- Daxili siyasət
- 09:37 20.09.2024
Hayastan mediasının tirajladığı xəbərlərə görə, Londonda keçirilən Ermənistan və Böyük Britaniya arasında ikitərəfli strateji məsləhətləşmələrdən sonra bu iki ölkə arasında 2023-2024-cü illər üçün hərbi əməkdaşlıq proqramı imzalanıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, Ermənistan Müdafiə Nazirliyinin müdafiə siyasəti və beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Levon Ayvazyan britaniyalı həmkarlarına İrəvanın irəli sürdüyü “dünyanın kəsişməsi” layihəsini də təqdim edib. Məsləhətləşmələr zamanı ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Sənəddə qeyd olunub ki, Ermənistan və Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq ingilis dilini öyrənən erməni hərbi və polis zabitlərinin sayının artması, böyük və kiçik komandanlıq və idarəetmə heyəti üçün Böyük Britaniyada təlim kurslarında yerlərin artırılması, həmçinin mina təhlükəsi ilə bağlı çoxmillətli sülhməramlılıq və yardım proqramları ilə yanaşı, dərinləşməkdə davam edir. Bundan əlavə, tərəflərin tezliklə hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq haqqında saziş bağlayacağı bildirilir. Böyük Britaniyanın Avropa məsələləri üzrə nazirinin də Ermənistana səfəri gözlənilir.
İrəvan–London təmaslarının ikitərəfli sülh danışıqlarının həlledici mərhələyə qədəm qoyduğu məhz indiki məqamda fəallaşması müəyyən suallar doğurmaya bilməz.
Dünən Şimali Makedoniyanın paytaxtı Skopyedə öz işinə başlayan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclası başlamazdan öncə Ermənistan xarici siyasət idarəsinin başçısı Ararat Mirzoyan “çox isti” ikitərəfli görüşlər keşirib. Verilən məlumatlardan belə nəticə hasil olur ki, Mirzoyan ABŞ Dövlət katibi Antoni Blinkenə və Böyük Britaniyanın xarici işlər naziri Devid Kemerona Azərbaycandan şikayət edib. Onlara Qarabağ ermənilərinə qarşı “etnik təmizləmə”dən, “Bakının sülh danışıqlarında qeyri-konstruktiv” mövqe tutmasından danışıb. Bundan başqa, hayların baş diplomatı Ermənistan hökumətini hazırladığı “dünyanın qovşağı” kimi regional proqramdan söz açıb, onun reallaşması nəticəsində, guya, Cənubi Qafqazda sabitliyin əldə olunacağını xüsusi qeyd edib.
Aydın məsələdir ki, rəsmi İrəvanın məqsədi Qərbin aparıcı dövlətlərinin Azərbaycanla normal əməkdaşlığını pozmaq, ikitərəfli münasibətləri gərginləşdirməkdir. Əslində, Ararat Mirzoyanın Skopyedəki “səhnə arxasında” keçirdiyi görüşlərin və Antoni Blinkenə, Devid Kemerona verdiyi “dezinformasiyaların” məqsədi bundan ibarətdir. Ermənistanın “böyük bacısı” Fransa ilə münasibətləri və ondan aldığı hərtərəfli dəstək hamıya məlumdur. İntəhası, indi İrəvan ATƏT üzvü olan digər ölkələrlə təmasları intensivləşdirməyə, onların baş diplomatları ilə “izahat işini” gücləndirməyə ciddi “ehtiyac duyur”. Yeri gəlmişkən, Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov ATƏT Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçirilən 30-cu iclası çərçivəsində Macarıstanın Xarici işlər və ticarət naziri Peter Siyarto, İsveçin Xarici işlər naziri Tobias Billström, Bosniya və Herseqovinanın Xarici işlər naziri Elmedin Dino Konakoviç və NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə ikitərəfli görüşlər keçirib. C.Bayramov onlarla gündəlikdə duran məsələləri, qurumun cari vəziyyəti və perspektivlərini, həmçinin regionda cərəyan edən son hadisələri müzakirə edib.
