USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Borçalıdan başlayan bir ömrün hekayəsi...


https://img.baki-baku.az/news/2021/02/photo_2770.jpg

Bəhram Cəfəroğlu, ADPU-nun
Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının baş müəllimi,
filologiya üzrə fəlsəfə doktoru

________________________________________________________

“Elm məqsədi ilə el-obasını tərk edən və əldə etdiyi həmin elmlə batili haqq və zəlaləti hidayət ilə əvəz edən şəxsin gördüyü iş abidin qırx illik ibadətinə bərabərdir.” “Kənzül-Ümmal”dan oxuduğum bu hədis mənə ADPU-nun Azərbaycan dilçiliyi kafedrasinın professoru, tələbələrinin, həmkarlarının, əqidədaşlarının Nəbi müəllim kimi tanıdığı, mərhum Nəbi Əsgərovu xatırladır.

Nəbi müəllim 1956-cı il yanvar ayının 24-də Ulu Borçalının Meçitli Gorarxı kəndində anadan olmuşdu, elmə, təhsilə olan marağı, öyrənmək arzusu onu el-obasından uzağa, Bakıya - Azərbaycan Dövlət Pedaqoji Universitetinə gətirib çıxarmışdı. Əla qiymətlərlə oxumuş, fərqlənmə diplomu ilə məzun olmuşdu... Nəbi müəllim növbəti dəfə öz elindən öyrətmək üçün ayrı düşmüşdü... Təyinatını Ağdaşın Kotavan kəndinə almış Nəbi müəllim  iki il orta məktəbdə çalışıb. İslam Peyğəmbərinin “beşikdən qəbr evinə qədər öyrənin” kəlamı Nəbi müəllimin öyrətməklə bərabər öyrənmək idealları ilə üst-üstə düşürdü... Öyrənmək, daha çox öyrənmək arzusu 1982-ci ildə onu yenidən təhsil aldığı ocağa, ADPU-nun aspiranturasına gətirdi... Burada isə onu müəllimi, Azərbaycan Onomastika Məktəbinin yaradıcısı, akademik Afad Qurbanov hərarətlə qarşılayacaq,  gələcəyin alimi kimi yetişdirəcəkdi... O zaman Nəbi müəllimin cəmi iyirmi altı yaşı vardı... İllər sürətlə keçəcək, Nəbi müəllim akademik Afad Qurbanovun rəhbərliyi ilə aspiranturanı bitirəcək, elmlər namizədi, ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının müəllimi, baş müəllimi, dosenti, professoru olacaqdı... Bu illər ərzində Nəbi müəllim  Azərbaycan dilçilik elminin inkişafında xidmətlər göstərəcək, dilçilik elminin ən aktual sahələrinə monoqrafiyalar həsr edəcəkdi... Onun Azərbaycan Onomastikasına həsr edilmiş yüzdən artıq məqaləsi, onlarla monaqrafiyası vardır. “Azərbaycan hidronimləri” Bakı, 2002; “Xətai rayonu: mənəvi dünyası, keçmişi, bu günü” Bakı, 2003; “Areal türk onomastik vahidlərinin linqvistik xüsusiyyətləri” Bakı, 2003;  “Azərbaycanın makrotoponimləri” Bakı, 2009 kimi  böyük həcmli monoqrafiyalar Nəbi müəllimin Azərbaycana, Azərbaycan dilçiliyinə göstərdiyi xidmətinin göstərcisidir. Bu monoqrafiyalar içərisində  Nəbi müəllimin 2009-cu ildə qələmə aldığı “Azərbaycanın makrotoponimləri” monoqrafiyası xüsusi çəkiyə malikdir. Beş yüz səhifədən ibarət bu monoqrafiyada  Azərbaycanın şəhər və rayon adlarının tarixi-coğrafi, linqvistik təhlili, elmi izahı verilmişdir.  “Azərbaycanın makrotoponimləri” əsərində Respublikamızın paytaxtı Bakı şəhəri də daxil olmaqla 64 səhər və rayonun, o cümlədən Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri də daxil olmaqla 8 şəhər və rayonunun adı tutarlı elmi faktlarla, tarixi elmi mənbələrə istinad edilməklə şərh edilir. Əsərin elmi dəyərini artıran xüsusiyyətlərindən biri də 27 il təcavüzkar qonşularımız tərəfindən işğala məruz qalmış, yalnız 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Mühribəsi nəticəsində azad edilmiş şəhər və rayonlarımızın da adının elmi izahının olmasıdır.

