USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Firuzə Məmmədlinin dilçilik görüşləri


https://img.baki-baku.az/news/2022/11/photo_7301.jpg

Bəzən geriyə dönüb universitet illərində bizə dərs demiş müəllimlərimizi xatırlayıram. İllər öncə auditoriyarda böyük həvəslə ixtisas fənlərindən mühazirə oxumuş müəllimlərimizin bir çoxu haqq dünyasına qovuşmuş, bəziləri təqaüdə çıxmışdır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasının dosenti, Azərbaycan ictimaiyyətinin daha çox şair, nasir və tərcüməçi, ədəbiyyatşünas kimi tanıdığı Firuzə Məmmədli artıq təqaüdə ayrılmış, lakin Azərbaycan dilinin müxtəlif sahələrinə aid aparmış olduğu tədqiqatları ilə hər daim tələbələrin, gənc tədqiqatçıların, alimlərin diqqət mərkəzində olan alimlərimizdəndir. Firuzə Məmmədlinin bədii yaradıcılığı, bənzərsiz şeirləri, hekayələrindən  ədəbiyyatşünaslar, poeziyasevərlər tez-tez danışır, mətbuatda onun ədəbi-bədii fəaliyyəti daha çox işıqlandırılır. Elə bu yaxınlarda 2022-ci ilin oktyabr ayında şairin oxucuları  Firuzə xanımın Türkiyə Cumhuriyyətinin Bursa şəhərində Ustad Süleyman Çələbinin 30-cu anım şərəfinə təşkil olunmuş Türkcənin XV Şeir Şöləninin fəxri diplomu ilə təltif edilməsini eşidib  ürəkdən sevindi. Şübhə yoxdur ki, ümumtürk poeziyasında Füruzə Məmmədli imzası oxucuları tərəfindən sevilir, tanınır və dəyər görür. Bununla bərabər elmi ictimaiyyətin Füruzə xanımın akademik tədqiqatlarına, elmi-metodik araşdırmalarına, Azərbaycan dilinin müxtəlif sahələrinə aid yazdığı elmi əsərlərinin tədqiqinə də ciddi mənada ehtiyacı vardır. Bu mənada Firuzə Məmmədlinin elmi irsinə yenidən nəzər salmaq, ömrünün 50 ilini azərbaycanlı balalarının, təlim-tərbiyəsinə, elmi tədqiqatlara sərf etmiş qocaman alimin elm adamlarına ərmağan etdiyi əsərlərinə bir daha göz gəzdirmək yerinə düşərdi. Firuzə Məmmədlinin elmi əsərləri onun çoxcildlik seçilmiş əsərlərinin III və X cildlərində yer almışdır. Onun Seçilmiş əsərlərinin 2004-cü ildə nəşr edilmiş  546 səhifəlik III cildi bütünlüklə elmi tədqiatlarının yer aldığı cilddir. Alim Firuzə Məmmədlinin elmi axtarışlarının  mərkəzində Azərbaycan dili dayanır. O, Azərbaycan dilini tədqiq edərkən dilimizin ən böyük daşıyıcılarından, görkəmli dövlət xadimi və yazıçımız Yusif Vəzir Çəmənzəminlinin əsərlərini seçir. Maraqlıdır, niyə məhz Y. V. Çəmənzəminli? Ötən əsrin 70-80-ci illərində dilçi alimlər daha çox o şair və yazıçıların dil  xüsusiyyətlərini araşdırırdılar ki, həmin yaradıcı şəxslər daha çox proletar şairi və yazıçılarından hesab edilsin, sovet hökumətinin siyasi kursuna uyğun əsərlər ürətən sənətkarlar hesab edilsin. Lakin Firuzə Məmmədlinin seçimi sovet ideologiyasının siyasi kursuna uyğun gəlməyən, hətta represiya qurbanı olmuş Yusif Vəzir Çəmənzəminli və onun 1937-ci ildə “Ədəbiyyat”  qəzetində ciddi tənqid edilmiş, əleyhinə yeddi məqalə yazılmış iki romanından biri olan “Qızlar bulağı” romanı olur. Doğrudur, 50-ci illərdən sonra bir çox represiya olunmuş şair və yazışılarımız, o cümlədən Çəmənzəminli ölümündən sonra bəraət alsalar da, ədəbi tənqidçilər, dil tədqiatçıları onun yaradıcılığından danışmağa bir o qədər də meyilli deyildi. Təkcə dil faktlarının tədqiqi üçün Y. V. Çəmənzəminlinin seçilməsi o dövrdə gənc alim üçün cəsarətli seçim idi. Bundan əlavə gənc