USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Polis şərəfini canlarından uca tutdular


  • Sosial
  •  10:30 27.06.2024
  •  79
https://img.baki-baku.az/news/2024/06/photo_13079.jpg

Hamının yadındadır. Ulu öndər Heydər Əliyev ölkəmizdəki ictimai-siyasi proseslərin ən qaynar dövründə – 1994-cü il aprelin 29-da DİN-in rəhbər işçilərinin iştirakı ilə keçirilən müşavirədə demişdi: “Daxili İşlər Nazirliyinin hər bir əməkdaşının sosial müdafiəsini təmin etməliyik. Bu əməkdaşlar, ilk növbədə, öz vəzifə borclarını şərəflə yerinə yetirməlidirlər, ikinci növbədə isə onların mənafeyi müdafiə olunmalıdır”. 

Mən məhz həmin tezisdən çıxış edərək deyirəm ki, polisə əl qaldıranın əli qırılma­lıdır. Polisin gərgin vəziyyətdə cinayətka­ra, caniyə, quldura, terrorçuya atəş açmaq hüququ olmalıdır. Əgər belə hüquq olmasa, onda Şüvəlanda baş verən dəhşətli hadisə təkrar oluna bilər. Polis bizi – xalqımı­zı, dövlətimizi, əmlakımızı, həyatımızı, əmin-əmanlığımızı qoruyursa, biz də onu qorumalıyıq. 

... Şüvəlanda bir cinayətkarın – ona in­san deməyə də adamın dili gəlmir – güllə­sinə tuş gələn polis əməkdaşları haqqında nə isə yazmaq istəyəndə yadıma düşən ilk məqam Azərbaycan Respublikasının azad­lığı, suverenliyi və ərazi bütövlüyü uğrun­da həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən daxi­li işlər orqanları əməkdaşlarının siyahısı ilə maraqlanmaq oldu. Doğrusu, vaxt az olduğuna görə, dəqiq sayı tapa bilmədim. Ancaq Daxili İşlər Nazirliyinin elektron re­surslarından birində oxudum ki, ölkəmiz öz dövlət müstəqilliyini bərpa edəndən 1994-cü ilədək canını Vətən naminə fəda edən daxili işlər orqanları əməkdaşlarının sayı 398 nəfərdir. 

Hələ qarşıda neçə qanlı hadisələr, Aprel döyüşləri, 44 günlük İkinci Qarabağ müha­ribəsi, 2023-cü ildəki antiterror əməliyyatı, mina faciələri, narkomafiyalarla mübarizə tədbirləri – polisin itki verdiyi çox ha­disələr, proseslər dayanırdı. Bir tərəfdən də kimlərinsə əlində alətə çevrilmiş insanların törətdikləri vəhşiliklər polis əməkdaşları­nın həyatını təhlükə altına alır. 

Bundan başqa, Azərbaycan polisi yuxa­rıda sadaladığım faktlar və hadisələr zama­nı dövlətçiliyi, milli maraqlarımızı qoru­yurdusa, Şüvəlandakı hadisə zamanı sadə, kasıb bir ailənin qadın və uşaqlarının həya­tını qorumaq üçün qaniçən quldura atəş aç­mayıb. Yəni cani öz həyatını qorumaq üçün qadın və uşaqların arxasında gizlənib. Ci­nayətkarlığı yüz faiz məlum olan canininn uşaqlarını və ailəsini qorumaq üçün canını fəda edən mərd kişiyə heykəl qoyulmalıdır. Onun adı Azərbaycan polisidir. 

Adı Rövşən (işıqlı) olan qaranlıq bayquşu yenidən həbsxanaya qayıtmaq üçün polis kapitanı Eldəniz Məmmədovun, polis serjantları Mahir Ağayev və Mirəli Heydərovun həyatına qıydı. Rəsmi məlu­matlarda deyilir ki, həmin vəhşi əvvəllər də dəfələrlə məhbəs həyatı yaşayıbmış. İndi sual yaranır. Yaşı o qədər də çox olmayan bu cani dəfələrlə həbs edilibsə və islah olunmayıbsa, nə üçün nəzarətdən kənarda qalıb? Üstəlik, hələ tam sübut edilmədiyinə görə adını çəkmədiyim adamlarla onun əl­bir olaraq, külli miqdarda vəsait ələ keçiril­məsində iştirakı da söylənilir. 

Azərbaycan polisləri öz ölümləri baha­sına da olsa, bir kimsəyə xətər yetirmədilər. Vəzifə borclarını sədaqətlə yerinə yetirərək dünyaya gözlərini yumdular. Ancaq ci­nayətkar aləm unutmasın ki, kiminsə qa­dın arxasında gizlənməsinə həmişə imkan olmayacaq. Bəli, olmayacaq. Azərbaycan polisinin gözü açıq, fəhmi aydındır. Ölkə­mizdəki ictimai sabitliyə heç kəs xələl gə­tirə bilməyəcək. 

Mən bu məqamda deputat Ceyhun Məmmədovun Milli Məclisdəki çıxışın­da məlum məsələyə münasibət bildirərkən səsləndirdiyi fikirləri dəstəkləyirəm: “İl­lər öncə Azərbaycanda ölüm hökmü ləğv olundu. Hərçənd proseslər göstərir ki, bəzi cinayətlərin qarşısının alınması üçün bəzi hallarda ölüm cəzası daha effektivdir. Diqqət çəkmək istədiyim əsas məqam on­dan ibarətdir ki, dəfələrlə cinayət törətmiş insanların həbsdən azad olunmasına daha həssas yanaşmalıyıq. Təcrübə göstərir ki, bu insanlar həbsdən azad olunduqdan sonra eyni cinayətləri törətməyə davam edirlər. Belə olduğu halda onların qəza törətmək ehtimalı daha çoxdur”.

İttifaq MİRZƏBƏYLİ




Redaktorun seçimi

Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır
“Makroniada”nın növbəti seriyası
  • Siyasi təhlil
  • 10:43 20.07.2024
“Makroniada”nın növbəti seriyası

İttifaq MİRZƏBƏYLİ