USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Erməni bloger açdı sandığı, tökdü pambığı

Bako Saakyanın cinayətlərinin sayı-hesabı yox imiş


https://img.baki-baku.az/news/2023/10/photo_9383.jpg

Azərbaycanın sentyabrın 19-dan başlanan və bir sutkadan az davam edən lokal xarakterli antiterror tədbirləri təkcə ərazi bütövlüyümüzün təmin olunması, suverenliyimizin tam bərqərar olması və Qarabağ iqtisadi rayonundakı qondarma separatçı rejimin tarixin arxivinə göndərilməsi ilə nəticələnmədi. Antiterror tədbirlərinin digər mühüm nəticəsi azərbaycanlılarla ermənilər arasında millətlərarası münaqişənin qızışdırılmasında, etnik separatizmin baş qaldırmasında müstəsna rol oynayan, habelə ötən müddət ərzində qanunsuz silahlı birləşmələr yaradaraq və ya onların fəaliyyətində iştirak edərək terror əməlləri həyata keçirən, terrorçuluğu maliyyələşdirən, sülh və insanlıq əleyhinə cinayətlər törədən bəzi şəxslərin ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən həbs edilməsi oldu.

1991-ci il dekabrın 22-də Xocalı ra­yonunun Meşəli kəndində azərbaycan­lılara qarşı soyqırımı törətməkdə, onları deportasiya etməkdə ittiham olunan və hazırda məhkəməsi keçirilən Vaqif Xa­çatryanın iyulun 29-da Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılmasını da nəzərə alsaq, hazırda Azərbaycanda belə əməllər törətməkdə təqsirli bilinən 9 nəfər həbsdədir. Bunlar sentyabrın 27-də saxlanılmış Ruben Var­danyan və Davit Manukyan, sentyabrın 29-da saxlanılmış Davit Babayan və Lyo­va Mnatsakanyan, həmçinin oktyabrın 3-də saxlanılmış Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan və Davit İşxanyandır.

Onların hər biri barəsində müvafiq məhkəmələr tərəfindən həbs-qətimkan tədbiri seçilib. Hazırda Dövlət Təhlükə­sizliyi Xidmətinin istintaq təcridxanasında saxlanılırlar və müstəntiqlər tərəfindən sorğu-sual olunurlar. Proses başa çat­dıqdan sonra müttəhimlər ədalətli şəkildə mühakimə olunacaqlar.

Biz hər kəsin təqsirsizlik prezumpsi­yasının olduğunu da nəzərə alırıq. Lakin tanınmış erməni bloger Roman Bağda­saryan “YouTube” videohostinqindəki kanalında Qarabağda mövcud olmuş separatçı xunta rejiminin ikinci “qlavarı” Bako Saakyan haqqında elə təkzibedil­məz faktlar açıqlayıb ki, həmin faktlar Saakyanı məhkəmə qərarı olmadan da cinayətkar adlandırmağa əsas verir.

Qeyd olunub ki, B.Saakyan 1960-cı ildə Azərbaycan SSR-in keçmiş Dağ­lıq Qarabağ Muxtar Vilayətinin mərkə­zi Xankəndi şəhərində anadan olub. 1977-ci ildə şəhərdəki 1 saylı orta mək­təbi bitirib. 1978–1980-ci illərdə sovet or­dusu sıralarında müddətli xidmət keçib. Xidməti başa vurduqdan sonra 1981-ci ildə Xankəndi 9 saylı mexanikləşdirilmiş istehsalat kombinatında çilingər-mexanik işləyib, 1982-ci ildə Xankəndi tikinti mate­rialları zavoduna keçirilib. 1983–1987-ci illərdə qədim abidələrin bərpası elmi idarəsinin Xankəndi filialında usta-res­tavrator, 1987–1990-cı illərdə vilayət təc­hizat idarəsində tədarükçü işləyib.

