- Daxili siyasət
- 09:37 20.09.2024
Qərbin, xüsusilə Fransanın və onun Qafqaz “təşəbbüslərini” dəstəkləyən ABŞ-ın bölgədə hansı maraqları güddüyü, burada kəllə-kəlləyə gələn güclərin əsas məqsədlərinin nədən ibarət olduğu hamıya məlumdur.
Həmin güclərin planı “Ermənistanı Cənubi Qafqazın Ukraynasına çevirmək”, bölgədə qüvvələr nisbətini dəyişmək, nəticədə burada geosiyası maraqlarını təmin etməkdirsə, bu ssenari alınmayacaq. Çünki bölgədə bütün tərəflərə ədalətli və şəffaf oyun qaydalarını diktə edən, söz və güc sahibi olan Azərbaycan var. Kənar aktorlar bu amili görməzdən gələ bilməzlər. Əslində, bunu yeni “Qafqaz ssenarisi”nin müəllifləri də çox gözəl bilirlər, lakin Ermənistanın üzərindən Rusiyaya təsir göstərməyi hədəfləyən hayların saxta təəssübkeşlərinin son cəhdi də fiaskoya uğrayacaq.
Sülhə vasitəçilik davası, yoxsa?
Son vaxtlar Qərbin ermənipərəst dairələrinin məlum “təşəbbüslərinin” Moskvanı əməlli-başlı təbdən çıxarmasının şahidi oluruq. Artıq Qərb–Rusiya qarşıdurmasının açıq diplomatik müstəviyə keçdiyini söyləyə bilərik. Elə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun “Rusiya-1” telekanalına müsahibəsində dediyi fikirləri də məhz bu kontekstdən nəzərdən keçirilməlidir. Peskovun sözlərinə görə, Qərb dövlətləri Rusiyanı Qarabağdan sıxışdırıb çıxarmağa çalışırlar. O, Rusiyanın Cənubi Qafqazdan, Ermənistan və Azərbaycandan deyil, məhz Qarabağdan çıxarılması cəhdlərindən danışıb. Kremlin sözçüsünün bu qüsurlu müqayisəni apararkən konkret nəyi nəzərdə tutduğu bilinsə də, cavabın bu formulda verilməsinin özü müəyyən suallar doğurur. Rusiya sülhməramlı hərbi kontingentinin suveren Azərbaycanın tərkib hissəsi olan Qarabağda mövcudluğu məsələsinə aydınlıq gətirməyən D.Peskov vurğunu Qərbin destruktiv fəaliyyətinin üzərinə qoyur:
“Üç, dörd, beş il əvvəl belə bir mübarizə diplomatik maskaların altında aparılırdı. Artıq indi bu maskalar kənara atılıb və onlar üzbəüz, açıq şəkildə mübarizəyə girişiblər. Həqiqətən də bir sıra ölkələr hələ də Qarabağ ətrafında sabitliyi pozmağa çalışırlar. Yeri gəlmişkən, Azərbaycan tərəfi də rəsmi şəkildə bəyan etdi ki, bu ölkələr sülh prosesində, çətin ki, hər hansı vasitəçi roluna iddia edə bilərlər. Çünki onlar qərəzli və birtərəfli vasitəçi rolunu öz üzərlərinə götürüblər. Və təbii ki, belə birtərəfli mövqe tutmaqla nəyəsə ümid etmək həm mümkün deyil, həm də yersizdir. Bizi Qarabağdan sıxışdırmağa çalışdıqlarını bilirik. Amma bu vaxta qədər Rusiyadan savayı heç kim bölgədə sülhün və sabitliyin təminatçısı rolunu oynamaq iqtidarında deyil. Rusiya bu gün də öz səylərini davam etdirir”.
