- Daxili siyasət
- 09:37 20.09.2024
Əslində gözlənilən idi. Söhbət Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfərindən gedir. Ona görə gözlənilən idi ki, Fransanın müdafiə naziri Sebastyan Lekornyu onu bir müddət əvvəl ölkəsinə dəvət etmişdi. Belə görünür ki, Paris İrəvana əməli dəstək göstərməkdə israrlıdır. Deməli, Cənubi Qafqazda durumu gərginləşdirməkdə maraqlıdır. Hərçənd buna nə maraq, nə də israr demək mümkündür. Fransa özünün bölgə ilə bağlı avantürası naminə Ermənistana rahatlıq vermir.
Fransanın Ermənistana hazırkı hərbi dəstəyinin ilk simptomları özünü ölkənin xarici işlər naziri Ketrin Kolonnanın bir müddət əvvəl İrəvana etdiyi səfər zamanı göstərmişdi. Həmin vaxt K.Kolonna keçirdiyi mətbuat konfransında bildirmişdi ki, Fransa Ermənistanın təhlükəsizliyinin qorunmasına ciddi önəm verir və ona hərbi yardım göstərəcək. S.Papikyanın da Parisə yollanmasının səbəbi elə budur. Ekspertlər səfərdən sonra daha konkret addımların atılacağı qənaətindədirlər.
Onu da vurğulayaq ki, Fransanın Ermənistana dəstəyi hər zaman olub. Siyasi anlamdakı dəstək əvvəl də tam gücündə idi, indi də hər hansı dəyişiklik yoxdur. Lakin erməni ictimai rəyində belə bir fikir formalaşıb ki, sözdə dəstəklərin heç bir önəmi yoxdur, əksinə ziyanı var. Bunu söyləyənlər Parisin hərəkətlərinin İrəvanı illüziya bataqlığına sürüklədiyi məntiqinə söykənirlər. Təxminən belə: İrəvan boş sözlərə arxalanıb reallıq hissini itirir, mənasız məsələlər gündəmə gətirir, təxribatlara əl atır, nəticədə Azərbaycan hərəkətə keçir və Ermənistan zərər görür.
Bir müddət əvvələdək belə fikir var idi ki, NATO üzvü olan Fransa Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv Ermənistana hərbi yardım göstərə bilməz. Yəni, bunu Fransadakı siyasi dairələr vurğulayırdılar. Çox güman ki, məqsəd İrəvanı KTMT-dən uzaqlaşdırmaq idi. Lakin zaman göstərdi ki, anti-Rusiya və anti-KTMT ritorikasına köklənməsinə və mövcud istiqamətdə siyasi etikadan kənar ən ağlasığmaz gedişlərə əl atmasına baxmayaraq, baş nazir Nikol Paşinyan administrasiyası Moskvanın hakim rol oynadığı hərbi blokdan çıxacağını açıq şəkildə bildirməyib. Nikol, sadəcə, KTMT-nin öz əməlləri ilə Ermənistanı tərk etdiyini vurğulayıb. Elə fon yaradıb ki, sanki ölkəsində belə bir təşkilata ehtiyac yoxdur. Belə bir qənaətə gəlirik ki, Paşinyan Fransanın təhrikinə ehtiyatla yanaşır. Əlbəttə, buna ehtiyat demək mümkündürsə...
Görünür, Paris ehtiyatlılığı başa düşür. Yəni, Ermənistanın KTMT-dən çıxmasına dair sərt direktivlər ortaya qoymur. Çox güman ki, Fransada İrəvana qurumda qalmaq şərtilə də yardımın mümkünlüyünü düşünürlər. Digər yandan, KTMT-də qalmaq müəyyən mənada sığortadır. Ən azından Rusiyanın Ermənistana açıq hərbi müdaxiləsi mümkünsüzdür. Paşinyanın bəzi məqamlarda Kremlə münasibətdə əndazəni aşmasının səbəbi də çox güman ki, elə budur.
Hazırda Fransanın Ermənistanı NATO sistemində olmayan fransız silahları ilə təchiz edəcəyi bildirilir. Şübhəsiz, Papikyan S.Lekornyu ilə məsələnin detallarının müzakirəsini aparıb. Elə Kolonnanın bir neçə həftə əvvəl bildirdiklərindən hasil olan da bu idi. Amma demək olmaz ki, Ermənistana NATO istifadəsində olmayan silahlar verilməyəcək. Necə deyərlər, gecə qara-cücə qara...
Hər halda, söhbət NATO ölkəsi olan Fransanın Ermənistana, belə demək mümkünsə, müqaviləli hərbi dəstəyindən gedəcək. Belədə alyansın özünün paradiqmaları pozulmuş duruma gələcək ki, əslində, Qərb məsələyə çox da önəm vermir. Nəhayət, NATO-nun timsalında, bütövlükdə, Qərbin özünün anti-Rusiya köklənişi var. Əlbəttə, hədəf Ermənistanı Azərbaycana qarşı silahlandırmaqdırsa, Fransa başda olmaqla ermənipərəstlər Bakının, guya, Rusiyameyilli olması təsəvvürünü də beynəlxalq ictimai rəyə sırımaqdadırlar. Deməli, Paris əsaslandıra bilər ki, İrəvana dəstəyi yalnız Bakıya qarşı deyil, böyük hədəfdə Moskva var. Elə əsaslandırır da və bununla lokal Ermənistan marağına qlobal libas biçməyə çalışır. Əlbəttə, qlobal məram Rusiyanı Cənubi Qafqazdan tamamilə sıxışdırmaqdır. Bunu tərəfdaşlarının yanında qabartmaq Fransaya imkan verir ki, öz missiyasını aktuallaşdırsın və beynəlxalq ictimai rəyə böyük işlə məşğul olduğu mesajını versin. Belə bir mesaj ona hava-su kimi lazımdır. Çünki hazırda rəsmi Parisi sayan yoxdur. Onun hansısa formada özünütəsdiqə ehtiyacı var və bunun üçün Cənubi Qafqaz platforması çox cəlbedicidir. Təbii ki, bu platorma, eyni zamanda, təhlükəlidir. Ancaq avantüristlər həmin təhlükəni görməzdən gəlirlər...
