USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Prezident İlham Əliyev Balaxanıda sakinlərlə görüşdə ÇIXIŞ


https://img.baki-baku.az/news/2020/09/photo_1032.jpg?v=MjAyMC0wOS0yMyAxODoxMTo0Mg==

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 23-də Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar.

AZƏRTAC Prezident İlham Əliyevin Balaxanı qəsəbəsinin sakinləri ilə söhbətindən növbəti məqamları təqdim edir:

İlham Əliyev: Balaxanı kəndinin yeni dövrü başlayır

“Balaxanı kəndinin yeni dövrü başlayır. Mən bu münasibətlə sizi təbrik edirəm. Bilirsiniz ki, Balaxanı kəndinə mənim xüsusi diqqətim var. Hələ bir neçə il bundan əvvəl o məşhur Balaxanı zibilxanasının təmizlənməsi, aradan qaldırılması artıq burada görülən ekoloji işlərə start verdi. Çünki bu, həm Balaxanı sakinlərinə böyük əziyyət verirdi, həm də bütövlükdə Bakı şəhərinin sakinlərinə çox mənfi təsir edirdi”.

“Vaxtilə zibilxana olmuş yer indi gözəl bir poliqona çevrilib və iş yerləri yaradılıb. Sənaye parkı fəaliyyət göstərir, zibilyandırma zavodu fəaliyyət göstərir. Eyni zamanda, onun yanında yerləşən Böyükşor gölünün böyük hissəsi artıq təmizlənib və gölün üzərindən yol da çəkilib. Ona görə indi gediş-gəliş üçün də yaxşı imkanlar yaradılıb”.

“Bütün işlər böyük məhəbbətlə, zövqlə görülübdür. Həm infrastruktur layihələri, kanalizasiya, insanların rahatlığı üçün yaradılmış şərait, elektrik xətləri, binaların təmiri, dam örtükləri, yollar, küçələr estetik görünüş - bütün bunlar bir məqsədlə edilir ki, burada yaşayan insanlar özlərini rahat hiss etsinlər, onlar üçün yaxşı şərait yaradılsın. Eyni zamanda, iş yerləri yaradılıbdır. Mənə verilən məlumata görə, burada yaşayan vətəndaşlar işlərə cəlb olunub. Onlar ağaclar, güllər, kollar yetişdirirlər və eyni zamanda, digər yerlərdən də gəlib burada işləyənlər var. Bütövlükdə bu abadlıq işlərində minə yaxın insan işlə təmin edilib”.

Növbə Bibiheybətindir

“Aparıcı beynəlxalq maliyyə qurumları qeyd edir ki, Azərbaycanda neft insanların rifah halının yaxşılaşmasına xidmət göstərir. Çünki indi yoxsulluğun, işsizliyin azaldılması bunun bariz nümunəsidir. Çünki bəzi hallarda neftlə zəngin olan ölkələrdə işsizlik baş alıb gedir, səfalət, sosial ədalətsizlik və digər problemlər o ölkələrin cəmiyyətlərində ciddi hal alır. Amma Azərbaycanda neft insanların inkişafına, ölkəmizin inkişafına xidmət göstərir”.

“Balaxanı dünyanın ən qədim neft mərkəzidir - Balaxanı və Bibiheybət. Dünya neft hasilatı buradan başlayıb. İndi Bibiheybət qəsəbəsində də oxşar layihə icra edilir, orada biz, ilk növbədə, Bibiheybət buxtasını təmizlədik. Yadınızdadır nə gündə idi? Adam baxanda dəhşətə gəlirdi, qapqara, bütün torpaq qara, dəniz qara, o buruqlar, o dirəklər hamısı qara və elə bil ki, ekoloji fəlakət zonası idi. Amma bu gün orada park salınıb, biz Avropa Oyunlarını orada keçirdik. İndi marafon başlayır, orada incəsənət şəhərciyi, idman şəhərciyi yaradılıb, ölkəmizin ən böyük idman hovuzu orada yaradılıb, bulvar yaradılıb. İkinci mərhələ isə Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır”.

“Bibiheybətdə o vaxt mən göstəriş verdim, dedim ki, bütün dünya bilməlidir ki, birinci neft quyusu burada qazılıb. Amma bunu əks etdirən hər hansı bir abidə var? Yoxdur. Ona görə təklif etdim və orada qədim əşyalardan, tikinti materiallarından neft buruqları maket kimi, abidə kimi yaradıldı. İndi xaricdən gələn qonaqlar gəlirlər, görürlər ki, dünyanın ən qədim neft quyusu harada qazılmışdır. Mən bu yaxınlarda demişəm, əgər o vaxt Azərbaycan müstəqil olsaydı, o vaxt əgər o neft bizim xalqımıza çatsaydı, bu gün biz dünyanın ən zəngin ölkəsi ola bilərdik. Amma biz müstəqillik əldə edəndə Balaxanı, Bibiheybət ekoloji fəlakət şəraitində idi. Ona görə bu gün biz bu yerləri ekoloji fəlakət zonalarından ekoloji cənnət zonalarına çevirməliyik və bunu edirik”.

