- Daxili siyasət
- 09:37 20.09.2024
Azərbaycanın Ermənistana qarşı hər hansı ərazi iddiasının olmadığı barədə dəfələrlə verilən yüksək səviyyəli bəyanatlara baxmayaraq, Qərbdəki bəzi dairələr bu sayaq fikirlərdən əl çəkmirlər. Ölkəmizin, guya, Ermənistanın cənubuna hücum edəcəyi iddiası ermənipərəstlərin Azərbaycanın ünvanına atdıqları çoxsaylı böhtanların yeni bir elementinə çevrilib. Zaman onların fikirlərinin əsassız olduğunu sübut etməkdədir. Ancaq onlar ayıblarına kor olmaqdansa, yenə də tutuquşu kimi eyni sözləri təkrarlamaqdadırlar.
Sonuncu dəfə ermənilərə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Frenk Pallone “canıyananlıq” edib. O, yenidən Ermənistanın təhlükəsizliyinin təmin olunmasına çağırıb və ABŞ-ın humanitar sahədə köməyinə ehtiyac olduğunu vurğulayıb. Konqresmen bunu Nyu-Cersi ştatının Elberon şəhərində yerləşən Müqəddəs Stefan erməni kilsəsinin 35 illiyinə həsr olunmuş mərasimdə bildirib. Mərasimlə bağlı “X” platformasındakı hesabında yazıb: “Müqəddəs Stefan erməni kilsəsinin 35-ci ildönümünə həsr olunmuş mərasimdə Azərbaycanın “Artsaxa” hücumundan (?) sonra ABŞ-ın Ermənistana təhlükəsizlik sahəsində kömək etməsinin və humanitar yardım göstərməsinin zəruriliyindən danışdım. Azərbaycanın Ermənistanın cənubuna mümkün hücumu ABŞ-dan tədbir görməyi tələb edir”.
Qeyd edək ki, F.Pallone ABŞ Konqresindəki qatı ermənipərəstlərdən biridir. Azərbaycana və bütün türk dünyasına nifrət onun siyasi karyerasından, necə deyərlər, qırmızı xətlə keçir. 1951-ci ildə dünyaya göz açmış Pallone Demokratlar Partiyasının üzvüdür. Demokratlar Partiyasının üzvləri isə bir qayda olaraq, ermənilərə həddən artıq yaxınlıqları ilə tanınırlar. Konqresdəki erməni lobbi qrupuna daxil olanlar da əsasən demokratlardır. Sirr deyil ki, Azərbaycan uzun illərdir ABŞ-ın strateji müttəfiqi olan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Rusiya–Ukrayna müharibəsi fonunda ölkəmizin önəmi daha da artıb. Azərbaycanın 2001-ci il sentyabrın 11-də baş vermiş terror aktlarından sonra Birləşmiş Ştatlara verdiyi dəstək də son dərəcə böyük idi. Əlbəttə, Azərbaycanın Qərbə dəstəyi ilə bağlı daha çox danışmaq və yazmaq olar. Ancaq buna ehtiyac yoxdur. Amerikalı demokrat konqresmenlər özləri də hər şeyi çox yaxşı bilirlər. Ancaq bunu bildikləri halda Azərbaycanı ittiham etmək, ölkəmizin ünvanına böhtan atmaq yolunu tutublar. Onların bu mövqeyi ABŞ-ın özünün milli maraqlarına ziddir.
Azərbaycanın torpaqlarının işğal altında olduğu dövrdə ölkəmizlə bağlı bütün bədnam təşəbbüslərin müəllifləri əsasən demokratlar olublar. Erməni lobbisinin maraqlarından çıxış edən demokratlar 1992-ci ildə Azadlığa Dəstək Aktına 907-ci düzəlişin edilməsinə nail olublar. Həmin düzəliş Azərbaycana ABŞ-ın birbaşa dövlət yardımını qadağan edib. Nəticədə ərazisi işğal olunmuş, böyük qaçqın ordusu ilə üzləşmiş, iqtisadi imkanları zəif olan Azərbaycan ABŞ hökumətindən birbaşa yardım almayan yeganə postsovet dövlətinə çevrilmişdi. 907-ci düzəliş sonralar (2013-2017-ci illərdə) ABŞ-ın Dövlət katibi olan demokrat senator Con Kerri tərəfindən irəli sürülüb. Respublikaçı senator Riçard Luqar düzəlişin qəbul edilməsinin əleyhinə çıxış etsə də, düzəliş Konqres tərəfindən qəbul edilib. ABŞ-ın hazırkı prezidenti, demokrat Cozef Bayden düzəlişin qəbulunda fəal rol oynayıb. Yalnız 2001-ci il 11 sentyabr terrorundan sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib. Zənnimizcə, bu, ABŞ demokratlarla respublikaçıların Ermənistan–Azərbaycan münasibətləri ilə bağlı mövqeyinə dair ən yaxşı nümunələrdən biridir. Bundan əlavə, demokratlar ABŞ-ın Azərbaycana helikopter satışına icazə verən Konqresin qətnaməsini, eləcə də Metyu Brayzanın Birləşmiş Ştatların Azərbaycandakı səfiri vəzifəsinə təyin olunmasını əngəlləyiblər.
