- Daxili siyasət
- 09:37 20.09.2024
Fransa Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində Zəfər çalaraq, ərazi bütövlüyünü bərpa etməsini və bu il keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində bütün ölkə üzərində suverenliyinin bərqərar olunmasını heç cür qəbul edə bilmir. Rəsmi Paris ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinə sahib çıxmasını, Qarabağın qaytarılması ilə Azərbaycanın tam olmasını, vahidliyini az qala özünün təhlükəsizliyinə təhdid kimi qiymətləndirir və bu işdən bərk narazılığını, kin-küdurətini, hirsini-hikkəsini müxtəlif yollarla təcəssüm etdirir. Fransanın Ermənistanın silahlandırılması istiqamətində atdığı addımlar da bunlardan biridir.
Parisin indiyədək bölgədə yürütdüyü militarizasiya (hərbiləşdirmə) siyasəti Cənubi Qafqazda sülhün əldə olunması yolunda əsas maneə idi. İndi isə maneə olmaqdan çıxaraq təhlükəyə çevrilib. Fransa bu kimi addımlarla İrəvanı sülhə yaxınlaşmağa qoymur.
Bəllidir ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçilik təşəbbüsü kimi meydana çıxan və “Brüssel formatı” adı alan danışıqlar platforması qurulmuşdu. 2021-ci il dekabrın 14-dən etibarən “Brüssel formatı” çərçivəsində səmərəli görüşlərin keçirilməsinə başlanılmışdı. Bu görüşlərdə konkret məsələlər müzakirə olunur, tərəflər arasında fikir ayrılıqları yaradan məqamlar aradan qaldırılır, beləliklə, müəyyən nəticələr əldə edilirdi. Fransa ilk dəfə 2022-ci il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada Avropa Siyasi Birliyinin I sammiti əsnasında “Brüssel formatı”nda keçirilən görüşə özünü dürtdü. Bununla da Fransa faktiki olaraq, Brüssel formatını pozdu.
Bunun nəticəsidir ki, oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Avropa Siyasi Birliyinin III sammiti çərçivəsində Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında keçirilməli olan görüş baş tutmadı. Azərbaycan Almaniya Kansleri Olaf Şoltsun da qatılacağı görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakını təklif etdi. Ancaq məhz Makron bunun əleyhinə çıxdı. Nəticədə dövlət başçımız haqlı olaraq, görüşə qatılmadı.
Sonra Nikol Paşinyan “bəzi səbəbləri” əsas gətirərək oktyabrın 13-də Bişkekdə Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasına qatılmaqdan imtina etdi. Paşinyan bununla həm də Rusiyanın vasitəçilik səylərinə qarşı çıxmış oldu. Eyni zamanda, İrəvanda bildirildi ki, onlar oktyabrın sonunda Brüsseldə keçiriləcək görüşə qatılmağa hazırdırlar. Dünən isə Azərbaycan və Ermənistan liderlərinin bu ay Brüsseldə görüşməyəcəkləri məlum olub. Bunu Avropa İttifaqının Gürcüstan böhranı və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib. Klaarın sözlərinə görə, Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan vaxt azlığı ilə əlaqədar olaraq oktyabr ayının sonunda Brüsseldə görüşməyəcəklər. “Həqiqətən də, liderlərin Brüssel formatında üçtərəfli görüşü ilkin olaraq nəzərdə tutulduğu kimi, çox güman ki, ayın sonunda baş tutmayacaq. Azərbaycan və Ermənistan son bir neçə həftə ərzində sülh danışıqlarına, xüsusən də Aİ Şurasının prezidenti Şarl Mişelin rəhbərlik etdiyi Brüssel prosesinə sadiq olduqlarını açıq şəkildə bəyan ediblər. Biz indi Azərbaycan və Ermənistanla növbəti sammitin hazırlığına yönəlmiş məsləhətləşmələr keçiririk və gözləntilərimiz odur ki, daha əvvəl razılaşdırıldığı kimi, liderlər ən erkən fürsətdə görüşəcəklər”,– deyə Aİ-nin xüsusi nümayəndəsinin ofisindən bildirilib.
Qeyd etdiyimiz kimi, Fransanın təqsiri üzündən iki ölkə arasında danışıqlar prosesi faktiki olaraq, pozulmuş durumdadır. Ancaq Makron hökuməti bununla kifayətlənmir. Oktyabrın 23-də Parisdə iki ölkənin müdafiə nazirləri – Suren Papikyan və Sebastyan Lekornyu “Thales” şirkətinin istehsalı olan üç ədəd “GM 200” radarının alqı-satqısına dair müqavilə və gələcəkdə Fransanın “Mistral” yaxınmənzilli hava hücumundan müdafiə sistemlərinin tədarükünə dair anlaşma memorandumu imzalayıblar. Azərbaycan Ordusunun Qarabağın erməni azlığının yaşadığı hissəsindəki qanunsuz silahlı birləşmələri tərk-silah etməsindən sonra rəsmi Bakının sülh gündəliyini, reinteqrasiya planını irəli sürdüyü halda, Fransanın bölgəyə yenidən silah-sursat göndərməsi sülh prosesinə böyük zərbə, yeni münaqişələr üçün zəmin yaratmaqdır. Axı, Fransanın Ermənistanı kimə qarşı silahlandırması tamamilə göz qabağındadır.
