USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Fövqəladə Hallar Nazirliyi dəfələrlə çətin sınaqların öhdəsindən layiqincə gəlib


  • Sosial
  •  10:07 16.12.2020
  •  433
https://img.baki-baku.az/news/2020/12/photo_2131.jpg?v=MjAyMC0xMi0xNiAxMDoxOToyMw==

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun "Azərbaycan" qəzetində "Fövqəladə Hallar Nazirliyi Azərbaycan xalqının təhlükəsizliyinin etibarlı təminatçısı kimi öz şərəfli missiyasını var gücü ilə davam etdirir" sərlövhəli məqaləsi yayımlanıb. "Bakı-Baku.az" məqalənin tam mətnini təqdim edir.

"Fövqəladə Hallar Nazirliyinin yaranması ölkəmizin həyatında çox əlamətdar bir hadisə idi. Həyat göstərdi ki, nazirliyin yaranmasında böyük zərurət var idi. Fövqəladə Hallar Nazirliyinin yaranması, formalaşması və bugünkü uğurlu fəaliyyəti Azərbaycanın inkişafı üçün çox müsbət rol oynamışdır. İstər mülki məsələlərdə, istər təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında Fövqəladə Hallar Nazirliyinin fəaliyyətini biz görürük, Azərbaycan ictimaiyyəti də görür və bunu yüksək qiymətləndirir”.

İlham ƏLİYEV

Xalqımız Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Ermənistan üzərində qazandığı möhtəşəm Qələbəni böyük təntənə ilə bayram edir. Qələbə işığına bürünən müstəqil ölkəmizdə Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 15 illiyinin tarixi taleyimizdə müstəsna rol oynayan bir dövrə təsadüf etməsi olduqca qürurvericidir. Biz Vətən, xalq qarşısında daşıdığımız məsuliyyəti dərindən dərk edir, göstərilən etimadı əməli fəaliyyətimizlə doğruldaraq ötən illərdə əldə etdiyimiz hər bir uğurun, hər bir nailiyyətin arxasında möhtərəm Prezident İlham Əliyevin göstərdiyi şəxsi diqqət və qayğını, xoş münasibəti yaxından hiss edirik.

Bu bir həqiqətdir ki, fövqəladə hallara qarşı daha səmərəli mübarizə mexanizminin yaradılması və tətbiqi ölkənin, onun vətəndaşlarının və ətraf mühitin təhlükəsizliyinin təminatıdır. Çoxşaxəli mürəkkəb infrastrukturun müdafiəsi cəmiyyətin və iqtisadiyyatın rifahı və inkişafı üçün həyati əhəmiyyət kəsb edir. Dövlətin neft strategiyasının və regional enerji təhlükəsizliyinin əhəmiyyəti də nəzərə alınarsa, fövqəladə hal risklərinin idarə olunması Azərbaycan üçün xüsusilə vacib əhəmiyyət kəsb edir. Ümummilli Lider Heydər Əliyevin dediyi "Bir hadisənin qarşısını almaq o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır” müdrik fikri də bir daha öz təsdiqini tapdı ki, fövqəladə halların yaranma təhlükəsinin vaxtında qarşısının alınması nə qədər vacibdir. Bu sözlər bilavasitə fövqəladə hallarla bağlı xidmətlərin işinin ən müasir tələblərə uyğun qurulması və daim zamanla ayaqlaşmasını nəzərdə tuturdu.

Ölkəyə rəhbərliyinin ilk vaxtlarından başlayaraq, cəmiyyətin təhlükəsizliyinin qorunması və mülki müdafiənin təşkili işinə müasir standartlar prizmasından yanaşan, Azərbaycanın iqtisadi inkişafı ilə paralel şəkildə əhalinin, onun maddi və mənəvi sərvətlərinin qorunması səviyyəsinin daha da artırılmasını əsas prioritetlərindən biri hesab edən möhtərəm Prezident İlham Əliyev təbii fəlakətlərin, texnogen xarakterli qəzaların və yanğınların qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, belə hallarda xilasetmə və bərpa işləri üzrə müvafiq orqanların fəaliyyətinin vahid mərkəzdən idarə olunması, ölkədə mülki müdafiə işinin təşkili və həyata keçirilməsi ilə əlaqədar mühüm qərar qəbul etdi. 2005-ci il dekabrın 16-da dövlət başçısının Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında imzaladığı sərəncam təbii və texnogen fəlakətlərin xəbərdar edilməsi, nəticələrinin aradan qaldırılması və bu işlərin təşkilinə dövlət səviyyəsində sistemli yanaşmada yeni bir mərhələnin əsasını qoydu. Bu müdrik addım Prezident İlham Əliyevin yürütdüyü "hər istiqamətdə inkişaf” siyasətinin məntiqindən irəli gəlmişdi. Çünki bu sistem olmadan dövlətin gücündən və cəmiyyətin rifahından danışmaq mümkün deyildi. Əhalinin mülki müdafiəsinin, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin, xilasetmə və qəza-xilasetmə işlərinin təşkili, dövlət material ehtiyatları fondlarının idarə olunması, ölkə ərazisində radioaktiv tullantıların zərərsizləşdirilməsi, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyə və tikintidə təhlükəsizliyə nəzarət kimi mühüm vəzifələri yerinə yetirən bir neçə dövlət qurumunun Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilməsi, eyni zamanda böhranların idarə edilməsi, strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsinin təşkili, kiçik həcmli gəmilərin hərəkətinə və istismarına texniki nəzarətin həyata keçirilməsi, nüvə və radioloji təhlükəsizlik sahəsində yaranan münasibətlərin nizamlanması, əhalinin və ərazilərin nüvə və radiasiya təhlükəsizliyinin təmin olunması, suların idarə olunması məqsədilə müvafiq strukturların yaradılması dövlət başçısının bu sahəyə xüsusi diqqətinin bariz ifadəsi idi.

