USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İtin də it sədaqəti var imiş...

​​​​​​​Ağdamı Hirosima ilə müqayisə ediriksə,  Baffini nə üçün Haçikoya bənzətməyək?


  • Sosial
  •  12:22 30.09.2023
  •  92
https://img.baki-baku.az/news/2023/09/photo_8652.jpg

Ernest Heminqueyin qəhrəmanlarından biri deyirdi ki, müharibənin dəhşətləri təkcə insanları zərərdidə eləmir, planetimizin flora və faunası da tarix boyu çoxsaylı hərbi qarşıdurmaların fəsadları ilə üz-üzə qalmışdır. Mən həmin sətirləri oxuyanda Hirosimanı,  Naqasakini,  Amerika qitəsində törədilmiş yanğınları düşündüm. Üstəlik, bizimkilərin Kəlbəcərdən qovulduğu günlərdə qoca anasını, həyat yoldaşını və körpə uşaqlarını erməni vəhşiliyindən qoruya bilən soydaşımız sonralar elə hey ağlayırdı ki, günah qazandım, həyətin o başındakı itimizi zəncirdən açmağa macal tapa bilmədim: “İt açıq olsaydı, ermənilər onu öldürə bilməzdilər”.

Bu günlərdə məlum oldu ki, erməni vəhşiliyi bizim başqa bir ev heyvanımıza da sitəm edib. Bu dəfə paytaxtdakı bir it zərərdidə olub. Kütləvi informasiya vasitələri xəbər verirlər ki, Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan Ramil Rzayevin Baffi adlı itinin onun məzarı üzərində yatması görənlərin heyrətinə səbəb olur.

İndi kimsə deyə bilər ki, ermənilər son otuz ildə bizim on minlərlə insanımızı şəhid və ya itkin  edib, yüz minlərlə soydaşımızı qaçqın və məcburi köçkün kimi yurd-yuvasından didərgin salıb və iqtisadçıların hesablamalarına görə 100  milyardlarla maddi ziyan vurublarsa, bir itin depressiyasının qabardılmasına nə ehtiyac var?

Bəli, buna ehtiyac var. Əvvəla, bizim son  iki əsr boyu öz torpaqlarımızda sığınacaq verdiyimiz, çörəyimizi yeyib, suyumuzu içib, havamızla yaşayan ermənilər nə zamansa torpaqlarımızın 20 faizini yandırdılarsa, çörəkitirənlik etdilərsə, Baffi cəmi iki-üç il dostluq etdiyi Ramilin ona verdiyi çörəyi unuda bilmir. Sonra da Avropa və Amerikadakı bəzi ağzıgöyçəklər bizə deyirlər ki, ermənilərin xətrinə dəyməyin.

Bundan başqa, Baffi Ramilin harasa getdiyini bilsə də, onun vəfat etdiyini bilmirdi. İnsanların söhbətini də başa düşmürdü. Amma, durmadan ulayırdı. O,  dostunun faciəsini  necə anlamışdı? Düşündürücü sualdır. Mətbuat yazır ki, şəhidin qohumu Sabina Rzayeva itin Ramil Rzayevin məzarına necə gəlməsindən danışıb: “Baffini mən saxlayır və yemləyirdim. Ramil yuxuma girdi, dedi ki, iti gətir, mən onunla sağollaşmalıyam. Amma mənə dedilər ki, olmaz. Ramilin anası Lena xanıma dedim ki, bunu etməliyəm. Çünki it ulayırdı. Bundan başqa. Hələ 10 ay əvvəl Baffi Ramilin köynəyini götürüb öz yuvasına qoyubmuş”.

Hər halda bilmədiyimiz məqamlar, səbəbini anlamadığımız faktlar çoxdur. Amma o da faktdır ki, həyat bizə hər gün nələrisə öyrədir. Son zamanlar öyrəndik ki, ermənilərdə bir itin sədaqəti qədər etibar yoxdur. Ona görə də Baffi insanların itlərə verdiyi ən yüksək mükafatlara layiqdir.

Söhbət itə verilən mükafatdan düşmüşkən xatırladaq ki, cəsədi 1935-ci ildən bəri  Yaponiyanın milli elm muzeyində saxlanılan  və xatirəsinə Aoyama məzarlığında abidə ucaldılan bir it də var.

Bu barədə söz açan mənbələr yazırlar ki, Tokio Universitetinin professoru Hidesaburo Ueno 1924-cü ildə Haçiko adlı bir itə baxmağa başlayıb. Akita cinsindən olan bu itlə sahibi arasında yaxın münasibət yaranır. Haçiko hər gün işə gedən sahibinə yaxınlıqdakı Şibuya qatar stansiyasına qədər yoldaşlıq edir. Bir gün də Ueno qatardan düşəndə Haçikonu orda görür. Demə, ağıllı it sahibinin gələcəyi vaxtı hesablamış və orda onun gəlişini gözləyirmiş. O gündən onlar evə bir qayıdırlarmış.

Günlərin bir günü, Haçiko yenə həmin yerdə sahibini gözləyir, ancaq Ueno gəlib çıxmır. Həmin gün professor universitetdə beyin qanaması keçirərək vəfat edir. İt tam 9 il yorulmadan sahibinin gəlişini eyni yerdə gözləyir. İlk günlər  stansiya işçiləri ona yaxşı yanaşmırdılar. Ancaq mərhum professorun  Haçiko haqqında vaxtilə yazdığı məqaləsinin ictimailəşdirilməsindən sonra it artıq məşhurlaşmışdı. Sonradan hər gün itə yemək gətirməyə başladılar. 1934-cü ilin aprel ayında Şibuya stansiyasının girişində itin heykəli qoyuldu. 8 may 1935-ci ildə isə Haçiko  öldü. Cəsədi Yaponiya milli elm muzeyində saxlanır və xatirəsinə Aoyama məzarlığında abidə ucaldılıb.

İttifaq MİRZƏBƏYLİ




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

İttifaq MİRZƏBƏYLİ