B.Saakyan separatçıların 1988-ci ildə Qarabağın Azərbaycandan ayrılması is­tiqamətində başladıqları qanlı hərəkatın fəallarından biri kimi tanınıb. O, 1990-cı ildə “dqr özünümüdafiə qüvvələri” sırala­rına qoşulub. 1992–1993-cü illərdə “özü­nümüdafiə qüvvələri” komitəsinin arxa cəbhə üzrə rəis müavini, 1993–1995-ci illərdə maddi-texniki təchizat üzrə qə­rargah rəisi, 1995–1996-cı illərdə “dqr müdafiə ordusu” komandanının xarici əlaqələr üzrə müavini, 1996–1997-ci il­lərdə 10-cu dağ-atıcı diviziyasının arxa cəbhə üzrə komandirinin müavini olub. 1997–1999-cu illərdə Ermənistan daxi­li işlər və milli təhlükəsizlik nazirinin köməkçisi olub. 1999–2001-ci illərdə “dqr”in “daxili işlər”, 2001–2007-ci illərdə “milli təhlükəsizlik naziri vəzifəsində” ça­lışıb.

2007-ci il iyulun 19-da Qarabağ se­paratçıları onu özlərinə yeni “qlavar” seçiblər. Beş il sonra – 2012-ci il iyulun 19-da o, “ikinci müddətə” “dqr”ə başçı­lıq etməyə başlayıb. Saakyan 2017-ci il iyulun 19-da 33 “parlament üzvü”ndən 28-nin səsini alaraq daha 3 il müddətinə “vəzifə kürsüsünü” əlində saxlamağı ba­carıb. Beləliklə, heç bir hərbi təhsili olma­dan general rütbəsi daşıyan, heç bir ali məktəbdə oxumayan (çox sonralar “Art­sax dövlət universiteti”ndən diplom alıb–S.H.) Saakyan separatçı rejimə hamıdan çox – düz 13 il rəhbərlik edib.

Onun xunta rejiminə başçlıq etdi­yi dövrdə bir sıra cinayətlər törədilib ki, R.Bağdasaryan da həmin cinayətlərdən bəhs edib. Qeyd edib ki, B.Saakyan ci­nayətkar Qarabağ klanının “ən görkəm­li” nümayəndələrindən biridir: “Qarabağ klanının bütün üzvləri namusu və vicdanı olmayan oğrular və fırıldaqçılardır. Onlar Azərbaycanın işğal olunmuş ərazilərini talamaqla kapital qazanaraq, Ermənis­tanı və erməni ordusunu da talayıblar. Bako Saakyan 2020-ci ilədək yalan və fırıldaq yolu ilə “hakimiyyətini” qoruyub saxlayıb. Bütün bu illər ərzində o, ar­zuolunmaz adamları həbsdə çürüdüb, biznesmenlərə ağır işgəncələr verib. Onun cangüdənləri çox sayda insanları döyərək öldürüblər. O, Qarabağda qul­darlıq rejimi tətbiq etmişdi. İnsanlar onun mütəşəkkil cinayətkarlığın girovuna çev­rilmişdi. Saakyan Qarabağı bütün yaxşı və layiqli insanların öldürüldüyü qara zo­naya çevirmişdi”.

R.Bağdasaryan qeyd edib ki, B.Sa­akyan biznesmen Levon Ayrapetyanı aldadaraq, onun pullarını mənimsəmiş adamdır: “Ayrapetyan bütün obyektlərin inşasını ona etibar etmişdi. Demək olar ki, inşaat üzrə bütün tenderlərə Saakya­nın mafiyası nəzarət edirdi. Tenderlərdə Saakyanın öz adamları “qalib gəlirdilər” və tikinti işləri zamanı ayrılan vəsaitin 40 faizi Saakyanın cibinə axırdı. Bütün bu illər ərzində Bako Ermənistanın büdcəsindən Qarabağa ayrılan vəsaiti ta­lan edirdi və erməni vergi ödəyicilərinin, necə deyərlər, üzünə tüpürürdü. Saak­yanın idarə etdiyi illərdə kəndlilərdən brüsselyoz xəstəliyinə yoluxduğu adı ilə inəkləri müsadirə etdilər. Bununla da o, öz inhisarını yaratdı. Kəndlilərin ümid yeri mal-qara idi, Saakyan isə onları quldur kimi müsadirə etdi”.

R.Bağdasaryan qeyd edib ki, Şuşa həbsxanasında və Qarabağdakı digər həbsxanalarda əsl cəhənnəmi məhz B.Saakyan yaratmışdı: “Burada insanları döyür və öldürürdülər. Saakyanın diktatu­rası dövründə Ermənistandan olan xeyli sayda əsgər burada və hərbi hissələrdə öldürülüb”.