Ağdam, Füzuli, Kəbəcər, Qubadlı, Laçın, Zəngilan, Xankəndi, Ağdərə, Xocavənd kimi şəhər və rayonlarımızın adlarının tarixi-linqvistik aspektdə tədqiq edilməsi təkcə dilçiliyimiz üçün deyil, həm də tariximiz üçün əhəmiyyətlidir. Nəbi müəllimin əsərdə qədim Azərbaycan şəhəri olan Xankəndi toponiminə aid qeydlərinə nəzər salaq: “...Xankəndi oykoniminin semantikasını “el başçısına”, ”ağaya”, ”hökmdara” məxsus “yaşayış məskəni” kimi izah edə bilərik”. Bu elmi izah üçün istinad edilmiş mənbələr dəqiq, mötəbər mənbələrdir. Heç təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci ildə Münhen Təhlükəsizlik Konfransında Xankəndi sözünün türk mənşəli söz olduğunu, Azərbaycan türklərinin tarixən yaşadıqları yurdu öz dilimizdə adlandırdığını söyləmişdir.

Nəbi müəllim ömrünü, bütün həyatını öyrənməyə, öyrətməyə həsr etmiş insan idi, elm yolu ilə getmək, qaranlıqları aydınlatmaq onun vəzifəsi, Cənubu, Şimalı, Qərbi və Şərqi ilə Bütöv Azərbaycan, Azərbaycan dövləti, Azərbaycan xalqı isə onun sevdası idi... Vətən sevgisi onu məcbur etmişdi ki, Azərbaycanın ən ağır günlərində  Ümummilli Liderimiz Heydər Əliyevi Azərbaycanın, xalqımızın xilası üçün Bakıya dəvət etmiş “91-lər siyasi hərəkatına” qoşulsun, Ümumilli Lider Heydər Əliyevin qayıdışı üçün Ulu Öndərə  müraciət etsin...

Nəbi müəllim ictimai-sosial həyatda da fəal olmus, Azərbaycanda keçirilmiş ilk bələdiyyə seçkilərində iştirak edərək Bakı şəhəri, Xətai rayonunun Bələdiyyə sədri vəzifəsinə seçilmiş, bir müddət ADPU-nun “Dədə Qorqud Elmi-Tədqiqat Laboratoriyasi”nin müdri vəzifəsində çalışmış, eyni zamanda Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Borçalı və digər bölgələrdə dövlət əhəmiyyətli tədbirlərin təşkilatçısı kimi də fəaliyyət göstərmişdir..

Nəbi müəllim kamil insanın sahib ola biləcəyi mərifət, məhəbbət, mərhəmət, ədalət kimi dörd vacib xüsusiyyəti özündə cəmləşdirən xarakterə malik idi.

Onun mərifəti elmində, mərhəməti rəhbərlik etdiyi müəssisələrdə işçilərə olan münasibətində, məhəbbəti Vətəninə bağlılığında, ədaləti isə üzv olduğu komissiyalarda  seçimində, verdiyi səsində idi... Bu xüsusiyyətləri şəxsən Nəbi müəllimdə görmüşdüm..

Onun elmini az öncə bəhs etdiyim elmi əsərlərinin səhifələrində, ədalətini 2017-ci ildə ADPU-da keçrilmiş müəllimlərin seçimində, mərhəmətini elmi işçisi olduğum “Dədə Qorqud Elmi-Tədqiqat Laboratoriyasi”nin müdri vəzifəsində işləyərkən, Vətənə, Azərbaycana məhəbbətini isə onunla həmsöhbət olduğum zaman yaxından müşahidə etmişdim...

2020-ci il iyun ayının 21-i Nəbi müəllimin dünyadan köçməsi xəbərini eşidəndə bir anlıq yerimdə donub qaldım...Sarsıldım...İnana bilmədim.. Necə ki illər öncə Nəbi müəllim ustadı, elmi rəhbəri, akademik Afad Qurbanovun ölüm xəbərini eşitdikdə inana bilməmişdi...

Nəbi müəllim ömrünün 40 ilini öyrənməyə, öyrətməyə həsr etmişdi, əldə etdiyi elmlə batili haqqa, zəlaləti hidayətə çevirmişdi...Onun qələmlə, kitabla Azərbaycan elminə, xalqımıza göstərdiyi xidmət inşallah ki, Tanrı qatında ibadət kimi qəbul olunar...

Yeriniz uçmaq olsun, Nəbi müəllim, heç şübhəm yoxdur ki, yazdığınız kitablar, elminizlə işıqlandırdığınız gənclər sizin mənəvi varlığınızı hər daim  xatırladacaqdır.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Bəhram Cəfəroğlu