USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan sahibkarı Ali Baş Komandanın müsəlləh əsgəridir


  • Sosial
  •  13:44 27.10.2020
  •  587
https://img.baki-baku.az/news/2020/10/photo_1552.jpg?v=MjAyMC0xMC0yNyAxMzo1MTo0MA==

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin başçılığı altında müzəffər ordumuzun qazandığı parlaq zəfərlər xalqımızı qalibiyyət əhvali-ruhiyyəsinə kökləyib və Azərbaycan cəmiyyəti qələbə ovqatındadır. Hərbçilərimizin apardıqları uğurlu əməliyyatlar nəticəsində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri, Hadrut qəsəbəsi, onlarca kənd, eləcə də strateji yüksəkliklər, o cümlədən Murovdağ zirvəsi, Suqovuşan su anbarı işğalçılardan azad edilib.

On minlərlə soydaşımız illərdir daş kimi qəlbimizdən asılmış məcburi köçkün adı ilə vidalaşır. Artıq hamı 30 ilə yaxındır ki, həsrətlə gözlədiyi Böyük Qələbənin çox yaxında olduğuna əmindir. Şanlı Ordumuz cəbhədən gələn hər zəfər xəbərləri ilə bizi addım-addım arzularımızdakı o günə yaxınlaşdırır.

Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 17 ildə xüsusi diqqət mərkəzində saxladığı məsələlərdən biri də ordu quruculuğu məsələləri olub. Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşımızda dayanan əsas vəzifələrdən biri ordunun gücləndirilməsi, döyüş qabiliyyətinin artırılması, modernləşməsi, ən son hərbi texnologiyalara yiyələnməsi idi. Odur ki, Azərbaycanın maliyyə imkanlarının artması nəticəsində bu dövrdə ordumuzun döyüş qabiliyyətinin artırılması üçün qabaqcıl dövlətlərlə uğurlu əməkdaşlıq həyata keçirilib. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə dövlət-xalq-ordu həmrəyliyi və lider ətrafında milli birlik daha da güclənib.

Bu ilin iyul ayının ortalarında Tovuz istiqamətindən dövlət sərhədimizi ağır artilleriyalarla kobudcasına pozaraq, dinc və mülki əhalini, eləcə də sıravi əsgərimizdən generalımızadək terrora məruz qoyan təcavüzkar Ermənistanın sentyabrın 27-də yenidən törətdiyi təxribata cavab vermək üçün Silahlı Qüvvələrimiz hazır vəziyyətdə olduğunu sübut etdi. Ali Baş Komandanın hər bir əmrinə hazır olan, onun ətrafında yumruq kimi birləşən xalqımızın, o cümlədən sahibkarların ordumuzla həmrəyliyinin bir daha şahidi olduq.

Məlum olduğu kimi, "Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il tarixli fərmanının həyata keçirilməsi ilə əlaqədar ölkədə qismən səfərbərlik elan edilmişdir. Azərbaycan vətəndaşları ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün bugünəcən böyük coşqu ilə müraciət edirlər. Bu hal onu göstərir ki, xalqımız Ali Baş Komandanın rəhbərliyi ilə aparılan Vətən savaşına görünməmiş ruh yüksəkliyi ilə qoşulurlar.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamədə erməni silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunduğuna baxmayaraq, Ermənistan 30 ilə yaxındır ki, bu qətnamələrə məhəl qoymurdu. Bu illər ərzində Azərbaycan məsələnin sülh yolu ilə həllinə tərəfdar olub, yarandığı vaxtdan bu günədək ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlarda konstruktiv mövqe nümayiş etdirib. Ermənistan tərəfi isə müxtəlif bəhanələrlə danışıqları məqsədyönlü şəkildə pozub və bu gün də pozmaqdadır. Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Azərbaycanın münaqişə zonasına aid olmayan yaşayış məntəqələrinin - Gəncə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu, Mingəçevir, Naftalan, Xızı, Abşeron, Goranboy, Daşkəsən, Tərtər, Bərdə, Ağcabədi, Yevlax, Beyləqan və Qəbələ kimi şəhər və rayonların mütəmadi olaraq ağır artilleriya və raket atəşinə məruz qalması bunun təsdiqidir.