* * *
Azərbaycan üçün maraq kəsb edən əsas məsələ Fransa, Hindistan və ABŞ-dən sonra Böyük Britaniyanın da Ermənistana “qucaq açmasıdır”. London Ermənistana sərhədlərinin təhlükəsizliyini gücləndirməsi adı altında hərbi-texniki dəstək verməyə başlayıb. Əlbəttə, hadisələrin bu məcrada inkişafı Bakının Londonla birgə gerçəkləşdirdiyi nəhəng və strateji layihələrə təsir göstərmək gücündə deyil. Bəlkə də, Ermənistan və Böyük Britaniya arasında hərbi sahədə əlaqələrin intensivləşməsinin arxasında Londonun sadəcə Cənubi Qafqazda cərəyan edən proseslərdən kənarda qalmamaq istəyi dayanır.
Ermənistan özünü Qərbi Avropa təhlükəsizlik qüvvələrinin tərkib hissəsinə çevirməyə çalışması başadüşüləndir. Amma onun bununla eyni vaxtda Rusiyadan uzaqlaşmaq və “KTMT-nin buxovundan” qurtulmaq üçün gizli səyləri də yaddan çıxarılmamalıdır. Bu baxımdan Rusiya Xarici işlər naziri Sergey Lavrovun ATƏT XİN Şurasının iclasında çıxışı zamanı dediklərini olduğu kimi qəbul etmək lazımdır: “Təəssüf ki, hazırda ATƏT Avropada NATO və Aİ-nin əlavəsinə çevrilib. Bu təşkilatın perspektivi ilə bağlı suallar isə cavablardan daha çoxdur”. Toplantısı çərçivəsində Sergey Lavrov və Ararat Mirzoyan arasında görüş zamanı maraqlı anlar yaşanıb. Lavrov erməni həmkarından görüşdə Ermənistanın Avstriyadakı səfiri və ATƏT-dəki nümayəndəsi Armen Papikyanın iştirak etməməsinin səbəbini soruşub. Mirzoyan “bildiyim qədəri buna ehtiyac olmayıb” – cavabını verib. S.Lavrov isə Mirzoyana “səfiriniz müstəqildir, təlimatsız işləyir?” – ritorik sualı ilə reaksiya verib.
Yəni, görünən odur ki, İrəvan indiki durumda Qərblə hərbi və hərbi-texniki sahələrdə əlaqələrini genişləndirməyə çalışır. Onun Fransadan sonra Böyük Britaniya ilə də əməkdaşlıq haqqında oxşar sənədin imzalanmasına nail olması uzaq məqsədlərindən xəbər verir. Böyük Britaniyaya gəldikdə isə London tarixin sınağından çıxmış gizli “diplomatik gedişləri” də daxil olmaqla, nəinki “köhnə qitədə”, eləcə də bütün dünyada baş verən hadisələrə əhəmiyyətli təsir potensialına malik ciddi oyunçudur. Onun Ermənistana münasibətdə son vaxtlar sərgilədiyi həmin gizli “diplomatik jestin” arxasında Qərbin və ABŞ-ın Azərbaycana qarşı formalaşdırdığı “xristian cəbhəsinə” zorən qoşulması ehtimalı da nəzərdən keçirilməyə layiq versiyalardan biridir.
Bu arada Polşa Prezidenti Andjey Dudanın arvadı Aqata Kornhauzer–Dudanın dünən Ermənistana təşrif buyurmasını da məhz Bakıya yönəlik “səlib demarşı”nın tərkib hissəsi kimi qəbul etməyimiz doğru olmazmı?
