- Daxili siyasət
- 09:37 20.09.2024
Bu, soydaşlarımıza qarşı cinayətlər törətmiş erməni cəlladlarından hələlik birincinin – Vaqif Xaçatryanın üzərində qurulmuş ədalət mühakiməsinin yekunudur
Məhkəmə dinləmələrindən, üzləşmə səhnələrindən ən çox yaddaqalan epizodlardan biri şahidlərdən birinin erməni cəlladı Vaqif Xaçatryanın gözlərinin içinə baxaraq “bu adam bizi maşının içində yandırmaq istəyirdi” söyləməsi oldu. Otuz iki il əvvəl erməni silahlı quldurlarının Meşəlidə törətdiyi vəhşiliklərin canlı şahidi, kənd sakini Ziyəddin Salmanovun sözləridir.
1991-ci ildə Şuşanın post-patrul xidmətinin qərargah rəisi vəzifəsində çalışmış Azay Kərimovun Vaqif Xaçatryan barədə dedikləri: “O zaman bir nömrəli terrorçu qrupların rəhbərləri Samvel Babayan, Armais, Köçəryan, Balasanyan və Serj Sarkisyan idi. Bu quldur dəstəsi Qarabağın müxtəlif rayonlarına, kəndlərinə daxil olub münaqişə yaradır, anti-Azərbaycan təbliğatı aparırdılar. Əmrə tabe olmayanları döyür, qadınlara zor tətbiq edirdilər. Bu şəxslərdən biri Vladik ləqəbi ilə tanınan Vaqif idi. Onu həbs edib Şuşa türməsinə apardıq. İki aydan sonra oradan qaçdı. Bax, Meşəli soyqırımı da bundan sonra başladı...”.
Həmin faciəli günləri təkrar xatırlamağa və deməli, yaşamağa məcbur olan Meşəli soyqırımından sağ çıxmış insanların, o cinayətin canlı şahidlərinin Vaqif Xaçatryanın əməllərindən danışdıqlarına həyəcansız qulaq asmaq olmurdu. O anlar hakimlər heyətinin və dövlət ittihamçılarının hansı hissləri keçirdiklərini sözlə ifadə etmək mümkün deyil. Məgər insanlıq sifətlərini itirmiş erməni silahlı quldurlarının Meşəlinin dinc sakinlərinə qarşı törətdikləri əməlləri sakitcə dinləmək olardımı?
Son 200 ildə erməni millətçi-şovinistlərin, daşnakların yürütdüyü “anti-türk”, “anti-Azərbaycan” siyasətinə məruz qalmış, doğma yurdlarından qovulmuş soydaşlarımız qaçqına, məcburi köçkünə çevrildi. İntəhası, hər başlanğıcın bir sonu var. Atalar demişkən, haqq nazilər, amma üzülməz. Bu gün Azərbaycan dövləti tarixi ədaləti bərpa edir. Torpaqlarımız işğaldan azad edildi, xalqımız öz doğma yurdlarına qovuşur. Dünyanın tanıdığı beynəlxalq ədalət, böyük güclər, ermənipərəst dairələr, anti-Azərbaycan koalisiyaları hər nə qədər ikili standart sərgiləyib erməni vandalizminin üstünü örtməyə çalışsalar da, həqiqət on illərin altından boy atıb çıxdı. İndi haqsızlığa “ləbbey” deyənlər kimi, əlləri xalqımızın qanına bulaşmış erməni cəlladları üçün da məhşər günüdür.
* * *
İş üzrə təyin edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 2023-cü il 13 sentyabr tarixli 2621 saylı rəyinə əsasən, Vaqif Xaçatryan hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. V.Xaçatryanda, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olub. Buna görə də V.Xaçatryan ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır.
Məhkəmə prosesində, həmçinin qeyd edilib ki, Vaqif Xaçatryan cinayət əməllərini törədərkən psixi-emosional sferasında qəzəb, aqressiya kimi emosional hallar yaranıb və bu vəziyyət onun davranışını müəyyən edib. Həmin halın yaranması Azərbaycan xalqına qarşı düşmənçilik münasibəti, kin, nifrət bəsləməsi ilə şərtlənib. Vaqif Xaçatryan emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətində olub. Yəni, o, cinayət əməllərini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində, fizioloji affekt halında olmayıb. Azərbaycan femidası bu prosesi beynəlxalq hüququn norma və qaydalarına riayət etməklə, cinayətkarın günahsızlıq prezumpsiyasını, digər hüquqlarını tam gözləməklə aparıb.
