- Daxili siyasət
- 09:37 20.09.2024
Ermənistan hakimiyyəti ölkənin ərazisinə fransız, alman, çex, holland və kanadalı “missionerləri” dəvət etməklə guya dövlət təhlükəsizliyinin təminatı görüntüsünü yaratmağa çalışır.
Avropa İttifaqının “mülki missiyası”, yaxud “monitorinq heyəti” kimi qondarma adlarla Azərbaycanla sərhəd bölgələrinə yerləşdirilən həmin “transmissiyaların” əsl məqsədinin nədən ibarət olduğu çoxlarına məlumdur. Bu tip heyətlərin öz ərazisində fəaliyyətinə ehtiyac duymadığını bəyan edən rəsmi Bakı üçün İrəvanın “avropasayağı özfəaliyyətinin” heç bir qorxusu yoxdur. İntəhası, Paşinyan iqtidarı bu siyasi manevrləri ilə Qərb qarşısında müəyyən öhdəliklər götürdüyünü nümayiş etdirir.
İrəvanın boynuna qoyulan əsas öhdəlik isə Rusiyanı Cənubi Qafqazdan çıxarmaqdır. Axı, Paşinyan məhz bu missiyanı, yəni, Moskvanı bölgədən çıxarmaq planını yerinə yetirmək öhdəliyini qəbul etdiyinə görə hakimiyyətə gəlmək şansı qazanmışdı. Amma Ermənistan hakimiyyətinin bu istiqamətdə addımlarını Moskva cavabsız qoymur. Əksinə, Kreml son vaxtlar Paşinyan iqtidarına açıq mətnlə xəbərdarlıqlar edir.
Ermənistan–Rusiya münasibətlərini gərginləşdirən əsas amil rolunu Avropa İttifaqının mülki missiyasının sərhədə yerləşdirilməsi oldu. İrəvanın bu addımı Moskvada o qədər də isti qarşılanmadı və Rusiya Xarici işlər naziri Sergey Lavrov “Ermənistan öz ərazisində KTMT-nin sülhməramlılarının yerləşdirilməsi əvəzinə Avropa İttifaqının mülki müşahidəçi missiyasının yerləşdirilməsinə üstünlük verir” şəklində münasibət bildirmişdi. Aİ-nin missiyasını “zərərli” adlandıran Lavrov bunun bölgədə “əlavə gərginlik yarada biləcəyini” bəyan etmişdi. Ehtiyata buraxılmış alman hərbçilərindən və fransız jandarmlarından təşkil olunmuş, əvvəlcə 40 nəfərdən ibarət yarı-mülki, yarı-hərbi monitorinq heyətinin sərhəd zonasına iki aylığa göndərildiyi deyilsə də, “missiya” bir ildir ki, oradadır.
* * *
Artıq Qərbin Ermənistana üz tutan mülki missiyalarının coğrafiyası genişlənməkdə, çeşidi isə artmaqdadır. Misal üçün, “Avropa İttifaqının Ermənistandakı mülki missiyanın gücləndirilməsi zərurəti” barədə özünün mikrobloqunda yazan Almaniya Bundestaqının xarici münasibətlər üzrə komissiyasının sədri Mixael Rot hesab edir ki, bu fəaliyyəti gücləndirmək lazımdır: “Avropa İttifaqının Ermənistandakı mülki missiya komandasına böyük təşəkkürlər edirik. Biz sərhəddə vəziyyəti sabitləşdirmək və Azərbaycanın Ermənistan ərazisinə mümkün hücumlarını üzə çıxarmaq məqsədilə bütün sərhəd boyu monitorinq aparmaqdan ötrü missiyanı operativ şəkildə gücləndirməliyik”.
Deməli, Azərbaycan Ordusu top-tüfənglə Hayastana “hərbi təcavüz” edəndə avropalıların “beynəlmiləl xilaskar ordusu” bunun qarşısını alacaq və “hücumu” dəf edəcək. Çox gözəl! Xeyirxah missiyadır, amma arxadan “xoruzun quyruğu” görünməsəydi. Doğrudanmı, Avropanın az qala bütün ölkələrindən toplanan “səlib döyüşçülərini” Ermənistana onun təhlükəsizliyini təmin etmək, xarici təcavüzdən qorumaq üçün gəlib? Yəni, Paşinyanın ərazisinə buraxdığı mülki missiyalar yalnız “müntəzəm patrul xidməti həyata keçirmək və vəziyyət haqqında məlumat verməklə” məşğul olur? Aİ-nin elan etdiyi sərhəd bölgələrində sabitliyə verəcəyi töhfənin xarakteri, ən əsası isə səmərəsi nədən ibarətdir?