Xüsusi vurğulamaq istərdim ki, əvvəllər pərakəndə şəkildə fəaliyyət göstərən, baş vermiş hadisələrə xaotik reaksiya verən ayrı-ayrı qurumların vahid bir mərkəzdən idarə edilməsi, nazirliyin fəaliyyətinin təşkili və strukturunun təkmilləşdirilməsi məqsədilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, göstərdiyi qayğı qısa vaxtda əsaslı irəliləyişlərə təkan verdi. Səlahiyyətlərinə aid olan mühüm problemləri həll etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin Elmi-Texniki Şurasının, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Şurasının yaradılması uğurlu addımlardan oldu. Həyatın ən müxtəlif sahələrində təhlükəsizliyin təmin olunmasının bir mərkəzdə cəmləşdirilməsi dövlət başçısının müasir mülki müdafiə işinin təşkilinə uzaqgörən baxışlarının nəticəsi və əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində aparılan ciddi islahat idi. Bu qayğının bir nümunəsi də möhtərəm Prezident İlham Əliyevin hər il dekabr ayının 16-nın Fövqəladə Hallar Nazirliyi İşçilərinin Peşə Bayramı Günü kimi qeyd edilməsi barədə 2006-cı il dekabr ayının 8-də imzaladığı sərəncamdır.

Nazirlik yaradılarkən tabeliyinə verilən qurumların balansında olan xüsusi təyinatlı avtomobillərin və digər nəqliyyat vasitələrinin, avadanlıqların əksər hissəsi mənəvi və fiziki köhnəlməyə məruz qalmışdı və müasir tələblərə cavab vermirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, nazirliyin texnika parkının müasirləşdirilməsi istiqamətində ciddi addımlar atıldı, büdcə vəsaitləri hesabına dünyanın ən qabaqcıl ölkələrinin istehsalı olan müxtəlif təyinatlı maşın və avadanlıqlar alındı. Nazirliyin qurumlarında əsaslı təmir və yenidənqurma işlərinə xüsusi diqqət göstərildi, yararsız inzibati və texniki binalar, depolar əsaslı təmir olundu, yeniləri tikilərək istifadəyə verildi. Bölgələrdə 9 regional mərkəzin fəaliyyəti təmin edildi. Artıq müasir yanğınsöndürmə, qəza-xilasetmə maşınlarının, fövqəladə hallar zamanı hadisə yerində böhranları idarə etmək üçün ən müasir rabitə sistemləri ilə təchiz olunmuş və nazirliyin qurumları ilə videokonfrans əlaqəsi yaratmaq gücünə malik mobil qərargah - avtobusun, "Hammer” markalı radiosistemli xüsusi təyinatlı avtomobillərin, hündürlük nərdivanlarının, xilasetmə işlərinin aparılmasında istifadə olunan xüsusi texnikaların, "BMW” markalı motosikletlərin, bomba zərərsizləşdirici sistemlərin, dənizdə xilasetmə əməliyyatları üçün yüksək sürətli və çoxfunksiyalı katerlərin, xilasedici qayıqların, axtarış gəmilərinin, yanğınsöndürmə və digər xilasetmə funksiyalarını həyata keçirən "Be-200 ÇS” amfibiya - təyyarənin, helikopterlərin, tikintilərin mövcud texniki təhlükəsizlik normaları və qaydalarına uyğun aparılmasına nəzarəti həyata keçirmək üçün səyyar laboratoriyaların, fövqəladə hadisə baş vermiş ərazidə, yol şəraiti çətin olan yerlərdə qısa müddət ərzində zərərçəkənlərə və xəstələrə tam həcmli tibbi yardım göstərmək üçün mobil hospitalların, yüzlərlə müxtəlif təyinatlı digər xüsusi texniki avadanlıqların imkanlarından gündəlik iş prosesində bacarıqla istifadə edilir.