Ermənistan silahlı qüvvələri atəşkəs razılaşmasına məhəl qoymayaraq, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə iki dəfə ballistik raket zərbəsi endirib, nəticədə 23 mülki şəxs həlak olub, 82 nəfər yaralanıb, onlarca mülki obyekt və yaşayış binası dağılıb. Ümumiyyətlə, sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin ağır artilleriya və raket zərbələri nəticəsində 63 mülki şəxs (o cümlədən uşaqlar və qadınlar) həlak olub, 300-ə yaxın insan yaralanıb, 1800 yaşayış evi, 100-ə yaxın çoxmənzilli yaşayış binası dağıdılıb, 300-dən çox mülki obyektə ciddi zərər dəyib. Bütün bunlar işğalçı Ermənistanın beynəlxalq hüquq normalarının və humanitar prinsiplərin, o cümlədən Cenevrə konvensiyalarının pozmasını göstərir.

Hazırda Ali Baş Komandanın rəhbərliyi ilə xilaskar Azərbaycan Ordusu işğalçılara sarsıdıcı zərbələr endirir, separatçıları və terrorçuları işğal etdikləri yaşayış məntəqələrimizdən qovaraq ərazi bütövlüyümüzü bərpa edir. Bu günədək Azərbaycan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın 4 şəhəri, 3 qəsəbəsi və 150-dən çox kəndi işğaldan tam azad olunmuşdur.

Beynəlxalq ictimaiyyət Azərbaycanın ədalətli mübarizəsini müdafiə edir, Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi istiqamətində apardığımız haqlı əks-hücum əməliyyatı bir sıra ölkələr və beynəlxalq təşkilatlar, xüsusilə Türkiyə Respublikası tərəfindən dəstəklənir.

Azərbaycan Sahibkarlar Konfederasiyasına Türk Şurasından, Türk Ticarət və Sənaye Palatasından, İtaliya-Azərbaycan Ticarət Palatasından, Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresindən və digər beynəlxalq təşkilatlardan dəstək məktubları daxil olmuşdur. Məktublarda sentyabrın 27-dən Dağlıq Qarabağ ətrafında aparılan əməliyyatların beynəlxalq təşkilatlar tərəfindən diqqətlə izlənildiyi və Ermənistanın bölgədəki sülh danışıqlarını pozmaq təxribatlarının qətiyyətlə pislənildiyi bildirilir. Qeyd olunur ki, bu təxribatlar beynəlxalq hüququ açıq şəkildə tapdalayır: "Mülki əhali arasında itkilərə yol açan həmin təxribatları şiddətlə qınayırıq və Ermənistanın bu təxribatçı hərəkətlərilə bölgədə sülh və əmin-amanlıq üçün əsas təhlükə olduğunu bir daha ictimaiyyətin diqqətinə çatdırırıq”.

Qeyd olunanlarla yanaşı, Dağlıq Qarabağ ətrafında baş verən hadisələr, xüsusilə Ermənistan tərəfindən Gəncə şəhərinə təşkil edilmiş terror hücumu haqqında həqiqətən dünya ictimaiyyətinə çatdırılmasını təmin etmək məqsədilə Azərbaycan Sahibkarlar Konfederasiyası xarici ölkələrdə fəaliyyət göstərən nümayəndəliklərinə və beynəlxalq təşkilatlara 64-dən çox müraciət məktubları göndərmişdir. Eyni zamanda bu hadisələrlə bağlı Azərbaycan Sahibkarlar Konfederasiyasının xarici ölkələrdəki rəsmi nümayəndələri öz şəxsi "Facebook” və "Twitter” hesabları vasitəsilə xarici ölkələrdəki vətəndaşları məlumatlandırırlar.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Ordusunun cəbhədəki uğurlu əməliyyatları, torpaqlarımızın işğaldan azad edilməsi təkcə bizim yox, xaricdə yaşayan soydaşlarımız, xüsusən qardaş Türkiyənin vətəndaşları tərəfindən böyük sevinclə qarşılanır. Onlar sevinc hisslərini Prezident, Ali Baş Komandan İlham Əliyevə ünvanladıqları məktublarda ifadə edirlər.

