanın baş na­ziri Mişel Rokar və Jan-Mari Tjibau Matinyon sazişini imzalamışdılar. Sa­ziş adaya müəyyən sakitlik gətirsə də, yerli əhalinin müstəqillik arzusuna son qoya bilməmişdi. 

1998-ci ildə Numea adlanan yeni müqavilə imzalanmışdı. Bu müqaviləyə əsasən, yalnız bu sənədin bağlandığı vaxt seçicilər siyahısına daxil edilmiş vətəndaşlar və onların övladları səs­vermə hüququna malikdir. Bu, 15 may 2023-cü ilə qədər belə idi. İndi arxipe­laqda on ildən artıq yaşayan hər kəsin səsvermə hüququ var. Bu, “Fransa si­yasi sisteminə daha çox inteqrasiyanın” zəruriliyi ilə izah edilir. Əslində, Fransa hakimiyyəti üç müstəqillik referendu­mundan və son vaxtlar güclənən etiraz əhval-ruhiyyəsindən qorxur. Paris Ka­ledoniya və digər dənizaşırı əraziləri əldən vermək fikrində deyil. Beşinci respublikanın hərbi bazaları arxipelaqın perspektivli bölgələrində yerləşir və mütəxəssislər ərazinin əhəmiyyətinin getdikcə artacağını düşünürlər. Buna görə də, Paris Kanakların səs çoxluğu əldə etmək cəhdlərinin qarşısını almaq üçün belə bir addım atmaq istəyir. Əgər indi yerli qanunverici orqanda müstəqil­liyin tərəfdarları ilə əleyhdarları arasın­da faktiki olaraq paritet mövcuddursa, o zaman “dondurulmuş elektoratın” seçici siyahılarına daxil edilməsi Kanakları re­ferendumda qalib gəlmək perspektivin­dən məhrum etməklə yanaşı, onları yerli hakimiyyət orqanlarında təmsil olunma şanslarını azaldacaq.

Eyni zamanda, əlverişli coğrafi ərazidə yerləşən Yeni Kaledoniya tə­bii resurslar baxımından da Paris üçün əhəmiyyətlidir. Bundan əlavə, ada elektronika istehsalı üçün vacib xam­mal olan nikelin dünya ehtiyatlarının dörddə biri yerləşir. Yeni Kaledoniya­da, həmçinin xrom, kobalt, manqan, gümüş, qızıl, qurğuşun və mis filizləri­nin yataqları var. Buna görə də, adanın sakinlərinin müstəqillik istəmələri Pa­risin daha sərt reaksiyası ilə qarşılaşır. 

Ümumiyyətlə, yerli əhalinin sayın­nı nəzarətdə saxlanılması bütün impe­riyalara xas xüsusiyyətdir. Bu məsələ­də Fransa da istisna deyil, Paris uzun il ərzində Yeni Kaledoniyada aborogen xalqın sayının artmasına nəzarət edib. Hazırda Kanakların sayı ada sakinlə­rinin 40 faizinə bərabərdir. Halbuki ötən əsrin ortalarında aborigen əhalinin sayı daha çox idi. Kanakların sayının artmasından əndişələnən Paris Yeni Kaledoniyaya əcnəbiləri, xüsusilə də ağdərililəri köçürməyə başladılar. Son siyahıyaalınmanın nəticəsi göstərir ki, fransızlar məqsədlərinə nail olublar. Yerli xalq etnik azlığa çevrilib. Fran­sa işğalını davam etdirmək üçün Yeni Kaledoniya Konqresinin və xalqının iradəsinə zidd olaraq bu ölkənin seçki qanunvericiliyini dəyişdirmək istə­yir. Fransa hökuməti miqrantlara səs hüququ verməklə ölkənin əsarətdə saxlanılmasına dair referendumda üs­tünlük qazanmağa çalışır. Qeyd edək ki, Fransanın müstəmləkə ölkələri ilə yaratdığı münasibətlər sistemi Avropa İttifaqı tərəfindən formal olaraq pis­lənsə də, onun transformasiyası üçün real addımlar atmır.

Belə bir reallıqlarda 270 min nəfə­rin yaşadığı Yeni Kaledoniya Fran­sanın imperialist niyyətinin girovuna çevrilib və müstəqillik tərəfdarları Pa­risin yeni qərarına qarşı çıxır. Artıq beş gündür adada Fransa hərbçiləri Kanak­lara qarşı əməliyyat keçirir. Yerli əhali­nin haqlı tələblərini dinləməyən Fransa adaya qoşun yeridərək neokolonializm siyasətini davam etdirir. Bu iğtişaşlar, əlbəttə ki, Fransanın neokolonial si­yasətinin uğursuzluğunu bir daha təs­diqləyir. Halbuki Paris pasport verdiyi Kanaklara qarşı daha tolerant davranıç nümayiş etdirə bilərdi. Ancaq Makron hökuməti zor yolunu tutdu, ədalətsiz qərarlara qarşı etiraz səsini ucaldan aborigen xalqın üzərinə qoşun gön­dərdi. 2024-cü ildə Yeni Kaledoniyada silahsız insanları ordu ilə əzən Fransa bunu konstitusiya quruluşunun bərpası adlandırır. Təbii ki, belə “münasibət” Fransanın digər dənizaşırı ərazilərində də mənfi reaksiya doğurur.

Belə uğursiz siyasət fonunda Makron hökuməti Azərbaycanı günah­landırır. Ötən sayımızda rəsmi Bakı­nın Fransanın daxili işlər naziri Jerald Darmananın səsləndirdiyi ittihamlara verdiyi tutarlı cavab barədə məlumat vermişdik. Azərbaycan Qoşulmama hərəkatının fəal üzvü və lideri olaraq Fransanın neoimperial və kolonial siyasətinə qarşı çıxır. Paris yersiz it­tihamlarını dayandırmalı və ölkəmiz haqqında reallıqdan uzaq səsləndir­məməlidir. Əks təqdirdə, Parisin nu məsuliyyətsiz davranışları Azərbay­can–Fransa münasibətlərinə daha mən­fi təsirlərə gətirib çıxaracaq.

S.ELAY




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Səbuhi MƏMMƏDOV