- Daxili siyasət
- 11:03 30.09.2024
Yaxın zamanda NATO-ya üzv ölkələrin və Avropa İttifaqının (Aİ) liderləri Şimali Atlantika Alyansına kimin rəhbərlik edəcəyinə və Aİ rəhbərliyində əsas vəzifələri kimin tutacağına qərar verəcəklər. Böyük ehtimalla hər iki strukturda bütün əsas vəzifələr yenidən Qərbi Avropa nümayəndələrinə keçəcək. Lakin belə perspektiv Şərqi Avropa ölkələrini razı salmır və keçmiş sosialist düşərgəsindən ayrı-seçkilik barədə ittihamlar səsləndirilir.
Şərq Avropa “üsyanı NATO-nun yeni baş katibi vəzifəsinə namizədin seçilməsi prosesi zamanı başlayıb. Bu il oktyabrın 1-də alyansın hazırkı rəhbəri norveçli Yens Stoltenberq öz vəzifəsində onilliyini qeyd edəcək. NATO-ya üzv ölkələrin liderləri əvvəlki illərdə ona layiqli əvəz tapmağa çalışsalar da, yalnız bu ilin əvvəlində əsas namizədin kimin olacağı müəyyənləşib. Qərb mətbuatının yazdığına görə, Alyansın rəhbəri postuna əsas namizəd Mark Ruttedir və Hollandiyanın baş nazirini NATO-nun iyirməyə yaxın ölkəsi, ən əsası, hərbi ittifaqın büdcəsinin ən böyük donoru və tərkibində ən böyük orduya sahib olan ABŞ dəstəkləyir.
Ancaq Şərqi Avropa ölkələri belə bir seçimin faktiki əvvəlcədən müəyyən edilməsi ilə razılaşmır. Məsələn, Rumıniya ilk səsvermədə iştirak edərək, öz prezidenti Klaus İohannisin NATO-nun baş katibi vəzifəsinə namizədliyini irəli sürüb. Daha sonra Baltikyanı ölkələr Mark Ruttenin müraciətinə etiraz etməyə başlayıblar. Məsələ ilə bağlı daha çox Estoniya narazılığını bildirib. Ölkənin baş naziri Kaja Kallas “Politico”ya müsahibəsində deyib ki, coğrafi balans düşünülərsə, bu, Hollandiyadan olan dördüncü baş katib olacaq: “Burada sonra sual yaranır: NATO-da birinci və ikinci dərəcəli ölkələr varmı? Biz bərabərik, ya yox? Bu suallar hələ də qalır”.
Siyasi şərhçilər vurğulayırlar ki, Şərqi avropalıların və Baltikyanı ölkə nümayəndələrinin incikliyini anlamaq olar. İndiyədək region ölkələrindən heç biri NATO-ya rəhbərlik etməyib. Şərqi avropalılar hazırda Avropa Komissiyası (AK), Avropa Şurası və Avropa Parlamenti (AP) kimi Aİ-nin aparıcı qurumlarındakı vəzifələrin heç birində də təmsil olunmayıblar. Son 20 il ərzində bu məsələdə yalnız Polşa irəliyə gedib. Ölkənin Baş naziri Donald Tusk 2014-2019-cu illərdə Avropa Şurasına rəhbərlik edib, digəri sabiq baş nazir Yerji Buzek isə 2009–2012-ci illərdə Avropa Parlamentinin rəhbəri olub. Hazırda Şərqi Avropanın aktivində yalnız iki yüksək vəzifə var. Latviyalı Valdis Dombrovski hazırda AK-nın icraçı vitse-prezidentidir, rumıniyalı siyasətçi Mirçe Coane isə NATO Baş katibinin müavini postunda çalışır.
1995-ci ildə NATO ilk dəfə olaraq alyansın yaradılmasının mənşəyində olmayan bir ölkədən olan bir şəxsi - o vaxt İspaniyanın nümayəndəsi olmuş Xavyer Solanı baş katib vəzifəsinə təyin etmək qərarına gəlmişdi. O zaman İspaniyanın NATO-ya üzv olmasından cəmi 13 il ötmüşdü. Mütəxəssislər deyirlər ki, indi Şərqi Avropa liderlərindən birini alyansın yeni lideri təyin etmək üçün doğru məqamdır. Məsələn, Polşa NATO-ya 1999-cu ildə üzv olub və Varşavanın da Alyansa rəhbərlik etmək haqqı var.
Amma Qərbi Avropa ölkələrinin başçılarının ekspertlərin çağırışlarına və şərqli həmkarlarının iddialarına qulaq asıb-asmayacaqları hələ də bəlli deyil. Ehtimal olunur ki, Avropada onlar Polşanın hazırkı xarici işlər naziri Radoslav Sikorskinin Avropa Komissarlığının müdafiə üzrə komissarı təyin olunmasına həvəslə yanaşırlar. Bununla belə, Estoniya baş nazirinin Avropa perspektivlərini barədə iddialarının Qərbi Avropada müsbət qarşılanacağı real görünmür. Son bir neçə ay ərzində Avropada Estoniyanın baş nazirinin Xosep Borreldən sonra Aİ-nin xarici siyasət və müdafiə üzrə ali nümayəndəsi olmaq istəməsi barədə danışılır. Lakin “Politico” diplomatik mənbələrə istinadən yazır ki, Fransa və Almaniyada bu fikir o qədər də həvəslə qarşılanmayıb. Belə görünür, keçmiş sosialist düşərgəsinin sakinləri “Köhnə qitə”də strateji postları tutmaq üçün hələ çox gözləməli olacaqlar.
S.ELAY