USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Toivo Klaar: “Hikmət Hacıyev və Armen Qriqoryan bütün məsələlərin geniş spektrini nəzərdən keçirdi” - MÜSAHİBƏ


  • Region
  •  11:42 01.04.2022
  •  227
https://img.baki-baku.az/news/2022/04/photo_6667.jpg

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaarın APA-ya müsahibəsi

- Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə texniki dəstək verməyə hazır olduğunu bildirib. Cənab Klaar, bu barədə ətraflı danışa bilərsinizmi, Avropa İttifaqı hansı konkret dəstəyi təklif edir?

- Bəli, haqlısınız. Bu xüsusi məsələ son bir ildə, xüsusən də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Ermənistan və Azərbaycan liderləri ilə şəxsən görüşündə də Aİ-nin vasitəçilik səylərinin gündəmində olub.

Bu kontekstdə qeyd etməyə şadam ki, iki gün öncə Brüsseldə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev arasında görüşün təşkilinə kömək etmişəm.

Bu tədbir hər iki ölkə arasında həllini tapmamış problemlərin həlli istiqamətində birgə səyləri davam etdirmək və inkişaf etdirmək məqsədi daşıyırdı. İştirakçılar Aİ və hər iki ölkə liderlərinin 2021-ci ilin dekabrında Brüsseldə keçirilmiş görüşündə əldə olunmuş anlaşmaların davamı olaraq regiondakı siyasi və təhlükəsizlik vəziyyəti və Ermənistanla Azərbaycan arasında bütün məsələlərin geniş spektrini nəzərdən keçirdilər. İştirakçıların növbəti həftələrdə yenidən görüşmək barədə razılığa gəlməsindən məmnunam.

Bu müzakirələrdə həmçinin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında 2022-ci il aprelin 6-da Brüsseldə keçiriləcək növbəti görüşə hazırlıqla bağlı müzakirələr aparıldı.

- Siz Xüsusi Nümayəndə olaraq tez-tez regiona səfər edirsiniz, Bakıda və İrəvanda yüksək səviyyəli görüşlər keçirirsiniz. Bu görüşlərdən şəxsi təəssüratlarınız necədir?

- Doğrudur, mən hər iki ölkənin rəhbərliyi ilə yüksək səviyyəli məsləhətləşmələr aparmaq üçün Bakıya və İrəvana tez-tez səfər edirəm. Bu imtiyazlı söhbətlər və fikir mübadilələri bizə vəziyyəti daha yaxşı başa düşməyə, həmçinin Aİ-nin harada yardım göstərə biləcəyini daha yaxşı anlamağa imkan verir və öz növbəsində, rəhbərliklərin Aİ ilə daha sıx əməkdaşlıq etmək istəyinə uyğun olaraq tədbirlər görməyə imkan verir.

Bu görüşlərdən təəssüratlarım əsasən müsbətdir. Mən hər zaman ən yüksək səviyyədə qarşılanmaq şərəfinə nail oluram ki, bu, tərəflərin ciddi şəkildə bu prosesdə iştirakının əlaməti kimi Brüsseldə çox yüksək qiymətləndirilir. Ümid edirəm ki, bizim fəaliyyətimiz hər iki ölkə arasında bütün həllini tapmayan məsələlərin kompromisli həll yollarının tapılması üçün daha çox addımların atılmasına töhfə verəcək və Aİ bu istiqamətdə səylərini şübhəsiz ki, davam etdirəcək.

- Azərbaycanın Xarici İşlər Nazirliyi bu yaxınlarda rəsmi Bakının İrəvana münasibətlərin normallaşdırılması üçün beş bəndlik təklif təqdim etdiyini açıqlayıb. Bu təkliflə tanışsınızmı, tanışsınızsa, fikriniz necədir?

- Bəli, bu təklif martın 14-də ictimaiyyətə təqdim edildi. Regionun digər kütləvi informasiya vasitələrinə verdiyim daha öncəki şərhlərimdə də qeyd etdiyim kimi, beynəlxalq ictimaiyyətdə bir çoxu kimi Avropa İttifaqı da münaqişə ilə bağlı məsələlərin hərtərəfli həllinin vacibliyini vurğulayır. Bu mənada, bu istiqamətdə hər hansı bir addım alqışlanır.

Şübhəsiz ki, Azərbaycanın təklifi vacibdir, elə həmin gün Azərbaycanın təklifinə Ermənistanın cavabı da vacibdir. Yenə də Avropa İttifaqının vacib hesab etdiyi şey, bu addımların hərtərəfli nizamlanma üçün, müzakirələr üçün əlverişli mühitə töhfə verməsidir.

- Erməni silahlı dəstələri Azərbaycanın Qarabağ bölgəsində yerləşir və bu, Ermənistan, Azərbaycan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatın 4-cü bəndinə ziddir. Qarabağın hərbiləşdirilməsi davam edərsə, sülh necə mümkün olacaq?

- İcazə verin, təmas xətti yaxınlığında baş verən son hadisələrlə bağlı ciddi narahatlığımızı bir daha qeyd edim. Atəşkəs rejiminə hörmət edilməlidir. Aİ sabit və dinc mühitin təmin edilməsi məqsədilə birbaşa müzakirələrin aparılması və gərginliyin azaldılması üçün ən yüksək səviyyədə bu məsələ ilə məşğul olmağa davam edir.

Baxmayaraq ki, biz bütün tərəfləri 2020-ci ilin noyabr ayında imzalanmış üçtərəfli bəyanata əsasən öz öhdəliklərinə hörmət etməyə çağırsaq da, onu da vurğulamaq istəyirəm ki, Aİ bu bəyanatı imzalayan tərəf deyil və onun icrasını nəzərdən keçirmək iqtidarında deyil.

- Ukraynadakı müharibə Aİ və Rusiya arasında Qarabağla bağlı müzakirələrə necə təsir edir? Sizcə, Avropa İttifaqı Cənubi Qafqazda sülhə nail olmaq üçün səylərini gücləndirməli deyilmi?

- Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Aİ-nin Xüsusi Nümayəndəsi kimi mən keçmişdə Moskva ilə, xüsusən də Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri ilə müntəzəm məsləhətləşmələr aparmışam. Bu təmaslar hazırkı müharibədən çox təsirlənir.

Artıq qeyd etdiyim kimi, Aİ son bir ildə Ermənistan və Azərbaycanla ən yüksək səviyyədə, xüsusən də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin şəxsi iştirakı ilə, həmçinin Avropa komissarlarının yüksək səviyyəli görüşləri ilə mənim səfərlərim və Nümayəndəliklərimizin hər iki ölkədə gördüyü gündəlik işlər səviyyəsində təmasdadır, işləyir.

Tərəflər Aİ-ni region üçün müsbət gündəmi olan dürüst bir vasitəçi kimi qəbul edirlər ki, biz də bunu qiymətləndiririk. Sizi əmin edə bilərəm ki, Cənubi Qafqazda dayanıqlı sülhə nail olmaq üçün səylərimiz çox yüksək səviyyədə qalacaq.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Region