- Daxili siyasət
- 09:37 20.09.2024
Son vaxtlar regional təşəbbüsləri sanki boykot yolunu tutmuş Ermənistan rəhbərliyi, deyəsən, daşı ətəyindən tökmək istəyir. Ölkənin xarici işlər naziri Ararat Mirzoyanın dünən Tehranda “3+3” (Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, Rusiya və İran) formatında keçirilən görüşə qatılması belə deməyə əsas verir.
Qeyd edək ki, region dövlətləri arasında sıx əlaqələri və inteqrasiyanı nəzərdə tutan “3+3” formatının təşəbbüskarı Azərbaycan Prezidenti İlham Əliyevdir. Həmin təşəbbüs Vətən müharibəsinin başa çatmasından az sonra irəli sürülüb. Azərbaycan regional məsələlərin region ölkələrinin iştirakı ilə həll edilməsinin vacibliyi fikrini rəhbər tutur.
Ötən illərin təcrübəsi göstərir ki, qarşıya çıxan problemlərin aradan qaldırılmasının, Cənubi Qafqazda sülhün və əmin-amanlığın təmin edilməsinin ən optimal yolu üçüncü tərəflərin iştirakı olmadan məhz region ölkələrinin özləri arasında aparılan müzakirələrdən keçir. Biz bunun bariz nümunəsini Vətən müharibəsində gördük. Müharibənin ilk günlərindən başlayaraq bir sıra ölkələr və beynəlxalq təşkilatlar hərbi əməliyyatların dayandırılması istiqamətində çağırışlar səsləndirsələr də, etiraf etmək lazımdır ki, qan tökülməsi Rusiyanın aktiv vasitəçilik səyləri nəticəsində dayandırıldı.
Hamının yaxşı xatirindədir ki, Prezident İlham Əliyev ilk günlərdən xarici mediaya verdiyi müsahibələrdə, dövlət başçıları ilə telefon danışıqlarında Ermənistanın işğal olunmuş rayonlardan çıxmasına dair öhdəlik götürəcəyi, konkret vaxt cədvəli verəcəyi təqdirdə, əməliyyatların başa çatdırılacağını bəyan edirdi. Ermənistanın baş naziri Nikol Paşinyan isə regiondan kənarda yerləşən ölkələrdən, əsasən Fransadan, ABŞ-dan və Kanadadan mədəd umurdu. Nəticə göz önündədir: Nikolun özünə arxa-dayaq saydığı uzaqda yerləşən dövlətlər heç bir real addım ata bilmədilər. Rusiya tərəfi ilə 2020-ci il noyabrın əvvəllərindən intensivləşən telefon danışıqları ayın 9-dan 10-na keçən gecə məlum üçtərəfli bəyanatın imzalanması ilə nəticələndi. Bununla da hərbi əməliyyatlar dayandırıldı. Ermənistanla Azərbaycan arasında uzun illər davam etmiş qanlı müharibəyə son qoyuldu.
Müharibədən sonra Azərbaycan və Ermənistan liderləri arasında ilk görüş də 2021-ci il yanvarın 11-də Rusiyanın təşəbbüsü ilə Moskvada keçirildi. Görüşün sonunda regionda nəqliyyat kommunikasiyalarının açılmasına dair bəyanat imzalandı.
Ancaq Vətən müharibəsində Qərbdəki havadarlarından əməli dəstək ala bilməmək haylara dərs olmadı. Onlar “dəmir yumruğ”un zərbəsinin təsirindən ayılan kimi, yenə üzlərini Avropaya və okeanın o tayına çevirməyə başladılar. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin yeni vasitəçilik təşəbbüsü meydana çıxdı. Azərbaycan regiona sülhün gəlməsi naminə 2022-ci il mayın 22-də başlayan və “Brüssel formatı” adlanan görüşlərə də “yox” demədi. Lakin sonradan İrəvan bu təşəbbüsə də əngəl törətməyə başladı. Həmin ilin oktyabrında Praqada keçirilən üçtərəfli görüşə İrəvanın istəyi ilə Fransa da cəlb olundu. Parisin iştirakı ilə keçirilən görüşlər, aparılan danışıqlar isə sülhə xidmət etmədi.
Fransanın özünü tərəf qismində daxil etdiyi Praqa görüşünə ən dəqiq qiyməti 2023-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev vermişdi: “Detallara gəldikdə, deyə bilərəm ki, bu, qeyri-adi bir görüş idi. Çünki həddindən çox çəkdi və iki raunddan ibarət idi. Birinci görüş təxminən bir saat çəkdi və biz gördük ki, razılığa gələ bilmirik. Ona görə danışdıq ki, axşam yeməyindən, ziyafətdən sonra bir daha yığışacağıq. Bir daha yığışdıq və o görüş təxminən dörd saatdan çox çəkdi. Görüş bitəndə Bakı vaxtilə səhər saat 5 idi. Bu, bir detal, maraqlı ola bilər.
