- Daxili siyasət
- 09:37 20.09.2024
Noyabrın 30-da Azərbaycan–Ermənistan şərti sərhədində iki ölkənin baş nazirlərinin müavinləri – Şahin Mustafayev və Mher Qriqoryanın rəhbərlik etdikləri dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların iclası keçirilib. Hər iki ölkədə diqqətlə izlənilən görüş şərti sərhədin Qazax rayonu və Tavuş vilayəti hissəsində baş tutub. Görüş 3 saat davam edib.
Qeyd edək ki, budəfəki görüş sayca beşinci idi. İndiyədək keçirilən dörd görüşdən ikisi sərhəddə (Arazdəyən kəndi və Qazax rayonu), ikisi isə xaricdə (Moskva və Brüssel) düzənlənmişdi. Görüşlə bağlı hər iki ölkənin xarici işlər nazirlikləri açıqlama yayıb. Azərbaycan XİN-in açıqlamasında bildirilib ki, tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər: “Tərəflər Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi reqlamentinin mətnini ilkin olaraq razılaşdırıblar. Tərəflər Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başlanılması barədə sövdələşib, komissiyaların görüşlərinin keçirilməsinin intensivləşdirilməsinə dair razılığa gəliblər. Həmçinin, tərəflər komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılaşıblar”.
Ermənistan XİN-in yaydığı məlumatda da oxşar fikirlər yer alıb. Bildirilib ki, tərəflər sərhədin delimitasiyası məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələlərini həll ediblər. “Komissiyaların növbəti iclasının tarixini və yerini işçi qaydada dəqiqləşdirmək də razılaşdırılıb”, – deyə Ermənistan XİN-in məlumatında qeyd olunub.
Məlumdur ki, Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi apararaq öz torpaqlarını işğaldan azad edib. 2020-ci il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə bütün ölkə ərazisində dövlət suverenliyimiz bərqərar olunub. Lakin ölkəmizin 8 kəndi hələ də işğal altındadır. Bunlar hələ SSRİ dövründə Azərbaycanın Ermənistan ərazisində yerləşən (anklav) kəndləridir. Qeyd edək ki, anklav beynəlxalq hüquqda bir dövlətə məxsus, amma hər tərəfdən digər dövlətin əraziləri ilə əhatə olunmuş əraziyə deyilir. Qazax rayonunun Bağanis Ayrım, Xeyrimli, Barxudarlı, Sofulu, Yuxarı Əskipara, Aşağı Əskipara və Qızıl Hacılı kəndlərinin, həmçinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndinin taleyi hələ də qeyri-müəyyəndir.
Rəsmi Bakı anklav kəndlərin qaytarılması məsələsini müxtəlif platformalarda qaldırır. Ölkəmiz kəndlərin qaytarılmamasını işğalın davamı adlandırır və həmin yaşayış məntəqələri üzərində də suverenliyimizin təmin edilməsi məsələsində israrlı olduğu özünü aydın göstərir. Prezident İlham Əliyev oktyabrın 7-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı Azərbaycanın 8 kəndinin hələ də Ermənistanın işğalı altında olduğunu deyərək, həmin kəndlərin işğaldan azad olunmasının vacibliyini vurğulayıb.
Ermənistanın isə sovet dövründə Azərbaycan ərazisində yalnız bir anklavı olub. Hayların Artsvaşen adlandırdıqları və inzibati baxımdan Gexarkunik vilayətinə (əsl adı Göyçə mahalı) daxil olduğunu iddia etdikləri həmin kənd Gədəbəy rayonunun inzibati-ərazi vahidindəki Başkənddir. Kənd 1992-ci il 6-8 avqust tarixlərində həyata keçirilən “Başkənd əməliyyatı” nəticəsində Azərbaycanın nəzarəti altına keçib.
