USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Brüsselə cəmi iki “bilet” var

Bakının siyasi qətiyyəti Parisi oyundankənar vəziyyətdə qoydu


https://img.baki-baku.az/news/2023/10/photo_8909.jpg?v=MjAyMy0xMC0xMiAxMDowODo0Mg==

Əgər oktyabrın sonlarında Brüssel görüşü baş tutacaqsa, bu, sadəcə üçtərəfli formatda sülh danışıqlarının növbəti raundu sayılacaq. Fransa və Almaniya rəh­bərlərinin iştirak etməyəcəkləri bu zirvə görüşünə Bakıdan daha çox İrəvanın ehtiyac duyduğunu söyləyə bilərik. Azərbaycan Prezidenti İlham Əliyev Avropa Siyasi Birliyinin Qranada Sammitində iştirakdan imtina edəndən sonra Bakıya Brüsseldən, Berlindən zənglər edildi. 

Və Bakının artıq üçtərəfli formatda görüşə razılığı alındı. Əslində, dövlətimizin başçı­sının Qranadaya getməməsi İrəvan – Paris tandemi tərəfindən Azərbaycana qarşı sanksi­ya tətbiqi kimi siyasi təxribat və avantüralara verilən dəqiq və kəsərli cavab idi. Bununla da məlum “cüt bacılar tandemi”nin pozuculuq fəaliyyətinin tam fiaskoya uğramasının şahidi olduq. Yəni, Bakı sülh danışıqlarının Aİ plat­formasında nə Fransanın, nə də Almaniyanın tövsiyələrinə ehtiyacı olmadığını birmənalı şəkildə bəyan etdi. 

Azərbaycan Prezidentinin Qranadaya get­məməsinin əsas səbəblərdən biri məhz Parisin sərgilədiyi destruktiv mövqe oldu. Amma indi artıq sülh sazişinin imzalanması üçün münbit zəmin yarandığı məqamda BMT Təhlükəsiz­lik Şurasında ölkəmizə qarşı qətnamə qəbulu ilə bağlı hər iki cəhdinin uğursuzluğa düçar olduğu Fransa nəyin bahasına olursa-olsun, Cənubi Qafqazda mövcudluğunu isbatlamağa çalışır. Mövcud vəziyyətdə Ermənistan ona sadəcə Azərbaycana təzyiq aləti kimi lazım­dır. Paris Brüssel siyasi platformasına daha çox bölgədə məkrli planlarını həyata keçirə biləcəyi müstəvi kimi baxırdı. Amma Emma­nuel Makronun “saman altından Qafqaza su yeritmək” texnologiyası alınmadı. Özünüif­şa göz qabağındadır. Azərbaycan isə sülhə töhfə verəcək bütün təşəbbüslərə və bu yöndə ədalətli aktorların səylərinə sadiq qaldığını, danışıqlara açıq olduğunu nümayiş etdirdi. 

İrəvan seçim qarşısında

“İndi Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Əlbəttə, bu məsələdə beynəlxalq ictimaiyyətin də rolu əhəmiyyət kəsb edir. Ermənistanın revanşizm cəhdlərinin hər hansı şəkildə dəstəklənməmə­si və bölgənin rifahı üçün sülhün alternativi­nin olmamasına dair çağırışların edilməsi son dərəcə vacibdir”.

Bu fikirləri Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov rəsmi mətbuatda dərc olu­nan məqaləsində qeyd edib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin milli maraq­lara söykənməklə beynəlxalq hüquq çərçivə­sində apardığı xarici siyasət hər zaman özündə ədalət və humanizm prinsiplərini ehtiva edib: "Azərbaycan strateji səbir nümayiş etdirərək, onilliklər ərzində ərazilərinin işğalına son qo­yulması, beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilməsi, beynəlxalq hüququn təmin edilməsi üçün danışıqlar aparıb. Məhz aparı­lan danışıqlar, diplomatiya cəbhəsində gərgin proseslər Azərbaycanın hərb meydanında gü­cünü birə yüz artırıb”. 

Nazir, həmçinin qeyd edib ki, həm 44 günlük müharibədə əldə edilən böyük Qələbə, həm də antiterror tədbirləri çərçivəsində Qa­rabağ üzərində suverenliyimizin tam bərpa olunması Azərbaycan tarixinin şanlı səhifəsini təşkil etməklə yanaşı, bölgədə yeni reallıqlar yaradıb. Bu reallığın Ermənistan tərəfindən qəbul edilməsinin, onun Bakının və Ankara­nın sülh və əməkdaşlıq çağırışlarını düzgün dəyərləndirməsinin əhəmiyyətini önə çəkən C.Bayramov İrəvana konkret təklifimizi çat­dırır: “İndi Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız əra­zi iddiaları arasında seçim etməlidir. Əlbəttə, bu məsələdə beynəlxalq ictimaiyyətin də rolu əhəmiyyət kəsb edir. Ermənistanın revanşizm cəhdlərinin hər hansı şəkildə dəstəklənməməsi və bölgənin rifahı üçün sülhün alternativinin olmamasına dair çağırışların edilməsi olduqca vacibdir”.