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət əməlləri üzrə Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə aparılan məhkəmə istintaqı dünən başa çatdı. Qaldırılan cinayət işi üzrə V.Xaçaturyanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilmişdi. Vaqif Xaçatryanın hüquqlarını Vəkillər Kollegiyasının üzvü Radmila Abılova müdafiə edirdi.
Prosesdə dövlət ittihamçıları – baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov və ədliyyə müşaviri Cövdət Mehrəliyev çıxış ediblər. Prokuror ittiham nitqində Vaqif Xaçatryana 15 il azadlıqdan məhrumetmə cəzası verilməsini tələb edib. Erməni cəlladına istənilən cəzanın yüngüllüyü oxucunu təəccübləndirə bilər. Amma ortada beynəlxalq hüquqla yanaşı, Azərbaycanın milli qanunvericiliyi var. Prokuror Meşəli soyqırımını törətməkdə təqsirləndirilən Vaqif Çerkezoviç Xaçatryana niyə ömürlük deyil, məhz 15 il cəza tələb etməsinin səbəbini də izah etdi.
Əslində, soyqırımı, sülh və müharibə əleyhinə cinayətlərə görə cəzanın ən yuxarı həddi ömürlük azadlıqdan məhrumetmə sayılır. İntəhası, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, hökm çıxarılanadək 65 yaşı tamam olan şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzasının verilməsi qadağandır.
* * *
Prokurorun izahına görə, V.Xaçatryanın bu yaş həddini keçməsi səbəbindən ona ömürlük azadlıqdan məhrumetmə cəzasının verilməsi mümkün deyil. Bundan başqa, hazırda Azərbaycan qanunvericiliyinə görə, 65 yaşından yuxarı şəxslərə ittiham olunduğu ağır cinayətlərə görə 20 il azadlıqdan məhrumetmə cəzası ən yuxarı hədd sayılır. Fəqət V.Xaçatryan cinayət əməllərini otuz iki il bundan əvvəl, 1991-ci ildə törədib. Azərbaycan Respublikasının 2014-cü ilə qədər qüvvədə olan qanunvericiliyində sülh və müharibə əleyhinə olan cinayətlərə görə cəza müddəti 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub. Ölkəmizin qoşulduğu Beynəlxalq konvensiyalara əsasən, şəxs hadisəni törətdiyi vaxta uyğun olan qanunvericiliyə görə cəzalanmalıdır. Yəni, Vaqif Xaçatryan hazırkı qanunvericilikdə olan sanksiya həddində yox, əməlin törədildiyi vaxtda mövcud olan qanunvericiliklə cəzalanması hüquqi baxımdan doğrudur.
Bu səbəbdən də prokuror çıxışında Meşəli qatilinə qanunvericiliyə əsasən, ittiham olunduğu maddələr üzrə ən yuxarı hədd olan 15 il azadlıqdan məhrumetmə cəzası tələb edib.
Hazırda məhkəməsi yekunlaşan Vaqif Xaçatryanla birlikdə 1991-ci ilin dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 27 azərbaycanlını öldürüb, 21 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salan ermənilərin adı məlum olub. Onu da qeyd edək ki, o vaxt kəndin sakinlərinə 13 568 060 manat, dövlətə isə 130 800 manat dəyərində ziyan vurulub.
