USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Urvatsız AMEA və elmin yiyəsiz cənazəsinin təhqiri


https://img.baki-baku.az/news/2022/07/photo_7258.jpg

Əvəz Rüstəmov

_____________________________________________________________

AZTV-nin Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlı hazırladığı materialın və ölkənin ən istedadlı jurnalistlərindən biri sayılan cənab Mirşahin Ağayevin, rəhbərlik etdiyi “Real TV”də, bu elm ocağı ilə bağlı səsləndirdiyi fikirlərin üst-üstə düşməsi təsadüf deyil. Bəli, bu əməlli başlı kampaniyadır. Özü də kampaniya aparanlar o qədər tələsiyə düşüblər ki, iki telekanalı birdən işə salıblar, loru desəm, xoddayıblar. Əsl məqsədlərini gizlətməyi belə düşünməyiblər.

Medianın oyunlarda alət edilməsi hallarına öyərşikliyik. Ancaq hər şeyin bu dərəcədə açıq-açığına ortaya qoyulması, iki tanınmış televiziyanın eyni vaxtda məsələyə sırf mövqe qoyaraq qoşulması, ictimai rəyi yönləndirmək yox, ona tüpürməkdir. Yəni istədiyimizi edərik, heç kəsi saymırıq, kimisə, kimlərisə gözdən salmaq lazımdırsa, ağına-bozuna baxmadan vayına otururuq. Bu, olduqca qorxunc tendensiyadır.

AZTV-nin materialında AMEA-nın qarşısındakı parkda oturmuş ağsaqqalın söylədiyi ilə Mirşahin müəllimin dilə gətirdikləri eyni idi. Sanki sözləşmişdilər. Təxminən bu: alimlər nə edirlər etsinlər, gedib pul gətirsinlər, dövlətdən maaş almalı deyillər. Mirşahin məsələni bir qədər də dərinləşdirir və dolayısıyla bildirir ki, elmə xərclənən pul Qarabağın bərpasına yönləndirilməlidir. O, ən böyük investisiyanın elmə qoyulan sərmaye olduğunu düşünməyrək sanki məzələnir.

Yeri gəlmişkən, “Real TV”nin rəhbəri bir müddət öncəki bir başqa materialında AMEA-nın binasını göstərib bildirmişdi ki, indi elm adamları Qarabağda fundamental tədqiqatların aparılmasına girişməlidirlər. Yəni bölgənin bizə məxsusluğunu elmi cəhətdən daha dolğun şəkildə isbatlamalıdırlar. Mirşahin müəllim hələ bir qədər də irəli gedib alimlərin səhər saat doqquzdan axşam altıyadək AMEA-nın binasında oturmasına ehtiyacın duyulmadığını, dövrün dəyişdiyini, alimin hər yerdə öz funksiyasını yerinə yetirməli olduğunu vurğulamışdı. Ölkənin paradoksuna baxın ki, elm adamını elmə yönləndirən, istiqamət verən jurnalistdir...

Yəqin alimlər də Mirşahin müəllimin bu fikirləri ilə tanış olub saat altıyadək boş-boşuna işdə oturmaq istəməyiblər. Elə bu an AZTV AMEA-nın binasını kəsdirib və özünün keçmişdə qalmış ritorikasına əsaslanıb soruşub ki, nə üçün elm adamları saat altıda işdən çıxmırlar? Daha doğrusu, iş vaxtı bitməyib, bunlar niyə işdə deyillər? Hələ girib birinci mərtəbədə çəkiliş aparıb, ordakı sakitliyi işə laqeyd yanaşma kimi dəyərləndirib. Halbuki AMEA-nın institutları yuxarı mərtəbələrdədir. Bəlkə yazıq alimlər oturub elmi məqalələrini tamamlayırdılar? Nə isə, məsələ bunda deyil. Məsələ söylədiyim kimi, AMEA-ya nəyə görə vəsaitin ayrıldığı fikrinin qabardılmasındadır. Mövcud xüsusda bu qurumun ümumən ləğvi gündəmə gətirilir. Bəli, kimlərsə hesab edir ki, alimlər elmlə məşğul olmaq əvəzinə milçək qovurlar, müftə yerə dövlətdən maaş alırlar. İndi görüblər. ...və kəsmək lazımdır. Həmin vəsait hara yönlənsin? Əlbəttə, Qarabağa.

Bəli, Qarabağda böyük quruculuq işləri gedir. Zəngilanın Ağalısında ağıllı kənd salındı, ora məcburi köçkünlər yerləşdirildi. Proses davam edəcək. Şuşa tikinti meydançasına çevrilib, işğaldan azad edilmiş bölgələrimizin bir çoxunda hərbi hissələr inşa olunub. Hesablamalar aparılır, Qarabağın turizm potensialı ilə əlaqədar başgicəlləndirən rəqəmlər çıxarılır. Bizi nikbin gələcək gözləyir. Təbii, bunlar hamısı təqdir olunmalıdır. Amma elmə ayrılan pulun tikintiyə (bu an üçün tikinti-quruculuq işləri gedir. Olmamışam, amma bildirilir ki, Şuşada çox böyük hotelin tikintisi böyük sürətlə aparılır) yönləndirilməsini təklif etmək yumşaq desəm, bilmirəmnəlikdir. Təzə sözdür, təəccüblənməyin...