Azərbaycan vətəndaşlarının təhlükəsiz yaşayışının, dinc həyatının təmin olunmasını özünün ali məqsədi hesab edən Fövqəladə Hallar Nazirliyinin kollektivi üçün 2007-cil il dekabrın 17-si sözün əsl mənasında yaddaqalan tarix oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyev Bakının Azadlıq meydanında təşkil olunan Fövqəladə Hallar Nazirliyinin yeni aldığı və fövqəladə hallar zamanı istifadə edilən texnika, avadanlıq və qurğuların təqdimatında iştirak etdi. Təqdim olunmuş bütün texnikanın taktiki-texniki xüsusiyyətləri ilə tanış olan dövlətimizin başçısı görülən işləri yüksək qiymətləndirdi, orada verdiyi proqram xarakterli göstəriş və tövsiyələri kollektivimizin hər bir üzvünün gündəlik fəaliyyət istiqaməti kimi qəbul edildi.

2008-ci il noyabr ayının 12-də Fövqəladə Hallar Nazirliyinin yeni istifadəyə verilmiş inzibati binasının açılış mərasimində iştirak edən möhtərəm Prezident İlham Əliyev öz gəlişi ilə bizə bir daha sevinc yaşatdı. Yaradılan şəraitlə yaxından tanış olan dövlət başçısı: "Mən çox şadam ki, Fövqəladə Hallar Nazirliyi yaranandan sonra qısa müddət ərzində çox böyük işlər görüldü. Azərbaycanda təhlükəsizliyin təmin olunmasında, xilasetmə işlərinin düzgün qurulmasında çox böyük işlər görülmüşdür. Bu gözəl binanın tikintisi və Fövqəladə Hallar Nazirliyinin sərəncamına verilməsi də göstərir ki, Azərbaycan dövləti bu sahəyə çox böyük diqqət yetirir. İnsanların təhlükəsizliyi və mümkün olan xoşagəlməz hadisələrin qarşısının alınması, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün Azərbaycan dövləti nə lazımdırsa edəcəkdir”, - deyə razılığını ifadə etdi, şəxsi heyətə yeni uğurlar arzuladı.

2011-ci il fevralın 23-də nazirliyin mülki müdafiə qoşunlarına döyüş bayrağını təqdim edərkən Azəbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bundan sonrakı illərdə də Fövqəladə Hallar Nazirliyinin öz üzərinə düşən vəzifələri şərəflə yerinə yetirəcəyinə, şəxsi heyətin Vətənə sədaqətlə xidmət edəcəyinə əminliyini ifadə etməsi bizim üçün həm də böyük məsuliyyət demək idi. Möhtərəm Prezidentin bu etimadına cavab olaraq təntənəli təqdimetmə mərasimində şəxsi heyət əsgəri şərəf, şücaət və şöhrət rəmzi olan döyüş bayrağını göz bəbəyi kimi qoruyacağına, Vətənə, xalqa sədaqətlə xidmət edəcəyinə, Ali Baş Komandanın əmrlərinin icrasına daim hazır olacağına and içdi.

Azərbaycan dövlətinin əhalinin təbii və texnogen xarakterli qəzalardan, fövqəladə hadisələrdən etibarlı qorunmasına, mülki müdafiə işinin təşkilinə verdiyi daha bir önəmli hadisə möhtərəm Prezident İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılması ilə bağlı imzaladığı sərəncam oldu.

27 dekabr 2013-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasının beynəlxalq standartlara cavab verən yeni binasının açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev görülən işləri yüksək qiymətləndirdi, dəyərli tövsiyələrini verdi. Akademiyanın fəaliyyətə başlaması nazirlik üçün xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanması ilə bərabər, əməkdaşların peşə ixtisaslarının artırılması, elmi tədqiqat işlərinin aparılması fövqəladə hallar, mülki müdafiə sisteminin ahəngdar inkişafı yolunda atılan mühüm addımlardan biri kimi qiymətləndirilə bilər. Eyni zamanda mütəxəssislərimiz imzalanan müqavilələrə əsasən Rusiya, Ukrayna və Belarusun müvafiq ali təhsil ocaqlarına göndərildi.