alimin iti müşahidə qabiliyyəti imkan vermişdi ki, Çəmənzəminli yaradıcılığının tədqiqatçıya ciddi dil materialları verə biləcəyini müşahidə etsin. Həqiqətən də  III cildin “Y.V. Çəmənzəminlinin tarixi romanlarının(“Qızlar bulağı” və “Qan içində”) dil və üslub xüsusiyyətləri” adlı bölməsində hər iki tarixi romanın leksik-semantik xüsusiyyətləri zərgər dəqiqliyi ilə tədqiq olunur. Müəllif  romanların dilində işlənmiş ən qədim sözlər yarımfəslində vaxtilə türk dillərində işlənmiş, sonradan köhnəlmiş yüzlərlə sözlər müəyyən etmişdir. “yaldızlı-parlaq”, “kökü (bek) “qıfıl”, “kilid”, “möhkəm”mənalarını izah edən “bəkçi” sözləri kimi onlarla qədim türk sözünün romanların dilində müşahidə edilib, elmi izahının verilməsi alimin gərgin və məsuliyyətli əməyinin məhsuludur. Fizuzə Məmmədlinin Çəmənzəminlinin tarixi romanlarında müşahidə edib etimoloji izahını verdiyi sözlər arasında “nökər” sözü xüsusilə diqqəti cəlb edir. Müəllif vurğulayır ki, Çəmənzəminli öz romanlarında “nökər” sözünü iki mənada işlətmişdir. Bir “nökər” xidmətçi mənasında, iki “nökər” yoldaş, döyüşçü mənasında. Və alim qeyd edir ki, “Döyüşçü”, “silahdaş”mənasında işlədilən “nökər”in əsli monqol dilində “nökür”, cəm şəklində isə “nököd” dür. Maraqlıdır ki, hal-hazırda da monoql dilində “nökər” döyüşçü anlamını qoruyub saxlamaqdadır.  Çəmənzəminli romanlarında alınma sözlərin poetik imkanlarını tədqiq etmək üçün təkcə alim müşahidəsi yetərli sayıla bilməz, alimin köməyinə ilahi vergi, şairlik duyumu da yetməldir. Elə bunun nəticəsində alim məntiqi və şair duyumu Çəmənzəminli romanlarında alımaların bədii xüsusiyyətlərini müəyyənləşdirmək mümkün olmuşdur.  Dilin leksik-semantik xüsusiyyətlərindən bəhs edilərkən köhnəlmiş sözlər və dialektizimlərin müəyyənləşdirilməsi xüsusi diqqət tələb edir. Firuzə Məmmədli Çəmənzəminlinin romanlarında bu qəbildən olan sözlərə xüsusi həssaslıqla yanaşır, romanların dilində rast gəlinən “xatun, yortmaq, yavıqlaşmaq, yatağan, caraman, dağar” kimi  müasir ədəbi dilimiz üçün arxaikləşmiş və ya dialektlərdə qorunub saxlanan onlarla sözü gün işığına çıxarır, arxaik sözləri qruplaşdırır. Məsələn müəllif vaxtilə vəzifə-sənət, peşə və idarə adları bildirən sözlərə- təşrifatçı, əttar, şərbaf, əşraf, poriçik, qızlar ağası, birun; geyim, bəzək əşyaları, cəza alətlərinin adlarını bildirən sözlərə- cılğı, pənabat, kisəbənd, püştə, cecim, şallaq, sərpuş, qov, nimtənə, falaqqa, sərarpərdə, məfrəş; din və dini mərasimlərlə bağlı sözlərə- risalə, çillə, tuğ, zaviyyə, şəbihkərdanlıq kimi yüzlərlə müasir oxuculara bəlli olmayan sözlərə bir daha nəzər salır. Onomastik vahidlər də alimin diqqətindən kənarda qalmamış, romanların dilində işlənmiş maraqlı şəxs adlarını müəyyən edib göstərmişdir. Belə şəxs adlarından Kəbusey, Cəməsb, Ceyniz, Şiz, Jindukt, Eyzədəsb, Çopo, Semiramis, Xanburabi, Əmilmərduq, Keynəssar, Kürüş, Kəmbiz, İlyus, Ahənəsb, Milnir, Kavus, Nuşa, Murdad, Mimrə, Nahura, Alpaqay, Alpatay, Quzatay, Ərdica, Okabay kimi antroponimlərə müasir ədəbi dilimizdə rast gəlməsək belə bu adalar tariximizdə mövcud olmuş, Çəmənzəminlinin dilində işlənmişdir. Üstündən uzun illər keçsə də tariximizin bir parçası kimi həmin adların öyrənilməsi, dilimizdə işlənmə səbəblərinin aydınlaşdırılması dilçilik elmimiz üçün önəm daşıyır.

