- Daxili siyasət
- 09:37 20.09.2024
Fransanın hegemonluq etdiyi, yaxud etməyə çalışdığı bir sıra Avropa təsisatları son vaxtlar ölkəmizin üzərinə necə deyərlər, “səlib yürüşü”nə çıxıblar. Onlar Azərbaycanın Qarabağ iqtisadi rayonunda sentyabrın 19-da başlayan və bir sutkadan az davam edən lokal xarakterli antiterror tədbirləri keçirməsini, bundan az sonra erməni əhalinin bölgəni tərk etməsini, qondarma separatçı rejimin ləğv olunmasını heç cür qəbul edə bilmirlər.
Ancaq Avropa təsisatları bu zaman vacib olan üç məqamı nəzərə almırlar. Birincisi, Azərbaycan antiterror tədbirlərini beynəlxalq hüquqla tanınmış ərazisində keçirib. Bu zaman hədəf bölgədə yaşayan mülki əhali yox, Ermənistan ordusunun silahlı birləşmələri, hərbi texnika və hərbi infrastrukturu olub. Məqsəd ermənipərəst dairələrinin iddia etdikləri kimi hansısa “soyqırımı”, “etnik təmizləmə” yox, dünyanın bütün ölkələrinin, o cümlədən, Ermənistanın da Azərbaycan ərazisi kimi tanıdığı Qarabağ iqtisadi rayonunda suverenliyi tam təmin etmək idi.
İkincisi, erməni əhali bölgədən zor gücünə çıxarılmayıb. Əksinə, onlara qalmaq təklif olunub, reinteqrasiya planı təqdim edilib. Azərbaycan Xarici İşlər Nazirliyinin sentyabrın 28-də yaydığı məlumatda bu barədə deyilirdi: “Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin, guya, “etnik təmizləmə”yə məruz qaldığı barədə verdiyi bəyanatı qətiyyətlə pisləyir və rədd edirik. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin gedişinin onların şəxsi və fərdi qərarı olduğu, bunun məcburi yerdəyişmə ilə heç bir əlaqəsi olmadığı baş nazir Paşinyana yaxşı məlumdur. Əgər erməni sakinlərinin hansısa hissəsi Azərbaycan qanunvericiliyi və hakimiyyəti çərçivəsində yaşamaq və ona tabe olmaq istəmirsə, onları buna məcbur edə bilmərik. Bunun əksinə, biz erməni sakinləri öz yaşayış yerlərini tərk etməməyə və multietnik Azərbaycan cəmiyyətinin bir hissəsi olmağa çağırırıq”.
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov isə elə həmin günlərdə BBC radiosunun efirində müzakirə zamanı aparıcının “Azərbaycan bu qədər insanın köçdüyünü görəndə məmnun olurmu?” sualına “xeyr” cavabını verərək, əlavə etmişdi ki, amma biz onları zorla saxlaya da bilmərik. Çünki bu halda erməni əhalini, guya, girov saxlamağımız barədə şayiələr yayılacaq: “Onlar Azərbaycan cəmiyyətinə yenidən inteqrasiya olunaraq, dövlətin vətəndaşlığının təqdim etdiyi imkanlardan yararlana, həyat şəraitlərini yaxşılaşdıra bilərlər. Gələcəkdə fikirlərini dəyişsələr, qayıda da bilərlər”.
Azərbaycan dövlətinin bu mövqeyi digər rəsmi şəxsləri tərəfindən də dəfələrlə səsləndirilib. Ancaq ermənipərəst dairələr özlərini eşitməzliyə vururlar. Onlar, həmçinin Prezident Administrasiyasının oktyabrın 2-də açıqladığı Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasına dair planını da görmək istəmirlər. Bundan əlavə, Qarabağ erməniləri yaşayış yeri seçməkdə sərbəstdirlər: onlar istədikləri vaxt geri qayıda, yaxud indi məskunlaşdıqları ərazilərdə qala bilərlər. Onu da qeyd edək ki, Azərbaycan dövləti qayıdacaq şəxslərin təhlükəsizliyinə zəmanət verib. Həmçinin, Rusiya sülhməramlıları da bölgədədir. Bunun özü də Azərbaycana ünvanlanan “soyqırımı” və “etnik təmizləmə” kimi ittihamların heç bir əsasının olmadığını göstərən mühüm amildir.
