USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İlqar Rəhimov: Əsas işlərimizdən biri Vətən müharibəsində sağlamlığını itirən qazilərimizin Paralimpiya hərəkatına cəlb edilməsidir


  • İdman
  •  13:06 07.09.2021
  •  232
https://img.baki-baku.az/news/2021/09/photo_4922.jpg

Komandamız çox güclüdür. Bunu Paralimpiadadan əvvəl də demişdim. Hətta proqnoz verəndə bildirdim ki, Tokioya yollanan komanda əvvəlki heyətlərdən daha yaxşıdır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov sentyabrın 7-də “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında uğurla çıxış edən milli komandamızın üzvlərinin sonuncu qrupunun qarşılanması mərasimində jurnalistlərə müsahibəsində deyib.

Komitə rəsmisi bildirib: “Hər bir idmançımızın nəyə qadir olduğunu bilirdik. Bu məlumatlar bizə əsas verirdi ki, nəticələr barədə düzgün proqnoz verək. Yarışdan əvvəl neçə qızıl medal qazana biləcəyimizi ifadə etmirdik. Amma paralimpiyaçıların Tokioda layiqli çıxış edəcəklərini gözləyirdik. Bəzi proqnozlarımız isə baş tutmadı. Qızıl medal gözlədiyimiz idmançılar öz potensiallarından aşağı səviyyədə çıxış etdilər. Digərləri isə gözləmədiyimiz halda Paralimpiya çempionu oldular. Çünki uşaqlarda qələbə ruhu var idi. Azərbaycan xalqına, paralimpiyaçıların dostu olan Prezident İlham Əliyevə təşəkkür edirik. Dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində paralimpiyaçılarımız Vətənə zəfərlə qayıdıblar”.

İ.Rəhimov bildirib ki, Vətən müharibəsində qazanılan Şanlı Zəfər paralimpiyaçıların çıxışlarına da öz təsirini göstərib: “Qələbə idmançıları çox ruhlandırdı. Söz verirəm ki, idmançılarımız bundan sonra daha məsuliyyətli hazırlaşacaqlar. Parisdəki Paralimpiadaya cəmi üç il qalıb. Qısa müddətdə hazırlıqlarımızı görməliyik. Yeni komanda formalaşdırılmalıdır. Təbii ki, indiki heyətdən yeni komandada da yer alan idmançılar olacaq. Çünki komandamız çox gəncdir. Biz seleksiya işlərini davam etdirməli və yeni idmançıları cəlb etməliyik. Bu istiqamətdə işlər görülür. Əsas işlərimizdən biri Vətən müharibəsində sağlamlığını itirən qazilərimizin Paralimpiya hərəkatına cəlb edilməsidir. Çoxlu sayda gənc paralimpiyaçılarımız var. Onlar idmanın istənilən növü ilə məşğul ola bilirlər. Biz seleksiya işlərini aparacaq və çalışacağıq ki, Parisə daha güclü heyətlə yollanaq”.

Xatırladaq ki, Paralimpiadada 19 medal - 14 qızıl, 1 gümüş və 4 bürünc qazanan Azərbaycan komandası ümumi sıralamada onuncu pillədə qərarlaşıb.

Millimizin heyətində paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (+70 kq) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medallara sahib olublar.

Raman Salei Tokio Paralimpiadasında üç qızıl medal qazanıb. O, 100 metr məsafəyə arxası üstə, sərbəst və batterflay üsulu ilə üzmə yarışlarında Paralimpiya çempionu olub. Digər üzgüçümüz Vəli İsrafilov isə 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında birinci yeri tutub. Nizəatma yarışında dünya rekordu müəyyənləşdirən para-atletimiz Hamed Heydari qızıl medala sahib olub. Orxan Aslanov uzunluğa tullanma yarışında qızıl, Səid Nəcəfzadə isə bürünc mükafata layiq görülüb. Elvin Astanov nüvəitələmə yarışında birinci yeri tutublar. Para-atlet Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış yarışında ikinci, 400 metr məsafəyə qaçışda isə birinci pillədə qərarlaşıb. Pauerliftinqçi Pərvin Məmmədov (49 kiloqram) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.




Redaktorun seçimi

Solovyova “Geriyə dön!” əmri verildi
  • Daxili siyasət
  • 10:33 29.03.2024
Solovyova “Geriyə dön!” əmri verildi
Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi

İdman