III cildin “Qızlar bulağı” və “Qan içində” romanlarında bədiiliyin leksik-semantik vasitələri adlı bölməsində alim bədii əsərlərin dilində ifadə vasitələrinin düzgün seçilib işlədilməsi problemini qaldırır. Məsələyə dilçi-yazıçı mövqeyindən yanaşan alim vurğulayır ki, Çəmənzəminli xalq dilinin incəliklərinə bələd olan sənətkar kimi keçmiş mədəni irsimizə istinad etmiş, yaratdığı surətlərin xarakterindəki rəngarəngliyi, dramatikliyi, inandırıcı şəkildə təqdim etmişdir. Fikrini konkret faktlarla isbat edən alim romanların dilində “Leksik vahidin məcazi mənası ilə müstəqim mənası”, “Sözün çoxmənalılığından”, “Frazeoloji ifadənin ikimənalılığından” bəhs edərək maraqlı nümunələr təqdim  edir.

“Y.V. Çəmənzəminlinin “Qızlar bulağı” və “Qan içində” romanlarının üslubi frazeoloji xüsusiyyətləri” adlı II fəsli  Azərbaycan dilinin frazeoloji imkanlarının Çəmənzəminli yaradıcılığında təzahürü kimi qəbul etmək mümkündür. Frazeoloji birləşmələr, onların bədii dildə təzahürünün təsvirini vermək, bədii əsərdə frazemlərin işlənmə imkanlarını tədqiq etmək sözün həqiqi mənasında alimdən yüksək peşakarlıq tələb edir. Müəllif Çəmənzəminli yaradıcılığında Azərbaycan dilində işlənmiş, işlənməkdə olan yüzlərlə sabit birləşməni “İsmi frazeoloji birləşmələr”-əmək kasası, şair qibləsi, oğul dağı, başmaq seyri, qəlbimizin baharı, şərin kökü;  “Sifəti frazeoloji birləşmələr”- daş qəlbli, güldən ağır; “Zərfi frazeoloji birləşmələr”-ağzı yuxarı, dörd gözlə, durduğu yerdə; “Feili frazeoloji birləşmələr”- kələfi dolaşmaq, tikəsi ovsanata düşmək, başına çevirmək, ürəyinə salmaq; “Nidayi frazeoloji birləşmələr”- sığırlarınız kök, atlarınız qoşar olsun, gözümüz üzrə yerin var, başına dönüm v.s. sabit birləşmələri seçib onların bədii cəhətdən istafədə imkanlarını, sinonim və antonimlik xüsusiyyətlərini tədqiq etmişdir.

III cilddə diqqəti cəlb edən yanaşmalardan biri də “Romanların dilində məsəllərin və aforizimlərin bədiilik imkanları”nın  araşdırılmasıdır. Bədii əsərlərin linqvistik təhlilə cəlb edildiyi elmi əsərləri araşdırdıqda çox az hallarda alimlərin bu fakta nəzər saldığının şahidi oluruq. Firuzə Məmmədli isə Çəmənzəminlinin “Qan içində” romanında yazıçının dilində 80-dən artıq atalar sözü və məsəllərin işləndiyini müəyyənləşdirmiş və onları aşağıdakı şəkildə qruplaşdırmışdır:

Məişət və adət-ənənələrimizlə bağlı: xonça boş qaytarılmaz, evlənmək məhək daşı imiş, elçiyə zamal yoxdur; Həyat, yaşayış, ölüm haqqında; yetim qızsan, büzül yat, ölü yesə dirilər, öküzün inıldamaqdan qarnı quruldar; Haqsızlığa qarşı olan, bezginlik ifadə edənlər- gördan harayçı gəldi, xan ilə bostan əkənin göyərtisi çiynində bitər, bir başa iki yumruq cəbrdir, Tehrana qız vermək, əzrayıla can vermək kimidir; Zövq, məhəbbət və səadət haqqında- vəzifə dövlətin, ailənin qəlb isə yarındır; Uğursuzluq, ümidsizliklə bağlı- qır satıb qazanc edəcəkdin, dağarcığı da bada verdin, tökülən dolmaz, axırda saman düşüb v. s.

