USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Dilimizin böyük alimi - Həsən Balıyev fenomeni


https://img.baki-baku.az/news/2021/03/photo_3133.jpg?v=MjAyMS0wMy0wNSAxOTowMjowMA==

Bəhram Cəfəroğlu, ADPU-nun
Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının baş müəllimi,
filologiya üzrə fəlsəfə doktoru

____________________________________

ADPU-nun professoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi, mərhum Həsən Balıyev  Azərbaycan dilinin tədrisi metodikasına aid sanballı elmi əsərlər həsr etmiş dilçi alimlərimizdən idi..

Professor Həsən Balıyevin elmi- pedoqoji yaradıcılığını nəzərdən keçirdikdə aydın olur ki, o, ana dilimizin morfologiyası, sintaksisi və üslubiyyatının orta məktəbdə tədrisi ilə bağlı bir çox elmi əsərlərin müəllifidir.

Onun müəllifi olduğu ”Orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikası(Bakı,1996)”, “Ana dilinin tədrisi metodikası(Bakı,1997)”, “Orta Məktəbdə Azərbaycan dilinin tədrisi metodikasından mühazirələr(Bakı,2007)” və 2015-ci ildə işıq üzü görmüş, oğlu f.ü.f.d. Adil Balıyevlə həmmüəllif olduğu “Azərbaycan dili I hissə” əsəri Azərbaycan dilinin tədrisinə aid yazılmış dəyərli elmi mənbələrdəndir.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra bir çox xarici ölkə vətəndaşlarının Azərbaycan universitetlərinə marağı artmağa başladı. Mövcud qanunverciliyə görə Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq üçün gələn xarici vətəndaşlar tədris dilini bilmədikləri halda, müvafiq dil hazırlığı keçdikdən sonra əsas təhsilə başlaya bilərlər. Bu məqsədlə universitetlərimizin bir çoxunda əcnəbi vətəndaşların Azərbaycan dili  və digər ixtisas fənləri üzrə hazırlıq kursunu təşkil etmək üçün Hazırlıq fakültələri, şöbə və mərkəzləri yaradılıdı. Yaradılmış Hazırlıq fakültələrində əsas yük Azərbaycan dili fənninin üzərinə düşürdü. Azərbaycan dilinin qrammatikasına aid kifayət qədər elmi ədəbiyyatın olmasına baxmayaraq, danışıq dili Azərbaycan dili olmayan vətəndaşlar, əcnəbi tələbələr, həmçinin qardaş Türkiyədən olan tələbələrimiz üçün yetərli ədəbiyyat yox idi. Professor Həsən Balıyev 1993-cü ildə “Azərbaycan Türkcəmiz”(türk tələbələri üçün dərs vəsaiti),”Azərbaycan dili”(qeyri-Azərbaycan təhsillilər və Azərbaycan dilini müstəqil öyrənənlər üçün dərs vəsaiti) kitablarını nəşr etdirir. Mərhum professor sonralar bu dərslikləri təkmilləşdirmiş, 2008-ci ildə “Azərbaycan dili”(türklər, ruslar,habelə müstəqil öyrənənlər üçün elektron dərslik) əsərini nəşr etdirmişdir.