Azərbaycan Sahibkarlar Konfederasiyası da Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü ilə bağlı bəyanat vermişdir. Bu bəyanatdan sonra Azərbaycan sahibkarlarından konfederasiyaya daxil olan müraciətlərdə iş adamlarımız Ali Baş Komandan cənab İlham Əliyevin, ordumuzun, qəhrəman əsgərlərimizin yanında olduqlarını bəyan edir, onlara dəstək olmaq istədiklərini bildirirlər. Dönə-dönə əmin olduqlarını söyləyirlər ki, xalqımız, o cümlədən çoxminli sahibkarlar ordusu Azərbaycan Respublikası Prezidentinin hərbi vəziyyət elan olunması ilə bağlı fərmanının bütün tələblərinə əməl edərək qələbə üçün bütün imkanları səfərbər ediblər.

Azərbaycan Sahibkarlar Konfederasiyası hərbi vəziyyət dövründə və koronavirus pandemiyasına qarşı çətin mübarizə günlərində erməni təxribatına qarşı həmrəylik nümayiş etdirərək Prezident İlham Əliyevin verdiyi bütün qərarları bəyənir, onun rəhbərliyi altında yeni-yeni iqtisadi uğurlara nail olacaqlarına inanaraq bəyan edir: dövlətimizin daha da güclənməsi, rəqabətə davamlı istehsalın genişləndirilməsi və dünya miqyasında nüfuzunun daha da artması üçün bütün gücümüzü səfərbər edəcək, əlverişli biznes mühitindən yararlanmaqla ölkəmizin daha da çiçəklənməsi, hərbi potensialının gücləndirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması üçün səyimizi əsirgəməyəcəyik.

Bəli, bu gün Azərbaycanın iş adamları, o cümlədən qadın sahibkarlar Qarabağ bölgəsində hərbi əməliyyatları uğurla aparan Silahli Qüvvələrimizə hər cür dəstək verərək işlərini bu günün reallığına uyğun qururlar. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına daxil olan müraciətlərdə də sahibkarlar Ali Baş Komandan İlham Əliyevin, ordumuzun, qəhrəman əsgərlərimizin yanında olduqlarını bəyan edir, dövlətimizə bu Vətən savaşında daim dəstək olacaqlarını vurğulayırlar.

Azərbaycan Sahibkarlar Konfederasiyası sahibkarlardan daxil olan müraciətləri nəzərə alaraq, iş adamları tərəfindən göstərilən maliyyə yardımlarının operativ və vahid mərkəzdən idarə olunmasını təmin etmək məqsədilə üzv sahibkarlara müraciət etməyi qərara almışdır. Mətni mətbuatda dərc edilərək geniş ictimaiyyətə çatdırılmış müraciətdə bildirilir: "Ölkə sahibkarları Azərbaycan Respublikası Prezidentinin hərbi vəziyyət elan olunması ilə bağlı fərmanının bütün tələblərinə əməl edərək, qələbə üçün bütün imkanları səfərbər edirlər. Hazırda bütün ölkə vətəndaşları kimi iş adamlarımızın da qəlbi Qarabağda ordumuzla birlikdə döyünür. Odur ki, dəstək aksiyasına qoşulmaq istəyən sahibkarlarımız Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə nəzərdə tutulan yardımları ilə bağlı yarana biləcək hər hansı suala operativ cavab almaq üçün Azərbaycan Sahibkarlar Konfederasiyasının "qaynar xətti”nə zəng edə bilərlər”. Bundan əlavə, sahibkarların diqqətinə "Silahlı Qüvvələrə Yardım Fondu”nun bank rekvizitləri təqdim edilmişdir.

