USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Time” reallığa böhtan atır

ABŞ jurnalında erməni müəllifin sayıqlamalarına sözardı


https://img.baki-baku.az/news/2023/10/photo_9335.jpg?v=MjAyMy0xMC0yNyAwOTo1OTozOQ==

Beynəlxalq hüququn norma və prinsiplərinə hər zaman hörmətlə yanaşan Azərbaycan Ermənistana qarşı ərazi iddialarının olmadığını dəfələrlə bəyan edib. Bununla bağlı öz fikirlərini Prezident İlham Əliyev də bir neçə dəfə açıqlayıb.

Dövlətimizin başçısı iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibəsində bildirib ki, bir milyon azərbaycanlı evindən məhrum ol­muşdur. Lakin bütün bu acılara bax­mayaraq, biz qisas almadıq: “Mən dedim ki, biz qisası döyüş meyda­nında alacağıq, lakin Ermənistan müharibənin ilk günündən mənim tələb etdiyim bütün ərazilərdən geri çəkiləcəyi tarixləri təqdim edən kimi biz dayandıq və sonra da sülh haqqında danışıqlara baş­ladıq. İndi sülh bizim gündəliyimiz­dədir. Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı əra­zi iddiamız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddiaları­nın olmamasını istəyirik”.

Prezident İlham Əliyev müsahibənin davamında ona ünvanlanmış “Bu gün qarşı tərəfə mesajınız nədən ibarətdir?” sualına cavab olaraq isə deyib: “...Mən sualı iki hissəyə bölərdim. Birincisi, əgər onlar mənim söylədiklərimə qulaq asır­larsa, mənim Ermənistandakı ermənilərə mesajım belədir ki, biz onların dövləti ilə sülh istəyirik, bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur. Baxmayaraq ki, müharibədən əvvəl yüz minlərlə azər­baycanlı Ermənistanda yaşayıb və bü­tövlüklə etnik təmizləməyə məruz qalıb, onların mədəni və dini irsi tamamilə məhv edilib. Bununla belə, bizim heç bir ərazi iddiamız yoxdur. Lakin biz düşünürük ki, Azərbaycan və Ermənistan əlaqələrini normallaşdıranda və diplomatik müna­sibətlər quranda, Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların qayıtmaq hüququ var”.

Dövlətimizin başçısı müsahibə za­manı Azərbaycanın müharibə istəmə­diyini aydın şəkildə ifadə edib: “Onlara digər mesaj ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balan­sını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər mü­haribə başlasa, onlar Bakıya gələcək­lər. Azərbaycan öz torpaqları uğrunda döyüşməyəcək, azərbaycanlılar artıq işğalla barışıblar. Bütün bu hekayələr tamamilə yanlış idi və təbliğatdan başqa bir şey deyildi. Beləliklə, müharibə bu hekayələri məhv etdi və bu, təkcə bu­nunla bitmədi. O, həmçinin Ermənistan dövlətinin çox sayda ideoloji sütunlarını dağıtdı. Onlar dərk etdilər ki, müharibə­ni uduzublar və bu, onlar üçün psixoloji cəhətdən çox ağrılı oldu. İndi biz sülh istədiyimizi deyəndə, bu, ona görə deyil ki, biz zəifik və sülh axtarırıq. Xeyr, on­lar bilirlər ki, biz xeyli güclüyük. Bu ona görədir ki, biz tarixin bu qara səhifəsinin bağlanmasını istəyirik. Biz nə bu gün, nə də gələcəkdə başqa bir müharibə istə­mirik”.

Sonuncu dəfə oktyabrın 17-də “Fü­zuli Şəhəri Günü”ndə Füzuliyə köçmüş sakinlər və rayon ictimaiyyətinin nü­mayəndələri ilə görüşdə çıxış edən Pre­zident İlham Əliyev bu mövzuda bildirib ki, bizim başqa ölkələrin torpağında gö­zümüz yoxdur. Zəngəzura da, əlbəttə ki, qayıdacağıq, amma sülh yolu ilə. Mən demişəm, məni bəziləri ittiham etməyə çalışırlar, mən dedim ki, biz oraya tank­larla yox, minik maşınları ilə qayıdacağıq.

Azərbaycan Prezidentinin köməkçisi– Prezident Administrasiyası­nın Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə “Politico” nəşrinə açıqlamasında ölkəmizin Zən­gəzurla bağlı ərazi iddiasının olmadığını vurğulayıb.