Bununla belə, həm hərbi-siyasi ekspertlərin şərhlərində, həm də analitik yazılarda Fransa–Ermənistan hərbi-texniki əməkdaşlığına müəyyən dərəcədə skeptik yanaşılır. Parisin İrəvana tədarük edəcəyi silahlarla nəyəsə nail ola bilməyəcəyi vurğulanır. Qeyd olunur ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində Ermənistana vurduğu zərbənin aradan qaldırılması üçün hələ xeyli vaxt lazımdır.
Fransadan silah alınmasını şərh edən erməni politoloq Suren Surenyants bunu daxili siyasi piar adlandırıb. Bu barədə o, “Facebook” səhifəsində yazıb: “Ermənistan Fransadan üç ədəd “GM200” radiolokasiya stansiyası alacaq. Təbii ki, silah alışının şaxələndirilməsi müsbət haldır. Bununla belə, “GM200” məhdud imkanlara malik kəşfiyyat silahlarıdır. Ermənistan–Fransa hərbi-texniki əməkdaşlığı ətrafında yarana biləcək səs-küy və onun mənfi təsirlərinin yerdə əldə ediləcək nəticədən daha çox olacağını söyləmək çətin deyil. Mən qəti şəkildə əminəm ki, bu sövdələşmə hökumətimiz tərəfindən daha çox daxili siyasi piar məntiqi ilə istifadə olunacaq. Paris üçün isə bu mövzu daha geniş regional kontekstdə “vizit kartı”dır və onun siyasi nəticəsi kimi, bizdə daha bir mənəvi qələbə hissi yarana bilər”.
Bu xüsusda Caliber.az saytında yerləşdirilmiş təhlil də diqqəti cəlb edir. Yazıda “Ermənistan kifayət qədər baha başa gəlsə də, müdafiə siyasətini şaxələndirməyə niyə bu qədər can atır?” – sualına cavab olaraq bildirilir: “Görünür, buna son 3 il ərzində və əsasən 44 günlük müharibə zamanı Ermənistanın hava hücumundan müdafiə arsenalının, demək olar ki, 70 faizini itirməsi şərait yaradır. İrəvan əmin olub ki, hərbi-texniki baxımdan Bakıdan çox geri qalır”.
Qeyd edilir ki, fransız silahlarının yüksək qiymətini nəzərə alaraq, söhbət ən ucuz sistemlərin alınmasından gedir: “Ola bilər ki, onlar da kreditlə alınıb. Rusiyaya və ya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına gəldikdə isə güman etmək olar ki, əgər söhbət mürəkkəb silah sistemlərinin, məsələn, döyüş təyyarələrinin alınmasından gedirsə, o zaman KTMT çərçivəsində hava hücumundan müdafiə sistemlərinin əlaqələndirilməsi nəzərə alınmaqla bu amil maneəyə çevrilə bilər. Digər tərəfdən, Fransa Ermənistanı qısa zamanda regionda qüvvələr balansını dəyişdirəcək və ya orada mövcud olan Rusiya silahlarını əvəz edəcək qədər silahla təmin edə bilməz. Məsələn, Hindistan silahları fransız silahlarından daha çox rus silahlarına uyğunlaşdırılıb. Ona görə də Ermənistan silahlı qüvvələrində fransız silahlarının strateji əhəmiyyəti olmayacaq. Azərbaycan üçün bu fakt heç nəyi dəyişməyəcək. Azərbaycan ordunun modernləşdirilməsinə və müasir silah sistemlərinin alınmasına inkişaf etmiş İsraildən dəfələrlə çox vəsait ayırır”.
Mövzu ilə bağlı fikirlərini “Xalq qəzeti” ilə bölüşən hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib ki, Fransanın bu addımı bölgədə vəziyyəti daha da gərginləşdirməyə yönəlib. Onun sözlərinə görə, Fransa Cənubi Qafqazda tutduğu mövqenin sülhə və əmin-amanlığa xidmət etmədiyini növbəti dəfə sübut edir: “Mən düşünmürəm ki, iki ölkə arasında imzalanmış sənəd Ermənistan ordusunu birdən-birə gücləndirəcək. Əlbəttə, müəyyən təhlükə olduğunu başa düşürük. Biz bunun fərqindəyik. Amma bu silahların istifadəsini mənimsəmək və onların peşəkarlıqla tətbiqi xeyli vaxt tələb edir. Bu mənada qüvvələr nisbətində bərabərlik yaranacağını düşünmürəm. Vətən müharibəsi zamanı Ermənistan ordusu sarsıdıcı zərbə alıb. Onun ordusunu normal vəziyyətə gətirmək üçün illər lazımdır, çoxlu təlimlər keçirilməlidir”.