Nazirlikdə informasiya texnologiyaları infrastrukturunun yaradılmasına da diqqətlə yanaşıldı. Respublika üzrə nazirliyin struktur bölmələrini özündə birləşdirən qlobal kompüter şəbəkəsi quruldu, infrastruktur bölmələrinin fəaliyyət sahələrinə uyğun avtomatlaşdırılmış informasiya sistemləri hazırlandı. Nazirliyin bütün qurumları ilə naqilli və radio-rabitə əlaqəsi, əməliyyat və xilasetmə qurumları ilə peyk rabitəsi əlaqəsi təmin edildi. Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında operativliyi təmin etmək üçün ölkə ərazisini əhatə edən coğrafi informasiya sistemi yaradıldı, baş vermiş təbii və texnogen hadisələrin mövcud statistikasını əks etdirən vahid məlumat bazası formalaşdırıldı, yanğın, partlayış və qəza hadisələrinə dair onlayn rejimdə ətraflı məlumatların əldə edilməsi təmin olundu. İdarələrarası informasiya mübadiləsinin daha sürətli və təhlükəsiz olması üçün optik şəbəkə istismara verildi və s. İnsanların təhlükəsizliyinin təmin edilməsi və mümkün olan xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə "112” qaynar xətti”nin fəaliyyəti qısa müddətdə təşkil edildi.

Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti ölkə rəhbəri cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğıya layiq olduğunu baş verən təbii və texnogen hadisələr zamanı sərgilədiyi çevik və operativ reaksiya ilə təsdiqlədi, dəfələrlə çətin sınaqların öhdəsindən layiqincə gəldi. Məsələn, Mingəçevir Su Elektrik Stansiyasının ərazisində baş vermiş torpaq sürüşməsi zamanı yaranmış təhlükənin operativ şəkildə aradan qaldırılması, "Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin açıq paylayıcı qurğular stansiyasının transformatorunda və 6-cı enerji blokunda yanğınla nəticələnən partlayış zamanı yaranmış təhlükənin operativ şəkildə aradan qaldırılması, Bakı şəhərindəki Naxçıvani və Murtuza Muxtarov küçələrinin kəsişməsində tikilən 16 mərtəbəli yaşayış binasının uçması nəticəsində əmələ gəlmiş dağıntılar altından insanların xilas edilməsi, Neft Emalı Zavodunda yanğının söndürülməsi, Xəzər dənizində yerləşən "Bulla-dəniz” yatağında baş vermiş qəzanın aradan qaldırılması, Binəqədi rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında, "Sədərək”, "Diqlas”, "EuroHome” ticarət mərkəzlərində, "Sobsan” boya fabrikində baş vermiş yanğınların söndürülməsi, "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın və "Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması, meşə sahələrinin və zəmilərin yanğından qorunması, onlarla digər belə əməliyyatlar zamanı Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri əsl peşəkarlıq nümunəsi göstərdilər.

Nazirlik üçün son dərəcə çətin sınaqlardan biri 2010-cu ildə Aran bölgəsində baş verən daşqınlarla bağlı oldu. Kür və Araz çaylarının səbəb olduğu daşqınlar böyük itkilərə səbəb ola bilərdi. Prezident İlham Əliyevin hadisə ilə bağlı verdiyi müvafiq tapşırıqları operativ yerinə yetirən Fövqəladə Hallar Nazirliyinin qüvvələri öz yüksək peşəkarlığını nümayiş etdirərək daşqın sularının sürətlə irəlilədiyi günlərdə insan itkisinə yol vermədi, əhalinin təxliyəsini, bəndvurma və sahilbərkitmə işlərini uğurla həyata keçirdilər. Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən, subasma bölgəsində çoxsaylı yeni evlər inşa olundu, yaşayış massivləri salındı, yenidən qurulan infrastrukturun, sosial və yaşayış obyektlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bərpa və gücləndirmə işləri həyata keçirildi. Nazirliyin digər dövlət qurumları ilə birgə fəaliyyəti irimiqyaslı təbii fəlakətin qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında əhəmiyyətli rol oynadı. Gələcəkdə bu kimi halların qarşısını almaq məqsədilə ölkədə suların səmərəli idarə edilməsi sisteminin yaradılması üçün Fövqəladə Hallar Nazirliyində aidiyyəti dövlət orqanlarının və Niderlandın bu sahədə ixtisaslaşmış şirkətlərinin mütəxəssislərindən ibarət yaradılmış işçi qrupu tərəfindən kompleks tədbirlər planı hazırlandı. 2012-ci il yanvarın 24-də Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti üçün alınıb gətirilmiş kəsici-sorucu yerqazan qurğuların, tədqiqat katerlərinin və yedək gəmilərin təqdimatında iştirak edən Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ölkə ərazisində su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi yaradıldı. Görülən işlərin davamı kimi, 2013-cü il aprelin 16-da dövlət başçısı Mingəçevir Su Anbarının perimetr və akvatoriya sərhədlərində qurulan inteqrə olunmuş təhlükəsizlik sistemi ilə tanış oldu.

