USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qərb mediası – təxribat və dezinformasiya aləti


https://img.baki-baku.az/news/2023/10/photo_9339.jpg

“Azadlıq” radiosu Füzuli şəhərinə köçürülmüş sakinlərlə bağlı reportaj hazırlayıb. Radionun veb-səhifəsində dərc edilmiş materialın qeyri-peşəkar hazırlandığı onun ilk cümləsindən – başlığından görünür. “Füzuliyə köç kimlərin köçüdür? Onları Qarabağa niyə aparmırlar?” başlığı uyğun olmayan ifadədir. Füzuli özü Qarabağ iqtisadi regionuna daxil olan 8 inzibati rayondan biridir. Onda “Füzuliyə gedənlərin Qarabağa aparılmaması” ifadəsinin nə məna daşıdığı qeyri-müəyyəndir. Belə anlaşılmazlıqlar məqalə boyu davam edir. Bütövlükdə, məzmun qeyri-obyektiv, qərəzli və qeyri-peşəkar tərtibatdan ibarətdir. 

Reportajı izləyərkən bəlli olur ki, müəllif Birinci Qarabağ müharibəsi döv­ründə Bakının müxtəlif hissələrində məs­kunlaşdırılmış məcburi köçkün ailələrinin yenicə bərpa olunan Füzuli şəhərinə qayıdışından bəhs edir. O, qeyd edir ki, Füzuli şəhərində indiyədək 258 ailə, yəni 928 nəfərin daimi məskunlaşması təmin edilib. Digər ailələr isə hələ də “çətin hə­yat sürərək gözləyirlər”. Nəticə budur ki, Füzulidən məcburi köçkün düşmüş, Ba­kıda məskunlaşmış və indi geriyə köç növbəsini gözləyən sakinlərin durumu “Azadlıq” radiosunun əməkdaşını “rahat­sız edirmiş”. 

Məqalənin başlığı kimi, onun məzmu­nu da, hətta müəllifin “səmimiyyəti” də saxtadır. Təkcə Füzulidən deyil, vaxtilə işğala məruz qalmış digər rayonlardan didərgin düşmüş, məcburi köçkünə çev­rilmiş bütün ailələrin Bakıda oturub 30 il müddətində geri dönməyi gözləməsinin tək bir səbəbi vardır. O da Ermənistanın işğalçılıq siyasətinin davam etməsi, ABŞ başda olmaqla aparıcı dövlətlərin Ermə­nistanın bu hərəkətinə göz yumması, problemin həlli üçün Azərbaycana əsas­lı dəstəyin göstərilməməsidir. “Azadlıq” radiosu obyektiv, peşəkar və səmimi ol­saydı, heç olmasa bircə dəfə ABŞ siyasi elitasına sual ünvanlayar, Qarabağ prob­leminə 30 il müddətində “laqeyd” yanaş­malarının səbəbini soruşardı. Amma so­ruşmayıb. Soruşa da bilməz. Problemin kökü də buradan qaynaqlanır. 

"Azadlıq" radiosu (Radio Free Euro­pe/Radio Liberty (RFE/RL) — ABŞ Konqresinin maliyyələşdirdiyi qeyri-kom­mersiya təşkilatıdır. Onun təsis mə­ramnaməsində qeyd edilir ki, Konqress tərəfindən maliyyələşdirilməsinə bax­mayaraq, “müstəqil KİV qurumudur, in­formasiya siyasətində azaddır”. Amma bütün fəaliyyəti bu təqdimatın əksinədir. Radio həmişə Konqresin siyasi kursuna tabe olub, siyasi konyukturaya uyğun davranıb, təqdimatda bir söz deyib, ger­çəklikdə isə fərqli yol tutub. Yəni, mahiy­yətləri riyakarlıq üzərində qurulub. Bunu isbatlamaq üçün kifayət qədər faktlar mövcuddur. 