D.Peskovun sözlərinə bir növ dəstək olaraq onu deyə bilərik ki, Bakıya da bölgədə “sülhün və sabitliyin təminatçısı rolunu” sonadək oynamağı bacaran tərəfsiz vasitəçi lazım idi. Amma son üç ilin təcrübəsi göstərdi ki, bu missiyanı yerinə yetirməyə iddialılar ya bunu bacarmadılar, ya da Ermənistanın xeyrinə tərəfkeşlik edərək vaxtı uzatmaqla məşğul oldular.
Təşəbbüs yeni reallıq yaradanın əlindədir
Məhz bu xarakterli “səbəblər toplusuna” görə Azərbaycan hakimiyyəti İrəvana sülh dialoqunu “Qafqaz evi”nin içində “tet-a-tet” aparmağı və bütün suallara vasitəçisiz aydınlıq gətirməyi təklif edib. Belə bir təşəbbüsü irəli sürməyə Bakının tam haqqı var. Ona görə ki, qalib tərəf kimi Cənubi Qafqazda yeni geosiyasi reallığı yaradan Azərbaycan həm də sülhün və təhlükəsizliyin əldə olunmasının ən doğru variantını yaxşı bilir. Əslində, bu variant Ermənistan üçün düşdüyü ikitərəfli diplomatik məngənədən, “siyasi dalandan” ən uğurlu çıxış yolu sayıla bilər.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Qərbin bəzi dövlətləri Rusiyanın Cənubi Qafqazda təsir imkanlarını minimuma endirməkdən ötrü müxtəlif üsullara əl atırlar:
“Ancaq bunun Qarabağa aiddiyyəti yoxdur. ABŞ və Fransanın əsas məqsədi, İrəvanın istəyinə uyğun olaraq, Ermənistandakı Rusiya hərbi bazasını özlərinin silahlı kontingenti ilə əvəz etməkdir. Amma məsələ ondadır ki, Qarabağda Rusiya hərbi kontingentini əvəz etmək mümkün deyil. Çünki Qarabağ bölgəmizdə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarını evinə yol salmağa çalışan Azərbaycan heç bir halda onları başqa bir ölkənin hərbi qüvvəsi ilə əvəz etməyə icazə verməyəcək. Bunu Peskov da bilməlidir”.
Məlum güclərin Qarabağ ətrafında sabitliyi pozmağa çalışdığına, regionda Rusiyaya qarşı açıq mübarizə apardıqlarına diqqəti yönəldən E.Şahinoğlu hazırda Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsindən ötrü gündəmdə Bakının irəli sürdüyü iki təklifin mövcud olduğunu dedi: “Bunlar Ermənistan və Azərbaycan arasında birbaşa, vasitəçilərsiz dialoq və Ankaranın da dəstəklədiyi “3+3” formatıdır. Bakı münaqişənin məhz bölgə çərçivəsində, “tet-a-tet” sülh danışıqlarında həlli variantına üstünlük verdiyini rəsmi səviyyədə bəyan edib. Hesab edirəm ki, İrəvan gec-tez sülhün əldə olunmasının bu formatına razılığını bildirəcək”.
Fransanın müharibə hazırlıqları?
Yeri gəlmişkən, Qərbin Cənubi Qafqazda yeni müharibəni alovlandırmaq cəhdlərinin əyani sübutu kimi son vaxtlar Fransanın apardığı təxribatçı hərbi-siyasi fəaliyyətini göstərmək olar. KTMT üzvü olan Ermənistanın əsgərlərinə hazırda Fransanın təxminən yeddi poliqonunda təlim keçirlər. Bu barədə rusiyalı hərbi bloger Anastasiya Kaşevarovanın Teleqram kanalında yaydığı məlumatında deyilir ki, bu təlimlərə cəlb olunan erməni hərbçiləri Rusiyaya qarşı müharibədə iştirak etmək üçün hazırlanır. A.Kaşevarova məlumata təlimdən çəkilmiş foto və video sübutları da əlavə edib.