Onu da bildirək ki, 8 kəndin Azərbaycana qaytarılmasının zəruriliyini İrəvanda da dərk edirlər. Ermənistan hökumətinin başçısı Nikol Paşinyan bu il mayın 22-də keçirdiyi mətbuat konfransında Azərbaycanın 86,6 min kvadratkilometrlik ərazisinə Qarabağın da daxil olduğunu etiraf etmişdi. Bundan əlavə, Paşinyan bildirmişdi ki, anklavlar Azərbaycanın ərazi bütövlüyünün bir hissəsidir: “29,8 min kvadratkilometrlik Ermənistanın ərazi bütövlüyünə isə Artsvaşen də daxildir. Anklavlar məsələsinin həlli üçün bir neçə variant var. Onlardan biri bu ola bilər: xəttin hər iki tərəfindəki anklav ərazilər yerləşdikləri tərəfin nəzarəti altında qalır. Digər variant isə odur ki, sülh müqaviləsi imzalandıqdan sonra Artsvaşen Ermənistanın, qalan ərazilər isə Azərbaycanın suverenliyi altına qayıdacaq. Bu, siyasi nöqteyi-nəzərdən olan mövqedir, lakin hüquqi aspekt hələ də öyrənilməlidir”.
N.Paşinyanın Avropa Siyasi Birliyinin oktyabrın 5-də İspaniyanın Qranada şəhərində baş tutan III sammiti çərçivəsində keçirilən dördtərəfli görüşün nəticəsi olaraq imzaladığı bəyannamədə də bu mövqe təkrar olunub. Həmin bəyannamədə də Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı vurğulanıb. Üstündən iki aya yaxın vaxt keçməsinə baxmayaraq, məlum bəyannamə hələ də sosial şəbəkələrin erməni seqmentində və mediada qızğın müzakirə olunur. Bununla bağlı hazırda Ermənistanda əsassız hay-küy, təşviş müşahidə olunmaqdadır. Məsələn, müxalifətdə olan Respublika partiyasının ali orqanının üzvü, səkkiz il (2011-2019-cu illərdə) Ermənistan parlamentinin sədr müavini olmuş Eduard Şarmazanov bildirib ki, Paşinyan iqtidarının imzalamağa hazır olduğu sənəd sülh müqaviləsi deyil, reallığa boyun əymək müqaviləsidir. O qeyd edib ki, hazırkı erməni hakimiyyəti Bakı və Ankaranın yazdığı hər şeyi imzalayacaq: “Bu, ikinci kapitulyasiya, Ermənistanın türkləşdirilməsi proqramı olacaq. Ermənistan hakimiyyətinin bu günə qədər Bakının tələblərinə “yox” dediyini xatırlamıram. Bakı Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınmasını tələb etdi, Paşinyan həmin tələbi məmnuniyyətlə yerinə yetirdi. Azərbaycan anklavları tələb edir, Ermənistan hakimiyyəti artıq belə bir problemin mövcudluğunu tanıyır. Üstəlik, Ermənistanın yüksək rütbəli məmurlarından biri qeyd edib ki, artıq dörd kənd üzrə bütün məsələlər öz həllini tapıb”.
Şarmazanov qeyd edib ki, Ermənistanı təmsil edən şəxslərin imzalamağa hazır olduqları sənədin məzmunu barədə, ümumiyyətlə heç bir təsəvvürləri yoxdur: “Bakı və Ankaranın yazdıqlarına imza atacaqlar. Paşinyan tələblərdən hər hansı birinə mənfi cavab versə, Azərbaycan hərbi əməliyyata başlayacaq”.
Bu arada erməni jurnalistlər hayların “Voskepar” adlandırdıqları Əskipara kəndində olaraq oradan reportaj hazırlayıblar. Kənddə məskunlaşmış Tatul Karapetyan əli ilə evləri göstərərk deyib: “Bu üç ev Azərbaycan sərhədində yerləşir. Biz çoxdandır ki, burada yaşayırıq. Əgər bu ərazi Azərbaycana verilsə, onların hərbçiləri dərhal bura gələcəklər. O zaman biz nə edəcəyik?!”