F. Məmmədlinin Y. V. Çəmənzəminlinin “Qızlar bulağı” və “Qan içində” romanlarında işlənmiş arxaizm, tarixizm və ərəb-fars mənşəli 200-dən artıq sözün izahlı  lüğətinin tərtib etməsi dahi yazıçımızın əsərlərinin oxucuları və dil tədqiqatçılarının işini asanlaşdırır.

III cildin “Bədii dilin estetik mənbələri” adlı ikinci bölməsində Firuzə Məmmədlinin poetik linqvistika ilə bağlı elmi tədqiqatları əks olunmuşdur. Azərbaycan poeziyasında antroponimlərin bədiilik imkanları, toponomik vahidlərin poeziyada daşıdığı funksiya araşdırılır. Müəllif qeyd edir ki,  klassik Azərbaycan poeziyasında işlənmiş toponimləri daşıdığı funksiya baxımından iki qrupa; tarixi informasiya malik toponimlər və estetik informasiya ifadə edən toponimlərə ayırmaq mümkündür. Müəllifin fikrincə, N. Gəncəvinin “İsgəndərnamə” poemasında adları çəkilmiş Çin, Bərdə, Dərbənd, Elburus, Xəzran kimi toponimlər, Qazi Bürhanəddinin poetik nitqində qarşılaşdığımız Türküstan, Səmərqənd, Qeysəriyyə, Rum, Şam, Ərzincan kimi yer adları tarixi hadisələrlə bağlı işlədilmişdir. Onomastik vahidlərin  digər növləri, kosmonimlər, zoonimlər, ideonimlər, daş-qaş adlarının poetik ifadə imkanları və işlənmə səbəbləri də müəllifin diqqətindən kənarda qalmır, bu onomastik vahidlərin klassik poeziyada daşıdığı məna yükü, görünməyən semantik xüsusiyyətləri analiz edilir.

III cildin “Azərbaycanın şimal-şərq bölgəsinin etnolinqvistik vahidləri” adlı bölməsində respublikamızın şimal-şərq rayonlarında yaşayan müxtəlif dilli xalqların etnik əlamətlərini əks etdirən sözlər tədqiq edilmişdir. Bölmənin I fəslində “Toy mərasimi leksikası” bölgəyə xas toy-nişan mərasimlərində istifadə edilən əşyalar, predmet kateqoriyalı sözlər, proses kateqoriyalı dil vahidləri, məişət, bər-bəzək əşyalarının adları və bu kimi yüzlərlə dil faktlarının etimoloji izahı verilmişdir. Maraqlıdır ki, müəllif təkcə toy mərasimlərinin ifadəçisi olan sözlərin etnolinqvistik şərhini verməmiş, həmçinin yas mərasimi leksikasını da izahlarla təqdim etmişdir.

Bölmənin II fəsli isə “Dini və milli bayramlarla bağlı etnolinqvistik vahidlər” adlanır.  Bu fəsildə müəllifin  xalqımızın qədim bayramlarından olan “Novruz” bayramının bütün mərhələlərini təsvir edən söz və ifadələrin elmi şərhi, dini bayramlarımızdan sayılan Qurban bayramı, Orucluq bayramı haqqında da maraqlı izahları təqdim edilir.

III fəsildə “Təsərrüfat həyatı ilə bağlı etnolinqvistik  vahidlər” fikir süzgəcindən keçirilir. Müasir ədəbi dilimizdə əkinçilik, bağçılıq, tərəvəzçilik, heyvandarlıq, atçılıq, maldarlıq, qoyunçuluq təsərrüfatları ilə bağlı işlənən və yaxud unudulmuş etnolinqvistik vahidlər elmi izahlarla şərh edilir.

Firuzə Məmmədli dərin elmi eridusiyası ilə Azərbaycan dilinin bütün sahələrinə nüfuz etmiş az saylı dilçilərimizdəndir. Alimin 2019-cu ildə nəşr olunmuş 502 səhifəlik Seçilmiş əsərlərinin X cildində  Elmi tədqiqat əsərləri bölməsinə nəzər saldığımızda onun bir alim kimi nə qədər məhsuldar olmasınının bir daha şahidi oluruq.