AZTV-dəki məlum materialdan sonra kimsə facebookda paylaşım edib bildirmişdi ki, telekanalın işçilərinin maaşları AMEA-nın institutlarındakı işçilərin maaşlarından çoxdur. Bəli, mən də əminəm ki, həmin materialda əlində mikrafon tutub var-gəl edən xanımın aylıq əmək haqqı AMEA-nın elm adına fəaliyyət göstərən bir çox əməkdaşlarının nəinki əmək haqqından, hətta bəzilərinin aylıq gəlirindən çoxdur. Hələ bu xanım telekanalın sıravi işçisidir. Allah hər kəsin qazancını bol eləsin, elə alimlərimizin, elm adamlarımızın da.

Amma bu ölkədə elm adamlarının, alimlərin, öz potensiallarını elmə sərf edənlərin qazancları bol deyil, gülüş doğuracaq dərəcədə azdır. AMEA-nın institutlarında çalışanlar həyat şəraitlərini təmin etmək üçün yüz yerə parçalanırlar. Bu tendensiyada ən abırlı iş pedaqoji fəaliyyət sayılır. Bir müddət əvvəl bir alimin o biri alim haqqında danosvari yazısını oxumuşdum. Həmkarının vaxtilə toylarda deyəsən qarmon, yaxud saz çalmasına ilişib öz aləmində onun saxta alimliyini isbatlamaq istəmişdi. Sonra məlum olmuşdu ki, bunu deyən adam özü vaxtilə bazarlarda tuman-köynək satırmış. Nə isə, sözüm bunda deyil. Ailə dolandırmaq üçün bütün vicdani üsullar məqbuldur, kiməsə istehza ilə yanaşmaq niyyətindən uzağam.

Sözüm odur ki, elmimiz elə indi də pis gündədir. AMEA sistemində çalışanların bir çoxu, xüsusən də kişi elm adamlarının başqa sahələrdə işləyib həyatlarını təmin etmələri halları geniş yayılıb. Baxın, Mirşahin qoca-qoca alimləri nümayişə qoyub AMEA-nı bir növ qocalar evi kimi təqdim edir. Yol göstərir ki, gedin, bulvarda nərd oynayın, domino çırpın. Soruşan lazımdır: elmdə cavan adamın nə işi var?

Tələbəlik vaxtı elmə böyük həvəs göstərən yoldaşlarımdan birinin biznesə girişdiyini eşidib təəccüblənmişdim. Sonra biznesdə uğur qazandığını öyrənib sevindim də. Ondan nə yaxşı elmi yox, biznesi seçdiyini soruşanda iki əlini yuxarı qaldırıb Allaha şükr etmişdi: “nə yaxşı orda qalmadım, indi 300 manat üçün akademiyanın pilləkanlarında təpik döyənlərdən idim”. Sualı ritorik qoymuşdum, cavabı bilirdim.

Bəli, Mirşahin müəllimin göstərdiyi belə demək mümkünsə, elm qocalarının əmək haqqları nisbətən yüksəkdir. Yüksək deyəndə ki, mənim xırda sahibkar olan tələbə yoldaşımın qazandığının yanında heç nədir. Amma o qocalar indiki gəlirlərinə nail olmaq üçün ömürlərini veriblər. Qoca vaxtında adam pulu neynəyir? Xərcləməyə yer də yoxdur. Pul cavan, indiki halda cavan alimlərə lazımdır. AZTV-nin təqdimatından belə nəticə hasil olur ki, onlara heç 300 manat da düşmür, işdə tapılmırlar, gedib başlarına çarə qılsınlar.

AZTV-nin materialındakı müsahiblər düz deyirdi. İki ağsaqqal danışmışdı. Guya elmi fəaliyyətinə sağdan, soldan, qabaqdan, arxadan maneçilik törədildiyini car çəkən, az qala səhərdən axşamacan işlədiyini gözə soxan elmi populizm və demoqogiyanın maraqlı nüsxələrindən biri olan ağsaqqalı nəzərdə tutmuram. O biri, nisbətən abırlı və hazırlıqlı ağsaqqal bildirdi ki, bəs elm ölkə üçün divident gətirməlidir. Hörmətli Mirşahin müəllim onun fikrini bir qədər də genişləndirib vurğulayır ki, elm ölkə iqtisadiyyatına töhfə verməlidir. Bəli, elm o səviyyəyə çatmalıdır ki, ölkə iqtisadiyyatına gəlir gətirsin. Dünyada da belədir. Başqa sözlə, alimlər elə ixtiralar, elə kəşflər, elə elmi yeniliklər etməlidirlər ki, Vətənlərini tanıtsınlar. “Real TV”nin rəhbəri təqdimatına “əcnəbi seyrə balonlarda çıxır” mesajını da daxil etmişdi. Amma dilinə gətirməmişdi ki, alimlərin elmi fəaliyyəti onların həyat şəraitlərini də yüksəltməlidir.