Kəndin yaşlı sakini Komitas Unanyan isə sovet dövründə azərbaycanlılarla normal qonşuluq münasibətlərinə malik olduqlarından söz açıb: “Azərbaycanlılar bizim bütün toylarda iştirak edirdilər. Biz də onların toylarına gedirdik. Birlikdə müxtəlif tədbirlər keçirirdik. Həmin illərdə bizim aramızda çox yaxşı münasibətlər var idi. Mənim bildiyim qədər bizim bir kəndimiz – Artsvaşen də Azərbaycanda yerləşir. Ora hansısa erməninin qayıdacağını düşünmürəm. Yaxşı olardı ki, bizim kəndimiz azərbaycanlılara, onların kəndi isə bizə qalsın. Çünki bizə qalan kəndlər strateji cəhətdən vacibdir. Həmin yol bizi İranla, Gürcüstanla birləşdirir. Anklav kəndlər Azərbaycana verilsə, biz İrana və Gürcüstana rahat gedib-gələ bilməyəcəyik”.
Zarui Manuçaryan qeyri-müəyyən vəziyyətdə olduqlarını bildirib. Deyib ki, yaxın gələcəkdə nə olacağını heç kim bilmir: “İnsanlar gələcəyə olan inamlarını itiriblər. Burada iş yerləri yoxdur. Həyat çox ağırdır. Buna görə də çoxları, əsasən də gənclər kəndi tərk ediblər. Anklavlar məsələsi bu gün bizi çox narahat edir. Deyirlər ki, azərbaycanlılar bura qayıtmaq istəyirlər. Belə olan halda mən hara gedəcəyimi bilmirəm”.
Əlbəttə, kənd sakinlərinin anklavların Azərbaycana qaytarılmasının qeyri-real olduğunu iddia etmələri heç bir hüquqi əhəmiyyət daşımır. Azərbaycan öz ərazisini erməni işğalından azad edib və bütün Qarabağ və Şərqi Zəngəzur üzərində dövlət suverenliyimiz bərqərar olunub. İndi Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün rəsmi İrəvan 8 anklav kəndi də qaytarmalıdır. Həmin kəndlərdən zorla qovulan azərbaycanlılar doğma yurdlarına qayıtmadıqca iki ölkə arasında problemləri tam həll olmuş saymaq mümkün deyil.
İlyas HÜSEYNOV,
politoloq
– Azərbaycanla Ermənistan arasında noyabrın 30-da sərhəddə belə bir görüşün keçirilməsi əvvəlcədən planlaşdırılmışdı. Görüşün keçirilməsi çox önəmlidir. Çünki Qərb, yaxud Rusiya platformasında keçirilən görüşlərdə böyük fasilə var. Bu da müəyyən konyukturanın, qərəzliliyin nəticəsidir. Ermənistan Rusiya ərazisində görüşlərin keçirilməsi məsələsini tamamilə başqa cür qəbul və şərh edir. Azərbaycanın isə Qərbin qərəzli münasibəti qarşısında prinsipial duruşu və siyasi iradəsi mövcuddur. Belə olan halda, əlbəttə, birbaşa danışıqlar, təmaslar daha düzgündür. İndiki format Azərbaycan tərəfindən hər zaman dəstəklənib və prioritet hesab olunub.
Dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların işi bir sıra məqsədlərə xidmət edir. Yaddan çıxarmamaq lazımdır ki, komissiya həm də nəqliyyat-kommunikasiya xətlərinin açılması üzrə işçi qrupunun davamıdır. Onun inkişaf etdirilməsi üçün əsas determinantdır. Bu işlər paralel şəkildə icra olunur.
Düşünürəm ki, burada problemli və həlli müəyyən zaman tələb edən məsələlər olsa da, artıq delimitasiya komissiyasının əsasnamə layihəsinin hazırlanmasına dair razılıq əldə olunması önəmli haldır. Düşünürəm ki, əsasnamə yaxın vaxtlarda hazırlanacaq və təsdiq olunacaq. Eyni zamanda, qarşıdakı dövrdə komissiyanın görüşlərinin keçirilməsinin intensivləşdirilməsinə dair mövqe ifadə olunması göstərir ki, danışıqlar düzgün məcrada gedir.
Komissiyanın işini biz həm də anklavlar məsələsinin həlli üçün əsas element hesab edirik. Çünki sərhədlər müəyyənləşərsə, beynəlxalq səviyyədə sərhədlərə hörmət ifadə olunarsa, ərazi iddiaları olmazsa, o zaman anklavlar məsələsi də həllini tapar.
Səxavət HƏMİD