Üzeyir Cəfərov qeyd edib ki, bununla Fransa öz mövqeyini açıq şəkildə bəyan edir: “Biz də bu mövqedən çəkinməməliyik. Biz də Silahlı Qüvvələrimizin gücləndirməli, onun arsenalında olan silah-sursatın çeşidini və həcmini artırmalıyıq. Peşəkarlığımızı artırmalıyıq. Təlimlər keçirilir. Plana uyğun olaraq, həm öz təlimlərimiz, həm Türkiyə ilə ikitərəfli, həm də Türkiyə və Pakistanla üçtərəfli təlimlər baş tutur. Dünya hərb institutlarının açıqlamalarında da Azərbaycan Ordusunun Ermənistan ordusundan qat-qat üstün olduğu görünür. Bu, əlbəttə, bizim iqtisadi imkanlarımız sayəsində mümkün olub”.
Hərbi ekspert bildirib ki, Fransanın bu addımı Ermənistanı müəyyən revanşist, yaxud təxribatçı addımlara sövq edəcək: “Nə edirlərsə-etsinlər, bizim Slahlı Qüvvələrimiz və xalqımız buna hazırdır. Fransanın bu addımı onun Azərbaycanla münasibətlərinin daha da zəifləməsinə gətirib çıxaracaq. Bundan da itirən yalnız Fransa olacaq. Azərbaycan indiyədək Fransa ilə dostluq və tərəfdaşlıq münasibəti qurmağa həm səy göstərib, həm də bunu konkret addımlarla sübut edib. Amma Fransanın Ermənistanı son vaxtlar silah-sursatla təchiz etməsi onun heç də xoş niyyətindən xəbər vermir”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə bildirib ki, Ermənistan İkinci Qarabağ müharibəsində böyük zərbə alıb, hərbi texnikasının böyük hissəsini itirib, şəxsi heyətdən də xeyli itkilər olub. İndi isə İrəvan bunların yerini doldurmağa çalışır: “Ermənistan Rusiyadan hərbi texnika ala bilmir. Çünki Rusiyanın özünə lazımdır. Moskva Ukraynada müharibə aparır. Rusiya özü hazırda başqa ölkələrdən silah-sursat alır. Hətta, Şimali Koreyadan raket almağa çalışır, İrandan keyfiyyəti yüksək olmayan dronlar alır. Ona görə də Ermənistan bu vəziyyətdə axtarışa çıxıb ki, görək, kimdən nə ala bilər. Hindistandan bir az nəsə alıb. İndi Fransadan alır”.
Elxan Şahinoğlu hesab edir ki, Fransadan alacaqları hayların problemlərini həll etməyəcək: “Fransa bununla təxribatçı siyasətini davam etdirmək istəyir. Prezident İlham Əliyev haqlı olaraq bildirib ki, əgər bir gün yenə də Ermənistanla Azərbaycan arasında müharibə başlasa, bunun təqsirkarı Fransa olacaq”.
Müsahibimiz qeyd edib ki, Fransanın Ermənistana silah satması Azərbaycanın manevr imkanlarını da genişləndirəcək: “Birinci Qarabağ müharibəsindən sonra Avropa dövlətlərinin Azərbaycana və Ermənistana silah satışına qeyri-rəsmi qadağası var idi. Fransa faktiki olaraq, bu qadağanı pozdu. Deməli, Avropa ölkələrindən silah-sursat almaqda bizə heç nə mane olmur. Məsələn, bizim İtaliya ilə danışıqlarımız var. Onların hərbi təyyarələrinə maraq göstəririk. Bu, Fransanın xoşuna gəlməyəcək. Fransa İtaliyaya təzyiq edə bilməz. İtaliya deyə bilər ki, sən Ermənistana silah satırsansa, mən Azərbaycana niyə hərbi texnika sata bilməyim?!”
Politoloq hesab edir ki, Fransanın Ermənistana silah-sursat satmasından çox da ehtiyatlanmağa dəyməz: “Əlbəttə, biz Fransanın siyasətini tənqid etməliyik. Amma biz hazırda əsas silah-sursatı Türkiyə və İsraildən alırıq. Bu çeşidi artıra bilərik. Şərqi Avropada da müasir silahlar istehsal edən Polşa, Çexiya kimi ölkələr var. Onlarla danışıqlar aparıb bizə lazım olan silah-sursatı ala bilərik”.
Səxavət HƏMİD