Gəlin, insafla danışaq, ayda 300-500 manatla yaşayan elm adamı necə həm elmə töhfə versin, həm də həyat şəraitini yüksəltsin? Məcburdu ora-bura qaçsın. Hələ ona-buna yalvarmağı demirəm. Kimə yalvarır? Bax Mirşahin müəllimin göstərdiyi qocalara. Yalvarır ki, ona başqa yerdə pul qazanması üçün vaxt tanısın, beyin çürütməsin və sair.

Elmimiz kimi, elm qocalarımız da özlərinin psixoz dövrlərini yaşayırlar, əsəb içərisindədirlər. Təxminən belə - mən bu yaşa əziyyət çəkib, kimlərinsə qarşısında sına-sına gəlmişəmsə, gərək gənclər də əziyyət çəksinlər, sınsınlar! Elm deyil, sanki əsgərlikdəki “dembil-maladoy” söhbətidir. Bəli, bu yerdə “Real TV”nin rəhbəri də AZTV də haqlıdır. Yəni hamısına aid olmasa da, qocalar elmin qarşısına sipər çəkirlər, gəncləri bezidirlər. Az əvvəl haqqında söz açdığım biznesmen dostumu da vaxtilə elmdən elə o qocalardan biri didərgin salmışdı. Amma indi həmin qocaya ona o zaman etdikləri pisliyə görə təşəkkürünü bildirir. Təsəvvürə gətirin, adam təşəkkürünü elmdən iyrəndirildiyi üçün edir. Bir ölkə üçün bundan acınacaqlı reallığı təsəvvürə gətirmək sadəcə mümkünsüzdür.

Yazımın bu yerində ölkəmizin iki nüfuzlu telekanalının AMEA əleyhinə hazırladıqları materiallardakı bir acınaqlı duruma da diqqət çəkmək istərdim. AZTV də, “Real TV” də Prezident İlham Əliyevin AMEA-nın 75 illiyi ilə bağlı çıxışındakı olduqca səmimi səslənmiş konseptual yanaşmalı fikirlərlə manipulyasiya yolu tutdu. Sağ olsun, Mirşahin müəllim məsələni AZTV kimi bəsit yox, jurnalist texnikasını işə salaraq qabartdı. Yekun nəticədə hər iki telekanal elə rəy formalaşdırdı ki, sanki ötən müddətdə alimlər dövlət başçısının sözlərindən nəticə çıxarmayıblar, onların tifaqı, yəni AMEA dağılmalıdır, yox olmalıdır!

Tutalım, AMEA olmayacaq, o qocaların da hamısı göndəriləcək təqaüdə, cavan nəslin elm adına olan barmaqla sayılacaq nümayəndələri Prezidentin tezis şəklində səsləndirdiyi fundamental fikirlərin reallaşması üçün nə isə edə biləcəklər? Onlara bu imkanı yaradan tapılacaq? Tutalım, maaşları polisin, hakimin, deputatın, vəkilin, məmurun demirəm e, jurnalistin maaşından yüksək olacaq? Axı məlumdur və reportajlarda da konkret hədəf və məqsəd çox aydın şəkildə ortaya qoyulur – kimsə, yaxud kimlərsə ümumiyyətlə istəmir ki, AMEA olsun. Bu qurumun belə desək, patronajlığı ilə elmə xərclənən vəsaitin başqa istiqamətə yönləndirilməsi istəyən qüvvə, maraqlı tərəf var. İstiqamət də dolayısıyla açıqlanır - Qarabağ. Yəni əsas Qarabağı bərpa etməkdir, elm gözləyər. Unudulur ki, Qarabağı həm də vaxtilə elmi gözlətdiyimiz, gözləməyə məcbur etdiyimiz üçün itirmişdik. Təəssüf, nəticə çıxarmamışıq.  

Reallıq budur ki, AMEA bu gün üçün müəmmadır. Sabah qurumun durumu necə olacaq, ona alternativ hansısa variantın tapılıb-tapılmayacağı, bilinmir. Neçə müddətdir, rəhbəri də seçilmir, tilsimlənib. Cəmiyyətdə bu vacib məsələlələrlə əlaqədar beş-altı dedi-qodu və kluar söhbətindən, mənafe qarşıdurmasının şaiyə şəklində yayılmış bilgilərindən başqa hər hansı müzakirə aparılmır. Yəni qurumun gələcək taleyinə ümumən elm ictimaiyyətinin ortaq mövqeyi yoxdur. Əvəzində fatihəsi oxunmuş elmin ortaya atılmış yiyəsiz cənazəsi sarsaq media materilları ilə təhqir edilir. Ən acınacaqlısı isə budur ki, bir alim, elm adamı da səsini çıxartmır. Allah bacarırsa, axırımızı xeyir eləsin.




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Əvəz RÜSTƏMOV