Azərbaycan biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahatlar aparan ölkələrdən biridir. Post-neft iqtisadiyyatının qurulması, idxaldan asılılığın azaldılması, ölkənin ixrac potensialının yüksəldilməsi üçün rəqabətqabiliyyətli mal və məhsulların istehsal olunması məqsədilə hökumət sahibkarlar üçün böyük imkanlar yaratmışdır. Biz bunu təsadüfən qeyd etmədik. Məsələ bundadır ki, sentyabrın 27-dən başlayaraq cəbhəyanı bölgələrdə yerləşən mülki obyektlərlə yanaşı, çoxsaylı sahibkarlıq obyektləri də düşmən zərbələrinə məruz qalıb. Son məlumata görə, həmin ərazilərdə qeydiyyatda olan bir sıra vergi ödəyicilərinin təsərrüfat subyektlərinə, əmlaklarına külli miqdarda zərər dəyib, onların sahibkarlıq fəaliyyəti tamamilə dayanıb və ya əhəmiyyətli dərəcədə maliyyə itkiləri olub.

İşğal altında olan rayonlarda və cəbhəyanı ərazilərdə qeydiyyatda olan kiçik sahibkarlıq subyektlərinə baş vermiş hadisələr nəticəsində dəymiş maddi zərərin təsirinin azaldılması, sahibkarlıq fəaliyyətinin davamlılığının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "İnzibati icraat haqqında” qanunun müddəalarına uyğun olaraq müvafiq qərar qəbul etmişdir. Belə ki, həmin vergi ödəyiciləri üzrə maliyyə sanksiyalarının tətbiqini nəzərdə tutan qərarlar tam şəkildə, səyyar vergi yoxlamalarının nəticəsi üzrə qəbul olunmuş qərarların isə maliyyə sanksiyasının tətbiq hissəsi ləğv edilib.

Qəbul edilmiş qərarla 2013 vergi ödəyicisinin 6,5 milyon, o cümlədən tam və qismən işğal altında olan rayonlar üzrə 191 vergi ödəyicisinin 103 min, cəbhəyanı rayonlar üzrə isə 1822 vergi ödəyicisinin 6,4 milyon manat məbləğində maliyyə sanksiyası ləğv olunmuşdur.

Hazırda işğaldan azad olunmuş regionlarda infrastrukturun qurulması, tikinti abadlıq işlərinin aparılması, kiçik və orta sahibkarlığın inkişafına dəstək göstərilməsi istiqamətində hazırlıq işləri görülür, yeni layihələr hazırlanır və yaxın zamanlarda bu layihələrin həyata keçirilməsi üçün biz də Sahibkarlar Konfederasiyası olaraq bütün imkanlarımızı səfərbər edəcəyik. Bütün bunları nəzərə alan hər bir sahibkar anlayır ki, Azərbaycanın tərəqqisi və gələcək inkişafı üçün həyata keçirilən genişmiqyaslı tədbirlərdə yaxından iştirak etməlidirlər.

Biz isə Azərbaycan Sahibkarlar Konfederasiyası kimi, Dağlıq Qarabağda davam edən gərgin hərbi əməliyyatlar dövründə həmrəylik nümayiş etdirərək Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yeni-yeni iqtisadi uğurlara nail olacağımıza inanır və xalqımızı əmin edirik ki, dövlətimizin daha da güclənməsi, rəqabətə davamlı istehsalın genişləndirilməsi, dünya miqyasında nüfuzunun daha da artması üçün bütün gücümüzü səfərbər edəcək, əlverişli biznes mühitindən yararlanmaqla ölkəmizin daha da çiçəklənməsi, əhalinin rifah halının yaxşılaşması üçün var gücümüzlə çalışacağıq.

Məmməd MUSAYEV,

Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları
Milli Konfederasiyasının Prezidenti

Yazı "Azərbaycan" qəzetinin 27 oktyabr 2020-ci il tarixli sayında dərc edilib.




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Məmməd MUSAYEV