***

"Balaxanıya turist axını qəsəbə sakinləri üçün yeni imkanlar yaradacaq"

“Bu, işlərin birinci mərhələsidir. Ancaq hələ görüləsi işlər çoxdur və bunları da biz tədricən edəcəyik. Bir daha demək istəyirəm ki, əsas məqsəd Balaxanıda – ölkəmizin qədim yaşayış məskənində insanlar rahat, daha yaxşı yaşasınlar, işlə təmin olunsunlar, ekoloji vəziyyət yaxşı olsun, hava təmiz olsun, su təmiz olsun. Əlbəttə ki, tarixi abidələrin bərpası və aşkarlanması da məqsədlərdən biri idi. Bu gün mənə göstərilən tarixi abidələrin bəziləri yerin altında idi, o cümlədən qum hamamı, digər abidələr - XIV əsrdə, sovet vaxtında tikilmiş abidələr, onlar da bizim milli sərvətimizdir. Bu abidələr bir daha onu göstərir ki, bu kəndin çox qədim tarixi, qədim mədəniyyəti var, çünki ancaq yüksək mədəniyyətə sahib olan insanlar belə tikililər inşa edə bilərdilər.

Əlbəttə ki, qəsəbənin gələcək inkişafı ilə bağlı fikirlər var. Artıq həm Bakı sakinləri, həm digər şəhərlərdən insanlar buraya gəlirlər, istirahət edirlər, gəzirlər, şəkil çəkdirirlər. Mənə verilən məlumata görə, xarici mətbuatda Balaxanı ilə bağlı məlumat dərc edilir, Avropada, Rusiyada maraq böyükdür. Əlbəttə ki, turistlərin axını daha böyük olacaq. Bu da qəsəbə sakinləri üçün yeni imkanlar yaradacaq. Çünki yaxşı olardı ki, qəsəbə sakinləri turizmlə bağlı olan məsələlərdə fəal olsunlar və bu imkanlardan istifadə etsinlər, turizm xidmətlərini qonaqlara təqdim edə bilsinlər.

İndi bir çox inkişaf etmiş ölkələrin şəhərlərində, kiçik qəsəbələrdə, tarixi yerlərdə yerli sakinlər turizm işlərinə qoşulurlar, həm pul qazanırlar, həm öz tarixi, mədəniyyəti haqqında məlumat verirlər, eyni zamanda, turistlər üçün də gözəl şərait yaradırlar. Ona görə bu, artıq insanların özlərindən asılı olacaq. Dövlət də lazımi kömək göstərəcək. Burada ictimai iaşə obyektləri, kafelər, çayxanalar, turistləri cəlb edə biləcək digər obyektlər zövqlə yaradılsın ki, həyat burada fəal olsun və insanlar daha yaxşı yaşasınlar və xaricdən gələn qonaqlar bu gözəlliyi görə bilsinlər.

Mən bunu demişəm, siz də yaxşı bilirsiniz ki, Balaxanının çox böyük tarixi var. Ancaq bu tarix bir növ kənarda qalmışdı. Çünki burada həm ekoloji vəziyyətin pis olması, yolların bərbad vəziyyətdə olması və digər problemlər imkan vermirdi ki, hətta Azərbaycan vətəndaşları da Balaxanı haqqında dolğun məlumata malik olsun. İndi isə Balaxanı dünya mətbuatında özünə yer tapıb və bu, hələ başlanğıcdır. Ona görə biz Mehriban xanımla gəlmişik. Mən demişdim ki, özüm gəlib baş çəkəcəyəm, görülən işlərlə tanış olacağam. İşlərin böyük hissəsi artıq görülüb, görüləcək işlər Balaxanının inkişafına daha da böyük təkan verəcəkdir”

Hər bir qəsəbədə aparılan abadlıq işləri gərək yerli sakinlərlə də müzakirə olunsun

Prezident bunları bildirib: “Əlbəttə ki, bizim planlarımızda digər qəsəbələrdə görüləcək işlər var, artıq müvafiq göstərişlər verilib. İlkin mərhələdə haradasa 7-8 qəsəbədə buna oxşar layihələr icra ediləcək. Hər bir qəsəbənin özünə məxsus olan memarlıq üslubu, tarixi görünüşü var. Ona görə hər bir qəsəbədə aparılan abadlıq işləri, görüləcək işlər gərək yerli sakinlərlə də müzakirə olunsun”.

İlk növbədə, sakinləri narahat edən problemlər, necə ki, burada infrastruktur – kanalizasiya, dam örtükləri, binaların təmiri, elektrik xətləri, yəni insanların gündəlik tərzdə ünsiyyətdə olduğu digər məsələlər həll olunur və eyni zamanda, təmir-bərpa işləri də mütləq yerli sakinlərin iştirakı ilə, ağsaqqalların tövsiyəsi ilə aparılmalıdır. Çünki ağsaqqallar bu kəndlərin tarixini yaşadırlar, o tarixin canlı şahidləridir və eyni zamanda, gənc nəsil də buna qoşulur ki, hər bir kəndin özünə xas olan görüntüsü olsun”.

“Mən dəfələrlə demişəm, hələ Prezident kimi fəaliyyətə başlayanda demişdim ki, “qara qızılı” insan kapitalına çevirməliyik. Bax budur, “qara qızıl” insan kapitalıdır. İnsanların rifah halı, sağlamlığı, rahatlığı, təhlükəsizliyi üçün biz neftdən gələn gəlirlərdən istifadə etdik və bu gün deyə bilərəm ki, dünya miqyasında neftlə zəngin ölkələr sırasında bax bu siyasətə görə qabaqcıl yerlərdəyik.




Redaktorun seçimi

Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Prezident