İkinci maraqlı detal ondan ibarət idi ki, bir an mən özüm-özümə dedim ki, sanki burada Ermənistan–Fransa komandası bir tərəfdədir, biz isə başqa tərəfdəyik, Şarl Mişel isə hakimdir. Çünki Ermənistan tərəfi üçün çətin olan anlarda Ermənistan nümayəndə heyətinin üzvləri Fransa nümayəndə heyətinin üzvləri ilə kənara çəkilib pıçıltı ilə, necə deyərlər, cükküldəşirdilər, danışırdılar, müzakirə edirdilər. Yəni, bu, açıq-aşkar görünürdü. Çünki bir neçə saat bir balaca otaqda olmaq, əlbəttə ki, bu detalları görmək üçün bir imkandır. Yəni, emosiyaları gizlətmək bəzən çətin olur”.
Praqa görüşündə Avropa İttifaqının mülki müşahidə missiyasının iki ay müddətinə Ermənistan–Azərbaycan sərhədinə yerləşdirilməsi ilə bağlı razılıq əldə olundu. Ancaq iki ay bitdikdən sonra Aİ Azərbaycanın razılığını almadan İrəvanın müraciəti əsasında, birtərəfli qaydada missiyanın müddətini uzatdı. Həmin addım hayların regionun məsələlərini kənar oyunçular hesabına həll etmək istəyinin daha bir göstəricisi oldu.
Nəhayət, bütün bu təxribatçı addımlar Azərbaycanın oktyabrın 5-də Avropa Siyasi Birliyinin İspaniyanın Qranada şəhərində keçirilən III Sammitində iştirakdan imtina etməsinə gətirib çıxardı. Qranadada keçirilməsi nəzərdə tutulan görüşdə Türkiyə Prezidentinin iştirakına imkan yaradılmaması ölkəmizi belə bir addım atmağa vadar etdi. Ermənistan rəhbərliyi isə oktyabrın 13-də Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasına qatılmadı. Həmçinin, hayların xarici işlər naziri Ararat Mirzoyan da MDB Xarici İşlər Nazirləri Şurasının görüşünə qatılmadı.
İndi isə hayların baş diplomatının Tehran görüşünə qatılması hər bir halda müsbət addım kimi qiymətləndirilməlidir.
Onu da qeyd edək ki, bu, “3+3” formatında nazirlər səviyyəsində keçirilən ilk görüşdür. Belə ki, 2021-ci il dekabrın 10-da bu formatda Moskvada keçirilən görüşdə xarici işlər nazirlərinin müavinləri iştirak etmişdilər.
“Cənubi Qafqazda sülh, əməkdaşlıq və tərəqqi” adı altında dünən Tehranda keçirilən iclasda Gürcüstan istisna olmaqla 5 region ölkəsinin xarici işlər naziri – Ceyhun Bayramov, Hakan Fidan, Sergey Lavrov, Ararat Mirzoyan və Hüseyn Əmir Abdullahian iştirak ediblər. Görüşdə siyasi, iqtisadi, nəqliyyat, energetika, təhlükəsizlik sahələrində regional əməkdaşlıq məsələləri müzakirə olunub.
Azərbaycan–Ermənistan, Gürcüstan–Rusiya münasibətləri, habelə Yaxın Şərqdəki gərginlik fonunda Tehranda aparılan müzakirələr regionda kövrək sülhü qoruyub saxlamaq yolunda vacib addım kimi qiymətləndirilməlidir. Elə İranın baş diplomatı da görüşdən əvvəl iclasın Cənubi Qafqazda sülh və problemlərin aradan qaldırılması yolunda baza rolunu oynaya biləcəyini diqqətə çatdırıb.
***
Məlum əməkdaşlıq platformasının bütün iştirakçılar arasında dinc birgəyaşayışın əldə olunması, qarşılıqlı münasibətlərin yaradılması və regionun inkişafı üçün nə dərəcədə perspektivli olub-olmaqdığına dair fikirlərini “Xalq qəzeti” ilə bölüşən siyasi şərhçi Rizvan Hüseynov bildirib ki, “3+3” əməkdaşlıq platforması çox uğurlu formatdır. Onun sözlərinə görə, hələlik yalnız Gürcüstan bu formata qatılmağa tərəddüd edir ki, bu da gürcülərin Rusiya rəsmiləri ilə eyni masada oturmaq istəmədiyindən irəli gəlir: “Biz başqa yerlərdə Tiflis və Moskva nümayəndə heyətlərinin danışıqlar apardığının şahidi oluruq. Burada əsas səbəb Gürcüstan hakimiyyətində ikitirəliliyin mövcudluğudur. Baş nazir İrakli Qaribaşvili regional inkişafa, Azərbaycan və Türkiyənin mövqeyini dəstəkləməyə meyillidir. Biz onun bölgədə təhlükəsizliyin ancaq birlikdə təmin edilə biləcəyini anladığını görürük. Bu mənada ümid edək ki, “3+3” platforması özünü doğrultduqca, Gürcüstan da ona qoşulacaq”.