Professor Həsən Balıyev ADPU-da  Filologiya fakültəsinin dekanı, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri vəzifələrində çalışmış, bununla belə ömrünün sonuna kimi əcnəbi tələbələrə yüksək peşəkarlıq və böyük şövqlə Azərbaycan dilini öyrətmişdi... Praktik cəhətdən hər gün əcnəbi tələbələrlə birbaşa ünsiyyətdə olması ona imkan vermişdi ki, Azərbaycan dilinin tədrisi zamanı qarşıya çıxan çətinlikəri aradan qaldıra, yazdığı dərslikdə əcnəbi tələbələr üçün ən vacib olan dil faktlarını təqdim edə bilsin. Bu mənada müəllifin “Azərbaycan dili” dərsliyi mükəmməlliyi ilə seçilir. Dərsliyin birinci mətni “İlk tanışlıq” adlanır. Mətndə Azərbaycana yenicə ayaq basmış bir anadolu türkü ilə azərbaycanlının dialoqu təsvir olunur. Təxminən iyirmiyə yaxın cümlədən ibarət olan bu mətndə “q”,”x”, “ğ”, “y” kimi spesfik səslərin; “yataqxana”, “təyyarə” və bu kimi fərqli dil vahidlərinin praktik istifadəsi üçün nümunələr verilir. Dərsliyin ikinci bölməsi “Azərbaycan dilində hərf və səs nisbəti” adlanır. İlk baxışda fərqinə varmasaq belə əcnəbilərin tələffüz edə bilmədikləri və məhz bu səbəbdən də tələbələrin tədris prosesi zamanı çətinliklərlə qarşılaşdığının şahidi oluruq. Bölmədə Azərbaycan türkcəsində işlənən “x”,”q”,”ə”, “k*” kimi səslərlə başlayan sözlər verilir, onların düzgün yazılışı və tələffüzü qeyd olunur. Müşahidələr göstərir ki, əcnəbi tələbələr fərqli səsləri çətinliklə öyrənir və ya tələffüz edir. Lakin əsərdə təqdim olunan materiallar bu işin ən asan yollarla öyrədilməsini mümkün edir. Bu mənada əsərdəki “Nəqliyyat vasitələri” adlı mətn bir tərəfdən Bakı şəhəri ilə tanış olmayan tələbəyə şəhərdə nəqliyyat növlərindən istifadəni izah edirsə, digər tərəfdən dilimiz üçün spesfik olan səslərin tələffüz vərdişlərini möhkəmləndirir.” Saitlər və onların bölgüsü”, “Saitlərin tələffüzündə keyfiyyət dəyişməsi”, “Samitlər və onların növləri”, “Samitlərin tələffüzünə aid qaydalar”, fonetik hadisə və qanunlara aid “Səsartımı və səsdüşümü məqamları”, “Heca və Vurğu” kimi bölmələr bütövlükdə Azərbaycan dilinin fonetikasının əcnəbi tələbələrə praktik cəhətdən mənimsədilməsinə hesablanmışdır. Adı çəkilən bölmələr maraqlı, aktual və praktik mətnlərlə əyaniləşdirilir. Buna misal olaraq “Maral əfsanəsi”, Xalidə Hasilovanın“Məhəbbət olanda”əsərini, B.Vahabzadənin “Şəhidlər”poemasından bir hissəni,”Azərbaycan dilində danışıq etiketi” mətnini misal göstərmək olar.

Azərbaycan və Türkiyə türkcəsinin türk dillərinin Oğuz qrupuna aid olması məlumdur. Buna baxmayaraq bir çox sözlərin fərqli məna daşıması, fəqli tələffüzü Türkiyədən olan tələbələr üçün müəyyən çətinliklər yaradır. Mərhum Həsən müəllimin əsərə daxil etmiş olduğu ”Azərbaycan dilində danışıq etiketi” mətni bu zərurətdən doğmuşdur.Türkiyə türkcəsində praktik və ya rəsmi müraciət, qohumluq münasibətlərini ifadə edən sözlər fərqlidir, Azərbaycanda Hazırlıq kursunu da nəzərə almaqla ən az beş il təhsil alacaq tələbənin ilkin mərhələdə  bu sözləri öyrənmək imkanı isə azdır. ”Azərbaycan dilində danışıq etirketi” mətnində yer almış “xala”,”bibi”, “dayıoğu” kimi qohumluq terminləri,”müəllim”, “doktor”, “bəy”, “xanım” kimi müraciət və çağırış zamanı istifadə edilən sözlərin istifadə qaydaları ustalıqla izah edilir.

Mərhum professorumuz Həsən müəllim bir dilçi fəhmi ilə Azərbaycan türkcəsi üçün  intensiv, lakin Türkiyə türkcəsində az işlənən və yaxud Anadolunun bəzi bölgələrində demək olar ki anlaşılmayan frazeoloji birləşmələrin müəyyənləşdirib əsərdəki mətnlər daxilində istifadəsini təmin etmişdir. Bu isə öz növbəsində hazırlıq mərhələsində tələbənin lüğət tərkibinin inkişafını təmin edirdi.