Bundan əlavə, Qərbi Azərbaycan İcmasının dünən yaydığı bəyanatda da icmanın Ermənistana qarşı heç bir ərazi iddiasının olmadığı bildirilib. Qeyd olunub ki, Ermənistan hökuməti dialoq­dan qaçmaq üçün icmanın, guya, ona qarşı ərazi iddiası irəli sürdüyünü iddia edir. “Qərbi Azərbaycan İcması bir daha bildirir ki, onun Ermənistanın suverenli­yinə və ərazi bütövlüyünə qarşı heç bir iddiası yoxdur və yeganə məqsədi azər­baycanlıların dinc şəkildə Ermənistanda dədə-baba yurdlarına qayıdışını təmin etməkdən ibarətdir”, – deyə bəyanatda vurğulanır.

Verilən yüksək səviyyəli açıqlamala­ra, imzalanan bəyanatlara baxmayaraq, Qərbin bir sıra media subyektləri yenə də Azərbaycanın Ermənistan ərazisinə hücuma hazırlaşdığını iddia edirlər. Bu istiqamətdə ilk olaraq Avropa İttifaqının siyasi həyatı ilə bağlı məlumatlar yayan və baş ofisi Brüsseldə yerləşən “Politico Europe” nəşri məlumat yaymışdı. Nəşr ABŞ-ın Dövlət katibi Antoni Blinkenin konqresmenlərlə görüşündə, guya, Azərbaycanın Ermənistana mümkün hücumu ilə bağlı xəbərdarlıq etdiyi barə­də məqalə dərc etmişdi.

Bundan sonra “Vaşinqton Post” qə­zetində “Azərbaycan Qarabağdan sonra Ermənistanın strateji zolağına göz di­kib” sərlövhəli məqalə dərc olunmuşdu. Qəzetin əməkdaşının Zəngəzur dəhli­zi üzərində dəmir yolu stansiyası olan Mehridən (Meğri) hazırladığı reportajda bildirilirdi ki, Mehri strateji yolayrıcında­dır. Azərbaycan, İran, Türkiyə və Rusiya da daxil olmaqla, regional güclərin bura giriş üçün yarışması Mehrinin tezliklə özünü yeni müharibənin mərkəzində tapa biləcəyi qorxusunu artırır.

Bu sırada “The Financial Times” qəzetində dərc olunan “Azərbaycanın Ermənistan anklavı (?) üzərində qələ­bəsi növbəti müharibə qorxusunu artırır” sərlövhəli məqalə də diqqətdən yayın­mır. Həmin yazıda qeyd olunurdu ki, Azərbaycan cəmi 24 saat ərzində böl­gəni (qondarma rejimin mövcud olduğu ərazilər nəzərdə tutulur–S.H.) nəzarətə götürüb. Qəzet cəfəng iddiaları davam etdirərək yazır: “Lakin Bakının davranışı yeni sülh dövrünü müjdələmək əvəzinə, qonşu Ermənistanı onun ambisiyala­rının daha böyük olduğundan və mü­naqişənin hələ bitmədiyindən şübhələn­məyə sövq edir”.

Azərbaycana qarşı yumşaq desək, qeyri-obyektiv yazıların dərc olundu­ğu Qərb mediasının siyahısını hələlik “Time” jurnalı bağlayır. Bir neçə gün öncə jurnalda “Azərbaycan Ermənistanı işğal edə bilər. ABŞ müdaxilə etməlidir” sərlövhəli məqalə dərc olunub. Qeyd olunub ki, oktyabrın 23-25-də keçirilən Türkiyə–Azərbaycan birgə hərbi təlim­ləri Azərbaycanın Ermənistana yaxınla­şan müdaxiləsinin (?) sübutudur. ABŞ-ın bunun qarşısını alması mümkündür və bunu etməlidir.

“İndi – dünya Qəzza zolağına bax­dığı zaman ekspertlər Türkiyə ilə Azər­baycanın növbəti hədəfinin (?) suveren Ermənistan olduğuna inanırlar və ABŞ bu hadisələrdən xəbərdardır”, – deyə jurnal yazıb.

Qeyd etmək yerinə düşər ki, məqalə­nin milliyyətcə erməni olan müəllifi Si­mon Maqakyan, sözün əsl mənasında, sayıqlayıb. O, rəmzlərə diqqət yönəl­dərək belə bir nəticəyə gəlib ki, Azərbay­canın hərbi yük maşınlarının üzərindəki nida işarəsi Ermənistanın cənubunun “kəsilmiş hissəsini” simvolizə edir. Bun­dan əlavə, birgə hərbi təlimlərin tarixi Türkiyə Respublikasının elan olunma­sının 100 illiyi şərəfinə oktyabrın 29-da keçiriləcək mərasimlərə yaxındır.

