- Daxili siyasət
- 11:03 30.09.2024
Artıq bu ay ABŞ-da noyabrda keçiriləcək seçkilərdə 2 əsas partiyanın – Demokrat və Respublikaçıların prezidentliyə irəli sürdüyü namizədlər üçün partiyadaxili səsvermə başlanacaq. Hər iki siyasi qüvvənin digər partiya üzvlərini xeyli qabaqlayan namizədləri var. Respublikaçılar üçün bu, qalmaqallı açıqlamalarına və 4 müxtəlif cinayət işi üzrə 90-dan çox ittihama baxmayaraq, populyarlığını qoruyub saxlaya bilən ekssentrik 77 yaşlı sabiq prezident Donald Trampdır. Demokratlar düşərgəsində isə lider 81 yaşlı hazırkı prezident Co Baydendir.
İki siyasətçinin partiya dəstəyini müqayisə etsək, aydın olur ki, Co Baydenin üstünlüyü var. “RealClearPolitics”in anket nəticələrinə görə, seçkilərdə demokrat seçicilərin, təxminən, 70 faizi Co Baydeni dəstəkləməyə hazırdır. Respublikaçılar cəbhəsində isə Donald Tramp irəlidədir. Seçicilərin 63 faizi sabiq prezidenti dəstəkləyir. Ancaq noyabr ayında keçiriləcək seçkilərdə Tramp ilə potensial dueldə hazırkı prezident, anketlərin ortalama məlumatlarına görə, rəqibindən iki faiz bəndi geri qalır. Tanınmış tarixçi və iqtisadçı Neil Fergusona görə, seçki öncəsi demokratlar arasında Co Baydenlə bağlı “geniş narahatlıq” var. Buna görə də, Ferguson düşünür ki, demokratlar Baydeni dəstəkləsələr, Trampın qalib gəlmə şansı 50 faiz olacaq.
Sorğular da belə düşünməyə əsas verir. Məsələn, “McLaughlin & Associates”in sorğusuna əsasən, respondentlərin 47 faizi Ağ evin sabiq rəhbərinə, 44 faizi isə Baydenə səs verməyə hazırdır. “Hart Research Associates/Public Opinion Strategies”in araşdırmasında isə fərq daha da genişdir. Burada Tramp rəqibini 6 faiz qabaqlayır. Bundan əlavə, “Morning Consult” sorğusunun nəticələrinə görə, respublikaçı namizədə amerikalıların 47 faizi müsbət, 49 faizi isə mənfi yanaşır. Co Bayden daha pis nəticəyə malikdir, seçicilərin 45 faizi ona müsbət, 51 faizi isə mənfi yanaşdığını açıqlayır. Demək olmaz ki, amerikalılar hər iki namizədə güclü rəğbət bəsləyirlər, sadəcə, seçicilər hələ də Donalda Trampa bir az daha yaxşı münasibət göstərirlər.
Ekspertlər eyni fikirdədirlər ki, nəzəri cəhətdən respublikaçının seçkidə qalib gəlmək şansı var. Məsələn, amerikalı politoloq Malek Dudakov hesab edir ki, hazırda Tramp seçki yarışının aşkar lideridir. “Tramp son 20 sorğunun 16-da Baydeni qabaqlayır və onun ABŞ Prezidenti üzərindəki üstünlüyü getdikcə artır. Əvvəlcə, təxminən, 1–2 faiz idi, indi isə 4–5 faiz təşkil edir. Yəni, yaxın gələcəkdə seçkilər keçirilsəydi, Tramp böyük ehtimalla seçkilərdə qalib gələcəkdi. Lakin səsverməyə hələ 11 ay var, ona görə də vəziyyət dəyişə bilər”.
Trampın üstünlüyündə təkcə Respublikaçılar Partiyası daxilindəki dəstək və ya ümumilikdə seçicilər arasında rəy mühüm rol oynamır. 2023-cü ilin yayından bəri siyasətçi bir sıra cinayət ittihamları ilə üzləşir, o cümlədən son seçkinin nəticələrini ləğv etmək cəhdi və 3 il əvvəl tərəfdarlarının Kapitoliyə hücumu ilə bağlı ittihamlarla qarşı-qarşıyadır. Dekabr ayına qədər siyahı onun Koloradoda ilkin seçkidən kənarlaşdırılmasını əlavə etdi ki, bu da onun, bütövlükdə, seçkilərdə iştirakını təhlükə altına qoya bilər.
S.ELAY