USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

QMİ sədri ABŞ-a dəvət edilib


  • Sosial
  •  17:30 28.07.2021
  •  236
https://img.baki-baku.az/news/2021/07/photo_4542.jpg

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan ABŞ-ın Stirlinq Fondunun baş icraçı direktoru Ed Rou ilə görüşüb.

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, QMİ sədri bildirib ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq tarixən müxtəlif millətlərin və konfessiyaların qarşılıqlı anlaşma, sülh şəraitində yaşadığı bir dövlətdir.

Multikulturalizm və tolerantlıq dini baxışlarından və milli kimliyindən asılı olmayaraq hər bir ölkə vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyədə olduğunu diqqətə çatdıran QMİ sədri qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasət ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.

Son illər ölkəmizdə keçirilən Dünya Dini Liderlərin Sammitləri, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, bu toplantılarda dünyaya ötürülən mühüm mesajlar barədə məlumat verən Şeyxülislam Allahşükür Paşazadə, mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli dialoqun qurulması məqsədi ilə irəli sürülən “Bakı prosesi”nin qlobal dünyada sivilizasiyalararası dialoqun möhkəmlənməsində mühüm rol oynadığın xüsusi vurğulayıb, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın belə geniş miqyaslı tədbirlərin keçirilməsinə göstərdiyi diqqət və qayğını yüksək dəyərləndirib.

QMİ sədri bildirib ki, Azərbaycan öz tarixinin yeni bir mərhələsinə qalib bir ölkə kimi qədəm qoyub, 30 ilə yaxın bir müddətdə Ermənistanın işğalı altında olan ərazilərimiz Müzəffər Ali Baş Komandanın əmri və Rəşadətli Ordumuzun gücü ilə azad edilib. Uzun illər erməni silahlı qüvvələrinin nəzarəti altında olduğu şəhər və kəndlərimizdə 64 məscidin, ziyarətgah və qəbiristanlıların vəhşicəsinə məhv edildiyini, o cümlədən, digər dinlərə məxsus məbədlərin dağıdıldığını, kilsələrin tarixinin saxtalaşdırılaraq erməni kilsəsinə aid abidə kimi dünyaya təqdim olunduğunu, basdırılan minaların partlaması nəticəsinə bu gün də çoxlu sayda mülki şəxslərin həlak olduğunu, təbiətə, ətraf mühitə ciddi ziyan vurulduğunu qeyd edən Allahşükür Paşazadə dünya ictimaiyyətini belə hallara qarşı birgə və daha səmərəli mübarizəyə səsləyib.

İşğaldan azad olunan Ağdam və Şuşa şəhərlərinə Azərbaycandakı müxtəlif konfessiyaların rəhbərləri ilə birgə səfəri barədə qonağa məlumat verən QMİ sədri bildirib ki, hər iki şəhərdə məscidlərdə, kilsə və məbədlərdə uzun illərdən sonra dini ayinlər icra olunub, regionda və dünyada sülhün, sabitliyin davamlı olması üçün birgə dualar edilib. Ölkə Prezidenti İlham Əliyevin gündəlik diqqət və qayğısı ilə azad olunan ərazilərdə böyük həcmli quruluculuq işlərinə başlandığını diqqətə çatdıran Allahşükür Paşazadə Azərbaycanın hər zaman sülhsevər dövlət olduğunu, dostluq və əməkdaşlığa xüsusi önəm verdiyini, lakin ərazi bütövlüyünə hər hansı bir təhdid yaranacağı təqdirdə öz hərbi qüdrətini göstərməyə, düşmənə “Dəmir yumruq”la cavab verməyə hazır olduğunu bildirib.

QMİ-nin nəzdində Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin fəaliyyət göstərdiyini və bu qurumun xətti ilə Almaniyada, Avstriyada, İspaniyada, Türkiyədə və digər ölkələrdə müxtəlif konfransların keçirildiyini diqqətə çatdıran Allahşükür Paşazadə ABŞ-dakı nüfuzlu yəhudi icmalarının da bu tədbirlərdə yaxından iştirak etdiyini, Stirlinq Fondu ilə də daha sıx əlaqələrin qurulmasında maraqlı olduğunu deyib.

Stirlinq Fondunun baş icraçı direktoru Ed Rou səmimi qarşılanmaya görə minnətdarlığını bildirib, təkcə Qafqaz regionunda deyil, dünyada sülhün qorunmasında Şeyxülislam həzrətlərinin mühüm xidmətlər göstərdiyini qeyd edib. Ed Rou bildirib ki, Azərbaycan xalqının multikultural dəyərlərə sadiqliyi, ərazisi işğalda qalarkən keçirdiyi ağrılar ona yaxşı tanışdı. Amerikalı qonaq bildirib ki, o, 20 il əvvəl işi ilə bağlı bir müddət Bakıda, doğma yurd-yerindən qaçqın düşən ailələrlə qonşuluqda yaşayıb. Ötən bu illər ərzində ölkənin böyük inkişaf yolu keçdiyini deyən Ed Rou Azərbaycan xalqına davamlı sülh və sabitlik arzulayıb.

2020-ci ilin martında Stirlinq Fondunun dəvəti ilə Azərbaycandakı dini konfessiyaların təmsilçilərindən ibarət nümayəndə heyətinin ABŞ-ın Yuta ştatına səfəri, rəsmilərlə, din xadimləri və vətəndaş cəmiyyətinin fəalları ilə keçirilən görüşlər barədə məlumat verib. Bildirib ki, bu ilin noyabrında Yuta ştatını təmsil edən din xadimlərinin, nüfuzlu alimlərin Azərbaycana səfəri planlaşdırılır. Dini mərkəz olaraq QMİ ilə əlaqələrin möhkəmlənməsində maraqlı olduğunu deyən fondun baş icraçı direktoru Şeyxülislam Allahşükür Paşazadəni ABŞ-a dəvət edib.

Görüşdə iştirak edən Azərbaycandakı Dağ Yəhudiləri dini icmasını sədri Melix Yevdayev, Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete, Azərbaycandakı Avropa Yəhudiləri Dini icmasının rəhbəri Aleksandr Şarovski Rus Pravoslav Kilsəsinin protoiereyi Mefodi Əfəndiyev, Alban-udi dini icmasının rəhbəri Robert Mobili Azərbaycandakı tolerantlıq və multikultural mühitin dünya üçün bir nümunə olduğunu qeyd edib, ölkəmizdə yaşayan müxtəlif dinlərin ardıcıllarına yaradılan şəraitdən razılıqlarını bildiriblər.

Sonda qonağa xatirə hədiyyəsi təqdim olunub.




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Sosial