Missiyanın fəaliyyətə başlamasından bir il keçdi, fəqət bu sualların cavabını bilən yoxdur. Yox, Bakı bu sualların cavablarını çox yaxşı bilir. Məqsəd Azərbaycanın boynuna “işğalçı erməniləri etnik təmizləməyə məruz qoyan ölkə”, indi də “işğalçı” damğasını vurmaqla, Qarabağa BMT-nin, yaxud başqa beynəlxalq təşkilatın mandatına malik hərbi missiyanın göndərilməsinə nail olmaqdır. Bundan ötrü Hayastanın həm Qərbdəki, həm də okeanın o tayındakı “qardaş və bacıları” tam səfərbərliyə alınır. Həmin dəstəyə Kanada da qoşulub. Bu barədə Aİ Şurasının Siyasi və Təhlükəsizlik Komitəsi qərar verib. Sual olunur: Aİ üzvü olmayan “amerikalı” Kanada hansı niyyətlə özünün agentlərini Ermənistan–Azərbaycan sərhədinə göndərir? Bizə məlumdur ki, hələ Qarabağ işğal altında olduğu dövrdə Kanada müxtəlif səviyyələrdə İrəvana dəstək verib, eləcə də Qərbin anti-Azərbaycan layihələrində yaxından iştirak edib. Artıq Qarabağ adlı problemin qalmadığını dünya qəbul edir, Ermənistanla sülh danışıqları aparılır. Bu təqdirdə adı çəkilən ölkələr hansı məramla şərti sərhəddə növbəyə düzülüblər? Onları bölgəyə gətirənin və rəhbərlik edənin Fransa olduğu hamıya məlumdur.
* * *
Azərbaycan Qarabağ və oradakı erməni sakinlərlə bağlı bütün addımlarını beynəlxalq hüquq və qoşulduğu konvensiyaların norma və prinsiplərinə riayət etməklə atıb. Məhz bu səbəbdən ölkəmizə qarşı Fransanın dirijorluq etdiyi “humanitar böhran”, “Laçın blokadası”, “aclıqla etnik təmizləmə” kimi siyasi şoular baş tutmadı və suveren Azərbaycan ədalətli mövqeyini beynəlxalq platformalarda və kürsülərdə sübuta yetirdi.
İndi Bakının İrəvanla ikitərəfli sülh dialoqunda təmas nöqtələri aradığı bir mərhələdə Azərbaycanı siyasi cəhətdən əsassız və səbatsız ittihamlarla nədəsə güzəştə getməyə məcbur etmək cəhdləri, sadəcə, gülüş doğurur. Amma, ağalarından ənamlarını almış “muzdlu təşviqatçıların” inadkarlığı sərhəd tanımır. Onların ruporuna çevrilmiş media qurumları isə feyk kampaniyasını davam etdirirlər. Belələrinin bayraqdarı rolunda “Politico” nəşri çıxış edir. “Azərbaycanın Ermənistana hərbi müdaxiləyə hazırlaşdığı barədə ABŞ Dövlət katibi Antoni Blinkenin xəbərdarlığını” xatırladan üzdəniraq nəşr indi də Bakının regional ambisiyalarının davam edəcəyindən dəm vurur. İndi bütün diqqətin Zəngəzur dəhlizinə yönəldiyini vurğulayan “Politico”nun məqaləsindəki iddiaya görə, təhlükə ondan ibarətdir ki, “Azərbaycan Silahlı Qüvvələrinin bir addım atması Cənubi Qafqazda daha genişmiqyaslı münaqişənin alovlanmasına səbəb ola bilər. Çünki bu bölgədə Türkiyə, Rusiya və İran strateji maraqlara malikdir”.
Keçən əsrin axırlarından etibarən, xüsusilə də son üç ildə Bakıya qarşı çox planlar qurulub. Fəqət onların hamısı puç olub gedib. Bundan sonra da belə olacaq. Ən azı ona görə ki, regional oyunçular, xüsusilə də Rusiya və İran İrəvanın geosiyasi separatizmini qəbul etməyəcəklər. Digər tərəfdən, hazırda Cənubi Qafqazda Azərbaycanın iradəsinin əksinə hansısa siyasi plan qurmaq mümkün deyil. Rəsmi Bakının qətiyyətli imtinasından sonra Parisin vasitəçilik imkanlarının iflasa uğraması da bunun əyani sübutudur. Azərbaycan regionun problemlərinin məhz region çərçivəsində həlli edilməsi prinsipindən çıxış edir. İrəvan üçün isə görünən yeganə və ən doğru yol bununla barışmaqdan ibarətdir.
Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq
Qərbli dəstəkçiləri Ermənistana heç bir kömək edə bilmədiklərinə görə, indi süni şəkildə hay-küy qaldırırlar ki, bu gün-sabah Azərbaycan Ermənistana hücum edəcək. Həmin hücum olmadığı təqdirdə isə deyəcəklər ki, gördünüz, biz Ermənistanı, erməni xalqını bu təhlükədən xilas etdik. Halbuki, necə deyərlər, ortada nə ölən var, nə də öləni görən. Ona görə onlar faydasız işlərlə məşğuldurlar. Orada nədənsə danışırlar, amma Azərbaycanın hər hansı hücumu təşkil etməsi ilə bağlı bircə fakt da olsun göstərə bilmirlər. Əgər biz Türkiyə Ordusu ilə birgə hərbi təlimlər aparırıqsa, bunu heç kəsdən gizlətmirik. Belə birgə təlimləri ildə dörd-beş dəfə keçiririk. Bəli, Azərbaycan Ordusu Türkiyə Silahlı Qüvvələri ilə bir-birinə uyğun şəkildə fəaliyyət göstərir və bundan sonra da bu əməkdaşlığı davam etdirəcək. Bu əməkdaşlıq kiminsə xoşuna gəlmirsə, onun problemidir. Azərbaycan belələrinin açıqlamasına görə öz planlarından imtina etməyəcək.
Həqiqət ondan ibarətdir ki, Azərbaycanın Ermənistana hücum etmək kimi planı, niyyəti yoxdur. Cənab Prezident çıxışında aydın şəkildə bildirdi ki, bəli, biz Zəngəzura qayıdacağıq, amma tanklarla deyil, öz avtomobillərimizdə gedəcəyik. Yəqin “day-dayıları” ermənilərin gözünü qorxutmaq istəyirlər ki, sonra da özlərini xilaskar kimi göstərsinlər...
Asif NƏRİMANLI,
siyasi şərhçi
Avropada Fransanın başçılığı altında Azərbaycana qarşı cəbhə açmaq cəhdləri müşahidə edilir. Bundan rəsmi Parisin, o cümlədən, Avropa İttifaqının məqsədi Cənubi Qafqazda öz maraqlarını təmin etməkdir. Əsas hədəf, əslində, Rusiyadır. Qərb çalışır ki, Rusiyanı Cənubi Qafqazdan sıxışdırsın və bu planda Ermənistandan plasdarm kimi istifadə edir. Belə görünür ki, Rusiyanın Ermənistanın təhlükəsizliyində yerini zəiflətməyə çalışırlar. Rəsmi İrəvan Rusiyadan uzaqlaşmaq xəttini açıq şəkildə elan edib, Fransanın Ermənistanı silahlandırması da prosesin tərkib hissəsidir. Qərbin ermənipərəst siyasilərinin Azərbaycanın Ermənistana “hücum edə biləcəyi” iddiasını davamlı şəkildə tirajlaması isə hədəflərə nail olmaq üçün əsas ittihamlarını rəsmi Bakının üzərinə yönəltdiklərini göstərir. Bu iddiaların iki mümkün səbəbi var: Birincisi, Ermənistanın Rusiyadan və KTMT-dən uzaqlaşmasıdır. Fransa başda olmaqla, Qərbin bölgəyə gəlməsi üçün əsaslı səbəb lazımdır. İstisna deyil ki, bu məqsədlə sərhəddə təxribatlar törədilə, eskalasiya riski yaradıla bilər. Bu halda KTMT-nin, eləcə də təhlükəsizlik müttəfiqi olan Rusiyanın Ermənistanı qorumaq öhdəliyini yerinə yetirmədiyini əsas gətirərək, təşkilatdan çıxmaq, Fransaya sığınmaq addımı atıla bilər. “Azərbaycan hücum edəcək” feyki mümkün təxribatlardan öncə beynəlxalq ictimai rəyi formalaşdırmağa hesablanıb.
İkincisi, Azərbaycan–Ermənistan dialoqunu Qərb platformasında aparmağa sövq etməkdir. Bu da vasitəçiliyi Rusiyadan almağa və bölgədə təsir imkanlarını artırmağa hesablanıb. Qranada görüşü təsdiq etdi ki, Qərb platformasında gündəlik əsasən Ermənistanın mövqeyinə uyğundur və Azərbaycan xüsusilə Fransanın ermənipərəst siyasətinə görə bundan imtina edir. Görünür, uydurma iddialarla Azərbaycan haqqında mənfi rəy yaratmağa, rəsmi Bakıya təzyiq etməyə çalışırlar.
İmran BƏDİRXANLI