2012-ci ilin may ayında Zaqatala, Balakən və Qax rayonlarında, 2019-cu ilin fevral ayında Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş verən güclü zəlzələ yenidən bizi sınaq qarşısında qoydu. Tikililərə xeyli ziyan dəysə də, xoşbəxtlikdən insan tələfatı və ya ciddi xəsarət alanlar olmadı. Baş vermiş zəlzələnin fəsadlarının qısa müddətdə aradan qaldırılması üçün Prezident İlham Əliyevin tapşırığı ilə hadisə bölgəsinə səfərbər edilmiş nazirliyin qüvvələri tərəfindən hər cür təhlükəsizlik tədbirləri görüldü, rayonlara çoxlu sayda texnika və avadanlıq, ilkin həyat fəaliyyətinin təmin edilməsi məqsədilə çadırlar, ərzaq məmulatları və s. yardımlar, böyük miqdarda tikinti materialları çatdırıldı. Nazirlik tərəfindən bölgədə yüzlərlə fərdi evin, çoxmənzilli kommunal yaşayış binasının, onlarca məktəbin, uşaq bağçasının tikintisi başa çatdırıldı, əhali yeni müasir evlərlə təmin edildi.

Zəlzələ bölgəsində fəsadların aradan qaldırılması ilə bağlı görülən bütün işlər əvvəlki təbii fəlakətlərdə olduğu kimi ilk gündən daimi olaraq Prezident

İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın birbaşa nəzarəti altında oldu. Bu, əhali arasında böyük razılıq və minnətdarlıq hissi ilə xatırlanır.

Dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planı bu sahədə problemlərin həllində bizim üçün əsas fəaliyyət proqramı kimi qəbul edildi. Fövqəladə Hallar Nazirliyinin səyləri ilə keçmiş Bakı Yod Zavodunun Ramana və Suraxanı istehsalat sahələrinin və Neftçala Yod Brom Zavodunun ekoloji reabilitasiyası prosesi uğurla başa çatdırıldı və rekultivasiya olunmuş ərazilərdə park və yaşıl meydançalar salındı, insanlar üçün təhlükəli zona sayılan həmin ərazilər ekoloji istirahət məkanına çevrildi. Onu da qeyd edim ki, həmin layihələrin beynəlxalq standartlara uyğun icrasının təmin edilməsi məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin müraciəti əsasında Atom Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən bu sahədə zəngin təcrübəsi olan xarici ekspertlər də işə cəlb edildi. Bununla yanaşı, nazirliyin, Yaponiya və Niderlandın aidiyyəti şirkətlərinin ekspertlərinin cəlb edilməsi ilə respublika ərazisində baş verən sürüşmə, subasma, sel və digər ekzogen-geoloji proseslərin formalaşma səbəbləri də araşdırıldı, kompleks tədqiqat işləri aparıldı və müvafiq layihələr həyata keçirildi. Buna misal olaraq, Abşeron yarımadasında göl, sututarlar, səth və yeraltı suların idarə olunması üzrə yarımadanın su mühitinin ekoloji cəhətdən sağlamlaşdırılması, rejimlərinin nizamlanması və idarə olunması məqsədilə kompleks tədqiqat işləri başa çatdırıldı. Masazır sürüşmə sahəsində yamacın dayanıqlığının artırılması üçün yeni layihə əsasında svay-bərkitmə işləri həyata keçirildi və landşaft bərpa olundu. Bayıl sürüşmə sahəsi sabitləşdirildi, ərazidə yaşıllıq işləri aparıldı. Bakının Əhmədli massivində sürüşmənin sabitləşdirilməsi və yamacın dayanıqlığının təmin edilməsi məqsədilə kompleks tədbirlər planı hazırlanaraq onun həyata keçirilməsi istiqamətində müvafiq işlər icra olundu. Bakının Səbail rayonu ərazisində Badamdar - 20-ci sahə avtomobil yolu boyunca və ona bitişik ərazilərdə baş vermiş sürüşmə sabitləşdirildi və yarğan əmələ gəlməsinin qarşısı alındı. Mingəçevir Su Anbarının sağ sahilində baş vermiş sürüşmə ilə əlaqədar qabaqlayıcı mühəndis tədbirləri və digər layihələrdə nəzərdə tutulan vacib məsələlər əməli həllini tapdı.