Çox da uzaq olmayan tarixdə – okt­yabrın 14-də ABŞ Konqresindən Azərbay­canı hədəf alan dezinformasiya yayıldı. “Politico” nəşrinin yazdığına görə, ABŞ dövlət katibi Entoni Blinken Konqresə xəbərdarlıq edib ki, Azərbaycan yaxın həftələrdə Ermənistana hücum edə bilər. 

“Ağ Ev” sonradan bu informasiyanı təkzib etməyə çalışdı. Sual yaranır: Əgər yayılmış xəbər dezinformasiyadırsa, ABŞ Konqressi onu “Politico” nəşrinə nə üçün sızdırıb? Azərbaycanı hədəfə çevir­məkdə məqsədi nədir? “Azadlıq” radiosu səmimi və peşəkar davransaydı, bu su­alları Konqres üzvlərinə və ya Konqres rəhbərliyinə ünvanlayardı. Amma buna təşəbbüs göstərmədi. 

Əgər belə çaşqınlıq epizodik hal da­şısaydı, Konqresdə ilk dəfə təzahür et­səydi, yaxud, “Azadlıq” radiosu ilk dəfə belə korafəhm davransaydı, bəlkə də məsələnin üzərindən keçmək olardı. Amma gedişat onu göstərir ki, ABŞ baş­da olmaqla Qərb ölkələrində Azərbayca­na qarşı yönəlmiş dezinformasiya isteh­salı sistemli hal alır. Problem 2020-ci ildə – 44 günlük mübaribə dövründə daha qabarıq şəkildə görünmüş, “Laçın yolu” kampaniyası fonunda davam etmişdi. 19 sentyabr-antiterror tədbirləri zamanı isə pik nöqtəyə çatmışdı. 

44 günlük müharibə dövründə Azər­baycanın, guya, “suriyalı terrorçular”dan faydalanması barədə saxta xəbərlər yay­dılar. Bu yalanlar Avropanın, Rusiyanın, İranın siyasi çevrələrinin dillərindən səs­ləndi. Qərb mediasının səhifələrində əks olundu. İddia öz təsdiqini tapmadı. Amma həmin saxta xəbərə görə üzr istəyən də olmadı. 

Yaşadığımız günlərdə isə ölkəmizə qarşı yönəlmiş feyk xəbərlərin kəmiyyəti daha da çoxalıb. Azərbaycanı Qarabağ regionunda “etnik təmizləmə” prosesi həyata keçirməkdə ittiham edən xəbərlər yayılır. Fransa, Almaniya, ABŞ rəsmiləri faktsız-sübutsuz olsa da, Azərbaycanı “soyqırımı” və ya məcburi deportasiya aktında ittiham edirlər. Qərb KİV-ləri də həmin dezinformasiyaları geninə-boluna tirajlayırlar. 

2024-cü ildə ABŞ-də keçiriləcək pre­zident seçkiləri üçün namizədliyini irəli sürən Vivek Ramasvami də Azərbayca­na qarşı qərəzli ittihamlarla çıxış edib. O, təşviqat xarakterli müsahibəsində ermə­nilər tərəfindən Gəncə və Bərdə şəhər­lərinə raket hücumunun kadrlarını nüma­yiş etdirərək izləyicilərə yalan məlumat verdi. Raket hücumuna məruz qalanların azərbaycanlılar deyil, ermənilər olduğu­nu bildirdi. Mövzu ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev də danışdı və videosüjeti sərt tənqid etdi. Amma nə “Azadlıq” radiosu, nə “Politico” nəşri, nə də başqa bir ABŞ KİV-ləri bu mövzuları gündəmə gətirmədilər, günahkarları sor­ğulamadılar. 

ABŞ daxil olmaqla, aparıcı Qərb dövlətlərində istehsal olunan dezinfor­masiyalar təkcə Azərbaycanı deyil, bü­tün dünyanı narahat edir. Həmin dezin­formasiyalar qlobal fəlakətlərə yol açır, bütövlükdə sivilizasiyanı təhdid edir. Bunu ABŞ-ın özündə də görürlər. Donald Tramp “Truth” sosial şəbəkə platforma­sındakı hesabında yazıb ki, “Prezident Co Baydenin yanlış siyasəti ABŞ-ı üçün­cü dünya müharibəsinə yaxınlaşdırır”.

