- Daxili siyasət
- 11:02 02.10.2024
Bəri başdan deyim ki, sosial şəbəkədə təxminən on il əvvəl, başqa variantda və qısa mətnlə qələmə aldığım bu əhvalatı qəzet oxucularına da təqdim etməklə iki həqiqətdən söz açmaq istəyirəm. Birinci, mənim qismətimə yazılanları kiminsə mənimsəməsi, ələ keçirməsi mümkün deyil. Amma özüm də daim çalışmalı, fəal olmalıyam. İkinci, müəllim hər zaman, məktəbdə də, yolda da, ictimai iş prosesində də müəllimdir. Hər halda biz şagird olanda belə görmüşük.
... Qərəz, bir yoldaşımız tez-tez deyirdi ki, zaman da haqsızdır, insanlar da, cəmiyyət də. Soruşdum: – Niyə? Dedi ki, mənim layiq olduğum mövqeyi, yolu itə-qurda etibar ediblər. İt-qurd gedir həmin yolnan. Bu soydaşımıza başa sala bilmədim ki, Allahın sənin qismətinə yazdığını heç kəs əlindən ala bilməz. Sən özün daha istəkli olmalısan ki, layiq olduğunu sənə versinlər. Mənim israrım və onun inkarı hələ 12 yaşlarımda başıma gələn bir ibrət nümunəsini qələmə almağıma səbəb oldu.
1963-cü, ya da 64-cü ilin payızı idi. Kolxozun fındıq məhsulunu yığıb briqadirin həyətinə tökmüşdülər. Bizi – şagirdləri hər gün həmin həyətə aparırdılar ki, qar yağana qədər fındığı qərzəkdən təmizləyib qurtarmaqda böyüklərə kömək edək. Biz beşinciləri də sinif rəhbərimiz – rəhmətlik Nəzir müəllim ( elə soyadı da Nəzirov idi) həmin yerə aparırdı.
Qəbələ, oktyabr ayı. İstənilən bağ, həyət, yol kənarı yetişmiş meyvələrlə dolu idi. Uşaqların hamısı yol boyu müxtəlif ağaclara daraşır ( bəli, təkcə dırmaşmır, həm də daraşırdılar), meyvə yığıb yeyirdilər. Mən heç bir yana getmədim və meyvə yeyə bilmədim. Daha doğrusu, bir tərəfdən xəstəliyim ( həkimlər demişdilər ki, Məmmədcanın ikinci oğlu çox olsa, 15 il yaşaya bilər), bir tərəfdən utancaqlığım, bir tərəfdən də pəltəkliyim (mən 7 yaşıma qədər heç bir sözü deyə bilməmişəm. 10 yaşa qədər isə pəltək olmuşam. Ona görə də radioda canlı efirdə olanda qonaqlardan çox özüm danışıb həmin illərin əvəzini çıxırdım) mənim əl-qolumu bağlamışdı. Nə isə...
Briqadirin həyətində bizim hər birimizə ayrıca qab verdilər və hər birimizin qabağına iki kisə qərzəkli fındıq tökdülər. Mən təsadüfən 14-15 metr hündürlüyündə olan armud ağacının altında oturmuşdum. Armudun barını yığsalar da, əlçatmaz budaqların ucunda yetişib qıp-qırmızı olmuş, nardan da iri görünən bir neçə armud qalmışdı. Hamımız cəld işləyirdik ki, tez qurtarıb gedək. Birdən həmin armudlardan biri mənimçün ayrılmış qərzəyin üstünə düşdü və əzilmədi. Mən səksəndim, hamı güldü. Sonra armudu götürüb Nəzir müəllimə vermək istədim. Götürmədi: – Bu sənin qismətindir. Yol boyu uşaqların hamısı meyvə yeyəndə sən heç nə götürə bilməmişdin, – dedi.
Mən müəllimdən eşitdiklərimə mat qaldım. Nəzir müəllim mənim ora-bura əl atmaq baxımından imkansız olduğumu görmüşdü.
O zaman çox şeyi başa düşə bilməsəm də, sonralar öyrəndim ki, bizim heç birimiz kiminsə qismətini yeyə bilməyəcəyik. Oğru, əyri, quldur, haramzada gündən-günə çoxalsa da, haqqı qoruyan qüvvə daha ədalətli və daha sözükeçəndir. Ona görə də yuxarıda qeyd etdiyim soydaşıma bir daha xatırladıram ki, sən o əclafın, şərəfsizin hiylələrini, fitnə - fəsadını burax Allahın ümidinə. Allah daha yaxşısını bilir. Məgər az görmüşük?
P.S. Orta məktəbin axırıncı imtahanlarını da verəndən sonra, özümüzü artıq böyük oğlan kimi aparmağa başlayanda sinif yoldaşımız Nazir İslamovun (maraqlıdır, yazı Nəzirlə başlayıb Nazirlə qurtarır) təşəbbüsü ilə hamımız həyatdan nə arzuladığımızı bircə cümlə ilə yazdıq. Yəni mən həmin cümləni 24 dəftərə yazdım, mənim dəftərimə də 24 cümlə yazıldı. Arzum belə idi: “Mən heç zaman kiminsə itirdiyini tapmayım, qismətimə yazılanlara çatım”. Uşaqlar bu istəyi çox bəyənmişdilər. Sanki mənim həmin cümləm göylərdə də oxunubmuş. Qismətimdəkilərin hamısına çatıram. Gələcəyə də... İnşəallah!
İttifaq MİRZƏBƏYLİ