Bloger B.Saakyanın ABŞ-a səfər et­diyini və orada “Artsax xalqı” adına hər il telemarafonlarda pul topladığını bildi­rib: “Artıq hamıya məlumdur ki, Saakyan həbs ərəfəsində bütün hesabatları yandı­rıb. O, erməni diasporunu da aldadıb və talan edib. Saakyan oğru və yaramazdır. Onun üçün müqəddəs heç nə yoxdur. İnsanların iztirabları üzərində nəhəng sərvət toplayıb. O, ağıllı, güclü və dürüst adamlara həmişə nifrət edirdi. Çünki belə insanlar qarşısında heç kim olduğunu dərk edirdi. O, bütün situasiyalarda özü­nü qorxaq çaqqal kimi aparırdı. 2016-cı ilin aprel döyüşləri zamanı Qarabağın bütün “özünümüdafiə ordusu”nu rüsvay etdi. Həmin hadisələr zamanı Saakyan 4 gün zirzəmidə gizlənmişdi”.

Bloger B.Saakyanın narkotik va­sitələrdən istifadə etdiyini də qeyd edib. Bildirib ki, B.Saakyan 2018-ci ildə Ermə­nistanda baş tutan “məxməri inqilab”a və baş nazir Nikol Paşinyana nifrət etsə də onların üzünə gülüb, arxada isə onların əleyhinə fəaliyyət göstərib.

R.Bağdasaryan B.Saakyanın İrəvan­da çox sayda obyektə malik olduğunu vurğulayıb. Qeyd edib ki, bunlar Mos­kovyan küçəsindəki ticarət mərkəzi, “Ra­mada” oteli və digərləridir. Ancaq onun oteli Qarabağdan Ermənistana köçən bir nəfəri belə öz otaqlarında yerləşdirmə­yib. Bloger sonda bildirib ki, B.Saakyan indi həbsdədir və azərbaycanlılara qarşı törətdiyi cinayətlərlə yanaşı erməni xalqı­nın başına gətirdiyi bəlalara görə də ca­vab verməlidir.

İlyas HÜSEYNOV, 
politoloq

– Roman Bağdasaryan Bako Saakyanla bağlı ifşaedici material­da həqiqətləri çatdırır. Amma Sa­akyanın Qarabağ ermənilərini öz məqsədləri üçün istismar etməsi­ni, onları girovluqda saxlamasını biz illərdir ki, deyirdik. Biz uzun il­lər deyirdik ki, Qarabağ erməniləri rəhbərlikdə olan saxtakar, terrorçu, cinayətkar ünsürləri aradan götür­məlidir. Azad, sərbəst, Azərbaycan vətəndaşı kimi yaşamalıdırlar. Əl­bəttə, biz çox yaxşı bilirdik ki, Sa­akyan burada 13 il ərzində hansı cinayətləri törədib, hansı sifarişləri yerinə yetirib, hansı mərkəzlərdən təlimatlar alıb. Arayik Arutyunya­nın təyinatı zamanı Saakyan böyük zərbə aldı. Lakin elə sərt tabeçilik sistemi qurmuşdu ki, hələ də bir sıra sahələri idarə edir, onları in­hisarında saxlayırdı. O, postundan getdikdən sonra da Qarabağda vacib fiqur olaraq qalmaqda idi. Çünki onun başçılığı təkcə 13 illə məhdudlaşmır. Saakyan Qaraba­ğın işğalında yaraqlıların koman­diri kimi iştirak etmişdi. Müxtəlif sahələrə öz adamlarını yerləşdir­miş, korrupsiya sistemi qurmuş, dünya erməniliyindən milyonlarla dollar vəsait cəlb etmiş, daha son­ra onu mənimsəmiş, Ermənistanın dövlət büdcəsindən Qarabağa axan pulların çoxunu da ələ keçirmişdi.

Bu gün onların həbs olunma­sı Azərbaycan dövlətinin böyük uğurudur. İstintaqın bizim bilmə­diyimiz, təxmin etmədiyimiz məlu­matları da üzə çıxarması mümkün­dür. Amma açıq mənbələrdə olan təkzibedilməz faktlar da onların cinayətkar əməllərinin ifşası baxı­mından mühüm əhəmiyyət daşıyır. Onlar qanuni şəkildə mühakimə olunacaqlar. Bütün bu proses, on­ların cəzalarına çatdırılması haqqı-hüququ pozulan şəxslərin də ürə­yincə olacaq.

Səxavət HƏMİD




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Səxavət HƏMİD