***
Onu da bildirək ki, Fransanın Ermənistana hərbi dəstək məsələsi yalnız indinin söhbəti deyil. Məlum olduğu kimi, Parisin İrəvandakı ali diplomatik nümayəndəliyində, yəni Fransa səfirliyində hərbi missiya yaradılıb, attaşe təyin edilib. K.Kolonna hələ aprel ayında bildirmişdi ki, bu addım ölkəsi ilə Ermənistan arasında münasibətləri daha da dərinləşdirəcək. Həmin vaxt Fransanın nüfuzlu “İntelligence online” nəşri yazmışdı ki, Paris İrəvana daimi silah ixracı sisteminin qurulması üçün hazırlıqlar görməyə başlayıb. Yeri gəlmişkən, apreldə Fransanın Silahlandırma üzrə Baş Direktorluğunun nümayəndə heyəti Ermənistanda səfərdə olmuşdu. “İntelligence online” isə Ermənistanın 2022-ci ildə istefa vermiş prezidenti Armen Sarkisyanın Fransa hərbi sanayəsinin əsas kommersiya agenti sayılmasından da söz açmışdı. Məlum olduğu kimi, Sarkisyan “Thales”, “Areva”, “Alstom” kimi hərbi şirkətlərin maraqlarını təmsil edirdi.
O da məlumdur ki, Ermənistanın Fransadan silah almaq üçün yetərincə vəsaiti yoxdur. Yəni, Paris-İrəvan hərbi əməkdaşlığında məqsəd heç də birincinin vəsait qazanması deyil. Əgər söhbət gəlir əldə etməkdən getsəydi, Fransa Azərbaycana silah satardı. Amma bunu etmir. Fikrimizin təsdiqi üçün 2019-cu ili yada salaq. Həmin vaxt rəsmi Paris ölkəmizlə imzalanmalı olan 350 milyon dəyərində hərbi-texniki əməkdaşlıq haqqında müqavilədən imtina etdi. Ermənistanda səfərdə olan Fransa prezidenti Emmanuel Makron Azərbaycana gəlməkdən daşındı və bu, həm də sözügedən sazişin ləğvi idi...
Fransa ATƏT-in artıq canını tapşırmış Minsk qrupunun həmsədri olmuşdu. Bunu düşünərək daha əvvəlki dövrə nəzər salaq. Görürük ki, Paris 2014-cü ildə də işğalçı Ermənistanla hərbi sahədə işbirliyi gerçəkləşdirmişdi. O zaman aparılmış ikitərəfli danışıqlarda ölkələr arasında hərbi müdafiə sahəsində əməkdaşlıq planı imzalanmışdı. Oxşar sənəd 2010-cu ildə həmin vaxt Ermənistanın müdafiə naziri postunu tutmuş Seyran Ohanyanın Fransaya səfəri zamanı da ərsəyə gəlmişdi.
***
Əvvəldə də bildirdik ki, Fransa Ermənistanı illüziya bataqlığına sürükləyir. Bunu siyasi dəstəklə edirdi, indi isə daha təsirli vasitəyə – hərbi yola əl atır. Ancaq məlumdur ki, Fransanın hərbi sistemi bir o qədər mükəmməl deyil. Yəni, Paris siyasət səhnəsində olduğu kimi, hərbi müstəvidə də müasir dövrün tələblərindən uzaqdır. Deməli, Ermənistanın sərəncamında olan keyfiyyətsiz Rusiya silah-sursatlarını heç də daha mükəmməl Fransa silahlarının əvəzləyəcəyini söyləmək mümkünsüzdür.
Digər tərəfdən, silah heç də tam mənada həlledici deyil. Əsas məsələ ondan istifadədir. Azərbaycanda illərlə müasir silahlarla davranmaq vərdişlərinə malik yetkin hərbçi nəsli formalaşıb. Ermənistanda isə belə bir durum istisnadır. Yəni, başqa tərzdə desək, fransızlar ermənilərə müasir silah versələr də, onların canlarından “Yaşma” qorxusunu çıxarmaları mümkünsüzdür. Bunun üçün illər lazımdır. Nəticə etibarilə Fransanın verdiyi illüziya motivinin vəziyyəti Ermənistan üçün daha da dərinləşdirəcəyini söyləmək mümkündür. İllüziyanın dərinləşməsi isə ölkənin gələcək mövcudiyyətini şübhə altına qoymaq üçün əsasları aktuallaşdırır. Nəzərə alsaq ki, müasir Ermənistan Respublikası əzəli Azərbaycan torpaqlarında yaranıb, o əsasların olduğunu da vurğulaya bilərik.
Ə.RÜSTƏMOV