USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Uşaqları boruların içinə yığıb, yandırmışdılar” – Qərbi azərbaycanlılar erməni zülmündən danışırlar


  • Sosial
  •  14:48 27.04.2023
  •  133
https://img.baki-baku.az/news/2023/04/photo_7417.jpg

Ermənilər xalqımızı son 200 ildə ağlasığmaz qəddarlıqla müşayiət olunan soyqırımı, etnik təmizləmə və deportasiyaya məruz qoyublar. Soydaşlarımızı ya güllə önünə düzüb, ya da dədə-baba yurdlarından didərgin salıblar. Bu proses 1905-1906-cı, 1918-1921-ci, 1948-1953-cü və 1988-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub. Aparılmış etnik təmizləmə nəticəsində azərbaycanlılar həmin ərazilərdən sürgün edilib, hazırda o yerlərdə ancaq ermənilər yaşayır. Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib, azərbaycanlılara qarşı sistematik xarakterli irqi ayrı-seçkilik həyata keçirilib.

Deportasiya siyasətinin sonuncu mərhələlərinin ağrı-acısını görmüş şahidlər indi də həyatdadırlar. AZƏRTAC-ın əməkdaşı Basarkeçər rayonundan olan Vaqif Bayramov və Ələsgər Xəlilovla görüşüb, həmin dəhşətli günləri onların dilindən dinləyib.

1988-1989-cu illərdə Qərbi Azərbaycanda soydaşlarımız iş yerlərinə, uşaqları isə məktəbə buraxılmır, dükan-bazarda onlara ərzaq satılmır, işıqları, suyu, qazı tez-tez kəsilirdi. Müsahiblərimiz də bu mənəvi, psixoloji terrorun qurbanlarıdır. Ayaqyalın, başıaçıq, qışın şaxtasında, qarında dağlara, meşələrə üz tutduqları o illəri ürək ağrısı ilə xatırlayan Basarkeçər rayonunun Daşkənd kəndindən olan 62 yaşlı Vaqif Bayramov deyir: “Ermənilər rayondan kəndimizə gedib-gəlişi kəsmişdilər. Kənddəki dükanlara ərzaq gətirilməsi dayandırılmışdı. Gecə saatlarında hərbi maşınlarla kəndimizin ətrafına gəlir, havaya silahlardan atəş açıb sakinləri qorxudurdular. İsmarıc göndərirdilər ki, çıxmasanız, sizi yandıracağıq, od vuracağıq. Bəzi kəndlərdə belə hadisələr də olmuşdu. Uşaqları boruların içinə yığıb, yandırmışdılar. Bütün bu basqılardan sonra məcbur qalıb 1988-ci ilin qışında Daşkənd kəndindən qaçqın düşdük. Qadınları, uşaqları, yaşlı insanları götürüb dağlardan piyada keçməklə Kəlbəcərə çatdıq. Camaat canını qurtarmaq üçün bütün varını-dövlətini orada qoydu. Sonra Bərdəyə, oradan da Şamaxıya pənah gətirdik. O vaxtdan Mədrəsə kəndində məskunlaşmışıq. Düzdür, bizə bura da əzizdir, amma bir gün doğma rayonumuza, kəndimizə qayıdacağımıza inanırıq”.

Vaqif kişi deyir ki, Göyçə gözəl yerdir, saf bulaqları, sərin suları, füsunkar təbiəti var. O torpaqların həsrəti ilə yaşayır. “Ora dədə-baba torpaqlarımız olub, doğma yurdumuza qayıtmaq istəyirik. Allah Prezidentimizin canını sağ eləsin, Qərbi azərbaycanlılarla görüşündə də bildirdi ki, inşallah ora da qayıdacağıq. Söz yox ki, indi o yerləri ermənilər dağıdıblar. Amma inanırıq ki, qayıdacağıq, orada yenə də yaradacağıq, quracağıq. Mən bir yaşlı nəslin nümayəndəsi kimi, bu gün qayıtmağa hazıram. Ailəm də, uşağım da qayıtmaq istəyir...”, - deyə o söyləyir.

Doğma el-obasından çıxarkən yaşanılan ağrılar, çətin anlar Qərbi Azərbaycanın Çəmbərək rayonunun (Göyçə mahalı) Yanıqpəyə kənd sakini Ələsgər Xəlilovun da həyatında silinməz iz buraxıb. Hazırda Şamaxının Mədrəsə qəsəbəsində yaşayan 65 yaşlı müsahibimiz doğma ata-baba yurdundan qovulanda cəmi 21 yaşında olub: “Biz orada yaşayanda əvvəllər vəziyyət o qədər də pis deyildi. Sonradan ermənilər kəndimizdən rayon mərkəzinə gedən sakinləri sıxışdırmağa, incitməyə, əziyyət verməyə başladılar. Hər dəfə bir bəhanə ilə dava salırdılar. İş o yerə çatdı ki, yollarımızı bağladılar. Sonra azərbaycanlıların yaşadıqları rayonlara və kəndlərə hücum etdilər. Ona görə də cavanlarımız ov silahları ilə əhalinin müdafiəsini təşkil etməyə çalışdılar, amma bu da çıxış yolu deyildi. Əhali Göyçə mahalından Basarkeçər rayonuna çəkiləndən sonra, bizim camaat hər tərəfdən ermənilərin mühasirəsində qaldı. Daha sonra əhali məcbur qalıb köç etməli oldu. Evlərini, kəndlərini tərk edən əliyalın insanların mal-qarası yolda ermənilər tərəfindən ələ keçirildi. Kim ki, mal-qoyunu onlara vermək istəmirdi, heyvanları yerindəcə güllə-boran elədilər”.

Ələsgər Xəlilov el-obasından didərgin düşəndən sonra doğma yurduna geri qayıdacağı ümidi ilə Ağdamda Allahverdi Bağırovun dəstəsinə qoşulub, düşmənə qarşı döyüşüb... Deyir ki, 2020-ci ilə kimi Qarabağın geri alınacağını xəyallarda yaşayırdıq. Amma nəhayət, Qarabağımız mərd oğullarımız hesabına geri qaytarıldı: “Mən bütün Qərbi Azərbaycanın, Zəngəzurun, Dərələyəzin, Göyçə mahalının, Qaraqoyunlu dərəsinin - hamısının Azərbaycana qayıdacağına inanıram. Ali Baş Komandanımız da öz sözünü deyib. Biz Prezidentimizə, əsgərimizə inanırıq və güvənirik”.

Qərbi Azərbaycandan olan, hazırda müxtəlif rayonlarda özlərinə sığınacaq tapan bu şəxslərin gələcəyə ümidi Vətən müharibəsindən sonra daha da artıb. İndi onlar əmindirlər ki, yenidən Göyçənin, Zəngəzurun və digər torpaqların sərin sularından içib, qalın meşələrində gəzəcəkləri, itirilmiş uşaqlıqlarını, gəncliklərini yaşlılıq çağında tapacaqları gün elə də uzaqda deyil. Bəli, gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımıza qayıdacaqlar. İşğaldan azad edilən ərazilərimizə köç edən digər sakinlərimiz kimi, Qərbi azərbaycanlılar da böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar...




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Sosial