FHN-in fəlakətlərdən ziyan çəkmiş ölkələrə yardım göstərilməsi sahəsində Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi, humanitar əməliyyatlarda ölkəmizin daha yüksək səviyyədə təmsil olunması məqsədi ilə nazirliyin Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsi yaradılıb. Dəstənin şəxsi heyətinin həm xarici ölkələrdə, həm də ölkəmizdə keçirilən təlim və kurslarda yaxından iştirakı onların humanitar əməliyyatlar sahəsində bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi, peşəkarlıqlarının artırılması baxımından əhəmiyyətli olub. Hər cür xilasetmə texnika və avadanlıqlar, o cümlədən təyyarə və helikopterlərlə təchiz olunmuş beynəlxalq axtarış-xilasetmə dəstəsi müxtəlif ölkələrdə baş vermiş fəlakətlərin nəticələrinin aradan qaldırılması, həmçinin humanitar yardımların çatdırılması əməliyyatlarını uğurla yerinə yetirir.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, yola salınan illər ərzində Rusiya Federasiyasında, İsrail dövlətində, Gürcüstanda baş vermiş meşə yanğınları, Pakistan İslam Respublikasında, Rusiya Federasiyasında, Əfqanıstan İslam Respublikasında, Serbiya Respublikası və Bosniya və Hersoqovinada daşqınlar, Türkiyə Respublikasının Van vilayətində, İran İslam Respublikasında baş vermiş zəlzələlərin nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən onlara müvafiq kömək göstərilib. Bununla bərabər, Azərbaycan Respublikasının Hökuməti səviyyəsində Qırğız Respublikasının Oş vilayətində, Haitidə baş vermiş zəlzələlərin, Filippində baş vermiş qasırğanın fəsadlarının aradan qaldırılması məqsədilə və Somalidə aclıqdan əziyyət çəkən insanlar üçün maddi yardımlar edilib. Misirdəki iğtişaşlarla əlaqədar burada yaşayan azərbaycanlıların, Nepalda baş vermiş dağıdıcı zəlzələ nəticəsində fəlakət zonasında olan soydaşlarımızın və xarici ölkə vətəndaşlarının Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarə ilə təcili təxliyəsi həyata keçirilib. Azərbaycan Hökuməti adından Cibuti Respublikasına, həmçinin Myanmada Rohingya müsəlmanlarına qarşı kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədilə humanitar yardımlar çatdırılıb.

Onu da qeyd edim ki, respublikamızda kütləvi bədən tərbiyəsi və idman artıq cəmiyyət həyatının ayrılmaz tərkib hissəsinə çevrilib. Fövqəladə Hallar Nazirliyi tərəfindən hərbçilərin və dövlət qulluqçularının fiziki hazırlığının yüksəldilməsinə daim diqqət yetiririk. Nazirliyin struktur vahidi olan İdman-Sağlamlıq Mərkəzinin üzvləri müxtəlif yerli və beynəlxalq yarışlarda, dünya və Avropa birinciliklərində uğurla çıxış edir, Azərbaycan bayrağını yüksəklərə qaldırırlar. 2018-ci ilin dekabr ayında nazirliyin İdman-Sağlamlıq Mərkəzinin açılışında Prezident İlham Əliyevin iştirakı idmançılarımızı daha böyük qələbələr qazanmağa ruhlandırıb.

Böyük təcrübəyə, geniş kadr potensialına və zəngin maddi-texniki bazaya malik olan Fövqəladə Hallar Nazirliyi ölkəmizin beynəlxalq arenada əldə etdiyi nailiyyətlərə də öz töhfəsini verir. Son illər bir çox mötəbər beynəlxalq tədbirlərə, "Eurovision-2012” mahnı müsabiqəsinə, 2015-ci ilin Birinci Avropa Oyunlarına, 2017-ci ilin Dördüncü İslam Həmrəyliyi Oyunlarına, Avropa Gənclər Yay Olimpiya Festivalına, "Formula-1” yarışlarına evsahibliyi edən respublikamızda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunması baş verə biləcək istənilən fövqəladə hadisənin qarşısının vaxtında alınması istiqamətində Fövqəladə Hallar Nazirliyinin aidiyyəti üzrə gördüyü tədbirlər ölkə rəhbərliyi tərəfindən göstərilən etimadın doğruldulması istiqamətində atılan addımlardandır.

Bütün dünya ölkələrinin yeni növ koronavirus (COVID-19) pandemiyası ilə üzləşdiyi bir vaxtda Azərbaycanın bu bəlaya qarşı mübarizədə nümayiş etdirdiyi strateji mövqe, Prezident İlham Əliyevin liderlik əzmkarlığı dünyada ən yaxşı nümunələrdən biri kimi qəbul edilir. Vaxtında atılan cəsarətli addımlar sayəsində Azərbaycan koronavirusa qarşı mübarizə tədbirlərinin effektivliyi ilə seçilən ölkələr sırasında ön cərgədə qərar tutub. Ölkəmizdə nəzərdə tutulan bütün sosial layihələrin təxirəsalınmadan davam etdirilməsi, genişmiqyaslı sosial dəstək tədbirləri xalqımızın həyatının və sağlamlığının qorunmasında, rifahının yaxşılaşdırılmasında mühüm rol oynayır.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bu il fevralın 27-dən etibarən ölkəmizdə koronavirusun yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən təxirəsalınmaz tədbirlərin əməli həllinə nail olunması üçün ciddi addımlar atıldı, İran İslam Respublikası, Rusiya Federasiyası və Gürcüstanla sərhəd-keçid məntəqələrinin yaxınlığında qəbul-çeşidləmə məntəqələri yaradıldı, hər cür müasir tibbi avadanlıqlarla təchiz edilmiş FHN-in peşəkar tibbi briqadaları həmin məntəqələrdə fasiləsiz rejimdə fəaliyyətlərini davam etdirdilər.