Belə bir deyim var dil tarixin yuvasıdır. Bu deyimi dil tarixi anlatmaq üçün ən yaxşı vasitədir kimi də başa düşə bilərik. Həsən müəllim dilimizi öyrədərkən tariximizi də öyrətməyi vacib sayırdi. Bu səbəbdəndir ki, “Azərbaycan dili” əsərinin V dərsi Sovet Rusiyası tərəfindən törədilmiş “Qanlı 20 Yanvar qırğını“, VI dərsi “Xocalı soyqırımı” adlanır. Mətndə hər iki faciə tarixi faktlarla tələbələrə anladılır.

Azərbaycan dilinin fonetikası, leksik xüsusiyyətləri tədris edildikdən sonra dilin qrammatikası, xüsusilə sintaktik xüsusiyyətləri öyrədilməlidir ki, əcnəbi tələbələr Azərbaycan dilində qrammatik cəhətdən düzgün cümlələr qursun. Bu mənada müəllifin Azərbaycan dilində qurulan sadə cümlənin məqsəd və intonasiyaya görə növlərini ayrı-ayrılıqda müşayətedici mətnlərlə dərsliyə daxil etməsi dilin mənimsədilməsində mühüm əhəmiyyət kəsb edir. Dərsliyin bu bölməsi ilə tanış olan əcnəbi tələbə öyrənir ki, Azərbaycan dilində cümlə hər hansı bir informasiyanı qarşı tərəfə ötürmək-nəql etmək, sual vermək, əmr-xahiş etmək, hiss və həyəcanını ifadə etmək məqsədi ilə qurulur. Bununla yanaşı müəllif Azərbaycan dilinin sintaksisinə aid bütün qrammatik qaydaları təqdim edir, onları praktik materiallarla izah edir. Əsərdə qeyd etdiyimiz mövzuları əhatə edən yüzdən artıq test vardır. Bölmənin sonunda verilmiş bu testlər professor Həsən Balıyevin özü tərəfindən tərtib olunmuşdur.

“Azərbaycan dili”əsərinin yazılmasından on ildən artıq vaxt keçmişdir. Lakin bu əsər öz praktik əhəmiyyətini bu gün də qoruyub saxlamaqdadır. Əcnəbi tələbələrin hazırlıq kursunda Azərbaycan dili fənnini tədris edən müəllimlər üçün əvəzsiz mənbədir.

Professor Həsən Balıyevin elmi irsi hər zaman elmi ictimaiyyətin diqqət mərkəzində olmuşdur. Onun yadigar qoyub getdiyi 42 kitabı, 200 dən artıq elmi və publisistik əqaləsi bu gün də  həvəslə oxunur,öyrənilir. ADPU-nun filologiya fakültəsinin dekan müavini, dosent Pəri xanım Paşayevanın nəfis tərtibatda çap etdirdiyi “ Həsən Balıyev” kitabı Həsən müəllimin ömür yolunu işıqlandıran ən dəyərli mənbələrdəndir. Həmin kitabda Həsən Balıyevin elmi-pedaqoji fəaliyyətini yüksək qiymətləndirmiş mərhum professor Əzizxan Tanrıverdinin “Ağsaqqallıq nümunəsi” adlı məqaləsindən bir neçə sətrə nəzər salaq ”Professor Həsən Balıyevin kimliyi və şəxsiyyəti barədə məqalə və kitablar yazılmalı, telefilimlər çəkilməli,əsərləri cildlər şəklində çap olunmalı-bir sözlə, onun xatirəsini əbədiləşdirmək üçün çox işlər görülməlidir...

İnanırıq ki, professor Həsən Balıyevin elmi irsi, şəxsiyyəti,bundan sonra da tələbələrin, elm adamlarının diqqət mərkəzində olacaq, onun dilçiliyimizə, ana dilimizin metodikasına həsr etdiyi əsərlərdən gələcək nəsillər faydalanacaqdır.




Redaktorun seçimi

Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Bəhram Cəfəroğlu