“Xüsusilə, Mayi-le-Kan ərazisindəki “Centre d'entrainement au combat” döyüş hazırlığı mərkəzi və “Center d'entrainement des post de” poliqonunda fransız təlimatçılar erməni əsgərlərə, əsasən də “artsax”dan gələn gənclərə müasir döyüş taktikasını öyrədirlər. Onlara, həmçinin NATO silahları ilə davranmaq vərdişləri aşılanır. Təlimlərdən sonra erməni hərbçiləri Şimal Hərbi Dairəsinin sərəncamına göndəriləcək”, – yazan Kaşevarova NATO standartlarına uyğun hazırlanan erməni əsgər və zabitlərinin məhz Rusiya ilə döyüşə hazırlandığı qənaətini bir daha vurğulayıb.
Erməni əsgərlərinin Fransada təlim keçmələri barədə informasiya yadımıza cari ilin oktyabrın ortalarında Ermənistan müdafiə naziri Suren Papikyanın Parisə səfərini saldı. Papikyan orada Fransa Müdafiə Nazirliyi ilə hərbi-texniki əməkdaşlığa dair bir sıra sənədlər imzalamış, hətta yuxarıda adları hallanan təlim mərkəzlərinə baş çəkmişdi. İndi aydın olur ki, ayyarım əvvəlki Paris turnesi zamanı Papikyan hayların “böyük bacısı” ilə hansı “təcrübə mübadiləsi” barədə müzakirələr aparıb.
Xəbərə onu da əlavə edək ki, “Zerqulio” Teleqram kanalı öz platformasında özəl mənbələrinə istinadla Ermənistan hərbçilərinin Fransada Rusiyaya qarşı hərbi təlim keçdikləri barədə məlumat yerləşdirib.
Ermənistanın “xərclik” statusu
Hər şeydən göründüyü kimi, Qərb Rusiyanın üstünə getmək üçün bu cür taktiki üsullarla İrəvanın “başını bişirməklə” məşğuldur. Birmənalı şəkildə deyə bilərik ki, nə Paris və ya Vaşinqton Rusiyaya qarşı ikinci cəbhəni açmağa cürət edər, nə də Ermənistanın Azərbaycana qarşı üçüncü Qarabağ savaşına başlamasına gücü çatar. Bütün bunlar, sadəcə, Cənubi Qafqaz uğrunda mübarizənin diplomatik imitasiyasından başqa bir şey deyil. İrəvan isə, olsa-olsa, bu siyasi qazanda xərclənəcək “dəfnə yarpağı”na çevrilə bilər.
Ermənistan cəmiyyətində Bakı ilə birbaşa sülh danışıqlarının əleyhinə çıxan siyasi qüvvələr, konkret fərdlər də var. Bunların içərisində Qarabağ separatçılarının keçmiş lideri, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan xüsusi fəallığı ilə seçilir. İrəvanda restoranlar şəbəkəsinə malik, yerli ermənilərin “Çeburaşka” ayamasını verdikləri psevdosiyasətçi bununla bağlı Ermənistan KİV-lərinə aşağıdakı açıqlamanı verib: “Ermənistan heç bir halda Azərbaycanla birbaşa danışıqlara getməməli və bu təkliflə razılaşmamalıdır”.
S.Sarkisyanın bu açıqlaması bizə çoxdan məlum həqiqəti bir daha ortaya qoyur: Hayastan mühüm qərarların qəbul olunmasında heç vaxt siyasi iradəyə və sərbəstliyə malik olmayıb. İrəvan güvəndiyi və dəfələrlə aldadıldığı “böyük güclər”in dəstəyi olmadan, qorxusu-hürküsüz hərəkət etmək iqtidarında deyil. Bəli, Ermənistan rəhbərliyi həmişə kənar qüvvələrin əlində marionetka rolunu oynayıb. Yüz il bundan əvvəl də belə olub. Tarixin indiki dönəmində bu dəqiq və aydın aksiomu özləri növbəti dəfə nümayiş etdirirlər.
İmran BƏDİRXANLI