Dövlət başçısının "Biz birlikdə güclüyük!” çağırışına qoşulan nazirliyin əməkdaşları sosial dəstək tədbirlərində yaxından iştirak etdi, karantin rejimi tədbirlərinin həyata keçirildiyi dövr üçün vətəndaşlarımıza psixoloji yardımın göstərilməsi xidməti təşkil olundu, əhali arasında maarifləndirici söhbətlərin aparılması, dezinfeksiya işlərinin həyata keçirilməsi diqqət mərkəzində saxlanıldı. Eyni zamanda əməkdaşlarımız Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə dəstək olaraq könüllü qanvermə aksiyasına qoşuldular.

Xüsusi vurğulamaq istərdim ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşların sağlamlığının qorunmasına və ölkənin səhiyyə sisteminin inkişafına göstərdiyi xüsusi diqqətinin bir nümunəsi də qısa vaxtda ölkəmizdə modul tipli xəstəxanaların fəaliyyətə başlaması oldu. Bu cəhətdən Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan növbəti modul tipli hospitalının qısa müddətdə inşa edilərək xəstələrin ixtiyarına verilməsi dünyada

COVID-19 infeksiyasının sürətlə yayılması fonunda bu xəstəliklə mübarizədə Azərbaycan dövlətinin qətiyyətini ortaya qoydu. Yeri gəlmişkən, xəstəxananın fəaliyyətində özəl xüsusiyyət Azərbaycanda ilk dəfə tətbiq edilən və tibb praktikasında bənzəri olmayan yeni növ koronavirus infeksiyası üçün ixtisaslaşdırılmış tibbi məlumat sisteminin olmasıdır. Tibbi məlumat sistemi tibb işçilərinin işini optimallaşdırmaq və hər bir xəstə üçün fərdi olaraq tibbi qərar qəbul etmək üçün intellektual dəstəyi təmin edir.

İyulun 6-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışına qatılması, avqustun

31-də Prezident İlham Əliyevin koronaviruslu xəstələrin müalicəsi üçün modul tipli növbəti hospitalın açılışında videoformatda iştirakı Azərbaycan dövlətinin koronavirusla mübarizədə bütün mümkün qabaqlayıcı tədbirlərin həyata keçirilməsi və ölkəmizin bu qlobal çağırışa cavab verə bilməsi baxımından vacib addım kimi qiymətləndirilə bilər.

Yuxarıda qeyd etdiyim kimi, xalqımızın ən böyük arzularını gerçəkləşdirən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrikliyi, qətiyyətli iradəsi və rəhbərliyi nəticəsində rəşadətli ordumuz sentyabrın 27-dən başlayaraq 44 gün ərzində əks-hücum əməliyyatları ilə Azərbaycan torpaqlarının işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi kimi vəzifələrin uğurlu həllinə nail oldu. Ermənistan özünün tam və qeyd-şərtsiz kapitulyasiyasını etiraf etdi. "Qarabağ Azərbaycandır və nida” ifadəsi tariximizin gerçəkliyi, Böyük Qələbəmizin rəmzinə çevrildi. Əks-hücum əməliyyatları zamanı ordumuzun müzəffər yürüşü qarşısında aciz qalan, küncə sıxışan işğalçı Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törədirdi. Silahlı Qüvvələrimizə dəstək və mülki əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində üzərinə düşən vəzifələri şərəflə icra edən Fövqəladə Hallar Nazirliyinin qüvvələri ən ekstremal vəziyyətlərdə xidməti vəzifələrini icra edir, düşmənin artilleriya atəşləri nəticəsində baş verən dağıntılar zamanı axtarış-xilasetmə əməliyyatlarını yerinə yetirir, insanların xilas edilməsi və təxliyəsini həyata keçirir, yanğınların dərhal aradan qaldırılması üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərirdilər. Təcavüzkar Ermənistanın dinc sakinləri hədəfə almaqda davam etdiyi günlərdə əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə nazirlik tərəfindən hazırlanan müxtəlif məzmunlu maarifləndirici çap materialları cəbhəyanı ərazilərdə və düşmən tərəfinin hədəfinə çevrilmiş digər yaşayış məntəqələrinin əhalisi arasında paylanılaraq müvafiq maarifləndirmə işləri aparıldı. Ermənistan Respublikasının Azərbaycanın mülki əhalisinə qarşı terrorçu təxribatları barədə faktlar tərəfdaş ölkələrin aidiyyəti qurumlarına və beynəlxalq təşkilatların diqqətinə çatdırıldı. Belə ki, 30-a yaxın ölkənin fövqəladə hallarla mübarizə üzrə məsul dövlət qurumlarına və 20-yə yaxın nüfuzlu beynəlxalq təşkilata, o cümlədən Birləşmiş Millətlər Təşkilatının uyğun qurumları (UN OCHA, UN DRR), Beynəlxalq Mülki Müdafiə Təşkilatı, NATO EADRCC (Avro Atlantik Fəlakətə Cavabın Əlaqələndirilməsi Mərkəzi), Avropa İttifaqının Avropa Mülki Müdafiəsi və Humanitar Yardım Əməliyyatları Baş İdarəsi, Avropa Şurasının Avropa və Aralıq Dənizi üzrə Böyük Risklər Sazişi, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər aidiyyəti beynəlxalq strukturlara ünvanlanmış məktublarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlər diqqətə çatdırıldı. Bu çərçivədə xüsusilə razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini kobudcasına pozaraq döyüş bölgəsindən kənarda yerləşən Azərbaycanın Gəncə, Bərdə, Ağcabədi və digər şəhər və kəndlərinin mütəmadi olaraq ağır artilleriya və raket atəşlərinə məruz qalması, nəticədə çoxsaylı mülki şəxslərin ölümü və ciddi dağıntıların baş verməsi qəti şəkildə pislənilirdi, bu terrorçu addımlara dərhal son verilməsi üçün dünya birliyinin Ermənistanın hərbi-siyasi rəhbərliyinə ciddi təzyiqlər göstərməsinin vacibliyi bildirilirdi. Həmin məktublara Ermənistan dövlətinin terrorçu xislətini sübut edən foto və videomateriallar, habelə ingilis dilində broşür əlavə olunmuşdur.