Həmin şəxslər Xocalı rayonunun Badara kənd sakinləri Sarkisyan Emest Baxşıyeviç, Sarkisyan Armais Baxşıyeviç, Qasparyan Benik Astanovic, Abramyan Xoren Melikoviç, Avanesyan Armen Sarkisoviç, Sarkisyan Vova Armaisovic Xaçaturyan Qariy Nikolayeviç, Kaçaturyan Nikolay Beglarovic, Abramyan Armen Qaragenoviç, Abramyan Eduard Armenovic, Abramyan Zina Armenovic, Abramyan Vahid Armenoviç, Ohanyan Karen Aşotovic, Ohanyan Naorik Aşotoviç, Qasparyan Qurgen Benikoviç, Gasparyan Valery Benkovic, Davidyan Albert Melikoviç, Saakyan Samvel Rafikoviç, Osipyan Asatur Baxşıyeviç, Xaçatryan Karlen Baxşıyeviç, Israelyan Eduard Beglarovic, Avakyan Artur Vartanoviç, Sarkisyan Surik Armaisoviç, habelə Verdi Allahverdiyan. Vilen Verdiyan, Qrişa Magişoviç, Slavik Ardemoviç, Qavruşa Zaduroviç, Ruben, Andronik adlı və şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərdir.
* * *
Onların hamısı Qarabağ iqtisadi rayonumuzda yaşayan, həmçinin Ermənistandan gələn digər millətçilərlə birləşib, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı harbi birləşmələrdən ibarət cinayətkar birliyin fəaliyyətində yaxından iştirak ediblər.
Artıq birmənalı şəkildə deyə bilərik ki, həmin cinayət əməllərinin törədilməsi məqsədilə Vaqif Xaçatryan və digərləri Azərbaycan və erməni millətləri arasında milli nifrət və düşmənçilik salmaqda itiham olunurlar. Onlar azərbaycanlıların milli layaqətinin alçaldılmasında, etnik mənsubiyyətinə görə hüquqlarının məhdudlaşdırılmasında və bəşəri cinayətlərin törədilməsində fəal iştirak ediblər. Məhz V.Xaçatryanın üzvü olduğu erməni quldur dəstəsi 1988-ci ilin yayından etibarən Xocalı (keçmiş Əsgəran) rayonunun Meşəli kəndindən Ağdam, Xocalı, Xankəndi şəhərlərinə gedən azərbaycanlılara yollarda mütəmadi hücumlar təşkil etmiş, onları döymüş, təhqir etmiş, öldürməklə hədələmişlər. Bunlar erməni faşizminin heç vaxt unudulmayacaq, həm də ən yeni tarixin silinməyən səhifələridir.
Yuxarıda qeyd etdiyimiz kimi, bu, hələ başlanğıcdır. On, iyirmi, otuz iki il bundan əvvəl soydaşlarımıza qarşı bəşəri cinayətlər törətmiş erməni cəlladlarının hamısını ədalət mühakiməsi gözləyir. İndi növbə kimindir?
Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq
Bu məhkəmə prosesinin siyasi və mənəvi tərəfi ondan ibarətdir ki, cinayət heç vaxt cəzasız qalmır. Törədilmiş cinayət əmələrinin üzərindən otuz il keçməsinə baxmayaraq həmin erməni cəlladları mütləq məhkəmə qarşısında cavab verməlidirlər. Nəticədə layiqli cəzalarını da alacaqlar. Düşünürük ki, bu baxımdan, yəni ədalətin bərqərar olması nöqteyi-nəzərindən bu proses olduqca vacibdir. Həmin qanlı terror hadisələrinin başqa iştirakçıları da olub. Meşəli soyqırımının təşkilatçıları da, icraçıları da bizə məlumdur. Ermənistanın keçmiş müdafiə naziri Ohanyan da o cinayətkarların arasındadır. O dövrdə Xankəndidəki 366-cı atıcı alayın batalyon komandiri idi və Sovet ordusundan dinc azərbaycanlılara qarşı istifadə edənlərin başında dururdu. Onun kimi insanlığa qarşı cinayət törətmiş digərləri də var. Əslində, bu məhkəmə prosesi onlar üçün bir siqnaldır. Yəni, Qarabağda, işğal etdikləri rayonlarımızda azərbaycanlılara qarşı cinayətlərdə əli olan müharibə canilərinin, erməni faşistlərinin hamısı femida qarşısına çıxarılacaq. Bu, təkcə onlara deyil, separatizmə və revanşizmə meyilli qüvvələrə də görk olmalıdır.
İmran BƏDİRXANLI