Üçüncüsü, separatçı rejimin ləğvi ilə bağlıdır. Heç bir dövlət ərazisinin ayrılmaz hissəsində hansısa oyuncaq rejimin mövcudluğuna dözməz. Dövlətlərin ərazisi bütöv, sərhədləri toxunulmaz olmalıdır. Azərbaycan da bu baxımdan istisna deyil. Separatçılar 1990-cı illərin əvvəllərində Azərbaycanda mərkəzi hakimiyyətin zəifliyindən istifadə edərək ərazilərimizdə qondarma rejim yaratmağa, ardınca keçmiş DQMV-yə heç bir aidiyyatı olmayan 7 rayonumuzu işğal etməyə müvəffəq oldular. Otuz ildən sonra Azərbaycan gücləndi və öz torpaqlarını geri aldı.
İndi isə qeyd etdiyimiz kimi, Azərbaycanın tarixi torpaqlarımızda ikinci erməni dövləti yaratmaq istəyənlərin planlarını pozması ilə Fransa sayaq bəzi dövlətlər və müxtəlif siyasi dairələr heç cür barışa bilmirlər. Onlar hər vəchlə ölkəmizi qaralamağa, böhtan atmağa çalışırlar. Özlərini ermənilərin hamisi, canıyananı kimi göstərirlər. Əslində isə, onlardan bir alət kimi istifadə edirlər. Məhz onların ermənilərlə azərbaycanlılar arasında yeni yaranan münaqişəni qızışdırmaları, “miatsum” ideyasını dəstəkləmələri erməni xalqını indiki acınacaqlı vəziyyətə salıb. Ancaq həmin qüvvələr yenə də öz əməllərindən qalmırlar. Dünən Avropa Şurası Parlament Assambleyasının Qarabağdakı “humanitar vəziyyəti” müzakirə etməsi bunun daha bir göstəricisidir. Maraqlıdır ki, müzakirələr əvvəlcədən planlaşdırılmayıb. O, “təcili müzakirə tələb edən məsələ” kimi gündəliyə daxil edilib.
Bundan başqa, dünən Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı iddiası çərçvəsində dinləmələr başlayıb. İddia İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlıdır. İrəvan Azərbaycanı beynəlxalq konvensiyanın tələblərini pozmaqda ittiham edir. Ermənistan hökuməti ötən həftə Azərbaycana qarşı iş üzrə müvəqqəti tədbirin tətbiqi xahişi ilə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etmişdi.
Dünənki iclasda çıxış edən Ermənistan nümayəndəsi Yegişe Kirakosyan bildirib: “Demək olar ki, bütün ermənilər Qarabağı tərk ediblər. Qarabağda, praktiki olaraq, heç bir etnik erməni qalmayıb. Əgər, bu, etnik təmizləmə deyilsə, mən bilmirəm, nəyi etnik təmizləmə adlandırmaq olar”.
Göründüyü kimi, Ermənistan “soyqırımı”, “etnik təmizləmə” kimi ağır məna yükünə malik sözləri belə ucuzlaşdırıb. Qarabağdan erməni əhalinin könüllü gedişini “etnik təmizləmə” adlandırmaq isə heç bir əndazəyə sığışmır.
Ümumiyyətlə, erməni lobbisi bütün gücünü işə salaraq Azərbaycanın əldə etdiyi uğurlara, qazandığı tarixi zəfərlərə görə ölkəmizdən heyfini çıxmaq istəyir. Oktyabrın 5-də Avropa Parlamentinin ksenofob və şovinist yanaşma əsasında qəbul etdiyi anti-Azərbaycan xarakterli qətnamə, orada səsləndirilən fikirlər də bundan xəbər verirdi.