Qeyd-şərtsiz nə deməkdir? 

Yaranmış indiki şəraitdə əgər söhbət sülh müqaviləsindən gedirsə, biz artıq istəyimizə nail olmuşuq. Bəli, Bakı bölgədə sülhün tam bərqərar olması, Azərbaycan və Ermənistan arasında normal münasibətlərin yaranması, regionda inteqrasiyanın başlaması üçün sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Dövlətimizn başçısının “Qafqaz evi” layihəsi reallaşmalı, eləcə də Türkiyə və Ermənistan arasında münasibətlər normallaşmalıdır. Yəni, Bakı bu məsələlərə daha geniş üfiqlərdən baxır. 

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən siyasi şərhçi Orxan Amaşov sülh da­nışıqlarında Paşinyanın heç də hər zaman öz iradəsi ilə hərəkət edə bilmədiyini, ona daxildən və xaricdən böyük təzyiqlərin ol­duğunu deyir: 

– Xüsusilə Fransadan Ermənistan baş na­zirinə davamlı olaraq göstəriş və “məsləhət­lər” ünvanlanır. Ümumiyyətlə, sülh müqa­viləsinin hansı coğrafiyadakı platformada imzalanacağı, bu prosesdə kimlərin daha bö­yük rol oynayacağı mühüm məsələdir. Bəli, Bakı Fransanın nizamlamada rolunu rədd edir. Azərbaycan Prezidentinin Qranadaya get­məməsinin əsas səbəblərdən biri məhz Parisin sərgilədiyi destruktiv mövqe oldu. Amma indi artıq sülh sazişinin imzalanması üçün münbit zəmin yarandığı məqamda Fransanın siyasi mövqeyində müəyyən korrektələr olmalı idi. Biz bunu görmədik. Ümumiyyətlə, Azərbay­can bu münaqişənin beynəlxalq platformalar­da deyil, burada, region çərçivəsində həllində maraqlıdır.

Son vaxtlar sülh danışıqlarının məkanı kimi Tbilisi variantının gündəmə gətiril­diyinə diqqəti yönəldən siyasi şərhçi bun­dan ötrü Brüsseldə də kifayət qədər geniş imkanların olduğunu, amma sonradan kə­nar müdaxilələrin prosesi dalana dirədiyini deyir: “Yadınıza salım ki, cənab Prezident 2022-ci ilin aprelində Brüsseldə Aİ-nin ikin­ci Sammitindən sonra bəyan etdi ki, bu gö­rüş ikitərəfli formatın başlanğıcıdır. Əslində, elə də olmalı idi. Amma sonradan vəziyyət gərginləşdi. Məsələnin mahiyyəti “Dağlıq Qarabağ” komponentini dirçəltməkdən, di­riltməkdən ibarət oldu. Qranada bəyannamə­sində yer almış bir tezisi xatırlatmaq yerinə düşər: “Qarabağ ermənilərinin qeyd-şərtsiz özlərinin tarixi torpaqlarına geri dönmələri təmin edilməlidir”. “Qeyd-şərtsiz” ifadəsi­nin mənasını diplomatlar yaxşı bilirlər. Er­mənilər əvvəlki mövqelərinə qayıtmaq üçün belə yollara əl atırlar. Bu, hansı mövqe idi? Onlar Qarabağda anklav formasında qalsınlar və Azərbaycanın digər hissələri ilə təmasla­rı olmasın və izolə vəziyyətində yaşasınlar. Üstəlik, istədikləri vaxt Laçın yolu vasitəsilə Ermənistana gedib-gəlsinlər. Yəni, Azərbay­canın Qarabağ üzərində suverenliyi formal olaraq de-yure tanınsın, vəssalam! Amma biz bu konstruksiyanı qəbul edə bilməzdik və onu məhv etdik. İndi onlar qeyd-şərtsiz geri dönməyi düşünürlər. Bunun ardınca BMT-nin hansısa missiyasının bölgəyə təşrif gətirməsi və məsələnin uzun müddətə bu durumda sax­lanılması gəlir. Neçə illərdən sonra isə onlar yenidən Azərbaycandan ayrılmaq məsələsini qaldıra bilərlər. Qeyd-şərtsiz geri dönməyin arxasında nələrin dayandığı açıq-aşkar gö­rünür. Buna qətiyyən imkan verməyəcəyik. Düzdür, rəsmi Bakının reinteqrasiya proq­ramı olduğu kimi, şərti də var. İnanmırıq ki, Azərbaycanı qeyd-şərtsiz dönüşə məcbur edə biləcək qüvvə ortaya çıxsın”. 