İrəvan–London təmasları ilə bağlı oxucularımıza bir faktı da xatırlatmağımız yerinə düşər. Təxminən bir il bundan əvvəl Xankəndidəki daşnak-separatçı rejimin təşkil etdiyi və Qərbin ermənipərəst dairələrinin dəstəklədiyi “blokada”, “humanitar böhran” şouları zamanı Avropa İttifaqı ilə yanaşı Böyük Britaniya da Laçın-Xankəndi və Ağdam-Xankəndi yolu ilə eyni vaxtda Qarabağın erməni sakinlərinə humanitar yardım çatdırılmasını alqışlamışdı. Düzdür, Londonun bu dəstəyi diplomatik açıqlamadan uzağa getməsə də, Bakı bunu Böyük Britaniya – Azərbaycan münasibətlərinə kölgə sala bilməyəcək jest kimi qəbul etmişdi.
* * *
Ermənistanı bağrına basmağı “arzulayanlardan” biri də Litvadır. Noyabrın 29-da Ermənistan–Litva parlamentlərarası dostluq qrupunun üzvləri İrəvana üçgünlük səfərə gəliblər. Onlar dostluq qrupunun Ermənistan tərəfdən rəhbəri, parlamentin deputatı Arsen Torosyanın müşayiəti ilə Ararat vilayətində Yerasx icmasının sərhədyanı ərazilərini ziyarət ediblər. Litvalı parlamentarilər burada Avropa İttifaqının mülki müşahidə missiyasının nümayəndələri ilə də görüşüb, sərhədyanı rayonlarda mövcud vəziyyət onların nəzərinə çatdırılıb. Daha sonra dövriyyəyə Arsen Torosyanın feyk-məlumatları “daxil olub”. Erməni deputat Baltikyanı ölkədən gələn yüksək qonaqları Ermənistan–Amerika investisiyası ilə tikilməsi planlaşdırılan metallurgiya zavodunun keçmiş ərazisinə aparıb. Həmin ərazidə inşaat işlərinin dayandırılmasının səbəbi kimi isə guya, Azərbaycan Silahlı Qüvvələrinin tikintidə çalışanları atəşə tutmasını göstərib.
Yenə yalana, saxtakarlığa söykənən feyk-informasiyaları siyasi təzyiq alətinə çevirməyə cəhdlər edən, avropalı “dindaşlarının” vədlərinə uyan Hayastan rəsmiləri bununla nəyəsə nail olmağa çalışırlar. Fəqət faydasız və nəticəsiz vurnuxmalardan əl çəkməyən İrəvanın Bakı ilə ikitərəfli təmaslara başlamaqdan, sülh sazişinə aparan yola gəlməkdən savayı şansının olmadığını bir daha xatırlatmağa ehtiyac var.
Fuad ÇIRAQOV,
siyasi şərhçi
İrəvan–London hərbi əməkdaşlığı Böyük Britaniyanın da maraqlarına cavab verir. London Cənubi Qafqazda Rusiyanın mövqeyinin zəifləməsi səbəbindən öz nüfuzunun artmasının qayğısına qalmağa başlayıb. Londonda bəlkə də belə düşünürlər ki, Britaniyanın bu siyasəti onun bölgədəki enerji və infrastruktur layihələrinin təhlükəsizliyinə də cavab verir. Ümumiyyətlə, Cənubi Qafqazda cərəyan edən proseslərdən kənarda qalmaq istəmir. ABŞ, Fransa, Avropa İttifaqının bölgəyə aid məsələlərin müzakirəsinə, perspektivə yönəlik təşəbbüslərə fəal şəkildə qoşulduqlarını görən Böyük Britaniya da öz töhfəsini verməyə çalışır.
Aydın məsələdir ki, Londonun bu xarakterli addımları heç bir halda Azərbaycanın qırmızı xəttini keçməməlidir. Əlbəttə, burada söhbət ölkəmizin ərazi bütövlüyü, təhlükəsizliyi kimi məsələlərdən gedir. Görünən budur ki, Ermənistan özünün xarici siyasətini dəyişmək kursunu götürüb. Fəqət İrəvan, necə deyərlər, “ağasını dəyişməyə çalışırsa” yenisini bizim üstümüzə göndərməməlidir.
İmran BƏDİRXANLI