Ermənistanla Azərbaycan arasında mövcud olmuş münaqişənin başa çatmasına, bölgədə yeni reallıqların yaranmasına, iki ölkənin sülh müqaviləsi üzrə danışıqlar aparmasına baxmayaraq, demokratlar öz amplualarındadır. Bundan öncə digər ermənipərəst demokrat konqresmen, 2023-cü ilin sentyabrında məxfi informasiyaların Misir hakimiyyətinə ötürülməsində və rüşvət müqabilində onların maraqları üçün fəaliyyət göstərməkdə ittiham olunan Robert (Bob) Menendes də oxşar açıqlamalarla çıxış etmişdi. Maraqlıdır ki, hər ikisinin eyni partiyanın üzvü olması ilə yanaşı, Menendeslə Pallonenin bir sıra oxşarlıqları var. Onlardan hər ikisi Nyu-Cersi ştatında doğulub. Hazırda da Konqresdə bu ştatı təmsil edirlər. Birinin 69, digərinin 72 yaşı var. R.Menendesin arvadı Nadin Arslanyan milliyyətcə ermənidir. Qatı ermənipərəst konqremen, uzun illərdir ki, Konqresdə ermənilərə lobbiçilik edən və hər fürsətdə onların tərəfini tutan F.Pallonenin də həyat yoldaşının erməni olduğu bildirilir. Artıq ömrünün ixtiyar çağında olan bu şəxslər hazırda iki xalq arasında sülhə, əmin-amanlığa çağırış etmək əvəzinə, yenidən etnik nifrəti qızışdırmaq yolunda növbəti addımlarını atırlar. Bu isə ancaq təəssüf doğurur.
Mövzu ilə bağlı fikirlərini “Xalq qəzeti” ilə bölüşən politoloq Zaur Məmmədov bildirib ki, son bir neçə ay ərzində, ələlxüsus, torpaqlarımızın hər qarışı üzərində suverenliyimizin bərpa edildiyi uğurlu antiterror tədbirlərindən sonra Avropa qitəsində və ABŞ-da anti-Azərbaycan elementləri güclənməkdədir. Onun sözlərinə görə, bu sırada Avropada Fransa, Avropa Parlamenti, qitənin bir sıra ölkələrinin parlamentləri, ABŞ-da isə Frenk Pallone, Robert Menendes kimi konqresmenlər xüsusi fəallıq göstərirlər: “Biz son vaxtlar anti-Azərbaycan və ermənipərəst qüvvələrin bütün istiqamətlərdə paralel olaraq fəallaşmasının şahidiyik. Zənnimcə, bu bir təsadüf deyil. Sinxron hərəkətlənmə mövcuddur. Yəni, bir tərəfdən ermənilərin xeyrinə olan addımlar atılır. Bunu həm erməni diaspor fəalları, yaxud onların ətrafındakı mərkəzlər edirlər. Digər tərəfdən, siyasət adamları, ictimai rəyə təsir edən şəxslər öz fəaliyyətlərini genişləndiriblər. Frenk Pallonenin aktivləşməsi də bunun bir göstəricisidir. Qeyd etdiyim kimi, bu da təsadüfi deyil. Həmin sinxron hərəkətlənmə Azərbaycan dövlətinin və xalqının Vətən müharibəsindən ötən üç il ərzində ardıcıl qələbələr əldə etməsi ilə bağlıdır. Bu qələbələrin ən sonuncusu antiterror tədbirləri oldu. Bununla da ərazilərimiz üzərində suverenliyimiz tam təmin edildi”.
Zaur Məmmədov qeyd edib ki, bütün bunlar Ermənistandakı revanşist kəsimlə yanaşı, onların xaricdəki havadarlarının da yuxusunun ərşə çəkilməsinə səbəb olub. Nəticədə Azərbaycanın, guya, Ermənistanın cənubuna hücum edəcəyi ilə bağlı saxta xəbərlər yayırlar: “Pallonenin və digərlərinin bu cür fikirlərinin heç bir əsası yoxdur. Azərbaycan Ermənistanın 29,8 min kvadratkilometr çərçivəsində ərazi bütövlüyünü tanıdığını hələ ötən ilin oktyabrında Praqada keçirilən Avropa Siyasi Birliyinin I sammiti çərçivəsində imzalanmış sənəddə bəyan edib. Ermənistan da Azərbaycanın 86,6 min kvadratkilometrdə ərazi bütövlüyünü tanıdığını bildirib. Bu baxımdan Pallonenin Azərbaycanın Ermənistana hücum edəcəyi ilə bağlı səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur. Onlar bu kimi açıqlamalarla bölgədə vəziyyətin gərgin olaraq qalmasında xüsusi maraqlarını ortaya qoymuş olurlar”.
Səxavət HƏMİD