R.Hüseynov qeyd edib ki, Qərb Cənubi Qafqaz ölkələrinin Türkiyə, İran və Rusiya ilə birlikdə hansısa platforma quraraq regional məsələləri həmin çərçivədə həll etməsini istəmir: “Çünki bu format çərçivəsində regionda nəqliyyat kommunikasiyalarının, eyni zamanda, Zəngəzur dəhlizinin açılması məsələsinin müzakirəsi və həlli, təhlükəsizliyin təmin olunması Qərbin bölgəmizə təzyiq vasitələrini itirməsi ilə nəticələnə bilər”.
Siyasi şərhçi bildirib ki, bütün hallarda Cənubi Qafqaz ölkələrinin qonşularla birlikdə məsələləri müzakirə etmək qabiliyyətinin qorunub saxlanması və inkişaf etdirilməsində maraqlı olması özü böyük uğurdur: “Yəqin ki, qarşıdakı dövrdə Gürcüstan da “3+3” formatına qatılacaq. Çünki bölgədə sülh və sabitlik içində birgəyaşayış üçün bundan əlverişli variant yoxdur”.
Rusiya Dövlət Humanitar Universitetinin Müasir Şərq və Afrika kafedrasının dosenti, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Lana Ravandi-Fədai isə hesab edir ki, hazırda nikbinlik və “3+3” formatında regional əməkdaşlığın dirçəlişi üçün əsas var. O, Caliber.Az-a bildirib ki, Azərbaycan sentyabr ayında ölkənin bütün ərazisi üzərində suverenliyini bərpa edib, bununla da Cənubi Qafqazda ən mühüm məsələlərdən biri həll olundu: “Bundan əlavə, son illər Rusiya–Türkiyə və Türkiyə–İran münasibətləri xeyli yaxşılaşıb. Son həftələrdə İran–Azərbaycan münasibətlərində də gərginliyin azalması müşahidə olunur. Ağır məğlubiyyətə uğrayan Ermənistan daha barışdırıcı mövqe tutub və qonşuları ilə əməkdaşlığa hazır olub”.
Gürcüstanın mövqeyinə gəlincə, rusiyalı ekspert qeyd edib ki, hakim “Gürcü arzusu” Partiyasının Rusiyaya münasibəti Qərbyönlü prezident Salome Zurabişvilidən daha yaxşıdır: “Ona görə də nəzəri cəhətdən Gürcüstanın bu formatla bağlı mövqeyini yumşaltmaq olar. İkincisi, 2021-ci il dekabrın 10-da Moskvada keçirilən “3+3” formatının ilk görüşü Gürcüstan nümayəndəsinin iştirakı olmadan baş tutub. Ona görə də Gürcüstanın boykot edəcəyi halda belə, qalan iştirakçılar razılaşarsa, bu formatda növbəti görüşlər yenə də uğurla keçiriləcək. Mənim fikrimcə, indiki şəraitdə buna tam ümid etmək olar”.
Lana Ravandi-Fədai qeyd edib ki, Cənubi Qafqaz dövlətləri arasında formatın reallaşdırılmasında ən çox Azərbaycan maraqlıdır. Belə ki, Azərbaycan Türkiyəyə, oradan da Avropaya çıxmaq üçün avtomobil və dəmir yolunun çəkilməsini, eləcə də digər infrastruktur layihələrinin həyata keçirilməsini istəyir.
Ekspertin fikirlərinə onu əlavə etmək qalır ki, həmin layihələr həm də region ölkələri arasında ticarət və iqtisadi baxımdan qarşılıqlı əlaqələrin sürətlə artmasına töhfə verəcək. Bu marşrutların bir çoxu Ermənistan ərazisindən keçəcəyi üçün İrəvan malların tranzitindən və xidmətdən böyük iqtisadi səmərə əldə edəcək. Görünür, Paşinyan hökuməti bunu anladığı üçün Tehranda keçirilən görüşə qatılmağa qərar verib.
Səxavət HƏMİD