Həmçinin, oktyabrın 11-də Fransanın təşəbbüsü ilə bir qrup dövlət BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycan əleyhinə birgə bəyanat qəbul edib. Bəyanatda Azərbaycanın Qarabağ bölgəsindən ermənilərin köçməsinin səbəbləri ilə əlaqədar böhtan xarakterli iddialar yer alır və qayıdış hüququ məsələsi ilə spekulyasiya edilir.
Eyni gündə Fransanın xarici işlər naziri Ketrin Kolonna Senatdakı çıxışında ermənilərin Qarabağa qayıdışına dair BMT-nin Təhlükəsizlik Şurasında qətnamə qəbul edilməsinə çalışacaqlarını bildirib.
Ancaq hamısı eyni mərkəzdən, əsasən Parisdən idarə olunan bu qüvvələr anlamalıdırlar ki, onların bu yanaşması qəbuledilməzdir və söykəndiyi iddialar yanlışdır. Bu təşəbbüslər insan hüquq və azadlıqlarının təmin olunmasına, təhlükəsizliyə və rifaha deyil, sülh prosesini pozmağa və bölgədə gərginliyin artırılmasına xidmət edir. Sülhün olmamasından isə, ilk növbədə, onların “müttəfiqi” Ermənistan və “halına acıdıqları” erməni xalqı əziyyət çəkir.
Aydın QULİYEV,
siyasi şərhçi
– AŞPA-da və Beynəlxalq Ədalət Məhkəməsində eyni gündə Ermənistanın və ermənipərəst qüvvələrin təşkilatçılığı ilə Azərbaycana qarşı müzakirələrin aparılması bu işin mütəşəkkil qaydada təşkil olunmasından və Azərbaycan əleyhinə qərəzli, ikili standart siyasəti aparılmasından xəbər verir. Bundan cəmi bir gün əvvəl ransanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurasında bəyanat qəbul edilməsi də buna sübutdur. Oktyabrın 5-də isə Avropa Parlamenti Azərbaycan əleyhinə, əsasən Fransadan olan deputatların təşəbbüsü ilə qətnamə qəbul etmişdi.
Bütün hallarda bu prosesin təşkilatçısı qismində Fransa, fransız deputatlar çıxış edirlər. Bu da təsadüfi deyil. Çünki Azərbaycanın apardığı uğurlu antiterror tədbirlərindən sonra Cənubi Qafqazda ən sabit dövrün şahidi oluruq. Belə görünür ki, Azərbaycanın suverenliyinin tam təmin edilməsi bölgədə ümumi təhlükəsizlik sisteminin məhək daşına çevrilib.
Sentyabrın 19-dan sonra bölgəmizə nisbi sabitlik gəlməyə başlayıb. Bu, bir daha sübut edir ki, Cənubi Qafqazda ümumi geosiyasi təhlükəsizliyin və sabitliyin açar dövləti məhz Azərbaycandır. Təbii ki, Fransa bununla barışa bilmir. Bölgədə sülhün əldə olunması Parisi ciddi narahat edir və qondarma tezislərlə kövrək sabitliyi pozmağa çalışır. Bütün qüvvələri səfərbər ediblər ki, Qarabağdan öz xoşu ilə köçüb getmiş ermənilərə BMT-dən qaçqın statusu alsınlar. Sanki Fransanın başqa problemi yoxdur. Afrikadan noemüstəmləkəçilik siyasəti üzündən qovulan Fransa bu acı vəziyyətdən özü üçün nəticə çıxarmaq əvəzinə, daha əcaib formada dünyanın başqa bölgələrində, o cümlədən Cənubi Qafqazda oxşar siyasəti həyata keçirməyə cəhdlər edir. Bunu da Ermənistanın haqsız mövqeyinin müdafiəsi kontekstində etmək istəyir. Əlbəttə, bunun heç bir perspektivi yoxdur.
Səxavət HƏMİD