USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Gül, ay Məmməd, gülməli kinodur


  • Sosial
  •  17:24 25.05.2022
  •  523
https://img.baki-baku.az/news/2022/05/photo_7069.jpg?v=MjAyMi0wNS0yNSAxNzozMzoyOA==

Əvəz Rüstəmov

_________________________________________________________

Parlamentdə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin deputatı Rüfət Quliyevin kino çəkilişinə ayrılan pulların az olması ilə bağlı fikrinə şərh verərək vurğulayıb ki, bu istiqamətdəki məbləği yarı-yarıya kəsmək olar. Yəni deputat deyir ki, büdcə vəsaiti azdır, məmur əksinə həmin vəsaitin yarıbayarı azaldılmalı olduğu fikrindədir. Bir az dəqiqləşdirim. R.Quliyev deyib ki, kino çəkilişinə ayrılan indiki vəsaitə ancaq cizgi filmi çəkmək mümkündür.

Əslində müəllimlərin heç biri haqlı deyil. Kino büdcəsilə düz əməlli multfilm də ərsəyə gətirmək mümkünsüzdür. Rüfət müəllim niyəsə hazırkı məbləği yüksək qiymətləndirir. Vüqar müəllim isə deputatla dolayısıyla razılaşır və görünür, öz aləmində məbləği cizgi filmi çəkilişinə uyğunlaşdırır. Üstəlik cənab deputata gələn il danışmaq üçün də bir növ, mövzu verir. Yəni qismət olsa, Rüfət müəllim  2023-cü ilin bu günlərində bildirəcək ki, Azərbaycanda kino üçün ayrılmış vəsait azdır və ona heç cizgi filmi də çəkmək mümkün deyil.

Kino vacib sahədir. Bu barədə illərlə deyilir, yazılır. Hər dəfə dəstəsi bir qəpiyə dəyməyən filmlərimizin, seriallarımızın çəkildiyini görəndə mövzu təkrarən aktuallaşır. Vüqar müəllim kimi maliyyəçilər isə filmə tamaşa etmədiklərindən bu sənətin yaratdığı müsbət emosiyalardan uzaqdırlar. İşləri çoxdur, neynəsinlər, camaat kimi avara deyillər. Onların düşüncələrində budur ki, ümumiyyətlə ölkədə film çəkilişinə ehtiyac yoxdur. Yox, qətiyyən Vüqar müəllim o baxışda deyil ki, həyatımız onsuz da film kimidir, əlavə nəyəsə ehtiyac yoxdur. Rəqəmlərin onun estetik zövqünün içinə plambir marojnası qoyub dondurduğu fikrini də bölüşmürəm. Hesablama Palatasının sədri yalnız büdcəyə qənaəti fikirləşir və onun üçün əsas məsələ nəyin bahasına olursa-olsun bu yolu tapmaqdır. Bəlkə Rüfət müəllim deməsəydi, yadına film büdcəsindən kəsmək də düşməyəcəkdi. Sağ olsun, deputatı…

Bəli, hərə öz sahəsində qənaət edir. Bu, artıq normal hal alıb. Məsələn, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də pensiyaları, müavinətləri kəsir. Büdcəyə xeyirdir axı. Bu gün maliyyə naziri Samir Şərifov bəyan edib ki, ölkədə qazın qiyməti heç nədir. Deməli o istəyir ki, vaxtilə düz hesablanmadığı üçün Sahil müəllim tərəfindən pensiyası kəsilmiş şəxslər bir az da çox qaz pulu versinlər. Bunu görən V.Gülməmmədov başqa nə deməlidir? Baxır ki, iki məmur həmkarı sıravi vətəndaş olan Məmmədin öz gününə güldüyü dramatik film ssenarisi hazırlayır və rəyə gəlir ki, ölkədə kinoya ayrılmış vəsaiti azaltmaq lazımdır. Tam məntiqidir!  

Dediyim kimi, kino vacib sahədir. Eyni zamanda strateji əhəmiyyət daşıyır. 44 günlük Vətən Müharibəsində qələbə qazandıq, haqqımızı bərpa etdik. Ancaq dünyaya bu haqqı nümayiş etdirəcək bir dənə də olsun peşəkar bədii film ortaya qoymamışıq. Yəni dünyadakı sıravi vətəndaş qəhrəmanlığımızın nədən ibarət olduğunu böyük ölçüdə anlamır. Ermənilər isə artıq Qarabağı itirmələri ilə üzləşdikləri faciəni ekranlaşdırıblar. Bilirəm e, Vüqar müəllim “dünya mənim  kalkulyatoruma da deyil” deyib Rüfət müəllimi, başqa deputatları, hələ başqa adamları da geninə-boluna “neprav” çıxarda bilər. Amma böyük reallıqlar var axı. O reallıqlardan danışıb vaxtınızı almaq istəmirəm. Həm də çoxundan xəbərdarsınız. Mövzumuz isə bu idi ki, may ayıdır, gün çıxmır, hava da kino göstərir, qoşulub kimlərəsə məzələnir camaatla. 




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Əvəz RÜSTƏMOV