Nüfuzlu “PolitiFact” platforması 2016-cı ildə “dezinformasiya”nı “ABŞ si­yasətinin fenomeni” elan edib. “PolitiFa­ct” bu nəticəyə gəlib ki, dezinformasiya Birləşmiş Ştatlar siyasətinin ayrılmaz ele­mentinə çevrilib. Prezidentliyə namizəd­lər də, mövcud prezidentlər də bu alət­dən yararlanırlar. 

Məşhur tədqiqat mərkəzlərindən olan “Statista” isə mövzunu daha da konkret­ləşdirib. 2022-ci ildə keçirdiyi sorğunun nəticələri üzrə hazırladığı hesabatda qeyd edib ki, ABŞ-da ümumi informasiya dövriyyəsində feyk xəbərin payı 56 faizə çatır. Ən maraqlısı isə odur ki, sorğu iş­tirakçılarının 50 faizi “saxta xəbər” artı­mının kökündə ölkənin rəsmi dairələrinin dayandığını deyiblər. 

İndiki dövrün ən böyük problemi odur ki, “saxta xəbərlər” ABŞ başda olmaq­la, Qərb dövlətlərinin siyasi çevrələri tərəfindən istehsal olunurlar, transmilli KİV-lər tərəfindən tirajlanırlar. Dövrü­müzdə mövcud olan qanlı münaqişələrin, müharibələrin də bir çoxu bu mənbədən qaynaqlanır. Yaxın Şərqdəki yeni müha­ribə qeyd edilən fikirləri bir daha təsdiqlə­yir. 

Transmilli KİV-lərdən olan CNN HƏ­MAS-ın İsrailə hücumu zamanı 40 nəfər körpənin başının kəsilməsinə dair infor­masiya yaydı. Xəbər sürətlə Qərb KİV-lə­rinin manşetinə çıxdı, qlobal informasiya trendinə çevrildi. Zəlzələ effekti verən məsələ emosiyaları coşdurdu. Təkcə HƏMAS-ı deyil, bütövlükdə, Fələstin xalqını beynəlxalq ictimai rəyin hədəfinə çevirdi. Qəzzada həyata keçirilən qisas hücumlarına, mülki şəxslərin kollektiv şəkildə cəzalandırılmasına bəraət qa­zandırdı.

Amma oktyabrın 12-də yayılmış bu xəbər sonradan öz təsdiqini tapmadı. Bəlli oldu ki, körpələrin başının kəsil­məsi barədə xəbər yalandır, reallığı əks etdirmir. Xəbərdə əksini tapmış iddiaları isbat etmək üçün əldə heç bir fakt yoxdur. CNN-in müxbiri Sara Sidner oktyabrın 14-də sosial şəbəkə hesablarında post paylaşaraq bildirdi ki, xəbəri legitim qu­rumlara və legitim şəxslərə, daha konk­ret desək, ABŞ prezidenti Co Baydenin nitqinə istinadla hazırlayıb. Sara yazır ki, "İstifadə etdiyim məlumatı İsrail Baş Na­zirinin ofisində eşitdim. Sonra prezident Co Bayden bu faktları təsdiqləyən şəkil­ləri gördüyünü açıqladı. Mən də inandım. Amma bu gün İsrail hökuməti deyir ki, körpələrin başının kəsildiyini təsdiq edə bilməz. Ağ Ev də bəyan edib ki, Baydenə uşaqların başının kəsilməsinə dair heç bir fakt və sübut təqdim olunmayıb”. 

Amma İraqda kimyəvi silah tapılmadı. ABŞ isə öz səhvinə görə üzrxahlıq etmə­di. Ümumən, ABŞ və Qərb siyasətçiləri 10 illərdir ki, oxşar hərəkətləri təkrarla­yırlar. Bu gün də eyni “ampluadadırlar”. 

Müşfiq ƏLƏSGƏRLİ,
Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Siyasi təhlil