Müəllif təlimlərin adı ilə bağlı da “dərin düşüncələrə” dalıb və belə bir qənaətə gəlib: “Qarabağdakı etnik tə­mizləmə (?) ilə Bakı və Ankaranın eks­pansionist ambisiyaları arasında əlaqəni hərbi təlimlərin adı da sübut edir – “Mus­tafa Kamal Atatürk–2023”.

Daha sonra Maqakyan rəsmi Vaşinq­tondan gileylənib. Müəllifin fikrincə, ABŞ hələ sentyabr ayında Qarabağda “etnik təmizləmə”nin qarşısını almaq üçün alətlərə malik idi, lakin Bayden Admi­nistrasiyası sülh çağırışları ilə məhdud­laşırdı. Bildirilir ki, ABŞ bu məsələlərdən xəbərdardır, lakin Ukrayna və İsraili daha çox dəstəkləyir. “Bu isə bizi belə bir nəticəyə gəlməyə vadar edir ki, bəzi ölkələr bəzilərinin həyatı kimi, digərlə­rindən daha dəyərlidir”, – erməni müəllif Vaşiqtondan ümu-küsü edir.

“Time” jurnalında dərc olunan və cəfəng iddialarla bol olan məqalə bir daha sübut edir ki, özünü müstəqil, qərəzsiz, obyektiv və bitərəf adlandıran Qərb mediasının bəzi nümayəndələri, əslində, Azərbaycana qarşı təbliğatda müxtəlif dövlətlərin, yaxud siyasi qü­vvələrin əlində alətə çevriliblər. Onlar proseslərlə bağlı birtərəfli və yalan mə­lumatlar yayaraq, auditoriyanı məqsədli şəkildə yanlış istiqamətə yönəldirlər. An­caq müdrik atalarımız “Yalan ayaq tutar, amma yeriməz” – deyiblər. Onların yaz­dıqlarının cəfəngiyyat olduğunun sübuta yetirilməsi üçün də zamana ehtiyac var.

Aydın QULİYEV, 
siyasi şərhçi

– Azərbaycanın, guya, Zəngə­zur dəhlizinin açılması üçün Er­mənistana hücum edəcəyi fikri, təbii ki, uydurma və böhtandır. Bu yanlış tezis ilk dəfə dövriyyəyə ABŞ Dövlət katibi Antoni Blinke­nin adından buraxılsa da, dərhal elə Dövlət Departamenti tərəfin­dən belə bir fikrin səsləndirildiyi təkzib edildi. Buna baxmayaraq, görünür, bəzi beynəlxalq dairələr Azərbaycanla bağlı siyasətlərinin onlara sərf etdiyi məqamlarda yanlış tezislər üzərində qurul­masında belə maraqlıdırlar. Bu səbəbdən deyilən tezisin yalan olub-olmamasının onlar üçün elə bir fərqi yoxdur.

Ölkəmizin, guya, Ermənistana hücum edəcəyi ilə bağlı yanlış tezis, əslində, məqsədyönlü şə­kildə dövriyyəyə buraxılıb. Bəzi dövlətlər və beynəlxalq təşkilatlar da bu cəfəng fikri həvəslə, necə deyərlər, ortada fırladırlar. Çünki bu, onların müəyyən niyyətlə­rinə və planlarına uyğun gəlir. O mənada ki, bu gün Ermənistanı silahlandıran bəzi beynəlxalq da­irələr, o cümlədən, Fransa İrəva­nın silahlandırılmasına haqq qa­zandırmaq, buna “zərurət donu” geyindirmək üçün Azərbaycanın hücuma hazırlaşdığına dair ya­lanı sırımağa çalışır. Bununla onlar ölkə daxilində ictimai rəy­də yarana biləcək suallara hazır cavab tapmağa çalışırlar. Eyni zamanda, Ermənistanı müda­fiə görüntüsü altında bölgəmizə soxulmağa cəhd edirlər. Odur ki, Azərbaycanın Türkiyə ilə birgə Ermənistana hücum edəcəyi fikri tamamilə yanlışdır və böhtandır.

Səxavət HƏMİD




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Səxavət HƏMİD