- Daxili siyasət
- 11:03 30.09.2024
Həftəlik “L'Express” qəzetinin keçmiş baş redaktoru və naşiri, məşhur fransız jurnalisti Filip Qrumbaxın (1924-2003) sovet kəşfiyyatı ilə 35 il əməkdaşlıq etdiyini üzə çıxaran araşdırma məqaləsi dərc olunub.
Filip Qrumbaxın gizli həyatından bəhs edən faktlar bu yaxınlarda Mitroxin arxivinin sənədləri arasından tapılıb. Vasili Mitroxin keçmiş SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Birinci Baş İdarəsinin arxiv şöbəsinin əməkdaşı olub və sovet kəşfiyyatının gizli sənədlərinin bir çox nüsxəsini də məhz o, Qərbə ötürüb. Kembricdəki (Böyük Britaniya) Çörçill Kollecində saxlanılan bu arxiv üzrə araşdırmalar 1990-cı illərdə başlamış və tədricən ictimaiyyətə açıqlanmış, sovet kəşfiyyatının Avropa ölkələrində, xüsusən də Fransada fəaliyyətinin kifayət qədər dolğun mənzərəsini yaratmağa kömək edir. Filip Qrumbaxın adı sənədlərdə həm öz adı ilə, həm də Brok əməliyyat təxəllüsü ilə qeyd olunub.
O, 1946-cı ildə kəşfiyyat tərəfindən ələ alınıb və o vaxtdan jurnalist kimi fəaliyyətindən və siyasi dairələrdə sıx əlaqələrdən maksimum yararlanaraq, nəinki məlumat toplayıb SSRİ-yə ötürüb, həm də lazımi insanlar vasitəsilə Fransa siyasətinə təsir göstərməyə çalışıb. İşğal zamanı “Amerikanın səsi” radiosunda işləyən parisli Fransa azad edildikdən sonra AFP, “Liberation”, “L'Express” və “Le Figaro” kimi mətbuat orqanlarında parlaq jurnalist karyerası qurub. O, həmçinin özünün həftəlik nəşri olan Pariskopu (1965) yaradıb. Çoxsaylı komissiyalarda və dövlət şuralarında fəaliyyət göstərib. Film prodüseri olub, xüsusən də 1982-ci ildə Klod Şabrolun “Papaqçının xəyalları” filmini yayımlayıb, – serial əsil simasını gizlədən qatildən bəhs edirdi. Eyni ikili həyatı Filip Qrumbaxın özü də yaşayırdı.
Çox sevilən və hörmət edilən, “jurnalistikanın aristokratı” adlandırılan F.Qrumbax iki prezidentin – Valeri Jiskar d'Esten və Fransua Mitteranın qeyri-rəsmi etibarlı nümayəndəsi və müşaviri olub.
Filip Qrumbax ömrünün sonuna qədər bütün şübhələrdən kənarda qalmağı bacarıb. O, 79 yaşında Parisdə vəfat edib. Həmin dövrdə mədəniyyət naziri olmuş Jan-Jak Ayaqon vida nitqində “Fransız jurnalistikasının ən görkəmli və ən hörmətli simalarından biri” deyə ona təriflər yağdırıb. İndi isə onun bioqrafiyası yenidən yazmağa başlayıblar. Məsələn, “L'Express”in hazırkı baş redaktoru Etyen Girard redaksiya məqaləsində keçmiş həmkarını “V Respublikada əsas sovet casuslarından biri” adlandırıb.
S.ELAY