Fövqəladə Hallar Nazirliyi dövlət başçısının tapşırığına uyğun olaraq, əhalinin təhlükəsizliyinin təmin olunması və mövcud problemlərin aradan qaldırılması məqsədilə fəaliyyət dairəsini genişləndirdi, işğaldan azad edilmiş ərazilərimizdə müvafiq strukturlarının təşkilinə başladı. Artıq nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Füzili, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər şəhərlərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində hissələri fəaliyyət göstərir. Bütün hissələr xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib. Bundan əlavə, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin müvafiq bölmələri Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd rayonlarında fəaliyyətə başlayıb.

"Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli fərmanının 6.1-ci bəndinin icrasının aidiyyəti üzrə təmin edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Tərtər rayonu ərazisində yerləşən işğaldan azad olunmuş Suqovuşan su anbarını mühafizəyə götürüb. Belə ki, su anbarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri tərəfindən ərazidə sutkalıq fasiləsiz nəzarət rejimi tətbiq edilir.

Xüsusi vurğulamaq istərdim ki, erməni təxribatı nəticəsində ziyan dəymiş evlərin bərpası üçün qiymətləndirmə işləri sürətlə aparılır. Bu məsələlər yekunlaşdıqdan sonra işlərə başlanılacaqdır.

Ümummilli Lider Heydər Əliyevin işıqlı ideyaları, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində yaradılmış Fövqəladə Hallar Nazirliyi artıq 15 ildir ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin olunması ilə bağlı dövlət başçısının verdiyi tapşırıqları şərəflə və yorulmadan icra edir. Yola salınan illər ərzində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin sosial vəziyyətinin, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, xidmətdə fərqlənən əməkdaşlarının fəxri adlara, orden və medallara layiq görülməsi, ali hərbi və xüsusi rütbələrlə təltif edilməsi fəaliyyətinin hər bir anında ali dövlət qayğısı ilə əhatə olunmuş şəxsi heyəti əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan etibarlı qorunması üçün daha ciddi səy göstərməyə səfərbər edib.

Bu gün fövqəladə halların xəbərdar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması Fövqəladə Hallar Nazirliyinin tam nəzarətindədir. Bu uğur dövlət başçısının Azərbaycanda yürüdülən təhlükəsizlik və mülki müdafiə siyasətinin təntənəsi deməkdir. Hər bir azərbaycanlının Prezidenti olaraq Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına göstərdiyi xüsusi diqqət və qayğıya görə dövlət başçısına sonsuz təşəkkürümüzü bildirir və əmin edirik ki, müstəqil Azərbaycanın daha da inkişafı, ölkə əhalisinin və ərazisinin, təbii sərvətlərinin bütün növ fəlakətlərdən qorunması, insanlarımızın sərbəst, firavan və təhlükəsiz yaşayışı və fəaliyyətinin təmin edilməsi naminə bundan sonra da bilik və bacarığımızı əsirgəməyəcəyik!"

 

 




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Sosial