Deməli, İrəvanın “böyük bacısı” Aİ çər­çivəsində beştərəfli görüşlərdə Qarabağ er­mənilərinin “haqlarını” bu formada, yəni “qeyd-şərtsiz qorumağı” planlayırmış. Azər­baycan Prezidenti Parisin bu planının da üs­tündən qara xətt çəkdi. 

Üzünü Qərbdən Şərqə çevir, İrəvan 

Qarabağ üzrə sülh danışıqlarının Qərb trendlərinə obyektiv və neytral nəzər ye­tirdikdə məlum olur ki, İrəvanı nə Avropa İttifaqına, nə də həmin NATO-ya çağıran yoxdur. Bu, heç mümkün də deyil. Axı Er­mənistan SSRİ-dən miras qalmış KTMT kimi hərbi-siyasi blokun üzvüdür. Ekspertlərin qə­naətincə, Hayastanın Avropanın maliyyə ins­titutlarından istədiyi dəstəyi ala bilməməsi­nin əsas səbəbi də məhz budur. Ərazisi kiçik, təbii sərvətlərdən məhrum, özünütəcrid və­ziyyətinə düşmüş Ermənistana sərmayə qoy­maq istəyənlər də yox dərəcəsindədir. İrəva­na Qarabağ ermənilərinin yerləşdirilməsi və təminatı üçün Avropa İttifaqından umduğu 2,6 milyard avro əvəzinə cəmi 10,45 milyon avronun ayrılması “qoca qitə”nin bu ölkəyə münasibətinin göstəricisidir. İrəvan, nəhayət, bir həqiqəti qəbul etməlidir. Nə qədər ki, yalnız yağlı vədlərini eşitdiyi Qərbin ətəyini buraxmayıb, yaxın qonşuları ilə əməkdaşlığa tələsmir, daha böyük problemlərlə üzləşməli olacaq. Ona görə, nə qədər gec deyil, üzünü Qərbdən Şərqə çevirmək barədə ciddi dü­şünməlidir. Bunu erməni ictimaiyyəti də artıq başa düşür. Ölkələrimiz arasında sülhün və əmin-amanlığını bərpası, ilk növbədə, Ermə­nistanın maraqlarına cavab verir. Azərbaycan hakimiyyəti və ictimaiyyəti sülhə hazır oldu­ğunu bildirib. 

STATİSTİKA: Sosial Tədqiqatlar Mərkəzi (STM) əhali arasında maraqlı sorğu keçirib. “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyirsinizmi?”– sualına verilən ca­vablara əsasən, cəmiyyətdə sülh müqavilə­sinin imzalanmasına yüksək dəstək ifadə edilib. Sorğu iştirakçılarının mütləq əksə­riyyəti – 80,9 faizi sülh müqaviləsinin im­zalanmasını dəstəkləyib. Respondentlərin 18,3 faizi əks mövqedən çıxış edib. 0,8 faiz suala rəyini bildirməkdə çətinlik çəkib.

Bəli, biz sülhə səs veririk. Bakı sülh sazişi­nin Avropada deyil, məhz Qafqazda imzalan­masını daha məqsədəuyğun sayır. Bunu Prezi­dent İlham Əliyev Bakıda səfərdə olan Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin diqqətinə çatdırıb. Krem­lin rəsmisini qəbul edən dövlətimizin başçısı regional məsələlərin bölgə ölkələrinin iştirakı ilə, həm də “3+3” formatında həllinin vacib­liyini vurğulayıb. İlham Əliyev bu formatda görüşlərin ən yüksək səviyyədə keçirilməsi­ni münasib saydığını qeyd edib. Bu ideyaya İrəvanın reaksiyası özünü çox gözlətmədi. Ermənistan baş naziri Nikol Paşinyan “3+3” formatında görüşlərə hazır olduğunu bildirdi. Bu isə o deməkdir ki, vəziyyət Azərbaycan üçün faydalı sayıla biləcək ssenari üzrə inkişaf etməkdədir. Yəni regionun problemləri kənar güclərin iştirakı olmadan daxildə öz həllini tapmalıdır. Əgər bu format və ssenari Qərbdə, misal üçün, həmin Fransada kimdəsə narazılıq doğuracaqsa, bu, artıq onun öz problemidir. 

Hələlik rəsmi Bakı Aİ prezidenti Şarl Mi­şelin xoşməramlı sülh təşəbbüsünə müsbət cavabını verib və oktyabrın sonlarında Brüs­seldə Ermənistanla görüşməyə hazır olduğunu açıqlayıb. Amma o görüş-sammitə cəmi iki tərəf dəvətlidir. Bu dəfə üçüncü “bilet” heç kəsə göndərilməyəcək.

İmran BƏDİRXANLI




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

İmran BƏDİRXANLI