X cildin Azərbaycan ədəbi dili bölməsində müəllif müstəqilliyimizin ilk illərindən-90-cı illərdən  başlayaraq 2010-cu ilə qədər müasir Azərbaycan ədəbi dilində gedən prosesləri izləmiş, dil daşıyıcılarının sosial durumunun, yeni ictimai münasibətlərin Azərbaycan dilinə təsirini müəyyən etmişdir. Alim həmin dövrdə apardığı tədqiqatlara əsasən belə bir nəticəyə gəlmişdir ki, müstəqilliyin ilk illərindən başlayaraq dilimizə xarici dillərdən terminoloji vahidlərin kütləvi axını olmuş, ədəbi dil normalarına laqeyd münasibət göstərilmiş, reklam lövhələrində yad dillərin Azərbaycan dilinin üstələməsi prosesi başlamışdır. F. Məmmədəli müstəqilliyin ilk illərində  Azərbaycan ədəbi dilinin xüsusiyyətlərindən bəhs edərkən dilimizə daxil olmuş sözlərin işləklik səviyyəsini, dilimizdəki söz və ifadələrin məna xüsusiyyətləri, dilimizdəki alınmaların hansı sahələri əhatə etməsini, ədəbi dilimizdə olub, lakin müstəqillik dövründə dildə istifadədən qalan sözlərin unudulma səbəblərini də konkret dil faktları ilə göstərmişdir.

X cilddə “Azərbaycan dilində linqvistik ekvivalentlər” adlı bölmə də dilçiliyimizin az tədqiq olunmuş sahələrindən birinə həsr edilmişdir. Burada leksik ekvivalentlər, söz yaradıcılığı ilə bağlı ekvivalentlik, ideomatik ifadə və söz ekvivalentliliyi, qrammatik ekvivalentlilik kimi dilimizin linqvistik xüsusiyyətləri tədqiq olunmuşdur.

Firuzə Məmmədli təkcə alim deyil, həm də pedaqoqdur. X cilddə yer alan “Orta məktəblərdə Azərbaycan dili tədrisinin peşəyönümlü imkanları” adlı tədqiqatlar onun pedaqoji ustalığı və dilçi alim kimi yanaşmasının məhsuludur. Orta məktəblərimizdə Azərbaycan dilinin tədrisi zamanı şagirdlərdə peşə təsəvvürlərinin formalaşması yönündə aparılan işlərə elmi yanaşma demək olar ki, dilçi-pedaqoqların diqqətini cəlb etməmişdir. Lakin F. Məmmədli bu sahənin vacibliyini xüsusilə qeyd etmiş və tədris prosesində pedoqoji metodikanın şüurlu mənimsəmə baxımından peşəyönümlü mövzuların məktəbli balalarımızın dünya görüşünün genişləndirilməsinə, onlarda əməyə marağın artmasına, texnika ilə tanışlığına müsbət təsir edəcəyinə diqqət çəkir. Müəllif orta məktəb dərsliklərində əks edilmiş mövzuları tədqiq etmiş, konkret peşə sahələrinə aid  olan sözlərin izahını vermişdir.

X cildin yadda qalan bölmələrindən biri də “Azərbaycan dilində söz yaradıcılığı” adlanır.  Bu bölmədə  həm daxili, həm də xarici mənbələr hesabına dilimizin lüğət tərkibinin genişlənməsi yollarından,  Azərbaycan dilində söz və ifadə yaradıcılığının üsul və vasitələrindən bəhs  olunur.

“Azərbaycan dilində yeni sözlər. Bədii nitqdə söz və ifadə yaradıcılığı: Neologizim və okkozionalizmlər” adlanan sonuncu bölmə neologizmlərin yaranma, və inkişaf xüsusiyyətlərindən, onların okkozional imkanlarından danışılır.

Firuzə Məmmədlinin çoxşaxəli elmi tədqiqatlarını bir müəllif yazısı ilə təqdim etmək, ümumiləşdirmək və elmi təsvirini vermək mümkün deyil. Onun elmi tədqiqatları Azərbaycan dilinin leksik, qrammatik xüsusiyyətlərini özündə cəmləşdirən zəngin bir xəzinədir. Şübhə yoxdur ki, dilimizin qayda-qanunları, tarixi inkişaf mərhələlərini əks etdirən bu ensklopedik səciyyəli elmi əsərlər dilçilərin, alimlərin və Azərbaycan dilini araşdıran tədqiqatçıların hər daim üz tutduğu, mötəbərliyi ilə hər daim seçilən əsərlər kimi dilçilik tariximizdə qalacaqdır.

Bəhram Cəfəroğlu

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və

onun tədrisi texnologiyası kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru




Redaktorun seçimi

Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü

Elm və təhsil